Məhkəmə qərarları › İş №2(1-8)-1015/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1015/2026

18.06.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1015/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh İctimai Birliyinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. “Azərbkolxozlararası Sağlamlıq” Respublika Birliyi ilə işçi İddiaçı arasında bağlanmış ##.##.2005-ci il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu ##.##.2005-ci il tarixdən Birliyə baş iqtisadçısı vəzifəsinə təyin olunmuşdur.

2. “Azərbkolxozlararası Sağlamlıq” Respublika Birliyinin ##.##.2016-cı il tarixli, ** saylı sərəncamına əsasən Birliyin baş iqtisadçısı İddiaçı normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyinə və əmək müqaviləsi ilə nəzərdə tutulmuş öhdəlikləri tam icra etmədiyinə görə, AR Əmək Məcəlləsinin 10 və 11-ci maddələrində nəzərdə tutulan vəzifə və hüquqları pozduğuna görə, ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş və bir daha intizam qaydalarını pozacağı təqdirdə daha ciddi intizam məsuliyyətinə cəlb olunacağı onun nəzərinə çatdırılmışdır.

3. İşəgötürən – “Azərbaycan Kolxozlararası Sağlamlıq” Respublika Birliyi ilə işçi İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu Birliyə baş iqtisadçı vəzifəsinə təyin olunmuş və əmək haqqı 1.203 manat müəyyən olunmuşdur.

4. ##.##.2024-cü il tarixli, **** qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, “Azərbkolxozlararası Sağlamlıq Respublika Birliyinin adı dəyişdirilərək Cavabdeh İctimai Birliyinə çevrilmişdir.

5. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli cavab məktubundan görünür ki, onun müraciəti əsasında AHİK-in inzibati binasına dəvət olunmuş, rəhbərlik tərəfindən qəbul edilmiş, müraciətində qaldırdığı məsələlərlə bağlı ona qanunvericiliyin tələbləri izah edilmiş və müvafiq köməklik göstərilmişdir.

6. Cavabdeh İctimai Birliyinin ##.##.2025-ci il tarixli ştat cədvəlindən görünür ki, baş iqtisadçı ştatı nəzərdə tutulmamış və ümumilikdə 12 ştat vahidi müəyyən edilmişdir.

7. ##.##.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı yeni ştat cədvəlinə uyğun olaraq baş iqtisadçı vəzifəsinin ixtisar edildiyi bildirilmiş, ona alternativ vəzifə təklif olunmuş, lakin o, ərizə yazmaqdan imtina etmiş, rəhbərliklə etik normalara zidd davranışlar sərgiləmiş, iş yoldaşlarına qarşı təhqiredici ifadələr işlətmiş və əsassız ittihamlar səsləndirmişdir.

8. ##.##.2025-ci il tarixli təqdimatdan görünür ki, Birliyin sədri tərəfindən həmkarlar ittifaqı komitəsinə müraciət edilərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi üçün razılıq istənilmiş və ##.##.2025-ci il tarixli protokoldan görünür ki, həmin təqdimata razılıq verilmişdir.

9. ##.##.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı iş yoldaşını təhqir etmiş və ona qarşı nalayiq ifadələr işlətmişdir.

10. ##.##.2025-ci il tarixli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi ##.##.2025-ci il tarixdən ləğv edilmiş, o, baş iqtisadçı vəzifəsindən azad edilmiş, əmək kitabçası ona təqdim olunmuş və son haqq-hesab ödənilmişdir.

11. Əmək kitabçasından görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh İctimai Birliyinə (bundan sonra- cavabdeh) qarşı “işəgötürənin əmrinin ləğv edilməsi və işə bərpa tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin ##.##.2025-ci il tarixli, ** saylı əmrinin ləğv edilməsi və cavabdehdə əvvəlki işinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işlədiyi müddətdə heç bir nöqsana yol verməmiş, xəbərdarlıq edilmədən çalışdığı baş iqtisadçı vəzifəsindən azad edilərək başqa vəzifəyə keçirilmişdir. Lakin bu barədə onun ##.##.2025-ci il tarixdə məlumatı olmuşdur. Sonradan, onun xəbəri olmadan, ##.##.2025-ci il tarixli, ** nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və işdən azad edilmişdir. İddiaçı 41 il ərzində layiqincə çalışmış, ##.##.2008-ci il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən əmək veteranlığı vəsiqəsi almış, ##.##.2015-ci il tarixli, **** nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş, həmçinin AHİK-in İcraiyyə Komitəsinin ##.##.2013-cü il tarixli qərarı ilə “AHİK-20 il” yubiley döş nişanı ilə təltif edilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh iddiaçının 41 illik peşəkar və layiqincə xidmətini nəzərə almadan, qanunsuz və əsassız olaraq AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Odur ki, iddiaçı məhkəmədən tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Cavabdeh yazılı etiraz ərizəsi və iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, iddia müddəti keçdiyi üçün iddiadan imtina qərarı qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq, göstərmişdir ki, ##.##.2024-cü il tarixli əmək müqaviləsinə ##.##.2025-ci il tarixli, ** nömrəli əmrlə xitam verilmiş, əmrin surəti və əmək kitabçası son iş günü iddiaçıya təqdim edilmişdir. AR Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, işçi fərdi əmək mübahisəsini hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşçinin hüququnun pozulmasının aşkar edildiyi gün, əmrin, əmək kitabçasının və haqq-hesab sənədlərinin ona təqdim olunduğu gün hesab edilir. Beləliklə, ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verildiyi və həmin gün əmrin surəti və əmək kitabçasının iddiaçıya təqdim olunduğu nəzərə alınaraq, 1 təqvim ayından artıq vaxt keçdikdən sonra ##.##.2025-ci il tarixdə iddiaçının mediasiya sessiyasına müraciət etməsi və sonra məhkəməyə müraciət etməsi iddia müddətinin tətbiq olunmasını tələb etmişdir.

15. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, əvvəl böyük iqtisadçı, sonra baş iqtisadçı vəzifəsində çalışmışdır. Cavabdehdə işlədiyi müddətdə yeri gəldikdə xadimə və mühasibi əvəz etmiş, müsbət iş fəaliyyətinə görə işəgötürən tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Sonuncu vəzifəsi baş iqtisadçı olmuşdur. İdarənin adı qanunsuz işlər səbəbindən ##.##.2024cü il tarixdə dəyişdirilmiş, iddiaçı məzuniyyətdən qayıtdıqda işdən çıxarılması barədə məlumatlandırılmışdır. ##.##.2025-ci il tarixli əmrin surətini ##.##.2025-ci il tarixdə almış, mediasiya təşkilatına isə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. İşlədiyi müddətdə ayrıseçkiliyə məruz qalmışdır, mart ayında bülletendən qayıdanda bayramlarla əlaqəli hər kəs təbrik edilmiş, ona isə hədiyyə verilmiş deyil. İş yoldaşları ilə heç bir problemi olmamışdır. İşəgötürən iş otağında onu və atasını, cavabdehin nümayəndəsi nümayəndə3 isə onu və anasını təhqir etmişdir. Bundan əlavə, iddiaçıya başqa vəzifə təklif olunmuş, lakin maaşın az olmasına görə razılaşmamışdır. Cavabdehə qarşı ilk iddiası 1990-cı illərdə qanunsuz işdən çıxarılma ilə bağlı olmuş, 2024-cü il tarixli əmək müqaviləsindən məlumatı olmamışdır. Şikayətlərinə görə ona qərəzli münasibət göstərilmiş, şər-böhtanla işdən çıxarılmışdır. İşəgötürən obyektlərin qanunsuz satışı ilə məşğul olmuş, etirazlarını bildirdiyi üçün dəfələrlə ona töhmət verilmiş, yoxlama olmadan işdən azad edilmişdir. Həmçinin, iddia müddətini ötürməsinə baxmayaraq 1 aylıq müddət ərzində məhkəməyə müraciət etsə də, iddia ərizəsi geri qaytarılmış, sonradan ##.##.2025-ci il tarixdə ərizə ilə mediasiyaya müraciət etdikdən sonra yenidən məhkəməyə müraciət etmişdir.

16. Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia tələbləri təmin edilməmişdir.

17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsi işəgötürənin ##.##.2025-ci il tarixli, ** saylı əmrinə əsasən ##.##.2025-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmiş və iddiaçı baş iqtisadçı vəzifəsindən azad edilmişdir. İddiaçı sözügedən əmrin ləğv edilməsini və işə bərpa tələbinin təmin edilməsini xahiş edərək məhkəməyə müraciət etmişdir. Cavabdehin vəkili-nümayəndəsi isə iddia müddətinin keçməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

18. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, tərəflər arasında əmək münasibətlərinə işəgötürənin ##.##.2025-ci il tarixli əmri ilə ##.##.2025-ci il tarixdən xitam verilmişdir və işçinin hüquqlarının pozulduğunu iddia etdiyi gün də həmin tarixdən hesablanmalıdır. Həmin gün iddiaçıya əmrin surəti təqdim edilmişdir.

19. Məhkəmə iddia müddətinin ötürülməsi məsələsinə toxunaraq qeyd etmişdir ki, iddiaçı mübahisənin həlli üçün mediasiya təşkilatına ##.##.2025-ci il tarixdə müraciət etmiş, ##.##.2025-ci il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış verilmişdir. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürərək ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmin faktlara baxmayaraq, iddiaçı iddia müddətinin üzürlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə ərizə təqdim etməmişdir.

20. Mülki qanunvericiliyə görə, məhkəmə yalnız mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddətinin tətbiq edilməsi məsələsinə baxa bilər. Mübahisə tərəfi tərəfindən ərizə verildiyi halda, iddia müddətinin keçməsi məhkəməyə iddiadan imtina barədə qərarı çıxarması üçün əsasdır.

21. Məhkəmə qeyd etmişdir ki, iş üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edildiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

22. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, AR Əmək Məcəlləsinin 296.2 və 296.6-cı maddələrindən görünür ki, mübahisəyə mahiyyət üzrə baxılmasından öncə birinci olaraq iddia müddətinin ötürülüb-ötürülməməsi (müddətin tətbiqi barədə ərizə ilə), ötürülmüşdürsə bunun üzrlü olub-olmaması (müddətin bərpasına dair ərizə ilə) aydınlaşdırılmalıdır. Yalnız bundan sonra işin mahiyyəti üzrə baxılmasına qərar verilə bilər. İddiaçı müddətin bərpası üçün ərizə vermədiyindən işin mahiyyəti üzrə baxılmasına ehtiyac qalmamışdır.

23. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçının izahatından məlum olmuşdur ki, o, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etməmişdir. Halbuki, AR Mülki Məcəllənin 380.1-ci maddəsinin mənasına görə, iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Lakin iddiaçı qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmədiyi üçün ərizəsi geri qaytarılmışdır. Bu hal müddətin axımının kəsilməsinə səbəb olmamışdır. Bundan sonra iddiaçı ##.##.2025-ci il tarixdə mediasiyaya müraciət etmişdir. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 2.3, 372.2, 375.1, 375.2, 380.1- Əmək Məcəlləsinin 10, 68.1, 70, 71.2, 294, 296.2, 296.3, 296.6-cı, habelə MPM-nin 14.2, ci, 24. 77.1, 88 və 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış ki, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının şikayətlərinə məhəl qoymadan ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə iddiaçının tənha qadın olduğunu və ona işəgötürən tərəfindən şər-böhtanlar atıldığını nəzərə almamış, hətta məhkəmə iclasında iştirak etməyən nümayəndə1 iştirakçı kimi qeyd etmişdir. İşin hallarını araşdırmaq üçün hüquqi imkanlar mövcud olmasına baxmayaraq, məhkəmə bunları etməmiş və nəticədə cavabdehin maraqlarına xidmət edən qətnamə qəbul etmişdir. Məhkəmə nəzərə almalı idi ki, işə düzgün hüquqi qiymət verilməklə pozulmuş hüquqların bərpasına rəvac verilə bilərdi. Birinci instansiya məhkəməsi konkret normaya istinad etsə də, öz qətnaməsinin əsasını təşkil edən prosessual normanın zəruriliyini əsaslandıra bilməmişdir. Sadəcə texniki olaraq maddə qətnaməyə köçürülmüş, lakin onun hansı səbəbdən tətbiq olunduğu sübut edilməmişdir. Məsələ ondan ibarət olmuşdur ki, işin halları öyrənilməsi zəruri olan məsələlərdir. Məhkəmə isə bunun əksinə olaraq, iddiaçının dediklərini əsas götürərək cavabdehin arqumentlərini öyrənməyə zərurət hiss etməmişdir.

27. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüş və bu barədə iddia müddətinin tətbiqi ilə bağlı ərizəni Abşeron Rayon Məhkəməsinə təqdim etmişdir. Həmin ərizədə iddiaçı məhkəməyə müraciət edərkən əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, iddiaçının cavabdehlə bağladığı ##.##.2024-cü il tarixli əmək müqaviləsinə işəgötürənin ##.##.2025-ci il tarixli, ** nömrəli əmri ilə xitam verilmiş, əmrin surəti və əmək kitabçası son iş günü iddiaçıya təqdim edilmişdir. İddiaçı son iş günü əmrin surətini və əmək kitabçasını almasına baxmayaraq, məhkəməyə yalnız ##.##.2025-ci il tarixində müraciət etmişdir. AR Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Maddənin 3-cü bəndinə əsasən hüququnun pozulduğunu aşkar etdiyi gün, işçiyə müvafiq əmrin, sərəncamın, qərarın, əmək kitabçasının və haqq-hesab sənədlərinin təqdim olunduğu gündür. Beləliklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verildiyi və həmin gün əmrin surəti və əmək kitabçası ona təqdim olunduğu üçün, 1 təqvim ayından artıq vaxt keçdikdən sonra ##.##.2025ci il tarixində iddiaçının Birliyə mediasiya təklifi göndərməsi və daha sonra ##.##.2025-ci il tarixində məhkəməyə müraciət etməsi səbəbindən iddia müddətinin bərpası üçün heç bir əsaslı vəsatət təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə təqdim olunduğundan, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Qətnamədə həmçinin qeyd edilmişdir ki, mübahisəyə mahiyyəti üzrə baxılmadan öncə iddia müddətinin ötürülüb-ötürülməməsi (müddətin tətbiqi barədə ərizə ilə) və ötürülmüşdürsə, onun üzrlü olubolmaması (müddətin bərpası barədə ərizə ilə) aydınlaşdırılmalıdır. İddiaçı müddətin bərpası üçün ərizə vermədiyindən işin mahiyyəti üzrə baxılmasına ehtiyac qalmamışdır. Məhkəmə əlavə etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti qanunla nəzərdə tutulmuş qaydada tətbiq edilməmiş, bunun nəticəsində ərizəsi geri qaytarılmışdır. Sonradan iddiaçı ##.##.2025-ci il tarixdə mediasiyaya müraciət etmişdir. Araşdırmalar zamanı müəyyən edilmişdir ki, iddiaçı 1982-ci ildən cavabdeh təşkilatda əmək fəaliyyətinə başlamış, əvvəlki illərdə müəssisədaxili intizam qaydalarına əməl etmişdir. Lakin son illərdə onun davranışında neqativ dəyişikliklər müşahidə edilmişdir. Belə ki, iddiaçı rəhbərliyə və işçi heyətinə qarşı təhqiramiz ifadələr işlətmiş, böhtan xarakterli fikirlər səsləndirmişdir. Bu, işçi kollektivində haqlı narazılığa səbəb olmuş və işçi heyəti tərəfindən rəhbərliyə dəfələrlə şifahi və yazılı şikayətlər edilmişdir. İddiaçı bir neçə xəbərdarlığa baxmayaraq, intizam qaydalarına əməl etməmiş və əmək hüquqlarını pozmaqda davam etmişdir. Onun bəzi intizam pozuntuları aktlaşdırılmış və şahidlər tərəfindən təsdiq edilmişdir. Buna görə, işəgötürən tərəfindən ##.##.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi məsələsi Həmkarlar İttifaqı Komitəsinə təqdim edilmiş, məsələ Komitədə müzakirə olunaraq razılıq verilmiş və ##.##.2025-ci il tarixli, ** nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin bütün tələblərinə əməl edilmiş, əmrin surəti və əmək kitabçası təqdim edilmiş, son haqq-hesab ödənilmişdir. Qeyd edilir ki, iddiaçı əvvəllər də intizam pozuntularına görə 2016-cı ildə Həmkarlar İttifaqı Komitəsində müzakirə olunmuş, həmin zaman razılıq verilmiş, lakin əmək münasibətləri davam etdirilmiş və iddiaçıya son xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Buna baxmayaraq, iddiaçı öz davranışını düzəltməmişdir. İddiaçının işdən azad edilməsi ilə bağlı iddiaları, “baş iqtisadçı” vəzifəsindən azad olunaraq başqa vəzifəyə keçirilməsi barədə iddiaları həqiqəti əks etdirmir. ##.##.2024-cü il tarixli əmək müqaviləsi, Həmkarlar Komitəsinin protokolu və Birliyin əmri göstərir ki, iddiaçı işdən azad olunana qədər “baş iqtisadçı” vəzifəsini icra etmişdir. Əmək müqaviləsinin “işçinin əmək funksiyası” bölməsinə əsasən, iddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulmuş əsas vəzifələrinə riayət etməli, əmək intizamına əməl etməli, iş yoldaşlarının əmək hüquqlarını pozmamalıdır. İddiaçı bu tələbləri pozaraq iş yerində əmək intizamını və iş mühitinin ahəngini pozmuşdur. İddiaçı tərəfindən AR Əmək Məcəlləsinin 10-cu maddəsinə uyğun əmək vəzifələrinin pozulması faktı sübuta yetirilmiş və buna əsasən həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi tam qanunauyğun olmuşdur. İddiaçının çoxsaylı ərizələri Həmkarlar İttifaqları Konfederasiyası və X2 Xidmətində araşdırılmış, qanunamüvafiq izahatlar verilmişdir. Birlik tərəfindən iddiaçıya əvvəllər dəfələrlə güzəştlər edildiyi, intizam pozuntularına baxmayaraq əmək münasibətlərinə son qoyulmadığı təsdiqlənmişdir. Lakin iddiaçı xəbərdarlıqlardan nəticə çıxarmamış və intizam pozuntularını davam etdirmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli məktub iddiaçının əmək hüquqlarının pozulmadığını təsdiqləyir. Məktubda göstərilmişdir ki, iddiaçının müraciəti əsasında AHİK-in Əməyin Mühafizəsi və X1 dəvət olunmuş, müvafiq söhbətlər aparılmış, lakin iddiaçı təsdiqləyici sənəd təqdim etməmişdir.

28. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Almaz Süleymanova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, 2(012)-4098/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

29. Məhkəmə kollegiyası ilk olaraq qeyd etmişdir ki, iddiaçı ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı tələbinin faktiki əsası kimi bu əmrdən istinad edərək onun işdən azad edilməsini qanunsuz hesab etmişdir.

30. Cavabdehin etirazına əsasən, iddiaçı tərəfindən Birliyin rəhbərliyinə və işçi heyətinə qarşı təhqiramiz ifadələr işlədilmiş, böhtan xarakterli fikirlər səsləndirilmişdir. Bu, işçi kollektivində haqlı narazılığa səbəb olmuş, işçi heyəti tərəfindən rəhbərliyə dəfələrlə şifahi və yazılı şikayətlər edilmişdir. İddiaçıya bu barədə bir neçə dəfə xəbərdarlıq edilmiş, lakin o intizam qaydalarına əməl etməmiş və əmək hüquqlarını pozmaqda davam etmişdir. Bunun nəticəsi olaraq, işəgötürən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsini Həmkarlar İttifaqı Komitəsinə təqdim etmişdir. Məsələ Komitədə müzakirə olunmuş və razılıq verildikdən sonra işəgötürənin ##.##.2025-ci il tarixli, ** saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

31. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, X2 Xidmətinin ##.##.2025-ci il tarixli məktubu əsasında aparılan araşdırma zamanı işəgötürən tərəfindən iddiaçının əmək hüquqlarının pozulması faktı öz təsdiqini tapmamışdır.

32. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin mübahisələndirilən əmrin qanunsuzluğunu təsdiq edən hər hansı sübutları, cavabdeh isə həmin əmrin əsaslılığına dair aktları, yazışmaları və digər sənədləri məhkəməyə təqdim etmişlər.

33. Məhkəmə kollegiyası həmçinin müəyyən etmişdir ki, iddiaçı ##.##.2025-ci il tarixdə əmək kitabçasını təhvil almış, ilkin mediasiya sessiyası barədə ərizəsini ##.##.2025-ci il tarixdə vermiş və ##.##.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib edilmişdir.

34. Daha sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmiş və nəticədə iddiaçı məhkəməyə müraciət edənədək iddia müddətini ötürmüşdür.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı ərizə təqdim edildiyindən, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslı olmuşdur.

36. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, habelə həmin Məcəllənin 71.1, 71.2, 71.3, 296-cı maddəsinə, habelə MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

37. İddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qətnaməni əsaslandırmamışdır. Belə ki, məhkəmə göstərmişdir ki, iddiaçı iddia ərizəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüş və ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. ##.##.2025-ci il tarixdə mediasiyaya müraciət etməklə müddətin axımı kəsilmiş olsa da, 1 aylıq iddia müddəti ötürülmüşdür. Habelə, məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılması ilə bağlı ərizə təqdim edilməmişdir. Mülki qanunvericiliyə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfi iddia müddətinin keçməsini tətbiq etmək üçün ərizə verdiyindən, məhkəmə iddiadan imtina barədə qərar çıxarmaq üçün bu əsasdan istifadə etmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddia müddəti keçmiş, iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim edilmişdir və buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Apellyasiya məhkəmə kollegiyası isə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə əsassız olaraq razılaşmışdır. Məhkəmələr bu halda istinad olunan maddi hüquq normasının tələblərini pozmuşlar. Belə ki, maddənin tələbindən görünür ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmələr iddiaçının hüququnun pozulduğu günü dəqiq müəyyən etmədən nəticəyə gəlmişlər ki, bu, tamamilə səhv nəticədir. Çünki iddiaçı hüququnun pozulduğunu işdən çıxma barədə əmri aldığı gün bilmiş və bundan sonra məsələnin barışıq yolu ilə həlli üçün mediasiya təşkilatına müraciət etmişdir. Mediasiyaya olunan müraciət də iddia müddətinin axımını dayandırmışdır. Beləliklə, məhkəmələr bu hissədə düzgün olmayan nəticəyə gəlmişlər.

Kassasiya şikayətinə qarşı etiraz ərizəsi

39. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıdasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

40. Maddə 35. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

41. Maddə 70. Bənd ç) İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verə bilir.

42. Maddə 71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

43. Maddə 296. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. İddiaçının kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

53. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

54. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

55. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsi işəgötürənin ##.##.2025-ci il tarixli, ** saylı əmrinə əsasən ##.##.2025-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmiş və iddiaçı baş iqtisadçı vəzifəsindən azad edilmişdir.

56. Hazırda iddiaçı, sözügedən əmrin ləğv edilməsini və işə bərpa tələbinin təmin edilməsini xahiş edərək məhkəməyə müraciət etmişdir.

57. Cavabdehin vəkili və nümayəndəsi isə iddia müddəti tətbiq olunmaqla, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir.

58. Apellyasiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında əmək münasibətinə işəgötürənin ##.##.2025-ci il tarixli əmri ilə ##.##.2025-ci il tarixdən xitam verilmiş və həmin gün də əmrin surəti iddiaçıya təqdim edilmişdir. Belə olan halda iddiaçının hüququnun pozulduğunu iddia etdiyi gün də həmin tarixdən hesablanmalıdır.

59. Apellyasiya məhkəməsi iddia müddətinin keçməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı hazırkı mübahisənin həlli ilə bağlı mediasiyaya ##.##.2025-ci il tarixdə müraciət etmiş, ##.##.2025-ci il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə ona arayış verilmişdir.

60. Göründüyü kimi iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürərək məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmiş, lakin iddia müddətini üzürlü səbəbdən ötürməsi ilə bağlı məhkəməyə ərizə verməmişdir.

61. Mülki qanunvericiliyə görə, məhkəmə yalnız mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddətini tətbiq edə bilər və iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərarı çıxarması üçün əsasdır.

62. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim olunduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir.

63. Apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, AR Əmək Məcəlləsinin 296.2 və 296.6-cı maddələrindən görünür ki, mübahisəyə mahiyyət üzrə baxılmasından öncə birinci olaraq iddia müddətinin ötürülüb-ötürülməməsi (müddətin tətbiqi barədə ərizə ilə), ötürülmüşdürsə bunun üzrlü olub-olmaması (müddətin bərpasına dair ərizə ilə) aydınlaşdırılmalıdır. İddiaçının izahatından məlum olmuşdur ki, o, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etməmişdir.

64. AR Mülki Məcəllənin 380.1-ci maddəsində göstərilir ki, iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Lakin işdən görünür ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmədiyi üçün iddia ərizəsi geri qaytarılmışdır və bu hal iddia müddətinin axımının kəsilməsinə səbəb olmamışdır. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verildiyi və elə həmin gündə də əmrin surətini aldığı üçün o, mediasiyaya ##.##.2025-ci il tarixdə müraciət etməklə 1 aylıq iddia müddətini ötürmüşdür.

65. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar