Məhkəmə qərarları › İş №2(004)-1187/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1187/2022

07.02.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1187/2022 07.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Qasımzadə Ləman Fəxrəddin qızının katibliyi, ərizəçi - Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin hissəvi təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin hissəvi təsdiq edilməsi” tələbinə barədə iddia ərizəsi ilə 19.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 04.10.2020-ci il tarixli barışıq sazişinin 2.5-ci maddəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Vəkil izahatında bildirmişdir ki, tərəflər 03.10.2016-cı il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Nikahları 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 1905 nömrə ilə qeydə alınmışdır. Həmin nikahdan tərəflərin 07.07.2017-ci il təvəllüdlü X5 adlı övladı doğulmuşdur. Tərəflər birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən mənzili əldə etmişlər. Tərəflərin nikah münasibətləri ilk vaxtlar yaxşı olsa da, sonradan formal xarakter daşımışdır. Ailənin bərpası mümkün olmaması səbəbindən Ərizəçi nikahın pozulması, uşağın ananın yanında qalması, alimentin tutulması, birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi və sair tələblər üzrə mediasiya qurumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı tərəflər könüllü razılığa gəlmiş və buna dair 04.10.2021-ci il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən tərəflər nikahın məhkəmə qaydasında pozulması, uşağın ananın yanında qalması, uşaq yetkinlik yaşına çatanadək 300 manat alimentin tutulması, günün istənilən vaxtı ataya uşaqla ünsiyyətə maneə yaradılmaması və sair hallarla bağlı razılığa gəlmişlər. Həmçinin barışıq sazişinin 2.5-ci maddəsinə görə tərəflər birgə nikah dövründə əldə etdikləri Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 2, mənzil 53 ünvanında yerləşən, qeydiyyat çıxarış nömrəsi ********** olan mənzilin ½ pay bölgüsünə dair razılaşmışlar. Maraqlı şəxs barışıq sazişi ilə müəyyən edilmiş öhdəliklərin bir hissəsini könüllü olaraq icra etməsinə baxmayaraq, sazişin qeyd olunan 2.5-ci maddəsindən irəli gələn öhdəliyini icra etməkdən qərəzli olaraq yayınmışdır. Belə ki, onun tərəfindən könüllü icra ilə bağlı Maraqlı şəxs yaşadığı ünvana 02.12.2021-ci il tarixdə rəsmi müraciət göndərilmiş, müraciət ona 20.12.2021-ci il tarixdə çatdırılmasına baxmayaraq o, öhdəliyinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsindən, yəni dövlət reyestrində müvafiq qeydiyyatın aparılması üçün aidiyyəti orqana rəsmi müraciət edilməsindən imtina etmişdir. İddiaçının nümayəndəsi Vəkil göstərilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə təyin edilmiş ilkin məhkəmə iclasında iştirak edən Maraqlı şəxs onunla Ərizəçi arasında mediasiya prosesində bağlanmış 04.10.2020-ci il tarixli barışıq sazişinin tələblərini, o cümlədən həmin sazişin 2.5-ci maddəsindən irəli gələn öhdəliyinin icrasından imtina etmədiyini, hazırda ixtisası üzrə xarici ölkəyə səyahəti nəzərdə tutulduğundan, ona vaxt verilməsini və məhkəmə iclasının təxirə salınmasını, növbəti iclas tarixinədək sazişlə üzərinə götürdüyü öhdəliyin icrası ilə bağlı zəruri hərəkətləri icra edəcəyini bildirmişdir. Məhkəmə tərəfindən Maraqlı şəxs vəsatəti təmin edilərək ona sazişlə üzərinə götürdüyü öhdəliyin könüllü icrası ilə bağlı zəruri şərait yaradılmaqla 10 gün müddətinə məhkəmə iclası təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq 04.10.2021-ci il tarixdə bağlanaraq imzalanmış və mediasiya reyestrində M-00048 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 tərəfindən təsdiq edilmiş barışıq sazişindən görünür ki, Sazişin 1-ci maddəsinə görə tərəflər - Ərizəçi (bundan sonra “Birinci tərəf”) və Maraqlı şəxs ( bundan sonra “İkinci tərəf”) nikahın pozulması, uşağın anannın himayəsində qalması, alimentin tutulması və əmlak bölgüsü tələbi üzrə aşağıdakı məzmunda razılığa gəlmişlər: “2.1. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan 1 saylı Bakı Asan Xidmət tərəfindən 03.10.2016-cı il tarixli, 1905 nömrəli nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılığa gəldilər. 2.2. X7 Tərəfə övladı 07.07.2017-ci il doğum tarixli X5 ilə günün istənilən vaxtında heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq. 2.3 X8 Tərəfə 10.10.2021-ci il tarixdən başlayaraq övladı 07.07.2017-ci il doğum tarixli X3 yetkinlik yaşına çatana qədər hər ayın 10-na qədər 300 azn sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. 2.4 İkinci Tərəf övladı 07.07.2017-ci il doğum tarixli X3 Birinci Tərəfin himayəsində qalmasına etiraz etmir. 2.5. Tərəflər birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən və ********** qeydiyyat və nömrəli çıxarışlı mənzili 1/2 pay bölgüsündə bölgüsünə etiraz etmirlər. 2.6. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.7. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.8. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.9. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Əgər Saziş məhkəmə, tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.3. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.4. Aşağıdakı mövcud təminat və üstünlük hüquqları, o cümlədən, girov, ipoteka, mülkiyyət və zaminlik hüquqları qüvvədə qalır. 3.5. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.6. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz. 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.2. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.9. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək.

4. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu saziş son imzanın atıldığı gündən qüvvəyə minir.” İş materiallarında olan ********** qeydiyyat nömrəli reyestrdən çıxarışdan müəyyən edilir ki, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 2, mənzil 53 ünvanında yerləşən, ümumi sahəsi 97,40 m2 olan mənzil xüsusi mülkiyyət hüququ ilə Maraqlı şəxs adına qeydə alınmışdır. İş materiallarında olan Ərizəçi səlahiyyətli nümayəndəsi “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 tərəfindən Maraqlı şəxs ünvanlanmış 02.12.2021-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən edilir ki, maraqlı şəxsdən 04.10.2021-ci il tarixli barışıq sazişinin 2.5-ci maddəsindən irəli gələn öhdəliyinin könüllü icrasının təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan məxaric qəbzindən və Azərpoçt" MMC-nin “http://www.azerpost.az” rəsmi saytındakı “Poçt göndərişlərinin izlənilməsi” haqqında çıxarışdan müəyyən edilir ki, SS753227898AZ ştrix kodlu sifarişli məktub Maraqlı şəxs 20.12.2021-ci il tarixdə çatdırılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1.barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi həmin Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 31.4-cü maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. Beləliklə yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1)Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, tərəflər mediasiya prosesi nəticəsində “nikahın pozulması, uşağın ananın himayəsində qalması, alimentin tutulması və əmlak bölgüsü” tələbi üzrə razılığa gələrək 04.10.2021-ci il tarixli barışıq sazişi bağlamışlar. Saziş eyni tarixdə tərəflər, həmçinin mediator tərəfindən imzalanaraq qüvvəyə minmiş və tərəflər üçün məcburi xarakter daşımışdır. Həmçinin Sazişə əsasən tərəflər könüllü icra ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətlərdən əlavə hər hansı xüsusi razılığa gəlməmişlər. Yəni, dolayısı ilə sazişin könüllü icra müddəti qanunla nəzərdə tutulmuş qaydada 10 gün müəyyən edilmişdir. Sazişin 2.5-ci maddəsinin icrası ilə bağlı Ərizəçi səlahiyyətli nümayəndəsi tərəfindən 02.12.2021-ci il tarixdə Maraqlı şəxs bildiriş göndərilmiş və bildiriş 20.12.2021-ci il tarixdə ona çatdırılmışdır. Göründüyü kimi Maraqlı şəxs barışıq sazişi imzalandığı gündən, eyni zamanda ərizəçinin öhdəliyin könüllü icrasına dair bildirişinin ona rəsmi qaydada çatdırılmasından 10 gündən artıq müddət keçməsinə baxmayaraq Sazişin 2.5-ci maddəsindən irəli gələn öhdəliyini hazıradək icra etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş üzrə Maraqlı şəxs tərəflər arasında bağlanmış 04.10.2021-ci il tarixli barışıq sazişinin 2.5-ci maddəsinin könüllü icrası ilə bağlı 10 gün ərzində möhlət verilməklə zəruri şərait yaradılmasına baxmayaraq o, könüllü icra ilə bağlı zəruri hərəkətləri yerinə yetirməmişdir. Odur ki, məhkəmə bu halı sazişin müvafiq tələbinin könüllü icrasından Maraqlı şəxs imtinası kimi qiymətləndirir. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsinə əsasən məhkəmə tərəfindən tərəflər arasında bağlanmış 04.10.2021-ci il tarixli barışıq sazişinin 2.5-ci maddəsinin təsdiq edilməsini istisna edən edə biləcək hallar aşkar edilməmişdir. Odur ki. göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 04.10.2021-ci il tarixli barışıq sazişi 2.5-ci maddəsinə aid olan hissədə aşağıdakı məzmunda təsdiq olunmalıdır: “2.5. Tərəflər birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən və ********** qeydiyyat və nömrəli çıxarışlı mənzili ½ pay bölgüsündə bölgüsünə etiraz etmirlər.” Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi zamanı imzalanmış 04.10.2021-ci il tarixli barışıq sazişi 2.5-ci maddəsinə aid olan hissədə aşağıdakı məzmunda təsdiq edilsin. “2.5. Tərəflər birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən və ********** qeydiyyat və nömrəli çıxarışlı mənzili ½ pay bölgüsündə bölgüsünə etiraz etmirlər.” Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar