Məhkəmə qərarları › İş №2(004)-1263/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1263/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1263/2022 22.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən mülkiyyətində olan “İnfinity FX-35” minik markalı, **-LK-*** dövlət nömrə nişanlı, 2007-ci il buraxılışlı, qara rəngli avtomobilin təmiri üçün Cavabdeh MMC-nin kassa aparatına ödənilmiş 3900 manat maddi ziyan, avtomobilin yenidən təmirinə çəkilən 2310 manat xərc, avtomobili olmadığı müddətdə taksidən istifadə etməsi nəticəsində çəkilən 1500 manat mənəvi zərər olmaqla, cəmi 7710 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2022-ci il tarixdə ərizə verərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, 2020-ci ilin mart ayı ərzində iddiaçının mülkiyyətində olan 2007-ci il buraxılış ili olan qara rəngli “İnfıniti FX-35” minik markalı, **-LK-*** dövlət nömrə nişanlı avtomobilin sürət qutusunda problemlər yarandığından Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında fəaliyyət göstərən cavabadeh Cavabdeh MMC-yə yaxınlaşaraq avtomobilini həmin MMC-də çalışan ustalara göstərmişdir. Əvvəlcə girəcəkdə avtomobili kompüterə salmağı, dioqnoslika və işıq ustalarına göstərməyini bildirmişlər. Mobil telefon nömrəsi ***-***-**-** olan Anar adlı usta baxmış və avtomobildə kompüterin aşkarladığı və göstərdiyi səhvləri əl hərəkətləri ilə sildikdən və plataya bəzi müdaxilələrdən sonra avtomobiliin yaxşı işləyəcəyini demişdir. Anar adlı şəxs iddiaçıya diaqnostikaya görə 20 manat və MMC-nin kassasına əlavə 400 manata qədər pul köçürəcəyini bildirmiş və maşının düzələcəyini vəd vermişdir. Maşını servisdən çıxartdıqdan sonra iki gün keçməmiş avtomobildə yenə də əvvəlki vəziyyətdə səhvlər yaranaraq maşın əvvəlki qaydada nasaz işləmişdir. Maşını 3-4 gün sonra yenidən geri qaytararaq Cavabdeh MMCnin girişində qeydiyyatdan keçirdib, bu dəfə sürət qutusunda yaranmış nasazlıq ilə bağlı istifadəsində ***-***-**-** mobil nömrəsi olan Şahin adlı ustaya göstərmişdir. Şahin adlı usta yalnız sürət qutusunu sökdükdən sonra iddiaçıya düzəldiləcək və alınmalı detallar ilə əlaqədar xərc ilə bağlı ümumi qiymət deyiləcəyini bildirmişdir. Nəhayət iki gün sonra maşınının sürət qutusu söküldükdən sonra Şahin usta iddiaçıya avtomobilinin ümumi təmirinə görə ümumilikdə 3500 manat xərc çıxacağını bildirmiş və ehtiyat hissələrini yalnız özü alıb yığdıqdan sonra avtomobilinin detallarının təzə modeldən fərqlənməyəcəyi vədini vermişdir. İddiaçı hətta deyilən bu qiymətin çox baha olduğunu bildirib, ehtiyyat hissələrinin bəlkə başqa dükandan ucuz qiymətə özü tərəfindən alıb gətirə biləcəyini dedikdə, Şahin usta ona «alınan detalların istifadəyə yararlı olub-olmayacağından asılı olaraq yalnız Cavabdeh MMC tərəfindən alınacağı hissələrə başı ilə cavabdeh olacağı cavabını vermişdir. Həmçinin avtomobilinin sürət qutusunu bir dəfəyə yığıb iddiaçıya təhvil verəcəyini və avtomobilinin sürət qutusundakı nasazlıqların aradan qalxacağı və hərəkətdə yenisindən fərqlənməyəcəyi cavabını vermişdir. İddiaçı ilk əvvəl 1500 manat, daha sonra yekunda yerdə qalan məbləği Cavabdeh MMC-nin kassasına ödəmişdir. Lakin az qala beş minə yaxın pul ödəməyinə baxmayaraq mülkiyyətində olan avtomobil guya təmir olunub fonu yaradılaraq servisdən buraxılmışdır. Bu servisə iddiaçının müraciətləri pandemiya ərəfəsində baş vermiş və avtomobilin guya düzəldilərək iddiaçıya təhvil verilməsi az qala bir ay çəkmiş və bu müddət ərzində Cavabdeh MMC-nin tabeçiliyində olan ustaların səhlənkarlığı ucbatından iddiaçı maşınsız qalaraq, taksilərlə hərəkətdə olmuşdur. Guya təmir olunmuş iddiaçının avtomobili ilə bağlı əvvəlki nasazlıqlar yenidən baş qaldırdıqda yenidən avtomobilini Cavabdeh MMC-yə gətirsə də sürət qutusu ilə bağlı burada avtomobilə baxılmayacağını, avtomobilə Şahin adlı ustanın baxdığını və həmin ustanın artıq orada işləmədiyini, yaxşısı budur bu avtomobili satıb canını qurtarması kimi səriştəsiz və səhlənkar cavablar Cavabdeh MMC-nin əməkdaşları tərəfindən iddiaçıya verilmişdir. İddiaçı əlində olan Cavabdeh MMC-də işləmiş və avtomobilini guya təmir etmiş ustaların mobil nömrələrinə zəng etməyə başlamış və nəhayət üç ay sonra Şahin adlı usta ilə danışa bilmişdir. Həmin ustaya təmir ilə bağlı iradını bildirib ki, bu avtomobilə o baxmışdır və avtomobil əvvəlki nasazlıqları ilə iddiaçını əvvəlki qaydada narahat etməkdə davam edir. Həmin şəxs iddiaçıya bildirmişdir ki, rayondadır gələ bilmir, nəhayət bir neçə gün sonra Babək prospektində yerləşən “Chevrolet Centre”-də olan servisə avtomobilini aparmağı bildirmiş, iddiaçı oraya gedərək yenidən avtomobili həmin ustaya göstərmiş və orada da 300 manata kimi iddiaçıya kassaya yenidən pul ödətdirib yenə də maşını bir həftəlik düzəldib servisdən bir neçə km məsafə sürənə qədər yola vermişlər. Cavabdeh MMC-nin tabeliyində işləyən ustaların yarıtmaz və səriştəsiz işləri ucbatından iddiaçı 10 aya yaxın avtomobilini idarə edə bilməmişdir. Nəhayət Neptun servisdə yaxşı bir usta olduğunu və yalnız o, iddiaçının avtomobilində olan problemlərin həllini öhdəsinə götürərsə avtomobilin sürət qutusundakı problemlərin həll olunacağı məsləhətini vermişlər. İddiaçı 2021-ci ilin sentyabrında avtomobili həmin ustaya göstərdikdən sonra əvvəlcə 1000 manata kimi xərcinin çıxacağını bildirsə də sürət qutusunu sökdükdən sonra avtomobilin təmirinə 2000 manatdan çox xərc çıxacağını bildirmişdir. İddiaçı avtomobilin sürət qutusunda olan detalların guya Cavabdeh MMC-nin ustaları tərəfindən yeniləri ilə əvəz olunduqlarını bildirsə də, usta ona hətta orada köhnə və işlənmiş detalların da qoyulduğunu bildirmişdir. 2021-ci ilin oktyabr ayında 2310 manat pul ödədikdən sonra avtomobilin sürət qutusunun düzəldəcəyini və avtomobildə olan problemlərin aradan qaldırılacağı vədi verilmişdir. Həmin müddətdə iddiaçı yenidən iki həftəyə yaxın avtomobilsiz qalmış, lakin ödədiyi pulun müqabilində avtomobili tam təmir olunmuş, Cavabdeh MMC-nin aylarla iddiaçıya pul ödətdirib almağa əli gəlmədiyi yeni detallar qoyulmaqla və sürət qutusu ilə bağlı problemlər həll olunmaqla birgə özünə təhvil verilmişdir. Hazırda avtomobil iddiaçının öz istədiyi şəkildə, heç bir problemi olmadan tərəfindən idarə olunur. Cavabdeh MMC-nin tabeliyində işləyən səriştəsiz ustaları gördükdən və yalandan heç bir təmir işləri görmədən iddiaçıya kassaya pul ödətdirib yekunda görmədikləri işlərə görə, iddiaçı kimi vətəndaşlar da daxil olmaqla ciblərinə girib əsassız yerə pul silmələrini, səriştəsizlikləri azmış kimi bir ildir iddiaçını avtomobilsiz hərəkət etməyə məcbur etdiklərindən iddiaçı bu kimi məsuliyyətsiz davranışları və özbaşınalıqları cavabsız qoya bilməzdi. Suala cavab olaraq bildirir ki, 3500 manat pul verməyi cavabdehə aid kassaya ödəniş edilərkən video görüntüyə baxılsa sübut olunar. Cavabdeh servisdə bu problemlərdən sonra “antifreez” dəyişmə, yağ dəyişmə, filtr dəyişmə kimi xırda xidmətlərdən mütəmadi olaraq istifadə edilmişdir. Vaxtında servisə müraciət edilmişdir, müraciət edəndə bildirmişlər ki, Şahin usta həmin yerdə işləmir. Məkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, deyilənlərlə razı deyil. Təqdim etdiyi servis kartında ödənişlər tarixinə qədər hamısı qeyd edilmişdir. İddiaçının umumi ödənişi 2022,94 manatdır. Bildirdiyi məbləğdən əlavə iddiaçının qeyd etdiyi məbləğlərin sübutu yoxdur. O, sözünün təsdiqi olaraq, sənəd təqdim etmişdir ki, iddiaçı nə qədər pul ödəmişdir və bunun qarşılığında hansı xidmətlər göstərilmişdir. İddiaçı isə istədiyi məbləğ barədə sənəd təqdim edə bilmir. Əgər avtomobil işləməsə idi iddiaçı servisə gəlib-gedə bilməzdi. Əgər avtomobilin sürətlər qutusunda problem olsa idi servisə gəlmək üçün hərəkət edə bilməzdi. Deməli sürətlər qutusu normal işləmiş, avtomobilin isə yəqin ki, başqa problemi olmuşdur. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AC № 680210 saylı, xx.xx.2016-cı il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “İnfinity FX-35” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən tərtib olunmuş F00728594 nömrəli servis kartına əsasən İddiaçı məxsus “İnfinity FX-35” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə servisə daxil olmuş, dəyəri 20 manat olan “diaqnostika” xidməti göstərilmiş və xx.xx.2019-cu il tarixdə servisdən çıxmışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən tərtib olunmuş F00728964 nömrəli servis kartına əsasən İddiaçı məxsus “İnfinity FX-35” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə servisə daxil olmuş, dəyəri 100 manat olan “karobkanın beynin çıxarılıb-qoyulması” xidməti göstərilmiş və xx.xx.2019-cu il tarixdə servisdən çıxmışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən tərtib olunmuş F00730143 nömrəli servis kartına əsasən İddiaçı məxsus “İnfinity FX-35” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə servisə daxil olmuş, dəyəri 180 manat olan “karobkanın blokunun təmiri” xidməti göstərilmiş və xx.xx.2019-cu il tarixdə servisdən çıxmışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən tərtib olunmuş F00730197 nömrəli servis kartına əsasən İddiaçı məxsus “İnfinity FX-35” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə servisə daxil olmuş, dəyəri cəmi 783 manat olan “A.Ö.Q-nun çıxarılıb qoyulması, təmiri, bublikinin kəsilməsi, bublikinin təmiri və TCM-in təmiri” xidmətləri göstərilmiş, dəyəri cəmi 935,94 manat olan ehtiyyat hissələrindən istifadə olunmuşdur və xx.xx.2019-cu il tarixdə avtomobil servisdən çıxmışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən tərtib olunmuş F00836436 nömrəli servis kartına əsasən İddiaçı məxsus “İnfinity FX-35” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə servisə daxil olmuş, dəyəri 110 manat olan “diqanostika və salenoidin dəyişilməsi” xidmətləri göstərilmiş, dəyəri 94,5 manat olan ehtiyyat hissələri və materiallardan istifadə olunmuşdur və xx.xx.2020-ci il tarixdə servisdən çıxmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 9/3498, 8/1116 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, Cavabdeh MMC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsəsən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “İnfinity FX-35” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1430,00 manat müəyyən edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində bildirmişdir ki, Cavabdeh MMC-də çalışır. Avtomobil 2019-cu ildə təmirə gəlmiş, təmir olunaraq getmişdir və vaxt heç bir şikayəti olmamışdır. Bu yaxında isə şirkətin hüquqşünası ona avtomobilin təmirindən şikayətin olması ilə bağlı məlumat vermişdir. Bildirir ki, şirkət gördüyü işə və şirkət tərəfindən qoyulan ehtiyat hissələrinə 2 ay, 5 min kilometr zəmanət verir. Avtomobilin şirkətdə olan tarixçəsinə baxmışdır və orada görünür ki, avtomobil davamlı şəkildə istismar olunmuşdur, 2022-ci il daxil olmaqla şirkətə gələrək, yağını dəyişmişdir. İddiaçı 28 min kilometr avtomobili sürdükdən sonra 7 oktyabr 2020-ci ildə şirkətə ötürücülər qutusu ilə əlaqədar yaxınlaşmışdır. Həmin vaxtda ötürücülər qutusunda 1 ədəd elektron klopan dəyişilmişdir. Həmin klopana “solinnoyda” deyilir. Sonra yenə də 2 ay, 3 ay, 5 ay fasilələrlə şirkətdə daim yağ dəyişmişdir və heç vaxt da şikayət olmamışdır. Şikayət olsa idi, texniki direktor bu cür işləri nəzarətdə saxlayır. Avtomobil ən azından onlara göndərilərdi, onlar da onun qüsurunu müəyyən edərdilər. Avtomobil isə daimi istismarda olmuşdur. Əgər avtomobil nasaz idisə necə istismar olunmuşdur? Avtomobilin servisə sonuncu girişi xx.xx.2022-ci ildə yağdəyişmə ilə bağlı olmuşdur. Suala cavab olaraq bildirir ki, işlədiyi yer əvvəl “20 yanvar” filialında baş ofisdə balaca otaq idi və bir usta işləyə bilirdi, sonra “Performance Center”-in Babək filialında ötürücülər qutusu mərkəzi yaradılmışdır. İldə bir dəfə onlar Moskvaya seminarlara gedirlər. Statistikaya baxdıqda isə onlarda geri qayıdan işlər yoxdur. Sürətlər qutusunda problem olarsa, maksimum iki min kilometr sürmək olar, indiki halda isə avtomobil daim istismar olunmuşdur. Hazırkı avtomobillə bağlı 13 iyul 2019-cu il tarixdə onlara müraciət olunmamışdır. Görülən təmir işləri ötürücülər qutusu ilə bağlıdır. “Solinnoy” deyilən detal ötürücülər qutusuna aiddir. Karopkanın bubliki, hidro blok, bublikin salniki, karopka yağı - bu sadalananlar hamısı ötürücülər qutusuna aiddir. Edilən ödənişlər kassa göstəricilərində var. Ona hazırkı avtomobillə bağlı şikayət olmamışdır. Babək filialında “solinnoy” deyilən detal dəyişilmişdir. 2019-cu ilin iyul ayına qədər “20 yanvar” filialında işləmişdir, sonra bütün heyətlə bərabər “Babək” filialına getmişlər. “Beynin” üstündə yerləşən elektroklopanın birini dəyişmişlər və işlənmiş detal qoymuşlar, çünki istehsalçı həmin detalı satışa çıxarmır və bu hal da qeyd edilmişdir. Sürətlər qutusunun təmiri ilə bağlı xx.xx.2019-cu ildə servisə giriş etmiş və xx.xx.2019-da avtomobil təhvil verilmişdir. 1718,94 manat ödəniş edilmişdir. Bu haldan 1 il sonra müraciət etmiş və “solinnoy” deyilən detal dəyişmişdir. İşin halları odur ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinin təmir olunması məqsədilə Cavabdeh MMC-yə müraciət etmişdir. Nəqliyyat vasitəsinin təmiri ilə bağlı 13xx.xx.2019-cu il tarixlərdə iddiaçıya müxtəlif xidmətlər göstərilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə yenidən avtomobillə bağlı xidmətlərin göstərilməsi üçün servisə müraciət etmişdir. Hazırda iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona dəymiş maddi zərər və avtomobili olmadığı müddətdə taksidən istifadə etməsi nəticəsində çəkilən xərci mənəvi zərər adlandıraraq 1500 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ziyan dəydiyini bildirsə də bu iddia tələbi iş materialları ilə sübut olunmur. İddiaçının vəsatətinə əsasən keçirilmiş eskpertizanın nəticəsinə əsasən xx.xx.2022 ci il tarixli Cavabdeh MMC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsəsən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “İnfinity FX-35” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1430,00 manat müəyyən edilmişdir. Ekspert Cavabdeh MMC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktı adlandırdığı iş materialında olan Cavabdeh MMC tərəfindən tərtib olunmuş F00730197 nömrəli servis kartına istinad edərək dəyişilmiş ehtiyat hissələri və təmirin dəyərini aktda olduğu kimi qeyd etmişdir. (рекомплект АКПП -699,99 manat , лента АКПП 70,01 manat, ELF ELFMATİC 160 manat və təmir 500 manat (A.Ö.Q nın təmiri və TCM-nın təmiri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehdən mülkiyyətində olan “İnfinity FX-35” minik markalı, **-LK-*** dövlət nömrə nişanlı, 2007-ci il buraxılışlı, qara rəngli avtomobilin təmiri üçün Cavabdeh MMC-nin kassa aparatına ödənilmiş 3900 manat maddi ziyan, avtomobilin yenidən təmirinə çəkilən 2310 manat xərc, avtomobili olmadığı müddətdə taksidən istifadə etməsi nəticəsində çəkilən 1500 manat mənəvi zərər olmaqla, cəmi 7710 (yeddi min yeddi yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat məbləğində pulun onun xeyrinə tutulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu və keçirilmiş ekspertizanın xərci iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehdən mülkiyyətində olan “İnfinity FX-35” minik markalı, **-LK-*** dövlət nömrə nişanlı, 2007-ci il buraxılışlı, qara rəngli avtomobilin təmiri üçün Cavabdeh MMC-nin kassa aparatına ödənilmiş 3900 manat maddi ziyan, avtomobilin yenidən təmirinə çəkilən 2310 manat xərc, avtomobili olmadığı müddətdə taksidən istifadə etməsi nəticəsində çəkilən 1500 manat mənəvi zərər olmaqla, cəmi 7710 (yeddi min yeddi yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat məbləğində pulun onun xeyrinə tutulması barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar