Məhkəmə qərarları › İş №2(004)-1377/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1377/2023

30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1377/2023 30.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, əri X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirir ki, mərhum əri X5 xx.xx.1952-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. X5 xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətində özünə məxsus avtomobili təmir edərkən qəflətən ölmüşdür. Onun səhhətinin pisləşməsini görən ətrafdakı qonşular təcili tibbi yardım çağırsalar da, həkimlər gələnə kimi o artıq dünyasını dəyişmişdir. Təcili Tibbi və X2 həkimlər gələn zaman yalnız onlara aid ünvanda kişi cinsindən meyid aşkar edilməsi barədə arayış vermişdir. O, qəflətən vəfat etdiyindən və tibbi sənədlər olmadığından ölüm haqqında şəhadətnamənin alınmasında çətinlik yaranmışdır. Mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşmə və digər bu kimi məsələləin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Buna görə də o, ərinin ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona təqdim edilmiş xx.xx.2023-cü il tarixli imtina məktubunda ölümün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınmasının mümkün olmadığı bildirilərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təcili və X8 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 104 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən müəyyən edilir ki, X3 adına ünvan 2 ünvanına çağırış daxil olmuş, 70 yaşlı kişi meytinin olması qeyd edilmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə Mərkəzi 3 saylı şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli, 41 nömrəli məktubundan müəyyən edilir ki, xx.xx.1952-ci il təvəllüdlü X3 ölüm səbəbi məlum olmadığına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın 4.4.5-ci böəndinə əsasən poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 05/76-280/15 mömrəli məktuba əsasən müəyyən edilir ki, X4 ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümünün qeydiyyata alınması mümkün olmamışdır. İş materiallarında olan Abşeron rayonu Xırdalan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 28 saylı arayışa əsasən müəyyən olunur ki, X5 xx.xx.2023-cü il tarixdə Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, mərhum onun qonşusu olmuşdur. Mərhum yaşadığı evin həyətində öz avtomobilini təmir edərkən birdən səs-küy eşitmişdir, baxanda onun yıxıldığını görmüşdür. Onlar təcili yardım çağırmış, lakin təcili yardım gələndə artıq o ölmüşdür. Suala cavab olaraq bildirir ki, mərhumun kiminləsə mübahisə etdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində bildirmişdir ki, mərhum onun qonşusu olmuşdur. Yanvar ayının 15-də günorta saat 2 radələrində qonşuluqda hay-küy düşmüş, onlar oraya gedərkən mərhumun avtomobilini təmir edərkən yıxıldığını görmüşlər. Bundan təxmini yarım saat sonra həkimlər gəlmiş, lakin bu vaxta kimi artıq o ölmüşdür. Ertəsi gün mərhumu dəfn etmişlər. Suala cavab olaraq bildirir ki, mərhumun hər hansı mübahisəsi və ölümü ilə bağlı hər hansı şübhəli məqam olmamışdır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1952-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə, Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə, Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar