Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-138/2022 04.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlərin vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair” ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “maneənin aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, X24 küçəsi 22 nömrəli ünvanda olan evin 2 yaşayış otağına giriş-çıxışına mane olan beton və digər maneələrin aradan qaldırılmasının cavabdehə həvalə edilməsi və bununla əlaqədar olaraq vurulmuş 8000 manat məbləğində maddi və mənəvi zərərin və ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, ünvan 2 ünvanda yerləşən ev ümumi mülkiyyətlərindədir və hər birinin 1/4 hissədə payları müəyyən edilmişdir. Hazırda payları bərabər olmaqla, İddiaçı, Cavabdeh1, X15 və Cavabdeh2 evin mülkiyyətçiləridir. Cavabdeh2 xüsusi mülkiyyətində olan evdən ona düşən payda faktiki olaraq yaşamasa da, evdə yaşayanlara da oradan istifadə etməyə imkan vermir. Payın naturada ayrılmasının mümkün olmamasına baxmayaraq cavabdeh onların istifadəsində olan giriş qapısını sökmüş, evin iki yaşayış otağının girişinə qədər həyəti asfaltlamış və beləliklə iki otaqdan istifadəni qeyri-mümkün etmişdir. Hazırda həmin otaqlardan qonşular zibil tökmək üçün yer kimi istifadə edirlər. Həmin həyətdə yaşamasa da, hər dəfə həyətə gələndə artıq söz söhbət yaranmış, narazılıq münaqişəyə çevrilmişdir. Dəfələrlə cavabdehdən etdiyi qanunsuz hərəkətlərə son qoymasını, betonu sökməsini və evdən istifadəyə şərait yaratmasını tələb etsələr də, tələbi yerinə yetirməkdən imtina etmişdir. Belə olan halda evdən istifadəyə maneəni özləri aradan qaldırmağa cəlıd etmiş, bunu bilən cavabdeh həyətə gəlmiş, onları söyüb təhqir etmiş, dəfələrlə bununla əlaqədər polisdə araşdırmalar aparılmişdir. Bunlardan sonra onun barəsində cinayət isi başlanmış və ittiham hökmü çıxarılmışdır. Bütün bunlardan müvafiq nəticə çıxarmayan cavabdeh yenə də yaşayış otaqlarından istifadəyə mane olan qanunsuz tikilmiş betonu və onları ümumi mülkiyyətdən istifadə hüququndan məhrum edir. Dəfələrlə evdən mülkiyyətdən istifadəyə dair aralarında olan mübahisələrə məhkəmədə baxılmış və məhkəmə qətnamələri ilə naturada evin mülkiyyətçilər arasında bölünməsinin mümkün olmaması müəyyən edilmişdir. Cavabdeh2 bütün bunları bilsə də, uzun illərdir qəsdən onları polisə, məhkəməyə gedib-gəlməyə məcbur edir, onalrı tanıyanlar, qonşular və qohum-əqrəba arasında nüfuzdan salaraq mənəvi zərər də vurur. Onu da qeyd edirlər ki, cavabdehin günahı üzündən evdə yaşamaq mümkün olmadığına görə İddiaçı həyat yoldaşı və uşağı kirayədə yaşamağa məcburdur. Prosesin gedişində Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 oğluna qarşı “maneənin aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 18.01.2018-ci il tarixdən 23.07.2021-ci il tarixinədək aylıq 350 manat olmaqla, 42 ay müddətində tərəfindən ödənilmiş 14800 manat kirayə pulunun, 5000 manat mənəvi zərərin və 31 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçılar tamamilə əsassız olaraq ona şər-böhtan atmaqla qanuni əsaslarla xüsusi mülkiyyət hüquqi əsasında ona məxsus mənzili ələ keçirmək üçün əvvəllər də etdikləri qanunsuz hərəkətlərini davam etdirmişlər. İlkin iddia üzrə iddiaçılar onu şərləyərək hədələdiklərindən, ailəsi üçün təhlükə yaratdıqlarından, onların təhlükəsindən qorunmaq üçün kirayə yaşamaq məcburiyyətində qalmışdır. İş o yerə çatmışdır ki, hətta evində qalan və istifadəsinə zərurət yaranmış məişət və geyim əşyalarını götürmək üşün polis orqanlarına müraciət edərək, onların müşayəti ilə evinə getmək zorunda qalır. X13 və X8 əvvəllər onun xəbəri olmadan xüsusi icraat qaydasında Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, X24 (Ə.Cavad) küç, ev 22 ünvanda yerləşən mənzilə dair varislər arasında mənzilin faktiki ölçüləri üzrə 1/3 hissəsi X6, 1/3 hissəsi X11, 1/3 hissəsi X4 adlarına mirasın qəbul edilməsi faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 05.02.2013-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 15.03.2016-cı il tarixli qərardadı ilə qətnamə ləğv edilmiş, ərizəçilərin mirasın qəbul edilməsi faktının tanınması barədə ərizəsi baxılmamış saxlanılmışdır. X2, X8 və X15 ona qarşı “kompensasiya ödəməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, X24 (Ə.Cavad ) küç, ev 22 ünvanda yerləşən hər birinə 1/4 pay olmaqla məxsus olan evə 10000 manat kompensasiya vermək yolu ilə Cavabdeh2 həmin evdə olan 1/4 payına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Yasamal rayon Məhkəməsinin 23.10. 2018-ci il tarixli, 2(004)-6196/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.01.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. AR Ali məhkəməsinin 04.06.2019-cu il tarixli, 2(102)-3870 /2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Eyni zamanda X1 Muzərrəf Feyzulla qızı və X16 ona qarşı “paylı mülkiyyətdə olan ev bölgüsü və həyətə giriş-çıxış yolunun müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi vermiş, Yasamal rayon Məhkəməsinin 22.02.2018-ci il tarixli 2(004)-119/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. 7 nəfər ailə üzvləri ona məxsus Bakı şəhəri, Yasamal rayonu, X24 (Ə.Cavad) küç, ev 22 ünvanda qeydiyyatda olmaqla yaşayırdı. X3 və X5 qanunsuz hərəkətləri və onu şərləməsi, öz evində yaşamasına imkan verməmələri səbəbindən evində yaşamaq hüququndan məhrum olmuş və 18.01.2018-ci ildən başlayaraq aylıq 350 manat ödəməklə kirayədə yaşamaq məcburiyyətindədir. İkin iddia üzrə iddiaçılar iddialarında göstərirlər ki guya o həyətə beton tökmüş və onlar üçün evdən istifadəyə mane olur, yolu bağlayır. Bu tamamilə yalan və əsassız fikirlərdir. Belə ki evin iki girişi vardır. Girişin biri böyük darvazadan ibarətdir, biri isə kiçik qapıdır. Böyük darvaza iddiaçıların istifadəsində olmaqla hər cür hərəkəti və giriş-çıxışı təmin edir. Ona məxsus hissədə olan qapı bilavasitə onun evinin qarşısındadır və onlar etiraz etməsələr, evin pəncərəsindən öz hesabına çıxış olaraq qapı aça və həmin qapıdan istifadə etməklə, hər hansı ünsiyyətə belə girmədən, onlarla rastlaşmadan, heç bir əlaqə olmadan, birbaşa evinin pəncərəsindən açdığı qapıdan küçə qapısından çıxa bilər. Lakin çox təəssüf ki, iddiaçılar evini yuxarıda göstərdiyi kimi əlindən almaq üçün buna imkan vermir və mütəmadi olaraq şər böhtanla hədələyirlər. Qeyd olunanları diqqətlə araşdırdıqda adi gözlə belə məlum olar ki, X6 və X5 qanunsuz hərəkətlərindən, 4 azyaşlı uşaqları, xəstə anası və həyat yoldaşından ibarət 7 nəfər ailə üzvü həm maddi, həm də mənəvi ziyan çəkmişlər. Cavabdehlər hüquqlarından sui-istifadə etməklə onun hüquqlarıni kobud surətdə pozmuşlar. Məhkəmə iclasında çıxış edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlərin vəkili Vəkil2 ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsində göstərilənləri təsdiq edərək təmin olunmasını, ilkin iddia tələblərinin əsassız olduğuna görə rədd edilməsini xahiş etdilər. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 əlavə olaraq izahatında göstərdi ki, iddiaçıların sökülməsini tələb etdikləri beton onun tərəfindən yox, hələ evin mülkiyyətçisi olmuş babasının sağlığında onun tərəfindən tökülmüş və ümumiyyətlə mübahisəli iki otaq zirzəmidə yerləşməklə yaşayış üçün yararlı deyil. Oranın yəni, iki otağın ayrıca girişi vardır. İddiaçıların sökülməsini tələb etdikləri beton olan yerdən isə qanunla həmin otaqlara ümumiyyətlə giriş mövcud olmamışdır. Onun həmin hal üzrə cavabdeh kimi cəlb olunması əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) ilkin iddia üzrə iddiaçılar məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə ilkin iddia üzrə cavabdehin də ərizəsini nəzərə alaraq, işə ilkin iddia üzrə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ikin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X17 ilkin iddia tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş, qarşılıqlı iddia ərizəsinə etiraz edərək isə bildirmişdir ki, ünvan 5 ünvanda yerləşən ev tərəflərin ümumi mülkiyyətindədir. Həmin evə tərəflərin hər birinin 1/4 hissədə payları müəyyən edilmişdir. Hazırda onlar payları bərabər olmaqla, İddiaçı, Cavabdeh1, X18 və Cavabdeh2 evin mülkiyyətçilərdir. Cavabdeh2 xüsusi mülkiyyətində olan evdən ona düşən payda faktiki olaraq yaşamasa da, evdə yaşayanlara da oradan islifadə etməyə imkan vermir. Mübahisəli evdə payların texniki cəhətdən naturada ayrılmasının mümkün olmamasına baxmayaraq, cavabdeh onların istifadəsində olan giriş qapısını sökmüş, evin iki yaşayış otağının girişinə qədər həyəti betonlamış və beləliklə iki otaqdan istifadəni qeyri-mümkün etmişdir. Hazırda həmin otaqlardan qonşular zibil tökmək üçün yer kimi istifadə edirlər. Qeyd etdiyi kimi Rafiq həmin həyətdə yaşamır, hər dəfə həyətə gələndə isə artıq söz-söhbət yaradır. Dəfələrlə cavabdehdən tələb etmişlər ki, etdiyi qanunsuz hərəkətlərə son qoysun, betonu söksün və evdən istifadəyə şərait yaratsın. Lakin cavabdeh onların tələbini yerinə yetirməkdən imtina etmişdir. Hətta evin naturada bölünməsi tələbi barədə məhkəməyə müraciət edilsə də, məhkəmə tərəfindən evin texniki cəhətdən naturada bölgüsünün mümkün olmaması müəyyən edilmişdir. O, ailəsi ilə qaynının evində yaşayırdı, lakin qayını rəhmətə getdikdən sonra qaynının qızı onların evdən çıxmaqlarını tələb etmişdir. Hazırda onun və ailəsinin yaşamağa başqa yerləri yoxdur. Onun yoldaşının ¼ payı evin yarı-zirzəmi hissəsinə düşür. Evin həmin hissəsini onlar əvvəllər kirayə verirdilər. Rafiqin etdiyi qanunsuzluq təkçə onların yox həm də, baldızı Müzərrəfin də hüquqlarına toxunur. Müzərrəf də ona aid olan hissədə yaşaya bilmir. Onlar öz hesablarına betonu sökməyə çalışsalar da, həmin söküntüdən xəbər tutan Rafiq gəlib səs-küy salmış və işə polisləri cəlb etmişdir. Onlar hətta Rafiqə özünə məxsus payı onlara satmağı təklif etmiş, lakin sonuncu bundan imtina etmişdir. Odur ki, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ikin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 ilkin iddia tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş, qarşılıqlı iddia ərizəsinə etiraz edərək isə bildirmişdir ki, mübahisəli mənzil onların ümumi mülkiyyətlədindədir. Belə ki, həmin evdə 4 nəfərin payları müəyyən edilmiş, lakin evin texniki cəhətdən naturada bölünməsi mümkün olmamışdır. İlkin iddia üzrə cavavdeh Rafiq onun rəhmətlik qardaşı Telmanın oğlunun. Rafiqə məxsus evdə əvvəllər onun qardaşı yaşamışdır. Rafiq ilə yola getmək demək olar ki, mümkünsüzdür. Belə ki, onun sözü gedən evdə payının olmasına baxmayaraq, cavabdeh ona məxsus olan evin pəncərəsinin qabağını hörmüş və evinə bu səbəbdən də havanın daxil olmasına maneə törətmişdir. Bütün baş verənlərə görə də, onun orada yerləşən əmlakına ziyan dəymişdir. Daha sonra o həmin evi tərk etmiş və ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. O, hətta raızdırki, ona aid ola evin hissəsinin pulunu ona ödəsinlər və oda həmin hissəsini satsın. Odur ki, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, 22 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 1/4 hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh1, 1/4 hissədə Cavabdeh2 və 1/4 hissədə X12 adlarına qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4487/2021 nömrəli, 10.09.2021ci il tarixli qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi ünvanında yerləşən 22 saylı evin zirzəmisində yerləşən yaşayış otaqlarının girişinə beton tökülüb-tökülməməsi, töküldüyü təqdirdə bu halın iddiaçıların mənafeyinə toxunub-toxunmaması və mübahisəli ünvanın zirzəmisində yerləşən 2 otağın başqa giriş-çıxış mövcud olub-olmamasının müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 21.02.2022-ci il tarixli, 10/458 saylı rəyindən görünür ki, aparılmış tədqiqatla, Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi ünvanında yerləşən 22 saylı evin zirzəmisində yerləşən Texniki Pasportda qeyd olunan 4 saylı yaşayış otağının Texniki Pasportda göstərilməyən girişinə beton töküldüyü, evin zirzəmisində yerləşən 2 otağa həyətyanı sahədən ayrı-ayrılıqda giriş-çıxış qapısının olduğu müəyyən edilmişdir. Mövcud olan betonun iddiaçıların mənafeyinə toxunub-toxunmaması hüquqi xarakter daşıdığından bu sual üzrə tədqiqat aparılmamışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.02.2018-ci il tarixli, 2(004)-119/2018 saylı qətnaməsindən görünür ki, iddiaçılar X7, X14 və Cavabdeh1 Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan ev bölgüsü və həyətə giriş-çıxış yolunun müəyyən edilməsi tələbinə dair” iddiaları təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23.10.2018-ci il tarixli, 2(004)-6196/2018 saylı qətnaməsindən görünür ki, iddiaçılar X7, X14 və Cavabdeh1 Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair” iddiaları təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi 22 ünvanında yerləşən ev hər birinin 1/4 hissədə olmaqla, iddiaçıların və cavabdehin, həmçinin, X12 paylı mülkiyyətlərindədir. Mübahisəli fərdi yaşayış evinin naturada bölünməsinin qeyri-mümkün olması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Evin zirzəmisində yerləşən, Texniki Pasportda qeyd olunan 4 saylı yaşayış otağının Texniki Pasportda göstərilməyən girişinə beton tökülmüşdür. Evin zirzəmisində yerləşən mübahisəli 2 otağa həyətyanı sahədən ayrı-ayrılıqda giriş-çıxış qapısının olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən beton tökülməsi nəticəsində yaşadıqları evdən giriş-çıxış maneə yarandığını, bu səbəbdən aralarında davam edəm məhkəmə çəkişmələri nəticəsində onlara mənəvi ziyan vurduğunu iddia etsələr də, tələblərinin təsdiqi üçün heç bir mötəbər sübut təqdim edə bilməmişdirlər. Əksinə iş materialları və məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi ünvanında yerləşən 22 saylı evin zirzəmisində yerləşən Texniki Pasportda qeyd olunan 4 saylı yaşayış otağının Texniki Pasportda göstərilməyən girişinə beton tökülmüş, evin zirzəmisində yerləşən 2 otağa həyətyanı sahədən ayrı-ayrılıqda giriş-çıxış qapıları mövcuddur. Həmçinin, ilkin iddia üzrə iddiaçılar yaşayış otağının Texniki Pasportda göstərilməyən girişinə betonun Cavabdeh2 tərəfindən tökülməsini də sübuta yetirə bilməmişdirlər. Eyni zamanda, məhkəmə qarşılıqlı iddia ərizəsinə də, münaisbət bildirərək hesab edir ki, qarşılıqlı iddia ərizsi tımin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “maneənin aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində 18.01.2018-ci il tarixdən 23.07.2021-ci il tarixinədək aylıq 350 manat olmaqla, 42 ay müddətində kirayədə yaşamasını, bu səbəbdən ona həmçinin mənəvi ziyan vurulduğunu iddia etsə də, tələblərinin təsdiqi üçün heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 21.02.2022-ci il tarixli, 10/458 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat olmaqla, dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməli, ekspertiza tədqiqatının dəyəri 50 manat ilkin iddia üzrə iddiaçılardan dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair” ilkin ilkin iddiası təmin edilməsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ilkin iddia üzrə iddiaçılar İddiaçı və Cavabdeh1 tutularaq X10, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Eksprtiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “maneənin aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Yasamaı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-138/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-138/2022
04.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver