Məhkəmə qərarları › İş №2(3-6)-550/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-550/2026

11.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-550/2026 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mətbəx və açıq eyvandan çıxarılma və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin ötürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mətbəx və açıq eyvandan çıxarılma və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4282/2019 nömrəli, 29 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mətbəx və açıq eyvandan çıxarılma və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 53 saylı mənzilin ayrılmaz tərkib hissəsi sayılan 0.09 kv.m sahəsi olan mətbəxdən və açıq eyvandan məcburi qaydada çıxarılmaları və hər iki cavabdehdən mənəvi zərərin əvəzi olaraq, 50.000 manat məbləğində pul vəsaitinin alınıb iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4282/2019 nömrəli, 29 avqust 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 53 saylı mənzilin ayrılmaz tərkib hissəsi sayılan 0.09 kv.m sahəsi olan mətbəxdən və açıq eyvandan məcburi qaydada çıxarılması və mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 1000 manat məbləğində pul vəsaitinin alınıb iddiaçılara verilməsi qət edilmişdir.

3. Həmin qətnamədən Cavabdeh1 xx.xx.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4282/2019 nömrəli, 29 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Eyni zamanda, Cavabdeh1 sözügedən qətnamədən apellyasiya şikayəti verməklə yanaşı, müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4282/2019 nömrəli, 29 avqust 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan müddətin ötürülməmiş hesab edilərək, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, mülki işə onun iştirakı olmadan baxılmış, buna görə də iş üzrə qəbul edilmiş qətnamə barədə məlumata malik olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4282/2019 saylı, 29 avqust 2019-cu il tarixli qətnaməsinin onun ünvanına göndərilməsinə dair iş materiallarında “poçt göndərişinin verilməsi haqqında” xəbəmamə olsa da, həmin qətnamə ona təqdim olunmadan geri qaytarılmışdır. Həmin xəbərnamə rabitə orqanı tərəfindən ona təqdim olunmamış və buna dair cavabdehə imza etdirilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4282/2019 saylı, 29 avqust 2019-cu il tarixli qətnaməsi barədə məlumata malik olduqdan sonra xx.xx.2025-ci il tarixdə həmin qətnamənin ona təqdim olunmasına dair Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2025-ci il tarixdə sözügedən qətnamə cavabdehə təqdim olunmuşdur. Beləliklə, cavabdeh həmin qətnamədən qanunla müayyən edilmiş prosessual müddət ərzində, yəni 1 ay müddətində 16 yanvar 2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Buna görə də qətnamədən apellyasiya şikayəti vermə müddəti ötürülməmiş hesab hesab edilərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

Tətbiq edilən hüquq normaları:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

8. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

9. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

10. Həmin Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

11. Həmin Məcəllənin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4282/2019 nömrəli, 29 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə təmin edilməməli, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

13. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4282/2019 nömrəli mülki iş üzrə 29 avqust 2019-cu il tarixdə qəbul etdiyi qətnaməsindən cavabdeh tərəfindən xx.xx.2026-cı il tarixdə, yəni 6 il 4 ay 18 gün sonra apellyasiya şikayəti verilmişdir.

14. Məhkəmə kollegiyası tərəfindən iş materiallarına əsasən, müəyyən edilmişdir ki, məhkəmənin sözügedən qətnaməsi xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ünvanına poçt vasitəsilə göndərilmiş, lakin “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməyə əsasən, həmin qətnamə cavabdehin qeyd olunan ünvanda yaşamaması səbəbindən ünvan sahibinə çatdırılmamışdır.

15. Bundan sonra, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4282/2019 nömrəli, 29 avqust 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi xx.xx.2019cu il tarixdə icra edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmiş, icra məmuru Ramin Quliyev tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərar birinci instansiya məhkəməsinə daxil olmuşdur.

16. Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilən zaman mübahisələndirilən qətnamənin qəbul edilməsindən 6 il 4 ay 18 gün qədər müddət ötdüyündən, apellyasiya şikayətinin mümkünlüyünün müddət baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən sözügedən icra işi üzrə toplanmış materialların təqdim olunması ilə bağlı Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə sorğular ünvanlanmışdır.

17. Həmin məhkəmə sorğuları əsasında təqdim edilmiş icra işi materiallarındakı icra məmuru Vüqar Qaralov tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli akta əsasən, icra sənədinin icrası məqsədilə ünvan 1 ünvanında yerləşən 53 saylı mənzildə borclu Cavabdeh1 ilə görüşüldüyü, ona gəlişin məqsədinin izah olunduğu, icra sənədində göstərilən tələblərin ona ucadan oxunduğu, tələbin könüllü olaraq icra edilməsinin bildirildiyi, Cavabdeh1 isə belə bir icra sənədinin mövcudluğundan xəbərinin olmadığı və ümumiyyətlə tələbi könüllü şəkildə icra etməyəcəyini bildirdiyi, habelə icra sənədi ilə bağlı borclu Cavabdeh1 hüquq və vəzifələrinin ona bir daha izah olunduğu təsbit edilmişdir.

18. Bununla yanaşı, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən, xx.xx.2020-ci il tarixdə icra sənədinin icrasının təmin edilməsi məqsədilə mübahisəli ünvanda olan zaman Cavabdeh1 ilə görüşün baş tutduğu, borcluya icra sənədi üzrə tələbin izah olunduğu, borclu Cavabdeh1 isə tələbi könüllü icra etməyəcəyini bildirdiyi qeyd olunmuşdur.

19. Məhkəmə kollegiyası xx.xx.2020-ci il tarixli aktda və xx.xx.2025-ci il tarixli məktubda göstərilən halları rəhbər tutaraq hesab edir ki, “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməyə əsasən məhkəmə qətnaməsinin Cavabdeh1 çatdırılması baş tutmasa da, o, məhkəmə qətnaməsindən ərizəsində qeyd etdiyinin əksinə olaraq, xx.xx.2025-ci il tarixdən daha əvvəl, yəni azı xx.xx.2020-ci il tarixdə məlumatlı olmuşdur. Buna baxmayaraq, Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayətini xx.xx.2026-cı il tarixdə, yəni 6 ildən artıq müddət keçəndən sonra vermişdir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

21. Eyni zamanda həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

22. Lakin, qeyd edilən müddətin buraxmasının üzrlü hesab edilməsinə dair cavabdehin dəlilləri buraxılmış müddətin üzrlü hesab edilməsi üçün heç bir sübutla öz təsdiqini tapmır. Hazırki ərizə üzrə ötürülmüş müddətin və ondan əvvəl, yəni prosessual imkanların olduğu müddətdə cavabdehin apellyasiya şikayəti təqdim etmək imkanının olmaması, ötürülmüş müddətin üzrlü səbəbləri barədə mötəbər və əsaslı dəlillər müzakirəyə təqdim edilməmişdir.

23. Belə ki, prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Hər bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin suiistifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir.

24. Digər tərəfdən, apellyasiya şikayəti verilməsi üçün mümkünlük şərtlərinin və qaydalarının müəyyən olunması hüquqi müəyyənlik prinsipinin, eləcə də qanunların aydın və birmənalı olması şərtinin səmərəliliyinə xidmət etməkdədir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsi” barədə xx.xx.2020-ci il tarixli Qərarında da mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı qeyd olunmuşdur ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.

26. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmaması, eləcə də qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilməməsi apellyatorun öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz və işə baxan məhkəmələr bununla bağlı tərəflərin səhvlərini düzəltmək vəzifəsini daşımır.

27. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4282/2019 nömrəli, 29 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ:

Cavabdeh1 tərəfindən verilmiş müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4282/2019 nömrəli, 29 avqust 2019cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Cavabdeh1 geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar