Məhkəmə qərarları › İş №e-2(007)-1249/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1249/2025

09.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1249/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “mənzildə və onun yerləşdiyi evdə kommunikasiya xətlərinin, evin damının, blokdakı pilləkənlərin bərpa edilməsi, bərpa edilənədək kirayə haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “mənzildə və onun yerləşdiyi evdə kommunikasiya xətlərinin, evin damının, blokdakı pilləkənlərin bərpa edilməsi, bərpa edilənədək kirayə haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 43 saylı evin 28 saylı mənzilinin, həmin mənzildə və onun yerləşdiyi evdə olan bütün kommunikasiya xətlərinin, evin damının, blokdakı pilləkənlərin öz hesabına tam bərpa etməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, tam bərpa olunanadək ailənin müvəqqəti yaşayışını təmin etmək məqsədi üçün 21 oktyabr 2024-cü il tarixindən hesablanmaqla hər ay 1000 manat məbləğində kirayə pulunun, əmlak və əşyaların kirayə mənzillərinə və kirayə mənzillərindən daşınması ilə bağlı 3000 manat, 21 oktyabr 2024-cü il tarixdə əmlaka dəymiş zərər 15000 manat, mənəvi ziyanın əvəzi 150000 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək onun Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 43 saylı evin 28 saylı mənzilinin 21 oktyabr 2024-cü il tarixdə Cavabdeh MTK tərəfindən qanunsuz sökülməsi nəticəsində ona dəymiş zərərin əvəzi Cavabdeh MTK naturada ödənilməsi – eyni növlü və keyfiyyətli mənzil ona Cavabdeh MTK tərəfindən verilməsi (Bakı şəhəri Nizami Rayon Məhkəməsi 12 sentyabr 2024-cü il, 2(007)-2329/2024 nömrəli qətnaməsi ilə Cavabdeh MTK tərəfindən ona verilməli Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 2 nömrəli çoxmərtəbəli yaşayış binasının C blokunun 4-cü mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı 3C19 nömrəli təmirli mənzilə əlavə), - Bakı şəhəri Nizami Rayon Məhkəməsi 12 sentyabr 2024-cü il, 2(007)-2329/2024 nömrəli qətnaməsi ilə qət edilmiş kirayə pulunun Cavabdeh MTK tərəfindən ödənilməsi başlananadək onların ailəsinin (cəmi 3 nəfər) müvəqqəti yaşayışını təmin etmək məqsədi üçün 21 oktyabr 2024-cü il tarixindən hesablanmaqla hər ay 1 000 (bir min) manat məbləğində kirayə pulu Cavabdeh MTK-dən tutularaq onun xeyrinə ödənilməsi, onların ailəsinin əmlak və əşyalarının kirayə mənzillərinə və kirayə mənzillərindən daşınması ilə bağlı 3 000 (üç min) manat məbləğində xərclər birdəfəlik olaraq Cavabdeh MTK-dən tutularaq onun xeyrinə ödənilməsi, 21 oktyabr 2024-cü il tarixdə onların ailəsinin əmlakına dəymiş zərər – 15 000 (on beş min) manat məbləğində pul vəsaiti birdəfəlik olaraq Cavabdeh MTK-dən tutularaq onun xeyrinə ödənilməsi, Cavabdeh MTK hərəkətləri nəticəsində onlara dəymiş mənəvi ziyanın əvəzi 150 000 (yüz əlli min) manat məbləğində pul vəsaiti birdəfəlik olaraq Cavabdeh MTK-dən tutularaq onun xeyrinə ödənilməsi, 594 (beş yüz doxsan dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh MTK-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə hazırlıq iclası təyin edilmişdir.

İşdə iştirak edən tərəflər:

4. İddiaçı elektron kabinet vasitəsi ilə ərizə verərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254-cü, 255-ci, 161.0.1-261.0.3-cü və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinin tələbinə görə 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.

8. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarı:

“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklik edilərək, qərarın 5.1.2ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

Məhkəmənin mövqeyi:

11. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi təmin edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

12. Beləliklə, işin məhkəmə baxışına hazırlanması mərhələsi olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə geri qaytarılmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, (qəbz nömrəsi: **********, tarix: xx.xx.2025-ci il, saat: 13:41:41) iddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərkən 101 manat və (qəbz nömrəsi: **********, tarix: xx.xx.2025-ci il, saat: 13:44) 495 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Nəticə:

13. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “mənzildə və onun yerləşdiyi evdə kommunikasiya xətlərinin, evin damının, blokdakı pilləkənlərin bərpa edilməsi, bərpa edilənədək kirayə haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır.

14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “mənzildə və onun yerləşdiyi evdə kommunikasiya xətlərinin, evin damının, blokdakı pilləkənlərin bərpa edilməsi, bərpa edilənədək kirayə haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 101 manat (qəbz nömrəsi: **********, tarix: xx.xx.2025-ci il, saat: 13:41:41) və 495 manat (qəbz nömrəsi: **********, tarix: xx.xx.2025-ci il, saat: 13:44) məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar