Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1692/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsayev Nazim İsgəndər oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mətbəx və açıq eyvandan çıxarılma və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mənəvi zərərin ödənilməsi) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdeh cavabdeh2, onun vəkili vəkil1 iştirakları ilə, İddiaçı İsayev Nazim İsgəndər oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mətbəx və açıq eyvandan çıxarılma və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2019-cu il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, **a saylı evin ** saylı mənzili İsayeva Cəmilə İslam qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə *** saylı reyestr kitabında 18216-ci səhifədə 30/18216 qeydəalma nömrəsi ilə ##.##.1994-cü il tarixdə qeydiyyat aparılmışdır.
2. ##.##.2008-ci il tarixdə tərtib edilmiş, invertar nömrəsi **/*** saylı olan Daşınmaz əmlakın texniki pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən İsayeva Cəmilə İslam qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, **a saylı evin ** saylı mənzilinin texniki pasportu tərtib edilmişdir. Texniki pasporta əlavə edilmiş mənzilin tikinti planından görünür ki, mübahisəli mənzil sahəsi 9,1 kv.m olan dəhliz, sahəsi 9,9 kv.m olan mətbəx, sahəsi 23,82 kv.m olan yaşayış otağı, sahəsi 7,6 kv.m olan təsərrüfat otağı, sahəsi 2,5 kv.m olan hamam, sahəsi 1,5 kv.m olan sanitar qovşağı və sahəsi 4,5 kv.m olan bağlı eyvandan ibarətdir.
3. Azərbaycan Respublikası DİN-nin R A.N.Heydərov adına Respublika Hospitalı tərəfindən verilən ##.##.2011-ci il tarixli, **/q saylı arayışının surətindən görünür ki, İsayeva Cəmilə İslam qızına nevrosteniya orta gedişli depressiv ippoxondrik əlamətlərlə diaqnoz qoyulmuşdur. 2008-ci ildən ##.##.2011-ci il tarixədək xəstə ambulator müalicə və müayinədə olmuşdur.
4. Azərbaycan Respublikası DİN-nin R A.N.Heydərov adına Respublika Hospitalı tərəfindən verilən epikrizin surətindən görünür ki, 1956-cı il təvəllüdlü İsayev Nazim İsgəndər oğlu ##.##.2016-cı ildən ##.##.2016-cı il tarixədək nevralogiya şöbəsində müalicə almış və ona (XTB-F45.2), Asteno-nevrotik (ipoxondrik-fobik) vəziyyət, sidik daşı xəstəliyi, sağ böyrəyin daşları, xroniki kalkulyoz piyolenofrit diaqnozları qoyulmuş və sahə nevropatoloqun və uroloqun nəzarəti məsləhət görülmüşdür.
5. Bakı şəhər Nəsimi RİH-nin Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən İsayev Nazim İsgəndər oğluna ünvanlanan ## #### 2017-ci il tarixli məktubun surətindən görünür ki, ** saylı MKIS-in ##.##.2017-ci il tarixli aktına əsasən, sahəsi 2 kv.m olan sözügedən tikilinin qanunsuz inşa edildiyi və könüllü olaraq söküb, ümumi istifadə üçün nəzərdə tutulmuş eyvanın əvvəlki vəziyyətinə qaytarılması barədə ** saylı mənzildə yaşayan vətəndaş cavabdeh1 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, bu işlərin yerinə yetirilməsindən imtina etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Məhkəmə Hazırlıq İclasının ##.##.2017-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə dövlət ittihamçısı Tahir Vəliyev tərəfindən verilmiş vəsatət təmin edilmiş, İsayev Nazim İsgəndər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınmışdır.
7. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rəşad Qəhrəmanovun ##.##.2017-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-**/**** saylı qərarı ilə İsayev Nazim İsgəndər oğlunun şikayəti qismən təmin edilmiş, ********* saylı cinayət işi üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rəşad Qəhrəmanov tərəfindən qəbul edilmiş cinayət işin üzrə icraata xitam verilməsi haqqında ##.##.2017-ci il tarixli qərarının qanunsuz hesab edilərək, ləğv edilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokurorunun şikayət vermiş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi üçün zəruri tədbirlər görməsi qərara alınmışdır.
9. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Rəşad Qəhrəmanovun ##.##.2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir.
10. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, iddiaçı İsayeva Cəmilə İslam qızının ##.##.2021-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir.
11. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə ##.##.2021-ci il tarixdə vəfat etmiş İsayeva Cəmilə İslam qızına dair hər hansı vərəsəlik işi üzrə notariat icraatının başlanılıb-başlanılmaması, habelə ** saylı Mənzil - Kommunal İstismar Sahəsinə ünvan 2 ünvanında yerləşən ** saylı mənzildə yaşamış və ##.##.2021-ci il tarixdə vəfat etmiş İsayeva Cəmilə İslam qızının sağ qalmış vərəsələri (əri, övladları, valideynləri və s.) barədə müvafiq məlumatların əldə olunması məqsədilə sorğular ünvanlanmaqla, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-****/**** saylı qərardadı ilə mülki iş üzrə icraatın mərhum İsayeva Cəmilə İslam qızının vərəsələrinin dairəsi müəyyən edilənədək dayandırılması qərara alınmışdır.
12. Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi ** saylı Mənzil - Kommunal İstismar Sahəsi tərəfindən ünvanlanmış və ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuş ** nömrəli, ##.##.2026-cı il tarixli cavab məktubuna əsasən, ünvan 2 ünvanında yerləşən ** saylı mənzildə yaşamış və ##.##.2021-ci il tarixdə vəfat etmiş mərhum İsayeva Cəmilə İslam qızının sözügedən ünvanda tək özünün qeydiyyatda olduğu, DƏDRX-nin ##.##.2022-ci il tarixli, 008011001113-05101-****** reyestr nömrəli çıxarışına və MKİS-də olan sənədlərə əsasən, mənzilin İsayev Nazim İsgəndər oğlunun adına olduğu bildirilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivi tərəfindən ünvanlanmış və ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuş *-**-*-***/*-******/**** nömrəli, ##.##.2026-cı il tarixli cavab məktubuna əsasən, Bakı şəhəri ** saylı Notariat Ofisində ##.##.2022-ci il tarixdə 2V-7, 2V-8 və ##.##.2022-ci il tarixdə 2V-42 reyestr nömrələri ilə təsdiq edilmiş şəhadətnamələrə dair notariat işinin kserosurətinin göndərildiyi bildirilmişdir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən İsayev Nazim İsgəndər oğluna verilmiş ##.##.2022-ci il tarixli, **A-** nömrəli arayışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ** saylı mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ***öz nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınmışdır.
15. Məhkəmə kollegiyasının qərardadı ilə mülki iş üzrə mərhum iddiaçı İsayeva Cəmilə İslam qızı hüquqi varisi İsayev Nazim İsgəndər oğlu ilə əvəz edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
16. İddiaçılar İsayev Nazim İsgəndər oğlu və İsayeva Cəmilə İslam qızı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçı İsayeva Cəmilə İslam qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ** saylı mənzilin ayrılmaz tərkib hissəsi sayılan və 0.09 kv.m sahəsi olan mətbəxdən və açıq eyvandan məcburi qaydada çıxarılmaları və hər iki cavabdehdən 50.000 manat məbləğində mənəvi zərərin alınıb iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
17. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, ** saylı mənzil 1987-ci ildən Zeynalova Cəmilə İslam qızının anası məhrum Rəfiqə Zeynalovanın və onun vəfatından sonra isə Zeynalova Cəmilə İslam qızının mülkiyyətindədir. Həmin vaxtdan etibarən mənzil sahəsinə daxil olan 12 kv.m bağlı və açıq eyvan aidiyyəti orqanların razılığı və iştirakları ilə mətbəxə çevrilmiş və mənzilin texniki cəhətdən ayrılmaz tərkib hissəsi olmuşdur. Həmin sahə mənzili aldıqları vaxtdan, yəni 1987-ci ildən ##.##.2017-ci il tarixədək, yəni cavabdehlər tərəfindən zəbt edilənə kimi mətbəx kimi istifadələrində olmuşdur. Mübahisəli 12 kv.m mənzil sahəsinin C.İsayevanın mənzil sahəsinin tərkib hissəsinə daxil olmaqla ona məxsus olması iddia ərizəsinə əlavə etdikləri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətin Bakı şəhər Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki Pasportdakı mənzilin planında öz təsdiqini tapmışdır. Onlar cavabdehlərdən zəbt edilmiş mənzil sahəsinin boşaldılmasını və mənzillərinin zəbt edilmiş hissəsinin təyinatını dəyişərkən vurulmuş zərərin ödənilməsini tələb etsələr də, cavabdehlər tələbə əməl etməmişlər və hal-hazırda da bu sahəni özlərində saxlamalarını davam etdirirlər. Ona görə də, C.İsayeva cavabdehlərin onun hüquqlarını pozan qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə müxtəlif orqanlara müraciət etmişdir. 2015-ci ildən hal-hazırkı vaxta kimi davam edən ibtidai istintaq və məhkəmə araşdırmaları nəticəsində onlar kəskin sarsıntı, stres və sıxıntı keçirərək ağır xəstəlik tapmış və böyük maddi itkiyə məruz qalmışlar. Uzun illərdir ki, ambulator qaydada ölkə daxilində və ölkə xaricində müalicə alsalar da, sağlamlıqlarını bərpa edə bilmirlər. Mənzillərinin mətbəxinin cavabdehlər tərəfindən zəbt edilməsi onları külli miqdarda maddi zərərə məruz qoymuşdur. Belə ki, mənzilin təkib hissəsi kimi 12 kv.m sahəsi olan mətbəxlərinin 2017-ci ilin yanvar ayından hazırki vaxtadək cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən zəbt edilərək təyinatı dəyişdirilmiş, oradakı avadanlıqların bir hissəsi mənimsənilmiş, bir hissəsi isə yararsız vəziyyətə salınaraq atılmışdır. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsində təkcə mətbəxlərindən deyil, bütün mənzildən istifadə hüquqlarını məhdudlaşdırmış və hətta mənzilin kirayə verilməsi mümkünsüz olmuşdur. Faktiki olaraq cavabdehlər onları əmlaklarından məhrum etmişlər. Daha sonra cavabdeh cavabdeh2 Nazim İsayevə qarşı cinayət əməli törətməsinə baxmayaraq, Nəsimi rayon Polis Şöbəsinə bilə-bilə yalan məlumat vermişdir. İstintaq orqanı qərəzli şəkildə cavabdeh2 böhtan xarakterli yalan məlumatları əsasında N.İsayevi CM-nin 128-ci maddəsi ilə təqsirli bilib cinayət işini 2017-ci ilin oktyabr ayında Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsi Nazim İsayevin CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işinə ##.##.2017-ci il tarixdə məhkəmənin hazırlıq iclasında baxaraq, CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, kobud qanun pozuntusu olduğundan cinayət işi üzrə icraat materiallarına baxılmasına xitam verərək cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərlik edən Bakı şəhər Nəsimi rayon Prokuroruna qaytarmışdır. Nəsimi rayon Polis İdarəsinin ## ###### 2017-ci il tarixli qərarı ilə CPM-nin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunun müddəalarının qüvvəsinə görə N.İsayevin cinayət məsuliyyətinə cəlb edilməməsi üçün əsaslar olduğundan, habelə iş üzrə icraata cinayət qanunu müddəlarının qüvvəsinə görə xitam verilməsinə etiraz edilmədiyindən, cinayət işi üzrə icraata xitam vermişdir. Halbuki, CPM-nin 280.4-cü maddəsinə görə cinayət işi üzrə icraata bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.11 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqədar xitam verildikdə barəsində cinayət işi üzrə icraata xitam verilmiş şəxsin təqsirsizliyini şübhə altına alan müddəaların qərara daxil edilməsinə yol verilmir. CPM-nin 39.1.11-ci maddəsində göstərilmiş əsas əslində əməldə cinayət tərkibinin olmamasının xüsusi halıdır. Bu hal cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutsa da, cinayət təqibini istisna edən bəraətverici əsas hesab olunur. Bu səbəbdən, həmin əsaslar aşkar edildikdə heç bir qeyd-şərtsiz başlanmış cinayət təqibinə şəxsin tam təqsirsiz olduğunu əsaslandıran, ona bəraət verən müddəalar daxil edilməklə xitam verilməli idi. Nəsimi Rayon Polis İdarəsinin polis müstəntiqinin kobud qanun pozuntusu ilə çıxarılmış qərarından Nazim İsayev məhkəmə nəzarəti qaydasında Nəsimi rayon məhkəməsinə şikayət vermişdir. Nəsimi Rayon Məhkəməsi ##.##.2019-cu il tarixli qərarı ilə Nazim İsayevin barəsində olan ##.##.2017-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə baxaraq, qeyd olunan qərarı ləğv etmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən şikayət vermiş şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi üçün zəruri tədbirlər görülməsi ilə bağlı göstəriş vermişdir. Ona görə də sonuncu dəfə Nəsimi Rayon Polis İdarəsinin polis müstəntiqi R.Qəhrəmanovun ##.##.2019-cu il tarixli qərarı ilə Nazim İsayevin CM-nin 128-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə icraata CM-nin 39.1.11-ci maddəsinə əsasən, yəni bəraətverici əsaslarla xitam verilmişdir. Göründüyü kimi cavabdeh2 qanunsuz hərəkətlərinin nəticəsi olaraq Nazim İsayev 3 ilə yaxındır ki, ibtidai istintaqa və məhkəmə araşdırmalarına cəlb edilmiş, xeyli miqdarda maddi itkiyə məruz qalmış, əsəb, sarsıntı keçirmiş və rahatlığı pozulmuşdur.
18. Birinci instansiya məhkəməsində aparılan icraat üzrə izahat verən şahid X3 bildirmişdir ki, o, ustadır. Sözügedən evin qapılarını düzətmək üçün ora getmişdir. Lakin, cavabdeh cavabdeh2 buna mane olmuşdur. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçıya hücum edilmişdir. Bundan sonra onlar polisə getmiş və izahat vermişdirlər. Əgər o, həmin an orada olmasa idi, cavabdeh iddiaçıya daha ağır xəsarətlər yetirə bilərdi. Daha sonra iddiaçı onu həmin evə çağıranda sözügedən evə gedə bilməyəcəyini bildirmişdir.
19. Birinci instansiya məhkəməsində aparılan icraat üzrə izahat verən şahid X1 bildirmişdir ki, o, təmir işləri ilə məşğul olur və iddiaçıları uzun müddətdir ki, tanıyır, onların təmir işlərini həyata keçirmişdir. Dəfələrlə mübahisəli mənzilə getmiş və cavabdeh tərəfindən onlara müxtəlif maneələr yaradılmışdır.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim C.Musayeva) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 ünvan 1 ünvanında yerləşən ** saylı mənzilin ayrılmaz tərkib hissəsi sayılan 0.09 kv.m sahəsi olan mətbəxdən və açıq eyvandan məcburi qaydada çıxarılması və mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 1000 manat məbləğində pul vəsaitinin alınıb iddiaçılara verilməsi qət edilmişdir.
21. Birinci instansiya məhkəməsi iddia tələbinin “mətbəx və açıq eyvandan çıxarılma” hissəsində mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıların əmlakın mülkiyyətçisi olması, onların həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması mübahisələndirilməyən hallardır. Habelə, cavabdehlərin iddiaçılara məxsus mənzilin mübahisəli hissəsindən istifadə etmələrinə hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Beləliklə mənzilin tərkib hissəsi olan 9.9 kv.m sahəsi olan mətbəx və açıq eyvanı hissəsindən çıxarılma tələbindən ibarət olan vindikasiya iddiasının təmin olunmasının şərtləri (iddiaçının əmlakın mülkiyyətçisi olması, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olması və cavabdehin əşyaya sahiblik hüququnun olmaması) mövcuddur. Həmçinin, mülki işin araşdırılması zamanı cavabdehlərin iddiaçı ilə Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan yazılı razılaşmanın bağlanmasını tələb etməyən yaxın qohumluq münasibətlərinin olduğu müəyyən edilməmişdir.
22. Məhkəmə iddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsinə münasibətdə işin hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşmaqla, belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilin tərkib hissəsinə qanunsuz müdaxiləsi yuxarıda göstərilən sübutlarla təsdiqlənmişdir. Bundan əlavə, cavabdeh həmin əməli törətməkdə təqsirlidir. Çünki, cavabdehlər zəbt etdikləri sahənin onlara məxsus olmadığını bilərək, mülki hüquq pozuntusuna şüurlu şəkildə yol vermişdir. Digər tərəfdən, cavabdehlər iddiaçıların uzun müddətli tələblərinə baxmayaraq, sahəni tərk etməməkdə davam edərək iddiaçıların səhhətində psixoloji problemlərə səbəb olmaqla mənəvi zərər yetirmişlər.
23. Beləliklə, məhkəmə hesab etmişdir ki, tələb üzrə mülki hüquq pozuntusunun bütün şərtləri müəyyən edildiyindən iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müdafiə vasitələrdən, o cümlədən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və cavabdehlərin qanunsuz olduğunu bilmələrinə baxmayaraq, iddiaçıların mənzilinin tərkib hissəsini tərk etməmələri nəticəsində sonuncuların keçirdiyi mənəvi sarsıntıları, səhhətlərində yaranan problemləri, aldıqları nevroloji müalicələri, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alınmaqla, iddiaçıların xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində kompensasiyanın tutulması məqsədəmüvafiqdir.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci, 29-cu maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 157.4, 228.1, 228.2, 228.5, 1096.1, 1097-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli, * nömrəli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
25. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Cavabdeh cavabdeh2 tərəfindən qətnamədən apellyasiya şikayəti verilməklə yanaşı, prosessual müddətin bərpasına dair ərizə təqdim edilərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətinin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
27. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə (hakim S.İsmayılova) ərizə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının səbəbi üzrlü hesab edilərək, buraxılmış prosessual müddət cavabdehə münasibətdə bərpa edilməsi və apellyаsiyа şikаyətinin mülki işlə birlikdə baxılması üçün Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilə dair qeydiyyat vəsiqəsində mənzilin sahəsi, o cümlədən hazırki mübahisənin predmeti olan 0.09 kv.m sahəsi olan mətbəx və açıq eyvan göstərilməmişdir. İddiaçıların iddialarının əsası kimi istinad etdikləri və cavabdehlərin çıxarılmalarını tələb etdikləri 0.09 kv.m sahəsi olan mətbəx və açıq eyvan iddiaçı C.İsayevanın mənzilinin texniki göstəricilərini əks etdirən ##.##.2008-ci il tarixdə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportunda və həmin mənzilə dair qeydiyyat vəsiqəsində öz əksini tapmamışdır. Odur ki, iddiaçılar cavabdehlərin çıxarılmalarını tələb etdikləri 0.09 kv.m sahəsi olan mətbəxə və açıq eyvana dair subyektiv hüquqlara malik deyillər. Buna görə də, iddiaçılar göstərilən sahələrlə bağlı ixtiyarlı şəxs olub, başqalarından nə isə, o cümlədən cavabdehlərin çıxarılmalarını tələb etmək hüquqlarına malik deyillər. Göstərilən sahələrlə bağlı iddiaçıların müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Buna görə də, iddia tələbi 0.09 kv.m sahəsi olan mətbəxə və açıq eyvana dair hissədə rədd edilməlidir.
29. Eyni zamanda bildirilmişdir ki, iddiaçıların cavabdehlərin çıxarılmalarını tələb etdikləri 0.09 kv.m sahəsi olan mətbəxin və açıq eyvanın onlara məxsus olmasının həmin mənzilə dair qeydiyyat vəsiqəsi və mənzilin texniki göstəricilərini əks etdirən texniki pasportla işin sübut olunmalı olan halları şahid ifadələri və Bakı şəhər Nəsimi RİH-nin Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş məktubla təsdiq oluna bilməz. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların cavabdehlərin çıxarılmalarını tələb etdikləri 0.09 kv.m sahəsi olan mətbəxin və açıq eyvanın iddiaçılara məxsus olub-olmaması həmin mənzilə dair hüquqmüəyyənedici sənədlər olan qeydiyyat vəsiqəsi və mənzilin texniki göstəricilərini əks etdirən texniki pasport əsasında aydınlaşdırılmamışdır. Bununla da, 0.09 kv.m sahəsi olan mətbəxin və açıq eyvanın iddaçılara məxsus olub-olmamasına dair məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadan mübahisənin mahiyyəti üzrə və həm də düzgün olmayan həlli ilə nəticələnən qətnamə qəbul edilmişdir.
30. Həmçinin, iddia tələbi mənəvi zərərin ödənilməsinə dair hissədə də rədd edilməlidir. Ona görə ki, iddiaçılar onlara mənəvi zərərin vurulması əsası kimi 0.09 kv.m sahəsi olan mətbəxin və açıq eyvanın onlara məxsus mənzilin texniki pasportunda öz əksini tapmasına, cavabdehlər tərəfindən zəbt edilməsinə və onların tələbi ilə sahənin boşaldılmamasına, nəticədə onlara mənəvi zərər vurulmasına əsaslanmaqla mövcud iddia tələbini irəli sürmüşlər. Yuxarıda şərh olunduğu kimi, 0.09 kv.m sahəsi olan mətbəx və açıq eyvan iddiaçı C.İsayevanın mənzilinin texniki göstəricilərini əks etdirən daşınmaz əmlakın texniki pasportunda və həmin mənzilə dair qeydiyyat vəsiqəsində öz əksini tapmamışdır. Həmin sahələr cavabdeh cavabdeh2 məxsus sahədir. Göstərilənlərə əsasən, ona məxsus olmayan, beləliklə ümid etməyə haqqı çatmayan sahədən başqasının (hazırkı halda cavabdehlərin) çıxarılmasının tələb edilməsi, lakin cavabdehlərin özlərinə məxsus sahədən çıxmaması, subyektiv hüquqlara malik olmayıb əsassız tələblər irəli sürən iddiaçılara mənəvi zərər vurulmasının əsasını təşkil edə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
31. İddiaçı İsayev Nazim İsgəndər oğlu tərəfindən apellyasiya şikayətinə qarşı hər hansı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının həmin sahələrlə bağlı heç bir hüquqmüəyyənedici sənədi yoxdur və həmin 0.09 ha sahə 3 mənzilə aid olan ümumi eyvan olmaqla, ortaq istifadədədir. Cavabdeh də buna uyğun olaraq, həmin sahənin öz mənzilinin qarşı tərəfində olan hissəsinə istilik avadanlığı və divan yerləşdirmişdir.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 vəkilinin izahatını təsdiq edərək, şikayətin təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, İsayeva Cəmilə öldükdən sonra, iddiaçı İsayev Nazim başqa ünvana köçmüşdür. Həmçinin, iddiaçı tərəfin birgə nikahından övladı yoxdur və hazırda iddiaçıya məxsus mübahisəli mənzildə heç kim yaşamır. Buna baxmayaraq, ona məxsus əşyaları ümumi eyvandan hər hansı icazəsi olmadan kənarlaşdırmışdır. İddiaçı onu əsassız və qanunsuz olaraq, mübahisəli sahələrdən çıxarmaq niyyətindədir. Halbuki, iddiaçı ilə ona məxsus mənzillər arasında heç bir əlaqə yoxdur və onlar ayrı-ayrı mənzillərdir. Mübahisəli mətbəx və eyvan sahəsi ayrıca giriş qapısına malik olmaqla, ümumi istifadədədir.
34. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı İsayev Nazimə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
35. Azərbayan Respublikası Konstitusiyası: Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (hissə 1 və 2). Hər kəsin mülkiyyət hüququ var. Mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
36. Azərbayan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
37. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** nömrəli, ##.##.2025-ci il tarixli Qərarı: Bənd 4.26. Delikt məsuliyyətinin əsas qaydası təqsirli məsuliyyətdir. Bu halda məsuliyyətin ən önəmli ünsürü zərər vuran şəxsin təqsirli olmasıdır. Yəni məsuliyyətin yaranması üçün hüquqazidd əməl, zərər və səbəbli əlaqə ünsürlərindən başqa zərər yetirənin hərəkətinin təqsirli olması da sübuta yetirilməlidir. Bənd 4.27. Hüquqazidd əməlin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi əməli törədən şəxsin mülki məsuliyyətini istisna etmir və dəymiş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu halda təqsirin formasının müəyyən edilməsi vurulmuş mənəvi zərərin həcmi baxımından əhəmiyyətlidir. Bənd 5.5. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bənd 5.9. Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zərərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. Bənd 7.1. Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Bənd 7.4.Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Hazırkı işdə iddia tələbi qismən təmin olunmuş, cavabdeh cavabdeh2 tərəfindən apellyasiya şikayətində qətnamə təmin olunan hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. İş materiallarından və proses iştirakçılarının izahatlarından müəyyən edilir ki, ** saylı mənzil iddiaçıların birgə nikahda olduqları dövrdə İsayeva Cəmilə İslam qızının adına xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçılar mübahisə predmeti olan yaşayış sahələrinin qeyd olunan mənzilin tərkib hissəsini təşkil etdiyini və cavabdehlər tərəfindən həmin sahələrin qanunsuz zəbt edildiyini bildirərək, cavabdehlərin həmin yaşayış sahələrindən çıxarılmalarını və bununla əlaqədar dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Cavabdeh cavabdeh2 isə iddia tələbini qəbul etməyərək, mübahisə predmeti olan yaşayış sahələrinin ümumi istifadədə olan sahələrə aid olduğunu, habelə həmin sahələrin iddiaçıların mülkiyyətində olan ** saylı mənzilin tərkib hissəsini təşkil etməsinin müəyyən edilmədiyini bildirmişdir. İddiaçı İsayeva Cəmilə ##.##.2021-ci il tarixdə öldükdən sonra, ** saylı mənzil üzərində mülkiyyət hüququ İsayev Nazimin adına qeydə alınmışdır.
43. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş iddia tələbinin həcminin azaldılmasına dair yekun ərizədə mətbəxin sahəsi 0,09 kv.m göstərilmişdir. Lakin iş materialları bütövlükdə nəzərdən keçirildikdə, həmin qeydin texniki səhv nəticəsində yol verildiyi müəyyən olunur.
44. Belə ki, hər hansı mənzilin bir otağının, o cümlədən mətbəxinin sahəsinin 0,09 kv.m təşkil etməsi məntiqi baxımdan ağlabatan deyildir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın texniki pasportundan və mənzilin plan-sxemindən göründüyü kimi, ** saylı mənzilin mətbəxinin sahəsi 9,9 kv.m olaraq göstərilmişdir.
45. Birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində cavabdehlərin sahəsi 0,09 kv.m olan mətbəxdən çıxarılması nəzərdə tutulsa da, qətnamənin ümumi məzmunundan irəli gələn mənaya əsasən, sözügedən mətbəxin sahəsinin 9,9 kv.m olduğu aydın şəkildə müəyyən edilir.
46. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin həcminin azaldılmasına dair ərizədə mətbəxin sahəsinin 0,09 kv.m göstərilməsini texniki yanlışlıq kimi qiymətləndirir. Bununla yanaşı, qeyd edilməlidir ki, gələcəkdə (iddia tələbinin qismən təmin edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi halda) onun icrası mərhələsində hər hansı anlaşılmazlıq yarandığı təqdirdə, tərəflərin həmin yanlışlığın yol verildiyi məhkəmə aktını qəbul etmiş məhkəməyə “yanlışlığın aradan qaldırılması” barədə ərizə ilə müraciət etmək hüququ vardır.
47. Məhkəmə kollegiyası iddia tələbinin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddianın həmin hissədə təmin olunması üçün hüquqi əsas mövcuddur və bu zaman mülkiyyətçinin öz mülkiyyətində olan daşınmaz əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüquqları əsas götürülür.
48. Belə ki, mübahisəli yaşayış sahələri mərhum iddiaçı Cəmilə İsayevanın mülkiyyətində olmuş mənzilin tərkib hissəsini təşkil etməklə, cavabdehlərin həmin sahələrdən istifadəsinə əsas verən qanundan və ya müqavilədən irəli gələn hər hansı hüququn mövcudluğu müəyyən edilməmişdir.
49. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, **a saylı evdə yerləşən ** saylı mənzilə dair tərtib edilmiş daşınmaz əmlakın texniki pasportundan və tikinti planından göründüyü kimi, sahəsi 9,9 kv.m olan mətbəx və açıq eyvan həmin mənzilin tərkib hissələrini təşkil edir. Cavabdeh cavabdeh2 isə özünə məxsus ** saylı mənzildə yerləşən yaşayış sahəsindən istifadə etməklə kifayətlənməyərək, ** saylı mənzilin mülkiyyətçilərinin həmin mənzilin tərkib hissəsi olan mətbəx və eyvandan istifadəsinə faktiki maneələr yaratmış və bununla da iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır.
50. Cavabdeh cavabdeh2 apellyasiya şikayətinin əsas dəlili kimi iddiaçı tərəfin sahəsi 9,9 kv.m olan mətbəxə və açıq eyvana münasibətdə subyektiv hüququnun olmamasına istinad edilməsinə baxmayaraq, iddiaçının qeyd olunan mənzilə dair mülkiyyət hüququ müəyyən edildiyindən, habelə iddiaçı İsayev Nazimin daimi əsaslarla başqa ünvana köçərək mübahisəli yaşayış sahələrindən könüllü şəkildə imtina etməsi müəyyən olunmadığından, onun hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olduğu qənaətinə gəlinir.
51. Bundan əlavə, mənzilin sözügedən tərkib hissələri hazırda cavabdehlərin faktiki sahibliyində olduğundan, iddia tələbinin məhz cavabdehlərə qarşı yönəldilməsi də əsaslıdır.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə həmçinin qeyd edir ki, iş materiallarında olan daşınmaz əmlakın texniki pasportu və mənzilin tikinti plansxemi mübahisəli sahələrin ** saylı mənzilin tərkib hissəsi olduğunu təsdiq edir. Belə olan halda, cavabdeh cavabdeh2 həmin mətbəx və eyvan sahələrindən çıxarılması iddiaçıların mülkiyyət hüququnun bərpasına yönəlmiş qanuni və zəruri tədbir hesab olunur.
53. Eyni zamanda, mülki işin araşdırılması zamanı cavabdeh cavabdeh2 ilə iddiaçı arasında Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulmuş yazılı razılaşmanın bağlanmasını istisna edən hər hansı yaxın qohumluq münasibətinin mövcudluğu da müəyyən edilməmişdir. Cavabdeh cavabdeh2 da öz növbəsində mübahisəli yaşayış sahələrindən istifadə etməsi üçün hər hansı bir hüquqi əsasın olmasını təsdiq edən sübutları təqdim edə bilməmişdir. Odur ki, iddiaçı tərəfindən xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir.
54. Bununla yanaşı, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı mövqeyini düzgün və əsaslı hesab edərək, bildirir ki, cavabdehlərdən müştərək qaydada 1000 manat məbləğində kompensasiyanın tutulması ağlabatan və yol verilmiş pozuntunun nəticələrinə uyğun olmuşdur.
55. Belə ki, cavabdehlərin iddiaçıya məxsus mənzilin tərkib hissələrini qanunsuz olaraq zəbt etməsi nəticəsində iddiaçının mənzil toxunulmazlığı hüququ pozulmuş, bununla da onun əmlak hüquqlarına müdaxilə edilmişdir. Nəticədə, iddiaçıya əmlak hüquqlarının pozulması ilə əlaqədar mənəvi zərər dəymişdir.
56. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** nömrəli, ##.##.2025-ci il tarixli Qərarında ifadə edilmiş mövqeyə əsasən, zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığına məhkəmə tərəfindən işin diqqətəlayiq bütün faktiki hallarına görə qiymət verilməlidir. Bu hallara sarsıntı və (və ya) iztirabların dərəcəsi və xarakterinə təsir edən istənilən hallar aid edilir. Mənəvi zərərin kompensasiyası üsulu və təzminatın həcmi müəyyən edilərkən məhkəmələr tərəfindən xüsusi ilə zərərçəkmişin pozulmuş şəxsiyyət hüquqlarının növü; belə hüquqların məhdudlaşdırılmasının xarakteri, dərəcəsi və zərər vurma üsulu (intensivliyi, mənfi təsirin miqyası və müddəti) nəzərə alınmaqla qiymətləndirilməlidir. Həmçinin, zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların nəticələri, bundan əlavə, sağlamlığa vurulan zərərin dərəcəsi, sağlamlığın pozulmasının və əmək qabiliyyətinin itirilməsinin müddəti, zərərçəkmişin ambulator və ya stasionar müalicəyə ehtiyacı, əvvəlki həyat tərzinin davam etmək imkanının olub-olmaması aydınlaşdırılmalıdır. Mənəvi təzminatın həcmi müəyyən edilərkən məhkəmə zərərvuran tərəfindən zərərçəkmişin bir və ya bir neçə şəxsiyyət hüququnun pozulması hallarının baş verməsini də araşdırmalıdır.
57. Məhkəmə kollegiyası tərəfindən mülki iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının mənzil toxunulmazlığı hüququ pozulmuş və cavabdehlərin yol verdikləri qanunsuz hərəkətlər nəticəsində həmin hüququn pozulması və məhdudlaşdırılması hazırkı vaxtadək davam etməkdədir. Belə ki, iddiaçının qanuni sahibliyində və istifadəsində olan yaşayış sahələrindən məhrum edilməsi nəticəsində o, bu məhrumiyyətin kompensasiya edilməsi üçün müvafiq dövlət orqanlarına, o cümlədən məhkəməyə müraciət etməyə məcbur qalması, eləcə də, vurulmuş zərərin uzun müddət ərzində cavabdehlər tərəfindən aradan qaldırılmaması faktları özüözlüyündə
58. iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur.
59. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının pozulmuş hüququnun bərpası ilə əlaqədar məruz qaldığı mənəvi zərərin kompensasiyası kimi cavabdehlərdən müştərək qaydada tutulmalı olan kompensasiyanın məbləği 1.000 manat müəyyən edilməklə, həmin məbləğin iddiaçının xeyrinə tutulması ədalətli və işin hallarına uyğun hesab edilməlidir.
60. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir. Birinci instansiya məhkəməsi mübahisənin həmin hissəsi üzrə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə hüquqi qiymət verməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2019-cu il tarixli qətnaməsi cavabdeh cavabdeh2 münasibətdə olan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Rəşid Səmədov Xumar Mərdanova Səadət Səlimova