Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-542/2025 04.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “vurulmuş maddi və mənəvi ziyana görə pulun ödənilməsi”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “vurulmuş maddi və mənəvi ziyana görə pulun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, su axması nəticəsində Cavabdeh MTK-dan 4000 manat məbləğində maddi zərərin, 3000 manat məbləğində mənəvi zərərin, ümumilikdə 7000 manatın, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 90 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəfindən 350 manat məbləğində ekspertiza xərci ödənildiyindən su axması nəticəsində Cavabdeh MTK-dan 4000 manat məbləğində maddi zərərin, 3000 manat məbləğində mənəvi zərərin, 350 manat ekspertiza xərcinin və ümumilikdə 7350 manatın, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində inşa edilən çoxmərtəbəli binanın E girişi, 3-cü mərtəbə, 2 otaqlı, 88.17 kv.m-dən ibarət 299 saylı mənzili iddiaçı alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə almışdır. İddiaçı həmin mənzili öz hesabına tam təmir edib, yaşamaq üçün tam yararlı hala salmışdır. Mənzilin təmiri bitdikdən sonra yuxarı mərtəbədəki mənzildən su axıdılması nəticəsində xeyli miqdarda maddi ziyan vurulmuşdur. Belə ki, üst qonşunun mənzilinin təmiri zamanı suyu bağlamağı unutduqlarından mütəmadi axan su nəticəsində iddiaçının mənzili yararsız hala düşmüşdür. Bu hadisə ilə bağlı iddiaçı MTK-ya müraciət etdiyində həmin mənzilin pilot layihə olduğu, həmin ərazidə plana düşmüş evlərin əvəzləşdirilməsi üçün alqı-satqı olunduğu və mənzilin təmirinin Cavabdeh MTK tərəfindən olunduğu iddiaçıya bildirilmişdir. Bundan sonra Cavabdeh MTK tərəfindən bildirilmişdir ki, yuxarı mərtəbədə işləyən Qalib adlı ustanın səhvi nəticəsində olub və həmin usta gəlib iddiaçının mənzilini təmir edəcəkdir. Bundan sonra bir usta göndərilmiş, ustada mənzilin yeni təmirdən çıxmış oboyları sökmüş, döşəmənin bir qismini sökmüş və sonrada “şirkət tərəfindən mənə heç bir kömək etmirlər” deyərək çıxıb getmişdir. Hal-hazırda Cavabdeh MTK-nın səriştəsizliyi ucbatından iddiaçının mənzili pis vəziyyətdədir. Bu vəziyyətdə yaşamaq mümkün deyildir. iddiaçı dəfələrlə bununla bağlı Cavabdeh MTK-ya müraciət etmişdir. Onlarda hər dəfə müxtəlif bəhanələr gətirmiş, ancaq sonda iddiaçının mənzili pis vəziyyətdə qalmışdır. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzilində girib yaşaya bilmir. Mənzilin təmirinə min əzab əziyyətlə çoxlu pul xərclənib və girib yaşamadan mənzil pis vəziyyətə qalmışdır. Bu da iddiaçıya həddindən artıq pis təsir edir. Mənzil alıb təmir edib girib yaşamaq qismət olmur.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Cavabdeh MTK məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları:
8. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “İcraçı” Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-ci il tarixli, 263 və 264 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının E girişinin, ümumi mərtəbələrinin 3-cü mərtəbəsində yerləşən, 299 nömrəli 88.17 kv.m sahədən ibarət mənzili, 2 otaqdan ibarət bir pay kimi “Payçı”ya verməyi öz öhdəsinə götürmüşdür.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2025-ci il tarixli 10/2471 №-li ekspert rəyinə əsasən iddiaçıya məxsus 299 saylı mənzilin binanın 3-cü mərtəbəsində, Cavabdeh MTK tərəfindən təmir edilmiş mənzilin isə binanın 4-cü mərtəbəsində yerləşdiyini, 299 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin E girişinin 3-cü mərtəbəsində yerləşən 299 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən mənzildən su axıdıldığı və nəticədə 299 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur.
10. “Mərkəzi Ekspertiza Bürosu”nun MEB-382-1025 nömrəli xx.xx.2025-ci il tarixli hesabatına əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində inşa edilən çoxmərtəbəli binanın E girişi, 3-cü mərtəbə, 2 otaqlı, 88.17 kv.m-dən ibarət 299 saylı mənzilə vurulmuş zərərin dəyəri, çəkilməli olan xərclər və xidmətlərin dəyəri ümumilikdə 2485,40 manat təşkil edir.
11. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2026-ci il tarixli məktubundan görünür ki, Mərkəzi Ekspertiza Bürosunun qiymətləndirici-mütəxəssisləri tərəfindən aparılmış qiymətləndirmə işi üzrə 350 manat xidmət haqqı, İddiaçı tərəfindən ödənilmişdir.
12. 12.11.2024-cü il tarixli, **********54 №-li mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 90 manat dövlət rüsumu ödəmişdir.
13. xx.xx.2026-ci il tarixli, **********33 №-li mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
14. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “İcraçı” Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-ci il tarixli, 263 və 264 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının E girişinin, ümumi mərtəbələrinin 3-cü mərtəbəsində yerləşən, 299 nömrəli 88.17 kv.m sahədən ibarət mənzili, 2 otaqdan ibarət bir pay kimi “Payçı”ya verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən çoxmərtəbəli binanın E girişi, 3-cü mərtəbə, 299 saylı mənzili öz hesabına tam təmir etmişdir, lakin mənzilin təmiri bitdikdən sonra yuxarı mərtəbədəki mənzildən su axması nəticəsində iddiaçının mənzilinə real zərər vurulmuşdur. Yuxarı mərtəbədəki mənzilin Cavabdeh MTK tərəfindən təmir olunduğu iddiaçıya bildirilmişdir. Hazırda iddiaçı onun tərəfindən 350 manat məbləğində ekspertiza xərci ödənildiyindən su axması nəticəsində Cavabdeh MTK-dan 4000 manat məbləğində maddi zərərin, 3000 manat məbləğində mənəvi zərərin, 350 manat ekspertiza xərcinin və ümumilikdə 7350 manatın, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 5-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
17. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:
Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının:
8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
19. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 4 nömrəli qərarının: 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmənin mövqeyi:
20. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
21. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh MTK-nın Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi zərər vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh MTK Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi zərərin əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi zərərin əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir.
22. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi zərəri və iş üzrə digər xərcləri ödəməlidir.
23. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus mənzilə Cavabdeh MTK tərəfindən təmir edilmiş və istismara verilmiş mənzildən su sızmanın baş verməsi və bunun nəticəsində iddiaçının mənzilində qüsurlar yaranması və maddi zərər dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, maddi zərərin yetirilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur.
24. İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 4000 manat kimi göstərmiş, lakin ekspertiza rəyi ilə iddiaçının mənzilinə dəymiş zərər 2485,40 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi nəzərə alınmaqla iddiaçının mənzilinə dəymiş maddi zərərə görə cavabdehdən 2485,40 manat vəsait tutulmalıdır.
25. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd etdiyi mənəvi ziyanın ona dəyməsi barədə məhkəməyə sübut təqdim etməmiş, istinad etdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir.
Məhkəmə baxışının hədləri:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
27. İddiaçının tələbi qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 120 manat dövlət rüsumunun 42,60 manatı Cavabdeh MTKdan alınaraq İddiaçı ödənilməlidir.
28. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 17,75 manatı Cavabdeh MTK-dan, 32,25 manatı İddiaçı tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
29. Qiymətləndirmə üçün ödənilmiş 350 manat məbləğin 124,27 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
30. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan dəymiş maddi ziyanın əvəzi 2485,40 manat məbləğində pul, qiymətləndirmə üçün ödənilmiş məbləğin 124,27 manatı və ödənilmiş dövlət rüsumunun 42,60 manatı tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan dəymiş maddi ziyanın əvəzi 2485,40 manat məbləğində pul, qiymətləndirmə üçün ödənilmiş məbləğin 124,27 manatı və ödənilmiş dövlət rüsumunun 42,60 manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 17,75 manatı Cavabdeh MTK-dan, 32,25 manatı İddiaçı tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova