Məhkəmə qərarları › İş №2(103)-1984/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1984/2025

10.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1984/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mənzildə və onun yerləşdiyi evdə kommunikasiya xətlərinin, evin damının, blokdakı pilləkənlərin bərpa edilməsi, bərpa edilənədək kirayə haqqının, maddi və mənəvi zərərin ödənilməsi barədə iş üzrə Açar sözlər: iddia ərizəsinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı mənzildə və onun yerləşdiyi evdə kommunikasiya xətlərinin, evin damının, blokdakı pilləkənlərin bərpa edilməsi, bərpa edilənədək kirayə haqqının, maddi və mənəvi zərərin ödənilməsi barədə iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(007)-1249/2025 nömrəli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 43 saylı evin 28 saylı mənzilinin, həmin mənzildə və onun yerləşdiyi evdə olan bütün kommunikasiya xətlərinin, evin damının, blokdakı pilləkənlərin öz hesabına tam bərpa etməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, tam bərpa olunanadək ailənin müvəqqəti yaşayışını təmin etmək məqsədi üçün 21 oktyabr 2024-cü il tarixindən hesablanmaqla hər ay 1000 manat məbləğində kirayə pulunun, əmlak və əşyaların kirayə mənzillərinə və kirayə mənzillərindən daşınması ilə bağlı 3000 manat, 21 oktyabr 2024-cü il tarixdə əmlaka dəymiş zərər 15000 manat, mənəvi ziyanın əvəzi 150000 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(007)- 1249/2025 nömrəli qərardadına əsasən iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

3. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, qanunverici hüquqi şəxsə qarşı iddianın verilməsini hüquqi şəxsin ünvanının olduğu yeri nəzərə alaraq müəyyənləşdirmişdir. İddia ərizəsində Cavabdeh ünvanı ünvan 2r. Lakin, iddiaçı tərəfindən bunu təsdiq edən sübut (VÖEN və ya hüquqi ünvanı təsdiq edən rəsmi çıxarış) iddia ərizəsinə əlavə edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatların yoxlanılması zamanı müəyyən edilmişdir ki, «Kursus-Nizami” Mənzil-Tikinti Kooperativi AZ 1065, ünvan 3 ünvanında yerləşir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən qeyd etmişdir ki, o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən əmlakının olduğu yer üzrə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) ilə bağlı mübahisələrə müstəsna aidiyyət şamil olunur. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə münasibətdə müstəsna aidiyyət qaydalarını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsində dairəsi müəyyən edilmiş hallar aşkar olunmamışdır. İddia tələbinin mənzildə və onun yerləşdiyi evdə kommunikasiya xətlərinin, evin damının, blokdakı pilləkənlərin bərpa edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının icrada dönüş edilməsi barədə ərizəsinə icra icraatı qaydasında baxılmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-359/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizə təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(007)- 270/2024 saylı qərardadının icrasında dönüş edilməsi, İddiaçı ailə üzvləri və əşyaları ilə birlikdə, onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 43, 28 saylı mənzilə köçürülməsinin və yerləşdirilməsinin təmin edilməsi qərara alınmışdır. Beləliklə, iddia ərizəsi aidiyyət qaydalarına əməl edilməməklə verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

4. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini və sonrakı prosessual hərəkətlərin davam etdirilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə Cavabdeh MTK-ya qarşı mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması tələbi ilə, habelə pul tələbi ilə (o cümlədən dəymiş maddi zərərin və mənəvi ziyanın əvəzinin ödənilməsi) müraciət etmişdir. Onun mənzili (daşınmaz əşya) Bakı şəhəri Nizami rayonunun ərazisində yerləşir. Hakim özü qeyd etmişdir ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Bundan əlavə, xüsusilə qeyd etmək lazımdır ki, 31 yanvar 2025-ci il tarixdə onun elektron kabinetimdə məlumat yerləşdirilmişdir ki, iş icraatdadır (buna dair məlumat əlavə edilir). Beləliklə, onun iddiası artıq icraata qəbul edilmişdir. Həmin məlumat kabinetinin “Bildirişlər” bölməsində da vardır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsini pozmuşdur. Belə ki, həmin normaya əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Onun iddiası isə mənzilin mülkiyyətçisi olan şəxsin, yəni onun hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddiadır

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2(007)- 1249/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 33.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 02 iyul 2021-ci il tarixli Qərarı: Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilməsi qərardadın ləğvinə əsas verir.

10. İddia tələbi 2 hissədən ibarətdir: - Bakı şəhəri Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 43 saylı evin 28 saylı mənzilinin, həmin mənzildə və onun yerləşdiyi evdə olan bütün kommunikasiya xətlərinin, evin damının, blokdakı pilləkənlərin öz hesabına tam bərpa etməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması; tam bərpa olunanadək ailənin müvəqqəti yaşayışını təmin etmək məqsədi üçün 21 oktyabr 2024-cü il tarixindən hesablanmaqla hər ay 1000 manat məbləğində kirayə pulunun, əmlak və əşyaların kirayə mənzillərinə və kirayə mənzillərindən daşınması ilə bağlı 3000 manat, 21 oktyabr 2024-cü il tarixdə əmlaka dəymiş zərər 15000 manat, mənəvi ziyanın əvəzi 150000 manat məbləğində pul vəsaitinin tutulması.

11. İddia tələbinin 2-ci – zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsinin müstəsna aidiyyat qaydasında baxılması üçün heç bir əsas mövcud deyildir.

12. AR Mülki Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.

13. İddianın 1-ci hissəsindəki tələbləri nəzərdən keçirərkən görünür ki, bu tələblər birbaşa daşınmaz əşyanın mülkiyyətçisinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında tələblərdir və buna görə də iddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etməkdə haqlıdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti əsaslandırarkən ona istinad etmişdir ki, İddia tələbinin mənzildə və onun yerləşdiyi evdə kommunikasiya xətlərinin, evin damının, blokdakı pilləkənlərin bərpa edilməsi” hissəsinə münasibətdə iddiaçının icrada dönüş edilməsi barədə ərizəsinə icra icraatı qaydasında baxılmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-359/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizə təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 16(007)-270/2024 saylı qərardadının icrasında dönüş edilməsi, İddiaçı ailə üzvləri və əşyaları ilə birlikdə, onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 43, 28 saylı mənzilə köçürülməsinin və yerləşdirilməsinin təmin edilməsi qərara alınmışdır.

15. Həmin qərardad iş materiallarına əlavə edilmədiyindən məzmunu məhkəmə kollegiyasına aydın olmasa da, birinci instansiya məhkəməsinin əsaslandırmasına istinadən qeyd edir ki, icrada dönüş qaydasında iddiaçının ailə üzvləri və əşyaları ilə birlikdə mülkiyyətində olan mənzilə köçürülməsinin və yerləşdirilməsinin təmin edilməsi onun hazırkı tələblərlə məhkəməyə müraciət etməsi üçün maneə deyildir.

16. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də qərardad ləğv edilməli, iş iddia ərizəsinin işə baxan məhkəmənin icraatına qəbul edilməsi ilə bağlı müvafiq prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

17. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(007)- 1249/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(007)- 1249/2025 nömrəli qərardadı ləğv edilsin və iş materialları qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla müvafiq prosessual hərəkətlərin aparılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar