Məhkəmə qərarları › İş №2(004)-1385/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1385/2023

01.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1385/2023 01.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən son haqq-hesab edilərək ödənilməmiş 2300 manat əmək haqqı məbləğinin və 100 manat maddi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2021-ci ilin sentyabr ayında əmək münasibətləri yaranmışdır. Həmin şirkət onu xx.xx.2021-ci il tarixində “mexanikmühəndis” vəzifəsinə aylıq əmək haqqı 1500 manat razılaşmaqla işə götürmüşdür. İşlədiyi sentyabr və oktyabr ayları üçün əmək haqqı tam həcmdə ona ödənilsə də, noyabr ayında isə cəmi 700 manat ödəniş olunmuş, 800 manat qalıq əmək haqqı ödənilməmişdir. Dekabr ayı üzrə əmək haqqı ödənilməmişdir. Yanvar ayı üzrə ondan asılı olmayan səbəbdən işlər olmamış, faktiki olaraq həmin ay üzrə işləməmişdir. Əmək haqları cavabdeh şirkət tərəfindən gecikdirilməsi səbəbindən xx.xx.2022-ci il tarixində öz ərizəsi əsasında işdən ayrılmışdır və əmək müqaviləsinə xitam verilmişdir. Həmin vaxtdan bu günə kimi şirkətin direktoru Nümayəndələ dəfələrlə aralarında danışıqlar olmuş, o, hər dəfə söz vermişdir ki, onun son haqq-hesabı, gecikdirilmiş əmək haqları tam həcmdə ödəniləcəkdir. Belə ki, onun həmçinin digər işçi yoldaşlarının əməyinin dəyəri tam formada ödənilməmişdir. Onlar da iddiaçının məhkəmə işində şahidlik edə bilərlər. 2022-ci ilin fevral ayında işdən azad edilsə də, ona son haqq-hesab vaxtında və düzgün hesablanmayaraq ödənilməmişdir. Göründüyü kimi işəgötürən Cavabdeh MMC rəhbərliyi tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və onun əmək hüquqları ciddi surətdə pozulmuşdur. Hətta sonradan ona məlum olmuşdur ki, işəgötürən onunla olan razılaşmadan kənara çıxaraq öz istədiyi formada əmək müqaviləsi şərtlərini ehtiva edən əmək müqaviləsi bildirişini sistemə daxil etməmişdir. Beləliklə cavabdeh tərəfindən onunla əmək müqaviləsinə xitam verilərkən son haqq hesab verilməmiş, cavabdeh tərəfindən ona cəmi 2300 manat əmək haqqı ödənilməmişdir. Əlavə olaraq ona 100 manat maddi ziyan (mediasiya və hüquqi yardım xərci) vurulmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 42. Əmək müqaviləsinin tərəfləri

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 43. Əmək müqaviləsinin məzmunu

1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: c) işçinin iş yeri, vəzifəsi (peşəsi); e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması... Maddə 44. Əmək müqaviləsinin forması

1. Əmək müqaviləsi yazılı formada bağlanır. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İş materiallarına əlavə edilmiş: Əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdə mexanik vəzifəsinə aylıq əmək haqqı 330 manat olmaqla işə qəbul edilmiş, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İddiaçı iddia tələblərini əsaslandırdığı halları təsdiq edən sübutları, yəni tərəflərin razılığı ilə iddiaçının “mexanik-mühəndis” vəzifəsinə qəbul edilməsini, aylıq əmək haqqısının 1500 manat təşkil etməsini, ona son-haqq hesab olaraq 2300 manat əmək haqqının ödənilməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyi üçün və iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün dövlət rüsumu tərəflərdən tutulmamalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ :

İddia rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar