Məhkəmə qərarları › İş №2(006)-3734/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3734/2025

16.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3734/2025 16.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh qarşı “əmək haqqı və s.” tələbilə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “əmək haqqı və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 900 manat əmək haqqı, 600 manat maddi təzminatın tutulması, əmək müqaviləsinə xtam verilməsi və s. barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

2. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.

Əsaslandırıcı hissə:

3. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, cavabdeh qismində cəlb olunan Cavabdeh ata adı, o cümlədən onun şəxsiyyətini eyniləşdirən digər məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, qeydiyyatda olduğu ünvan) iddiaçı tərəfindən iddia ərizəsində göstərilməmişdir.

4. Tələb fiziki şəxsə yönələrsə, həmin fiziki şəxslərin şəxsiyyətini eyniləşdirən məlumatlar (ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, rəsmi qeydə alındığı ünvan) göstərilməli, tələb hüquqi şəxsə qarşı yönələrsə, həmin hüquqi şəxslərin eyniləşdirmə məlumatları (VÖEN) qeyd edilməlidir.

5. Tələb kimə qarşı yönəlmişdirsə, yəni fiziki şəxsə qarşı yönələrsə, həmin fiziki şəxsin qeydiyyat ünvanı üzrə, hüquqi şəxsə qarşı yönəlmişdirsə, hüquqi şəxsin ünvanının olduğu yerə görə aidiyyəti məhkəməyə müraciət edilməlidir.

6. Bununla yanaşı, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müvafiq mediasiya təşkilatına müraciət etməsinə dair məlumat iddia ərizəsinə əlavə edilməmişdir.

7. Məhkəmə qeyd edir ki, İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək üçün müvafiq mediasiya təşkilatına müraciət etməlidir. Çünki xx.xx.2019-cu il tarixdə qəbul edilmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir və həmin tarixdən vətəndaşlar ailə və əmək münasibətlərindən irəli gələn mülki mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 149.2.2-ci maddə. İddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir; 149.2.4-1-ci maddə. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir; 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddə. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 152.1.6-1-ci maddə. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddə. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

9. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1 və 3.1.2-ci maddə. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir; 26.1 və 26.1.5-ci maddə. Ailə münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər; 28.1-ci maddə. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

10. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

Nəticə:

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149- 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı Cavabdeh qarşı “əmək haqqı və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar