Məhkəmə qərarları › İş №2(103)-729/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-729/2025

10.01.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-729/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, iddiaçının nümayəndəsi Arzu Xəlilovanın iştirakı ilə, İddiaçı cavabdeh “X1 "xxxx" ASC-yə qarşı “əmək haqqı, ezamiyyə xərci, son haqqhesab və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-119/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflərin arasında əmək münasibəti olub, iddiaçı cavabdeh təşkilatda “layihə rəhbəri” vəzifəsində işləyib. Əmək münasibəti xx.xx.2021-ci il tarixli 16248 nömrəli əmək müqaviləsinə əsasən yaranıb (cild 1, iş v. 62). Əmək münasibətinə əmək müqaviləsinin müddətinin qurtarmasına görə cavabdehin xx.xx.2023-cü il tarixli 56 nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilib (cild 1, iş v. 223). Birinci instansiya məhkəməsində icraat 2.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə cavabdehdən tələb olunub: 1) ödənilməyən əmək haqqı kimi 12.500 manat; 2) maddi zərərin əvəzi kimi 13.000 manat; 3) ezamiyyə xərci kimi 66.912 manat; 4) son haqq-hesab kimi 2.500 manat. 3.Bundan başqa, iddia ərizəsində xahiş olunub ki, məhkəmə xərclərinin əvəzi, yəni iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 117 manat, mediasiya xərcinin əvəzi kimi 50 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. 4.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, ezamiyyə xərci kimi 19.040 ABŞ dolları cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 5.İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. 6.Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia rədd olunsun. 7.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil və iddiaçının nümayəndəsi Arzu Xəlilova iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdilər. 8.Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Mübahisənin düzgün həlli üçün əvvəlcə sübutetmə yükü, sübutetmə vasitəsi və tərəflərin davranışına qiymət verilməlidir. Sübutetmə yükü 10.İşçi işəgötürənə qarşı əmək münasibətlərindən irəli gələn pul öhdəliyinin (əmək haqqının ödənilməsi, son haqq-hesabın ödənilməsi və s.) icrası barədə iddia qaldırdıqda, həmin öhdəliyin həcmini və icra olunduğunu sübut etmə yükü işəgötürənin üzərinə düşür. Bunun iki səbəbi var. Birinci, ümumi qaydaya görə, öhdəliyin icra olunduğunu borclu sübut etməlidir; ikinci, işəgötürən təşkilati-sərəncamverici səlahiyyətlərə malik olduğuna görə ödənişlərin hesablanması və işçiyə verilməsinə dair mühasibat sənədləri işəgötürəndə olur. Belə ki, AR Əmək Məcəlləsinin 173-cü maddəsinin 1-ci hissəsinə görə, işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. Sübutetmə vasitəsi 11.Belə mübahisələrin həllində mühasibat ekspertizasının rəyi mötəbər sübutetmə vasitəsi sayılır, çünki mübahisənin düzgün həlli üçün xüsusi bilik tələb edən suallara cavab verilməlidir. Mühasibat ekspertizası 12.İş üzrə iki dəfə mühasibat ekspertizası təyin olunub. Həmin ekspertizalar birinci instansiya məhkəməsinin qərardadları ilə təyin olunub, birinci qərardad xx.xx.2023-cü il ildə (cild 1, iş v. 135), ikinci qərardad xx.xx.2024-cü ildə (cild 1, iş v. 238) qəbul olunub. 13.Lakin ekspertizanın keçirilməsi mümkün olmayıb. Buna səbəb ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlərin cavabdeh tərəfindən ekspertə və ya məhkəməyə təqdim edilməməsi olub. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur. 14.Birinci dəfə ekspertiza təyin edildikdən sonra ekspert zəruri sənədlərin təqdim edilməsi barədə vəsatət verib və məhkəmə həmin sənədləri cavabdehdən tələb edib (cild 1, iş v. 150). Lakin cavabdeh zəruri sənədləri təqdim etməyib, onun nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirib ki, üzrlü səbəbdən iclasda iştirak edə bilmir, növbəti iclasda sübutları məhkəməyə təqdim edəcək (cild 1, iş v. 167), lakin heç bir sübut təqdim etməyib. Ona görə də məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə zəruri sübutların təqdim edilməsi cavadehdən tələb olunub (cild 1, iş v. 171) və qərardadın əsasında icra sənədi verilib (cild 1, iş v. 177). Lakin zəruri sənədlər təqdim edilmədiyinə görə ekspert ekspertizanı aparmaqdan imtina edib (cild 1, iş v. 155). 15.İkinci dəfə ekspertiza təyin edildikdən sonra ekspert X4 Xidmətindən mütəxəssis cəlb edilməsi barədə vəsatət verib və müvafiq mütəxəssis tədqiqata cəlb olunub (cild 2, iş v. 16). Bundan başqa, ekspert ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə vəsatət verib (cild 2, iş v. 15), lakin cavabdeh zəruri sənədləri təqdim etmədiyinə görə ekspert yenidən ekspertizanın aparılmasından imtina edib (cild 2, iş v. 27). Birinci instansiya məhkəməsində cavabdehin davranışı 16.İddia ərizəsi xx.xx.2023-cü ildə məhkəməyə daxil olub, birinci instansiya məhkəməsinin qətnaməsi 1 il 7 ay sonra - xx.xx.2024-cü ildə qəbul olunub. İcraatın 1 il 7 ay davam etməsinə səbəb cavabdehin davranışı olub. Belə ki, cavabdehin nümayəndəsi dəfələrlə üzrlü səbəb olmadan iclasa gəlməyib və ekspertizanın keçirilməsi üçün zəruri olan sübutları təqdim etməyib. Apellyasiya instansiyası məhkəməsində cavabdehin davranışı 17.Apellyasiya icraatı zamanı iki dəfə məhkəmə iclası təyin olunub, iddiaçının nümayəndəsi iclaslara gəlsə də, cavabdehin nümayəndəsi gəlməyib. Birinci iclasdan əvvəl cavabdehin nümayəndəsi məhkəməyə vəsatət göndərərək üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini bildirib və işə baxılmasının təxirə salınmasını xahiş edib. Lakin o, “üzrlü səbəb”in adını və onun üzrlü olduğunu təsdiq edən sübutu təqdim etməyib. Buna baxmayaraq, cavabdehin nümayəndəsinin iclasda iştirakının təmin edilməsi və zəruri sübutların təqdim edilməsinə bir daha imkan yaradılması üçün işə baxılması təxirə salınıb. Lakin cavabdehin nümayəndəsi növbəti iclasa da gəlməyib, bunun səbəbləri barədə məlumat verməyib, mühasibat ekspertizasının təyin edilməsi barədə vəsatət göndərib. Bundan əvvəl iki dəfə təyin olunmuş ekspertizanın keçirilməsindən imtina olunmasına səbəb cavabdehin zəruri sənədləri təqdim etməməsi olub. Cavabdehin nümayəndəsinin ekspertiza təyin olunması barədə vəsatətinə həmin sənədlər əlavə edilmədiyinə görə üçüncü ekspertizanın təyin edilməsindən imtina olunub. Cavabdehin davranışının qiymətləndirilməsi 18.Ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlərin cavabdeh tərəfindən məhkəməyə və ya ekspertə təqdim edilməməsi ekspertizanın keçirilməsinə mane olma sayılır. Belə davranışın hüquqi nəticəsi AR Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsində müəyyən olunub: bu halda barəsində ekspertiza təyin edilən fakt cavabdehin əleyhinə təsdiq olunmuş hesab oluna bilər. O cümlədən həmin Məcəllənin 106.2-ci maddəsinə görə, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Odur ki, məhkəmə MPM-in 97.5 və 106.2-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, əmək münasibəti üzrə cavabdehin iddiaçının qarşısında iddia ərizəsində göstərilən məbləğdə borcunun olması təsdiq olunmuş sayılmalıdır. İddiadakı birinci tələb barədə 19.Əmək haqqı kimi 12.500 manat ödənilməsi barədə tələb əsaslıdır. 20.Belə ki, bu tələb barədə mübahisəyə səbəb aylıq əmək haqqının məbləğinə münasibətdə tərəflərin arasındakı fikir ayrılığıdır. Cavabdeh əmək haqqının məbləğinin 1.326 manat, iddiaçı isə 5.000 manat olduğunu bildirir. Əmək müqaviləsində əmək haqqının məbləği 1.326 manat göstərilib (cild 1, iş v. 63). Lakin bank hesabından çıxarışlardan görünür ki, cavabdehin iddiaçıya ödədiyi aylıq əmək haqqının məbləği 5.000 manatdan çox olub (cild 1, iş v. 13, 17). 21.Müəyyən olunur ki, əmək haqqının məbləği 5.000 manat olub. AR Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsinin “ə” bəndinə görə, əmək müqaviləsində əmək haqqı göstərilir. Əmək müqaviləsində əmək haqqının məbləği 1.326 manat göstərilsə də, müqavilə iradə ifadəsidir. AR Mülki Məcəlləsinin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Cavabdeh tərəfindən iddiaçıya 5.000 manat əmək haqqı ödənilməsi faktı ağlabatan mühakimə əsasında belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh əmək haqqının məbləğinin 5.000 manat olması barədə iradəsini ifadə edib, çünki ödəniş bir hərəkət olaraq iradənin ifadəsi sayılır. 22.Bundan başqa, işçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) göstərilməli olan məlumatlardan biri AR Əmək Məcəlləsinin 173cü maddəsinin 2-ci hissəsində belə qeyd olunub: “hesablanmış əmək haqqının ümumi məbləği”. Bank hesabından çıxarışlardan görünür ki, 5.000 manatın qarşısında yazılı şəkildə “əmək haqqı” qeyd olunub. Bu isə onu təsdiq edir ki, cavabdeh əmək haqqının məbləğinin 5.000 manat olması barədə iradəsini yazılı formada ifadə edib. 23.X3 tərəfindən xx.xx.1949-cu ildə Cenevrədə qəbul olunmuş “Əmək haqqının mühafizəsi haqqında” 95 nömrəli Konvensiyanın 6-cı maddəsinə görə, işəgötürənlərə işçilərin əmək haqlarından istifadə etmək azadlığını hər hansı şəkildə məhdudlaşdırmaq qadağandır. İşçinin faktiki aldığı əmək haqqının məbləğinin əmək müqaviləsində az göstərilməsi işçinin əmək haqqından istifadə etmək azadlığının məhdudlaşdırılması hesab olunur. Həmin Konvensiyanın qüvvəsi AR-nın ərazisinə da şamil olunur. Bu barədə AR Milli Məclisinin xx.xx.1993-cü il tarixli 637 nömrəli qərarı var. 24.Cavabdeh hər ay üçün 5.000 manatla hesablanmış əmək haqqının iddiaçıya tam ödənildiyini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyinə görə, məhkəmə AR Əmək Məcəlləsinin 12 və 154-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, 12.500 manat əmək haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiadakı ikinci tələb barədə 25.Maddi zərərin əvəzi kimi 13.000 manat ödənilməsi barədə tələb əsaslıdır. 26.Belə ki, əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı bir neçə dəfə əmək qabiliyyətini müvəqqəti itirib, bu barədə müvafiq sənədlər təqdim edib, buna görə ona cəmi 6.669,07 manat müavinət ödənilib (cild 1, iş v. 102). Müavinət hesablanarkən əmək müqaviləsində qeyd edilən əmək haqqı məbləği əsas götürülüb və hesablama AR Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığıorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun aparılıb. Lakin iddiaçının aylıq əmək haqqının məbləği 5.000 manat olduğuna görə, iddiaçı hesab edir ki, daha az müavinət almaqla 13.000 manat məbləğində maddi zərər çəkib. Cavabadeh isə bunu əksini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyinə görə, məhkəmə AR Mülki Məcəlləsinin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, maddi zərərin əvəzi kimi 13.000 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiadakı üçüncü tələb barədə 27.İddiaçının Özbəkistan Respublikasında ezamiyyətdə olduğu müddət üçün ezamiyyə xərci kimi 66.912 manat ödənilməsi barədə tələb əsaslıdır. 28.Belə ki, iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli əmri ilə orta aylıq əmək haqqı saxlanılması şərtilə Özbəkistan Respublikasının Daşkənd şəhərinə istehsalat işləri ilə əlaqədar 180 gün müddətinə ezam olunub (cild 1, iş v. 199). Daha sonra iddiaçı cavabehin xx.xx.2022ci il tarixli əmri ilə orta aylıq əmək haqqı saxlanılması şərtilə Özbəkistan Respublikasının Daşkənd şəhərinə istehsalat işləri ilə əlqədar 180 gün müddətinə ezam olunub (cild 1, iş v. 198). 29.“Ezamiyyə xərclərinin normaları haqqında” AR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 14 nömrəli qərarının 1 nömrəli Əlavəsinə görə, Özbəkistanın Daşkənd şəhərinə ezamiyyə xərcinin 1 günlük norması 180 ABŞ dolları təşkil edir. İddiaçının Daşkənd şəhərində ezamiyyətdə olduğu müddətin 1 günü 180 ABŞ dolları ilə hesablandıqda, əldə olunan məbləğ iddia ərizəsində ezamiyyə xərci kimi tələb olunan məbləğdən artıq olur. Cavabdeh ezamiyyə xərcinin iddiaçıya tam həcmdə ödənildiyini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyinə görə, məhkəmə AR Əmək Məcəlləsinin 181-ci maddəsinin və “Ezamiyyə xərclərinin normaları haqqında” AR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 14 nömrəli qərarının göstərişlərinə əsaslanaraq hesab edir ki, ezamiyyə xərci kimi 66.912 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiadakı dördüncü tələb barədə 30.Son haqq-hesab kimi 2.500 manat ödənilməsi barədə tələb əsaslıdır. 31.Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. İddiaçı son haqq hesab kimi 2.500 manat tələb edir. Cavabdeh son haqq-hesabın məbləğini və onun tam həcmdə işçiyə ödənildiyini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyinə görə, həmin tələn təmin edilməli, son haqq-hesab kimi 2.500 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. 32.Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. O cümlədən məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının çəkdiyi məhkəmə xərclərinin əvəzi cavabdehdən onun xeyrinə tutulmalıdır. 33.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdehin apellyasiya şikayəti rədd olunsun. İddiaçının apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 119/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Əmək haqqı kimi 12.500 manat, maddi zərərin əvəzi kimi 13.000 manat, ezamiyyə xərci kimi 66.912 manat, son haqq-hesab kimi 2.500 manat, cəmi 94.912 (doxsan dörd min doqquz yüz on iki) manat cavabdeh “X1 "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. Mediasiya xərci kimi 50 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 117 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 188 manat, cəmi məhkəmə xərclərinin əvəzi kimi 355 (üç yüz əlli beş) manat cavabdeh “X1 "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar