Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-175/2020 29.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin, kompensasiya ödənilməsi tələbinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 Cavabdeh MTK-ya qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi və iddia tələblərinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən hüquqa zidd şəkildə sökülərək dağıdılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 368,9 kv.m olan fərdi yaşayış evinin ona aid 1/8 hissəsinə görə kompensasiya kimi sökülmüş tikilinin yerində tikilmiş yaşayış binasından əmlakın ona aid hissəsinin sahəsindən 20%-dən artıq sahəsi olan həmin ünvanda tikilən binanın birinci mərtəbəsindən ona təmirli mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, əmlakının dağıdılması nəticəsində 30000 manat məbləğində əldən çıxmış faydanın, sökülmüş əmlakının dəyərinin əvəzi olaraq 200000 manat və 10 000 manat mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 368, 9 kv. m olan fərdi yaşayış evinin 1/8 hissəsi İddiaçı adına xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ümumi əmlakın 1/8 hissəsi, 46,1 kv.m təşkil edir. Həmin əmlak yaşayış sahəsi olsa da, iddiaçı oranı qeyriyaşayış kimi istifadə etmişdir. Əlavə tikililər tikmiş, yaxşılaşdırmalar aparmış, obyekti icarəyə verərək oradan gəlir götürmüşdür. Bundan əlavə iddiaçının nümayəndəsi X14 ilə “xxxxxxx” LTD MMC arasında xx.xx.2010-cu il tarixli icarə müqaviləsinə uyğun olaraq 8 m2 sahəni GSM antenn və ötürücü stansiyası və avadanlığı quraşdırmaq üçün icarəyə vermişdir. Razılaşdırılmış illik icarə haqqı 2400 manat təşkil etmişdir. Daha sonra həmin obyektin bir hissəsi avtomobil ehtiyat hissələri mağazası kimi istifadə edilmişdir. Həmin obyektin kommunal xidmətlərinə dair ödəniş qəbzlərindən də göründüyü kimi həmin sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi dövlət idarələri tərəfindən tanınmışdır. 2016-cı ilin may ayından başlayaraq əmlakdan istifadəyə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən maneələr yaratmağa başlamışdır. Cavabdeh 2016cı ilin avqust ayında tikililərin söküntüsünə başlamışdır. ünvan 2 ünvanında yerləşən ev və ona əlavə etdiyi tikililər heç bir xəbərdarlıq etmədən, içərisində olan avadanlıq, malmaterial, satış üçün gətirilən avtomobil hissələrini çıxartmadan texnikanın köməkliyi ilə məhv edilmiş və sökülmüşdür. Həmin əmlakı iddiaçı qeyri-yaşayış sahəsi kimi istifadə etmişdir. Onun icarə müqavilələrinə görə dağıntının baş verdiyi 2016-cı ilin avqust ayından 2019-cu ilin iyul ayına qədər 34 ay nəzərə alınsa, 30000 manat məbləği əldən çıxmış faydadır. Göstərilən daşınar əmlakların məhv edilməsi ilə yanaşı, mülkiyyətində olan evi dağıdılıb yerində bina inşa edilmişdir. Əmlakının qanunsuz olaraq məhv edilməsi iddiaçıya və onun ailə üzvlərinə ağır mənəvi ziyan vurmuşdur. İddiaçının əmlakının 46 kv.m olmaqla yanaşı, əlavə tikililər ilə birlikdə 60 kv.m təşkil edir. Həmin ərazidə olan tikilinin kv.m təxminən 2000 manat olmasını nəzərə alsaq, ona 200000 manat olmaqla əmlakının dəyəri həcmində maddi zərər dəymişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X14 Cavabdeh MTK-ya qarşı iddia ərizəsi və iddia tələblərinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən əmlakının dağıdılması nəticəsində məhv edilmiş 365 adda avtomobil hissələri, 1 ədəd Led ekran monitor (14000 ABŞ dolları dəyərində), kompüter, DVR, vitrinlər, 4 ədəd kamera, şüşə qapı, UPS, kassa aparatı, reklam guşəsi, kondisioner, divanın dəyəri, ümumilikdə 105076 manat məbləğində maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiası onunla əsaslandırılmışdır ki, X14 2012-ci ildən etibarən qayınanası İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti avtomobil ehtiyyat hissələrinin satışı il məşğul olmuşdur. 2016-cı ilin avqust ayında həmin tikili içərisində ona məxsus olan avadanlıqlar, materiallar satış üçün gətirilmiş avtomobil hissələri olduğu halda ona heç bir xəbərdarlıq edilmədən sökülmüşdür. Məhkəmə iclasında iddiaçı və üçüncü şəxsin nümayəndəsi hər iki iddianın məzmununa uyğun izahat verərək, hər iki iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələblərinə etiraz edərək izahatında göstərmişdir ki, hər iki iddia üzrə iddia müddəti ötürülmüşdür və buna dair vəsatət təqdim edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, iddiaçı və cavabdeh arasında eyni predmet barəsində qanuni qüvvəsini almış məhkəmə qətnaməsi - Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(004)-9232/2016 saylı qətnaməsi vardır. İddiaçının evi Yasamal RİN tərəfindən sökülmüşdür, yəni iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Üçüncü şəxsin isə belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur, belə ki, üçüncü şəxsin iddia etdiyi əmlakların ona məxsus olması barədə sübut təqdim edilməmişdir. Magaza sökülməmişdən əvvəl orada olan bütün əmlaklar MTK-nın anbarına yıgılmış və sonradan magazanın icarədarı H.Teybətəliyevaya təhvil verilmiş və sonuncu bu barədə heç bir narazıçılıqlarının olmadığını bildirmişdir və ötən üç il altı ay ərzində MTK-ya həmin əmlaklarla baglı heç bir pretenziya irəli sürülməmişdir.Göstərilənləri nəzərə alaraq hər iki iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, hər iki iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarına əlavə edilmiş Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(004)-9232/2016 saylı qətnaməsindən və həmin qətnamənin qüvvədə saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017 ci il tarixli 2(103)-1515/2017 saylı qətnaməsindən, eyni zamanda həmin qətnamənin qüvvədə saxlanılması barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(102)-3432/2018 saylı qərarından müəyyən olunur ki, iddiaçı Yasamal rayon İcra Hakimiyyəti cavabdehlər «Cavabdeh” Mənzil Tikinti Koorperativinə, X7 və qeyrilərinə qarşı mənzildən müvəqqəti köçürülmə və kirayə haqqlarının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İstinad olunan məhkəmə qərarları ilə müəyyən olmuşdur ki, Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı və M.H.Naxçıvani küçələrinin kəsişməsindəki 612-ci məhəllədə yerləşən yaşayış binaları qəzalı vəziyyətdə yaşayış üçün təhlükəli olduğundan, müvafiq rəylər, o cümlədən sakinlərin müraciəti nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarı ilə müəyyən edilən siyahıya salınmışdır. Yasamal RİH ilə «Cavabdeh” MTK arasında bağlanmış x xxx 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən mənzilin sahibi X3 yaşayış sahəsinin qarşılıqlı əvəzi kimi həmin ünvanda tikiləcək yeni binalarda sökülən mənzillərin sahəsindən 20 faizdən artıq sahəsi olan orta təmirli mənzillə təmin edilənədək mənzilindən köçürülməsi və cavabdehin həmin ünvanda tikiləcək yeni binada mənzillə təmin edilənədək, yaxın ərazidə müvvəqqəti kirayə qalmasına görə 300 manat kirayə haqqının cavabdehə ödənilməsi öhdəliyinin Deluks Mənzil Tikinti Kooperativi öz üzərinə götürmüşdür. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2016-cı il tarixli 2-1(81)-3692/2016 saylı qərarından müəyyən olunur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin 129 nömrəli xx xxx 2016-cı il tarixli sərəncamının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti tərəfindən “Cəfər Cabbarlı və Naxçıvani küçələrinin kəsişməsindəki 612-ci məhələdə yerləşən, qəzalı vəziyyətdə olan ünvan 4 ünvanda və onun ətrafında yaşayan sakinlərin köçürülərək binaların sökülməsi və yeni yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında “ xx.xx.2012-ci il tarixli 129 nömrəli sərəncam verilmişdir. Həmin sərəncama əsasən Yasamal rayonu ünvan 5 ünvanında yerləşən qəzalı vəziyyətdə olan yaşayış binasının və onun ətrafında yerləşən məhəllənin və şəhərin müasir memarlığına uyğun olmayan ünvan 6 39 ünvandakı binaların sakinlərinin «Cavabdeh” MTK tərəfindən qarşılıqlı razılaşma əsasında köçürülərək binaların sökülməsinə və yerində yüksək mərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi, sakinlərin qarşılıqlı razılaşma - müqaviləsi əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsi və qəzalı binaların sökülməsinin təmin edilməsi qərara alınmışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının əmlakının qanuni əsaslarla sökülməsi müəyyən edilmişdir. Eyni zamanda Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Yasamal RİH-ın iddiası təmin edilərək, ünvan 2 ünvanında yerləşən mənzilin sahibi X4 yaşayış sahəsinin qarşılıqlı əvəzi kimi həmin ünvanda tikiləcək yeni binada sökülən mənzilin sahəsindən 20 faizdən artıq sahəsi olan orta təmirli mənzillə təmin edilənədək Cavabdeh Mənzil Tikinti Koorperativi tərəfindən hər ay 300 manat kirayə haqqı ödənilməklə mənzilindən köçürülməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının əmlakının qanuni əsaslarla sökülməsi, sökülmüş evin qarşılıqlı əvəzi kimi iddiaçının yeni binada mənzillə təmin edilməsi öhdəliyinin Yasamal RİH ilə baglanmış müqaviləyə əsasən Cavabdeh Mənzil Tikinti Koorperativinin üzərinə götürməsi müəyyən edildiyindən, məhkəmə qərarı ilə cavabdehin üzərinə iddiaçıya yeni mənzillə təmin edilənədək 300 manat kirayə haqqının ödənilməsi vəzifəsi qoyuldugundan iddiaçının mənzilinin sökülməsi nəticəsində ona 200 000 manat məbləğində əmlakının dəyəri həcmində maddi zərər dəyməsi, mənzilini kirayə verə bilməməsi nəticəsində 30 000 manat məbləğində maddi zərər (əldən çıxmış fayda) dəyməsi barədə tələbləri əsassızdır. Bundan əlavə iddiaçı kompensasiya kimi ona məxsus mənzilin yerində tikilmiş yeni binanın birinci mərtəbəsindən mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının bu iddiası da əsassızdır və rədd edilməlidir. Belə ki, yeni tikilmiş binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsi yerləşir. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə (1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-1(81)-3692/2016 saylı qərarı) iddiaçının mülkiyyətində olan fərdi yaşayış evini qanunsuz olaraq qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mənəvi zərər tələbi də iddiaçıya məxsus əmlakın qanuni əsaslarla sökülməsi və cavabdehin hər hansı bir təqsirli hərəkətlərinin olmaması müəyyən edildiyindən əsassızdır və rədd edilməlidir. Müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiası ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o X9 1995-ci ildən tanıyır. 2000-ci ildən isə ünvan 7 ünvanında yerləşən avtomobil ehtiyyat hissələri mağazasında satıcı işləmişdir. Həmin mağaza S.Ələsgərova məxsus olmuşdur. O həmin ünvanda mağazanın sökülməsindən 1 həftə əvvəl olmuşdur. Lakin mağaza sökülən anda orada olmamış və həmin avadanlıqların orada olub-olmaması barədə məlumat verə bilməz. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o 2015-2016-cı ilin avqust ayınadək ünvan 7 ünvanında yerləşən avtomobil ehtiyyat hissələri mağazasında satıcı işləmişdir. Həmin mağazanın əsas sahibi kimi Samir Ələsgərovu tanımışdır. 2016-cı ilin avqust ayında həmin mağaza Yasamal rayon İcra Hakimiyyəti Başçısının tapşırığı ilə sökülmüşdür. Söküntü anında 365 adda avtomobil hissələri, 1 ədəd Led ekran monitor (14000 ABŞ dolları dəyərində), kompüter, DVR, vitrinlər, 4 ədəd kamera, şüşə qapı, UPS, kassa aparatı, reklam guşəsi, kondisioner, divan mağazada olmuş həmin əmlaklardan divan və kreslo «Cavabdeh” MTK-nın fəhlələri tərəfindən yeni binanın zirzəmisinə yerləşdirilmiş, lakin digər əmlaklar söküntü nəticəsində dağıdılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında yerləşən avtomobil ehtiyyat hissələri mağazasında 2015-2016-cı illərdə kuryer işləmişdir. Mağaza sökülən anda o mağazada olmamışdır. Mağazanın satıcısı Kamranın sözlərindən bilmişdir ki, mağaza içərisindəki əmlaklarla birlikdə tamamilə dağıdılmışdır. Şahid ifadələrinə əsasən, mağazada olmuş avtomobil ehtiyyat hissələrinin dəyərinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 2653 saylı rəyi ilə ekspertiza təyini haqqında qərardadda göstərilən 335 adda ehtiyyat hissəsi və istifadə olunmuş avadanlıqların 2016-cı il tarixə orta bazar qiyməti 76113,93 manat müəyyən edilmişdir. Lakin xx xxxxxxx 2020-ci il tarixdə cavabdeh tərəfindən təqdim olunmuş şahid X15 ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən «Cavabdeh” MTK-da anbardar işləmişdir. 2016-cı ildə Cəfər Cabbarlı küçəsi 39 ünvanda yerləşən avtomobil hissələri mağazası sökülməmişdən əvvəl o, rəhbərliyin tapşırığına əsasən digər fəhlələrlə bərabər mağazada yerləşən avtomobil hissələrini qutulara yığaraq «Cavabdeh” MTK ya məxsus yaşayış binasının anbarında yerləşdirmişdir. Bir müddət sonra «Cavabdeh” MTK-nın hüquqşünası X10 həmin avtomobil ehtiyyat hissələrinin sahibi kimi təqdim etdiyi iki qadına həmin malları təhvil vermişdir. Həmin qadınlar qutularda olan malları özləri ilə gətirdikləri siyahı ilə tutuşduraraq aparmış və apararkən heç bir narazıçılqlarının olmadığını bildirmişlər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən şahid qismində təqdim olunmuş şahid ifadələri ziddiyyətli olduğundan həqiqətə uyğun olmadığından sübut kimi qəbul oluna bilməz. Məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş şahidin ifadəsini həqiqətə uyğun hesab edir. Belə ki, iddiaçının özünün də iddia ərizəsində göstərdiyi və iddia ərizəsinə əlavə etdiyi icarə müqaviləsindən görünür ki, xx xxxxxx 2012-ci il tarixli müqavilə və mədaxil qəbzlərinə əsasən ünvan 7 ünvanında yerləşmiş fərdi yaşayış evinin İddiaçı məxsus olan 1/8 hissəsi Heybətəliyeva Hökümə Şamil qızına icarəyə verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 12 vərəqdən ibarət siyahıdan görünür ki, Heybətəliyeva Hökümə Şamil qızı və X16 həmin vərəqlərdə sadalanan avtomobil ehtiyyat hissələrini təhvil almışlar. Beləliklə tədqiq olunmuş sübutlarla avtomobil ehtiyyat hissələri mağazasında yerləşən malların həmin mağazanın icarədarı Heybətəliyeva Hökümə Şamil qızı tərəfindən təhvil alınması müəyyən edilmişdir. Həmin mallların üçüncü şəxs X11 məxsus olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla avtomobil ehtiyyat hissələri mağazasında yerləşən malların həmin mağazanın icarədarı Heybətəliyeva Hökümə Şamil qızı tərəfindən təhvil alınması müəyyən edildiyindən, həmin mallların üçüncü şəxs X11 məxsus olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən üçüncü şəxsin iddiası əsassızdır və rədd edilməlidir. Cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə əlaqədar məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-ci maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hər iki iddia rədd edildiyindən həmin iddialar üzrə ödənilmiş dövlət rüsumları həmin iddiaçılara aid edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiası rədd edildiyindən həmin iddia üzrə keçirilmiş ekspertizanın dəyəri olaraq 200 manat üçüncü şəxsdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İlk iddia rədd edilsin. Üçüncü şəxsin iddiası rədd edilsin. İlk iddia və üçüncü şəxsin iddiası üzrə ödənilmiş dövlət rüsumları iddiaçı və üçüncü şəxsə aid edilsin. Üçüncü şəxs X5 200 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-175/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-175/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver