Məhkəmə qərarları › İş №2(004)-1888/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1888/2024

02.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1888/2024 02.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeqydiyyatın etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyatın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, ünvan 1 ünvanında yaşamışdır və xx.xx.2007-ci il tarixdən etibarən sözügedən ünvandakı mənzilə mülkiyyət hüququ əldə etmişdir. Lakin o, bir neçə ay əvvəl cavabdehin də iddiaçının mənzilinə dair mülkiyyət hüququnun olmasını öyrənmişdir. Bu məlumatı öyrəndikdən sonra onunla bu barədə müzakirələr aparsa da heç bir nəticə əldə edə bilməmişdir. Cavabdehin anasından sözügedən mənzili aldıqdan sonra bir gün də olsun bu mənzildə yaşamadığı halında necə olur ki, iddiaçının mənzilinə dair mülkiyyə hüququ əldə edir. İddiaçı bu barədə ona dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq heç bir reaksiya bildirməmişdir. Cavabdehin onun mənzilinə mülkiyyət hüququnun əldə etməsi iddiaçıda hələ də böyük bir sual olaraq qalmaqdadır. Göründüyü kimi iddiaçının hal hazırda mülkiyyət hüququ pozulmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), iddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, keçirilən məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə baxışını təxirə salınmasını və iclasın təyin edilməsi vaxtını onunla razılaşdırılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan hazırkı mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etriraz edərək izahatında bildirdi ki, o, həmin mənzildə doğulmuş, böyümüş və həmişə də, orada yaşamışdır. İddiaçı öz sahəsini, yəni mənzilin ona aid olan hissəsini vaxdı ilə anasından almışdır. Daha sonra da, anasına qarşı 2007-ci ildə iddia qaldıraraq mənzilin həmin hissəsini boşaldılaraq ona verilməsini tələb etmişdir. İstər anası öz mülkiyyətində olan payını satanda, istər ondan sonra, istərsədə iddiaçının xeyrinə məhkəmə qətnaməsi çıxandan sonra onun mülkiyyətində olan hissə, ayrıca pay çəklində mövcud olmuş və çıxarışda da, qeyd edilmişdir. 2007-ci il tarixdən sonra da, iddiaçı öz mülkiyyət hüquqlarına dair çıxarış alarkən həmin çıxarışda da, onun və digər paylı mülkiyyətçilərin adları qeyd edilmişdir. Hazırda iddiaçının tələbi tamamilə əsassızdır. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xaiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 28 mart 2006-cı il tarixli müqavilədən görünür ki, X25 ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi ünvanda yerləşən torpaq sahəsi 857,0 sahəsi 44 saylı evdən 21.6 kv.m. sahəni Cavabdeh, 20 kv.m sahəni X6, 23 kv. sahəni X45, 19 kv.m sahəni X24, 19 kv.m, saqhəmi X19, 9 kv.m., sahəni X14, 17,5 kv.m sahəni X7 bağışlamışdır. - Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2006-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Çələbi Həsən oğlun qarşı yaşayış sahəsindən çıxarılma və evə köçürülmə tələbinə dair iddia ərizəsi, qarşılıqlı iddia üzrə İddiaçı X16 və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı qeydiyyta vəsiqəsinin qismən etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin qətnamə ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh X8 adına Bakı şəhəri Texniki İnventarlaşdırma və mülkiyyə Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 24 yanvar 2004-cü il tarixli 027333 saylı qeydiyyat vəsiqəsinin qismən etibarsız hesab edilməsi, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsindəki 44 saylı evin “A” tikilisindəki sahəsi 29,9 kv metr olan 5 saylı yaşayış otağına mülkiyyət hüququnun tanınması, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsindəki 44 saylı evin “A” tikilisindəki sahəsi 29, 9 kv metr olan 5 saylı yaşayış otağına qeydiyyat vəsiqəsinin verilməsinin AR DƏDRX-in Bakı şəhər ərazi idarəsinə bir vəzifə kimi həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış 30 dekabr 2002-ci il tarixli 176685 saylı müqaviləyə əsasən X25 Bakı şəhəri S.Dağlı küçəsindəki 44 saylı evin 2 otaqlı mənzilini 58000000 (əlli səkkiz milyon) manata İddiaçı satmışdır. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 17 sentyabr 2003-cü il tarixli qeydiyyat vərəqəsinə əsasən Bakı şəhəri Şivanzadə küçəsi 44 saylı evin ümumi sahəsi 27,8 kv metr 2 otaqlı yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Ekspert rəyinə əsasən Bakı şəhəri S.Dağlı küçəsindəki 44 saylı evin sahəsi 29,9 kv metr olan texniki pasportda 5 saylı kimi göstərilən tikilinin iddiaçı X1 olan tikililərlə əlaqəsi olmayıb, həmin tikili faktiki olaraq İddiaçı sərəncamındadır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən Yasamal rayon Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1 otağın 1/2 hissəsi X4, 19.0 kv.m hissəsi X20, 1 otağın 1/2 hissesi X17, 3 otağı (57.7 kv.m) İddiaçı, 2 otaq 45.4 kv.m 1/3 hissə X26, 2 otaq 45.4 kv.m 1/3 hissə X28, 2 otaq 45.4 kv.m 1/3 hissə X5, 94.3 kv.m X10, 17.5 kv.m X11, 88.7 kv.m X21, 19.0 kv.m X12, 23.0 kv.m X40, 21.6 kv.m Cavabdeh, 20.0 kv.m X22 ve 9 kv.m X27 adlarına qeydiyyata alınmışdır. Həmçinin bildirilmişdir ki, sözügedən fərdi yaşayış evinin 21,6 kv.m sahəsi Bakı şəhəri 12 saylı notariat kontorunun 43-01-248 reyestr nömrəli xx.xx.2006-cı il tarixli bağışlama müqaviləsinə əsasən qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, xx.xx.2006cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsində istifadədə olan 0,0857 ha torpaq sahəsində yerləşən 3 ədəd 1 mərtəbəli, 15 otaqlı, 245,2 kv.m. yaşayış, kv.m. qeyri-yaşayış, 185,2 kv.m. köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X29 – 45,4 kv.m., X21 – 86,6 kv.m., X4 – 01 otağın – ½ hissəsi, Cavabdeh – 21,6 kv.m., X17 - 01 otağın – ½ hissəsi, İddiaçı – 27,8 kv.m., X10 – 96,4 kv.m., X18 – 19,0 kv.m., X40 – 23,0 kv.m., X3 – 20,0 kv.m. adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, xx.xx.2007ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsində istifadədə olan 0,05602 ha torpaq sahəsində yerləşən 3 ədəd 1 mərtəbəli, 15 otaqlı, 245,2 kv.m. yaşayış, - kv.m. qeyri-yaşayış, 185,2 kv.m. köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X29 – 45,4 kv.m., X21 – 86,6 kv.m., X4 – 01 otağın – ½ hissəsi, Cavabdeh – 21,6 kv.m., X17 - 01 otağın – ½ hissəsi, İddiaçı – 03 otaq - 57,7 kv.m., X10 – 96,4 kv.m., X18 – 19,0 kv.m., X40 – 23,0 kv.m., X3 – 20,0 kv.m., X13 – 9,0 kv.m., X23 – 19,0 kv.m., X11 – 17,5 kv.m. adlarına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 608 nömrəli vərəqində qeydiyyata alınmışdır. - ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən Cavabdeh adına verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsində yerləşən ümumi sahəsi 430,40 kv m olan fərdi yaşayış evinin 21,6 kv m sahəsi Cavabdeh xüsusi mülkiyyəti kimi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyata alınmışdır. 3 otaq 57,7 kv m sahəsi xx.xx.2007-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Cavabdeh ünvanladığı 039-14486-1219 saylı, xx.xx.2019-cu il tarixli məktubuna əsasən ona məxsus olan ünvan 3 ünvanına verilmiş MH ******* nömrəli çıxarışın tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, X25 öz mülkiyyətində olan Bakı şəhəri S.Dağlı küçəsində yerləşən 44 saylı evin 2 otağını 30 dekabr 2002-ci il tarixdə İddiaçı satmış, daha sonra 17 sentyabr 2003-cü il tarixli qeydiyyat vərəqəsinə əsasən Bakı şəhəri Şivanzadə küçəsi 44 saylı evin ümumi sahəsi 27,8 kv metr 2 otaqlı yaşayış sahəsi hazırki iş üzrə iddiaçının adına qeydiyyata alınmılşdır. Daha sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il qətnaməsi ilə ekspert rəyinə əsasən həmin sahə 29,9 kv metr müəyyən edildiyindən, İddiaçı həmin sahəsi 29,9 kv metr olan 5 saylı yaşayış otağına mülkiyyət hüququnun tanınması qət edilmiş və xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən 44 saylı mənzilin 3 otaq 57,7 kv m sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bundan başqa X25 mülkiiyətində olan 44 saylı evin 21,6 kv m hissəsini bağışlama müqaviləsi əsasında 28 mart 2006-cı il tarixdə Cavabdeh bağışlamış və həmin sahə sonuncunun adına qeydiyyata alınmışdır. Eyni zamanda iş materilları ilə, mübahisəli mənzilə dair verilmiş MH0004714 seriya nömrəli, xx.xx.2006-cı il tarixli çıxarışa əsasən, iş üzrə İddiaçı payının 27.8 kv.m, Cavabdeh payının 21.6 kv.m, MH0028329 seriya nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa əsasən isə İddiaçı payının artıq, 3 otaq-57.7 kv.m, Cavabdeh payının 21.6 kv.m olması müəyyən edimişdir. Yəni istər 2006-cı il tarixdə, istərsə də, iddiaçı ilə mənzilin o zamanki digər paylı mülkiyyətçisi arasında mövcud olmuş məhkəmə mübahisəsindən sonra müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçının artırılmış payının 2007-ci il tarxidə qeydə alınması zamanı, iddiaçının payı artırılaraq qeydə alınsa da, Cavabdeh mənzil üzərindəki payı 21.6 kv.m olmaqla dəyişilmədən qalmışdır. Bundan başqa iş materialları ilə o da, müəyyən edilmişdir ki, 2019-cu il tarixində cavabdeh tərəfindən çıxarış itirildiyi üçün, qazetdə elan verilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla Cavabdeh “ona məxsus olan ünvan 3 ünvanına verilmiş MH ******* nömrəli çıxarışın tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır” məzmunda cavab verilmişdir. Hazırda iddiaçı Cavabdeh adına olan ********** qeydiyyatın etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan çıxarışlardan və digər sübutlardan görünür ki, iddiaçı 5 saylı otağı əldə etdikdən sonra qeydiyyat vərəqəsində olan payı Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə artmışdır. İddiaçının payı artdıqdan sonra qeydiyyata alınmış çıxarışda cavabdehin də, payı müəyyən olunmuş, həmçinin görünür ki, cavabdeh neçə il öz payında yaşamışdır. İşin hallarından görünür ki, əmlak paylı mülkiyyətdədir, yəni əmlakın digər mülkiyyətçiləri var və naturada bölgü aparılmamışdır. İddiaçı məhz onun payının cavabdehin istifadəsində olmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar