Məhkəmə qərarları › İş №2(004)-199/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-199/2021

06.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-199/2021 06.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Hüseynli Azər Kamil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzil mübahisəsi tələbinə dair” ilkin və iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı “qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan kirayə haqqının ödənilməsi, iddiaçıya məxsus mənzilin əvəzinə yeni tikilən binadan mənzilin verilməsinə dair müqavilənin bağlanması, mənzilə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzil mübahisəsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 53 ünvanında yerləşən mənzilin (faktiki olaraq qeyri-yaşayış sahəsi) cavabdeh tərəfindən ərazidə tikinti və söküntü işləri başlanmazdan əvvəlki vəziyyətə bərpa edilməsi, sözügedən mənzildən istifadə hüquqlarına maneçiliyin aradan qaldırılması və mənzilə giriş çıxış üçün yolun düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulmasına, 2000 manat maddi ziyan, 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 53 ünvanında yerləşən mənzilin (faktiki olaraq qeyri-yaşayış sahəsi) cavabdeh tərəfindən ərazidə tikinti söküntü işləri başlamazdan əvvəlki vəziyyətə bərpa edilməsi, sözügedən mənzildən istifadə hüquqlarına maneçiliyin aradan qaldırılması və mənzilə giriş-çıxış üçün yolun düzəldilməsi, tikintinin mülkiyyətində olan əmlakla ara məsafəsi gözlənilməklə aparılması öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması, 8500 manat icarə haqqının əvəzi olaraq maddi ziyanın, 10000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, 14.02.2006-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 53 ünvanında yerləşən 2 otaqdan ibarət mənzili 76500 manat ödəməklə almışdır. Alındığı gündən sözügedən yaşayış sahəsi qeyriyaşayış sahəsinə çevrilmişdir. Artıq uzun müddətdir ki, qeyri-yaşayış sahəsi kimi istifadə olunur və 2020-ci ilin mart ayınadək qeyri-yaşayış sahəsi kimi icarəyə verilmişdir. Lakin, 2020-ci ilin mart ayından sonra cavabdeh MTK tərəfindən sözügedən ərazidə söküntü işləri aparıldığından və mülkiyyətində olan qeyri-yaşayış sahəsi süni şəkildə qəzalı vəziyyətə salındığından icarəyə götürmüş şəxs icarədən çıxmışdır. Nəticədə 2020-ci ilin yanvar ayından etibarən icarədən əldə etdiyi aylıq 700 manatdan məhrum olmuşdur. Məcbur qalaraq icarə qiymətini aylıq 500 manat məbləğinə qədər endirmiş, buna baxmayaraq, ərazidə kortəbii şəkildə söküntü və tikinti işləri aparıldığından və əmlakı qəzalı vəziyyətə düşdüyündən icarəçi orada fəaliyyətini davam etdirməyin mümkünsüz olduğunu bildirərək icarədən çıxmışdır. Cavabdeh təşkilat onunla heç bir müqavilə bağlamadan, heç bir razılıq əldə etmədən, hətta həmin ərazidə tikinti və söküntü işlərini həyata keçirmək səlahiyyətini təsdiq edən heç bir sənəd-sübut göstərmədən mülkiyyətində olan əmlaka əhəmiyyətli dərəcədə ziyan vurmuşdur. Eyni zamanda ərazidə cavabdeh tərəfindən yaradılmış mövcud vəziyyət mülkiyyətində olan əmlakdan istifadə hüququnu da tam şəkildə məhdudlaşdırmışdır. Bu kimi hallar isə onun Azərbaycan Respublikası Konstitusiyasında və digər normativ hüquqi aktlarında müəyyən edilmiş hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Həmçinin, bu kimi qanunsuz hərəkətlərə son qoyulması üçün dəfələrlə təşkilatın nümayəndəsi ilə görüşləri olmuş, aralarında mübahisələr yaranmış və qanunsuz hərəkətlərə son qoyulmasına dair tərəfindən xəbərdarlıqlar edilmişdir. Dəfələrlə əmlakına baş çəkməyə getdikdə kənar şəxslərin qanunsuz olaraq tikinti şirkəti tərəfindən sökülmüş divardan mənzilə daxil olmasının şahidi olmuşdur. Hətta bununla bağlı Yasamal rayon İcra Hakimiyyətinə də məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh təşkilat qanunsuz hərəkətlərinə davam etmişdir və hər dəfə cavadehin bu kimi hərəkətləri onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Prosesin gedişatında iddiaçı Cavabdeh MTK cavabdeh İddiaçı qarşı “qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan kirayə haqqının ödənilməsi, iddiaçıya məxsus mənzilin əvəzinə yeni tikilən binadan mənzilin verilməsinə dair müqavilənin bağlanması, mənzilə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təklif edildiyi qaydada cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 45.3 kv.m sahədən ibarət mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında əvvəlki sahəsindən daha böyük sahəli mənzilin verilməsi barədə onunla müqavilənin bağlanması, iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq yeni çoxmərtəbəli yaşayış binası istifadəyə təhvil verilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşməsi üçün hər ay 350 manat məbləğində kirayə haqqının ödənilməsi və cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəi 53 ünvanında yerləşən mənzilə olan mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Daha sonra iddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 53 ünvanında yerləşən, tikililərinin xarici ölçüləri nəzərə alınmaqla 65,6 kv.m., daxili ölçüləri nəzərə alınmaqla 49,9 kv.m. təşkil edən mənzilə dair mülkiyyət hüququna xitam verilməsi, sözügedən mənzilin əvəzinə Cavabdeh MTK tərəfindən həmin ünvanda inşa olunacaq on bir mərtəbəli yaşayış binasının 2-ci girişindən 5-ci mərtəbədə yerləşən tikililərinin xarici ölçüləri nəzərə alınmaqla 86,0 kv.m., daxili ölçüləri nəzərə alınmaqla 71,7 kv.m. təşkil edən 2 otaqlı təmirli mənzilin İddiaçı verilməsi barədə müqavilənin bağlanması, hazırkı tələbin təmin edilməsi barədə qətnamə qüvvəyə mindiyi andan başlayaraq Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 53 ünvanında inşa olunacaq on bir mərtəbəli yaşayış binası istifadəyə təhvil verilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşməsi üçün İddiaçı hər ay 500 manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MTK qarşılıqlı iddia tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarında göstərilmişdir ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını və qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını və s. həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarına uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Cavabdehnə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 12.04.2018-ci il tarixli 185 nömrəli sərəncamı ilə MTK-nın 28.03.2018-ci il tarixli 01 nömrəli müraciəti əsasında Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün kooperativə icazə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən tikililərin sökülməsi və vəsaitin ödənilməsi müvafiq qanunvericiliyə əsasən MTK tərəfindən həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 10.04.2020-ci il tarixdə yaşayış binasının tikintisinə 3 saylı icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ-nin “ünvan 3 ünvanda yerləşən 1, 3 və 9 saylı mənzillərin texniki vəziyyəti haqqında” 10.04.2020-ci il tarixli rəyinə əsasən, ünvan 3 ünvanda yerləşən 1, 3 və 9 saylı mənzillərin uzun müddət təmirsiz istismar edildiyindən fiziki cəhətdən köhnəldiyi, texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu müəyyən edilmişdir. Bakı şəhər Yasamal rayonu Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən tikililərin qəzalı vəziyyətdə olduğu üçün sakinlərin mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə tikililərin sökülməsinə başlanılmışdır. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 53 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsi olduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir rəsmi sənəd təqdim etməmişdir. Odur ki, mənzil yaşayış sahəsi kimi qəbul edilməlidir. İddiaçı U.Səttarova iddia ərizəsində ona məxsus mənzilin "İbrahim-Q” MTK tərəfindən süni şəkildə qəza vəziyyətinə salındığını bildirir. Halbuki, Nazirlər Kabinetinin müvafiq qərarında (eyni zamanda iddiaçının yerləşdiyiyi mənzilin olduğu) qeyd edilən ərazilərdə olan binalar qəzalı vəziyyətdə olduğu üçün orada olan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə həmin qəzalı vəziyyətdə olan binaların sökülməsi ilə bağlı tədbirlər həyata keçirilməkdədir. İddiaçının iddia ərizəsində göstərdiyi hallar yalnız formal mülahizələrə əsaslanır. Bundan başqa, "xxxx" MTK tərəfindən iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıracaq hər hansı hərəkətlərə yol verilməmişdir. Həmin ünvanda MTK tərəfindən yeni yaşayış binası tikilənədək binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə mənzillərdə yerləşdirilməsi külli miqdarda maliyyə vəsaiti tələb edir. Sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi müddətinin uzanması MTK tərəfindən süni surətdə artırılmış maliyyə vəsaitinin ödənilməsinə və yeni layihələndirilən çoxmərtəbəli binaların inşasının ləngiməsinə səbəb olacaqdır ki, bu da həm Nazirlər Kabinetinin qərarının, həm müvafiq rayon İcra Hakimiyyətinin sərəncamının, habelə yeni binanın tikilərək mənzillərinin təhvil verilməsinə dair MTK-nın üzərinə götürdüyü öhdəliyin icrasının qeyri-müəyyən müddətə ləngiməsinə səbəb olur. İikin iddia üzrə ddiaçının qəzalı vəzivvətdə olan binada yaşaması həm özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. Buna görə də, ən qısa müddətdə həmin qəzalı vəziyyətdə olan bina sökülməli və orada olan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması təmin edilməlidir. Daha öncə təqdim edilmiş qarşılıqlı iddia tələbinn digər tərəf münasibət bildirərkən, aylıq 350 manat kirayə haqqının az olmasını qeyd edərək etiraz etmişdir. Cavabdeh MTK tərəfindən analoji qaydada digər mülkiyyətçilərə ödənilən aylıq kirayə haqqının aşağı həddi 300 manat, yuxarı həddi isə 450 manat təşkil edir. Əlavə olunan sübutlardan da aydın görünür ki, aylıq 350 manat kirayə haqqı məbləği qarşı tərəfin qeyd etdiyi kimi az deyil. Lakin bütün bunlara baxmayaraq, digər tərəfin qeyd olunan etirazına hümanist yanaşma nümayiş elətdirərək, Cavabdeh MTK tərəfindən iddia tələbində qeyd olunan 350 manat aylıq kirayə haqqı məbləğinin 500 manata qaldırılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı üzrə iddia üzrə cavabdehin nümayəndəsi Vəkil2 ilkin iddia tələbini müdafiə edərək, onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Hüseynli Azər Kamil oğlu oğlu qarşılıqlı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10 və 28-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-386-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, akı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 53 ünvanında yerləşən 2 otaqdan ibarət mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını və qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını və s. həyata keçirilməlidir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Cavabdehnə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 12.04.2018-ci il tarixli 185 nömrəli sərəncamı ilə MTK-nın 28.03.2018-ci il tarixli 01 nömrəli müraciəti əsasında Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün kooperativə icazə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən tikililərin sökülməsi və vəsaitin ödənilməsi müvafiq qanunvericiliyə əsasən MTK tərəfindən həll edilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ-nin “ünvan 3 ünvanda yerləşən 1, 3 və 9 saylı mənzillərin texniki vəziyyəti haqqında” 10.04.2020-ci il tarixli rəyinə əsasən, ünvan 3 ünvanda yerləşən 1, 3 və 9 saylı mənzillərin uzun müddət təmirsiz istismar edildiyindən fiziki cəhətdən köhnəldiyi, texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC qiymətləndirmə şirkətinin 03.09.2021-ci il tarixli arayışına əsasən, ünvan 4 ünvanında və ona yaxın ətrafda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 50 kv.m. olan 2 otaqlı mənzilin (faktiki qeyri- yaşayış kimi istifadə edilir) 2020-ci və 2021-ci il tarixinə orta bazar kirayə qiyməti texniki və digər göstəricilərindən asılı olaraq 550 - 600 manat təşkil edir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilən, Cavabdeh MTK ilə qəzalı vəziyyətdə olan yaşayış sahələrinin sakinləri ilə bağlanmış müqavilələrin məzmunundan müəyyən olunur ki, mənzilin təmiri başa çatdırılaraq sifarişçiyə təhvil verilənə qədər sifarişçini müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi üçün Cavabdeh MTK tərəfindən analoji qaydada digər mülkiyyətçilərə ödənilən aylıq kirayə haqqının aşağı həddi 300 manat, yuxarı həddi isə 450 manat təşkil edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10.0-cı maddəsinə əsasən, yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək və müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir. Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “"xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir ki, “konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır... İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” İş materiallarındakı Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 12.04.2018-ci il tarixli 185 nömrəli sərəncamına əsasən Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma əsasında Cavabdeh MTK tərəfindən köçürülərək həmin binaların Azərbaycan Respublikası FHN-nin əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilmiş, sökülmüş binaların yerində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi Cavabdeh MTK-ya icarəyə ayrılmış, ərazidə yerləşən yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma müqaviləsi əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsini və qəzalı binanın sökülməsini təmin edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzil mübahisəsi tələbinə dair” ilkin iddia tələbi əsasszız olduğundan təmin edilməməli, qarşılıqlı iddia isə əsaslı və qanuni olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzil mübahisəsi tələbinə dair” ilkin iddia tələbi təmin edilməsin. İlkin iddia təmin edilmədiyinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı ünvan 5 ünvanında yerləşən, tikililərinin xarici ölçüləri nəzərə alınmaqla 65,6 kv.m daxil ölçüləri nəzərə alınmaqla 49,9 kv.m təşkil edən mənzilə dair mülkiyyət hüququna xitam verilsin; Sözügedən mənzilin əvəzinə Cavabdeh MTK tərəfindən həmin ünvanda inşa olunacaq on bir mərtəbəli yaşayış binasının “2-ci giriş”ində 5-ci mərtəbədə yerləşən tikililərinin xarici ölçüləri nəzərə alınmaqla 86,0 kv.m daxili ölçüləri nəzərə alınmaqla 71,7 kv.m təşkil edən 2 otaqla təmirli mənzilin İddiaçı verilməsi barədə müqavilə bağlansın; Qətnamə qüvvəyə mindiyi andan başlayaraq Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 53 ünvanında inşa olunacaq on bir mərtəbəli yaşayış binası istifadəyə təhvil verilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşməsi üçün İddiaçı hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh MTK-dan tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar