Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2000/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: ölüm faktının təsdiqi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuşdur.
2. Təcili və X2 Stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən X3 adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları ünvanına çağırış daxil olmuş, ünvanda həkimə qədər ölüm faktı kişi cinsli meyitinin olması qeyd edilmişdir.
3. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin 26 nömrəli Şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli, 330 nömrəli məktubdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X5 poliklinikaya xəstəliklə bağlı müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim etmədiyinə görə ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır.
4. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-2735/15 nömrəli arayışdan görünür ki, xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuş X3 ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.
5. Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 61 nömrəli arayışdan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
6. Ərizəçi Maraqlı şəxs olmaqla ərizə, sonradan ərizə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları ünvanında ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Ərizənin əsaslarına görə, X5 xx.xx.1959-cu ildə doğulmuş, xx.xx.2024-cü ildə vəfat etmişdir. O Sabunçu rayonu Balaxanı qəsəbəsində dəfn edilmişdir. Atası uzun illər Ləhic bağları, 20-ci dalan ərazisində yerləşən bağ evlərində yaşamışdır. Ərizəçi həftədə iki-üç dəfə atasına baş çəkmək üçün yanına getmiş, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə bağ evinə gedərkən atası qapını açmamış, sahədə olduğunu düşünərək şəhərə qayıtmış, lakin günorta saatlarında xahişi üzərinə qonşular evə daxil olaraq atasının öldüyünü demişlər. Bu vaxta qədər ona ölüm haqqında şəhadətnamə almamışdır. Nizami rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Vətəndaş vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Gələcəkdə vərəsəliklə bağlı hüquqi hərəkətlərin edilməsi üçün ölüm haqqında şəhadətnamə alınması zəruridir.
b) iddiaya qarşı etiraz
8. Ərizə tələbinə qarşı etiraz daxil olmamışdır.
a) məhkəmə icraat iştiakçılarının izahatları
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər. Ərizəçinin vəkili və nümayəndəsi əvvəlki məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verib, təmin olunmasını xahiş etmişdir.
10. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, X5 ilə dost olmuşdur. 25 oktyabrda ona zəng edərək bildiriblər ki, Adil vəfat edib. Daha sonra onlar mərhumun qardaşı oğlu ilə qəbirstanlığa gedib məzar yerini hazırlamışlar. Sonra mərhumun cənazəsini Kürdəxanı qəsəbəsindən öz yük avtomobili ilə Balaxanı qəbirstanlığına gətirib dəfn etmişlər. Mərhum 25 oktyabrda vəfat etmişdir.
11. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisi oğludur. O, axşam radələrində ona zəng edərək bildiriblər ki, atası vəfat edib və bu səbəbdən bağa gəlməyini xahiş edib. O bundan sonra Balaxanı qəsəbəsində yollanmışdır. Oraya gedəndə artıq mərhumu məscidə aparmışlar. Bundan sonra mərhumun dəfnində iştirak edib şəhərə geri qayıtmışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: -1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. - 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. - 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
17. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
18. Belə ki, işdəki sübutlara məcmu halında qiymət verilərkən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuş X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları ünvanında ev şəraitində vəfat etmiş, ailə üzvləri və yaxınlarının iştirakı ilə dəfn edilmişdir. Ölümün hansı səbəbdən baş verdiyini təsdiq edən sənəd və həkim rəyi olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, ölüm haqqında müvafiq tibbi şəhadətnamə olmadığı üçün isə ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır.
19. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları ünvanında ev şəraitində ölməsi faktı müəyyən edilməlidir.
20. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları ünvanında ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM Aytəkin Əsədzadə