Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-212/2021 08.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2nə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin və Cavabdeh1 MMC-nin iddiaçı X6 və cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məsim qızı cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi və iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə əsasında aldığı Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, müqavilə üzrə öhdəliklərin yerinə yetirilərək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilin tam təmirli olaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, qanunsuz və əsassız olaraq ondan alınmış 40 000 manat məbləğində ödənişin Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilə görə əsassız olaraq əlavə ödənilmiş 40 000 manat vəsaiti qanunsuz saxladığına görə həmin məbləğə illik 5 faiz hesablanmaqla 2000 manat pul vəsaitinin Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi, xx.xx.2019-cu il tarixdən məhkəmə qətnaməsi qəbul edilən günə qədər hər ay üçün 500 manat olmaqla kirayə haqqının Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilin vaxtında təhvil verilməməsinə görə mənəvi zərərin əvəzi olaraq 100 000 manatın Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 MMC İddiaçı Məsim qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Məsim qızı ilə Cavabdeh1 MMC arasında Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilin alqı-satqısına dair xx xxxxx 2019-cu il tarixli, AN-i ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan mənzilin iddiaçıya verdiyi 30 000 manat məbləğində pul vəsaitinin geri qaytarılması yolu ilə Cavabdeh1 MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Məsim qızı onunla “Cavabdeh1 MMC arasında notarial qaydada bağlanmış xx xxxxx 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzili 30.000 manata almışdır. Aralarında olan razılığa əsasən mənzil ona tam təmirli olaraq satılmışdır. Belə ki, bu binada olan bütün mənzillər təmirli olaraq satılır. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı Cavabdeh1 MMC daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib qiyməti ilə razılşadığı vəziyyətdə xx xxxxxxx 2019-cu il tarixinədək alıcının faktiki sahibliyinə verməli idi. Lakin binanın tikintisi başa çatmasına baxmayaraq, satıcı Cavabdeh1 MMC öz üzərinə düşən öhdəliyi yerinə yetiməyərək heç bir əsaslı səbəb göstərilmədən bu günə qədər mənzili ona təhvil verməmişdir. Belə ki, dəfələrlə şifahi qaydada danışıqlar aparsalarda da, cavabdeh onun mənzilə daxil olmağına şərait yaratmamış, mənzilin əsassız olaraq ona təhvil verilməsindən imtina etməklə onun mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Nəticədə cavabdehin təqsiri ucbatından xx.xx.2019-cu il tarixdən kirayədə yaşamağa məcbur olmaqla maddi zərərə məruz qalmışdır. Onun çəkdiyi maddi zərərin birbaşa səbəbkarı cavabdeh olduğundan sonuncu tərəfindən bu zərər tam olaraq ona ödənilməlidir. Cavabdeh1 MMC ilə aralarında notarial qaydada bağlanmış xx xxxxx 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi 6 saylı Notarait Kontorunda bağlanmış və o, mənzilin dəyərini 30 000 manatı notariusun “xxxx” ASC-nin Sahil Filialında olan depozit hesabına ödəmişdir və bu barədə ona qəbz verilmişdir. Lakin, xx xxxxx 2019-cu il tarixdə Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri onu aldadaraq əlavə 40.000 manat ödəniş etməli olduğunu və nəticədə ona 2 otaqlı deyil, 4 otaqlı mənzil verəcəklərini bildirmişlər. O, cavabdehin verdiyi vədə inanaraq əlavə 40.000 manat ödəniş etmişdir. Lakin, cavabdehin vəzifəli şəxsləri ödənişi vergidən yayınmaq üçün notariusun depozit hesabına deyil, onların öz hesabına ödəməli olduğunu bildirmişlər. O isə cavabdehin yalan vədlərinə inanaraq 40 000 manatı nağd qaydada cavabdeh şirkətə ödəyib və bu barədə kassa mədaxil orderi tələb etmiş və almışdır. Heç bir hüquqi əsas olmadan ondan alınmış 40 000 manat pul cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh1 MMC-nin vəzifəli şəxslər ilə onu Bakı şəhəri Cavabdeh2 vəzifəli şəxsləri tanış etmişlər. Belə ki Sovetski adlanan ərazidə onun mülkiyyətində ünvan 1 ünvanda 3 saylı mənzil olmuşdur. Həmin mənzili alqı-satqı müqaviləsinə əsasən 70200 manata Bakı şəhəri Cavabdeh2 dövlət nəfinə almışdır. Bu zaman o, həmin pula ev ala bilməyəcəyini bildirdikdə İcra Hakimiyyətinin məsul şəxsləri onu “Cavabdeh1’ MMC ilə tanış etmişlər və orada ucuz mənzil ala biləcəyini bildirmişlər. Nəticədə yuxarıda qeyd etdiyi mənzili almış və alqı-satqı baş tutmuşdur. Lakin, ucuz mənzil alacağına inanaraq aldadılmışdır, 70.000 manat pul ödəyərək 2 otaqlı mənzili belə əldə edə bilmir. Məcbur qalaraq bir müddəl qohumlarının evlərində, daha sonra kirayədə yaşayır. Hesab edir ki, cavabdehin təqsiri ucbatından kirayədə yaşadığından çəkdiyi xərclər cavabdehdən tutularaq ona ödənilməlidir. Eyni zamanda cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi iztirab və sarsıntılar keçirmiş, bu səbəbdən cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi kimi 100 000 (yüz min) manat məbləğində pulun tutulub ödənilməsini tələb edir. Belə ki, 2019-cu ilin oktyabr ayından etibarən o, dəfələrlə cavabdehin qanunsuz hərəkətləri nəticəsində günlərlə, saysız hesabsız şəkildə cavabdehin olduğu ünvana gedib-gəlmişdir, cavabdehlə danışıqlar aparmış, vaxt itirmişdir və əsəbi gərginlik keçirmişdir. Bütün bunlar ona əsəb və stres yaşatmış, o, uzun müddət psixoloji gərginlik altında olmuş, onu daha da əsəbləşdirmiş, keçirdiyi iztirabı daha da dərinləşdirmişdir. Bunlar da onun şüurunda müəyyən mənfi psixi reaksiyalara səbəb olmuşdur. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Azərbaycan Respublikası Mənzi İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “xxxx” MMC arasında sosial evlərin tikintisi ilə əlaqədar xx.xx.2017-ci il tarixli “İnvestisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “xxxx” MMCnin təqdim etdiyi, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanındakı 0.17 ha torpaq sahəsində 3 yaşayış binasının “xxxx” MMC tarəfindən xx.xx.2018-ci il tarixədək tikilməsi, 1 binanın “xxxx” MMC-yə təhvil verilməsi, digər 2 bina üzrə mənzillərin satışının isə tikintini aparan “xxxx”MMC tərəfindən həyata keçirilməsi nəzərdə tulmuşdur. Tikinti işləri aparılarkən 50% faiz payla “xxxx” MMC-nin təsisçisi olmuş Potsyus Pavilas özünə məxsus 2 060 000 ABŞ dolları məbləğində pulu tikintinin aparılması üçün MMC-nin digər təsisçisi Elçin Ələkbərova vermişdir. Aralarında olan razılaşmaya uyğun olaraq təqdim edilən sərmayə əsasında binalar inşa edilib onlara düşən binalardakı mənzillər satıldıqdan sonra qoyulmuş sərmayə qaytarılmalı və əldə olunmuş gəlir yarı bölünməli olmuşdur. “xxxx” MMC-nin təsisçisi Litva Respublikasının vətəndaşı Potsyus Povilas və Mənzil İnşaat Dövlət Agentliyinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna “xxxx” MMC-nin təsisçisi Elçin Ələkbərovun qanun pozuntularına yol verməsi barədə daxil olmuş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC-nin sabiq direktoru X18 təsisçi Elçin Ələkbərovla əlbir olaraq sonuncunun tapşırığı ilə xx xxxxxxx 2018- ci il tarixdə X8 28 nömrəli binanın 25-ci mənzilini, xx xxxxxx 2019-cu il tarixdə isə X3 28 nömrəli binanın 6-cı mənzilini müvafiq olaraq 65.000,00 və 75.000,00 manat müqabilində sataraq, notarial qaydada təsdiq edilən ‘Daşınmaz əmlakın alqı-satqısı” müqavilələrində isə yalandan olaraq hər bir mənzilin satış qiymətinin 30 000 manat olmasını göstərmişdir. Bundan başqa, yatırdığı sərmayənin əvəzini ala bilmədiyinə görə narazı qalan “xxxx” MMC-nin digər təsisçisi Potsyus Povilasın hüquq mühafizə orqanlarına şikayətinin qarşısını almaq üçün Mail İbadov əlbir olduğu Elçin Ələkbərovun tapşırığına əsasən xx xxx 2018-ci il tarixli müqavilələrlə X4 və X2 adına rəsmiləşdirilmiş ümumilikdə 150 092 manat dəyərində olan 20 və 24 saylı mənzilləri, x xxxx 2018-ci il il tarixdə X1 adına rəsmiləşdirilmiş ümumilikdə 178.858,35 manat dəyərində olan 65 və 68 saylı mənzilləri, x xxxxxxx 2018-ci il tarixdə X11 və X9 adına rəsmiləşdirilmiş ümumilikdə 60 000 manat dəyərində olan 31 və 36 nömrəli mənzilləri xx xxxxxx 2019-cu il tarixli müqavilələrlə Potsyus Povilasın adına da rəsmiləşdirmişdir. Beləliklə göründüyü kimi, “xxxx” MMC-nin təsisçisi X10 və X18 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirdiyindən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni nənafelərinə mühüm zərər vurduğundan, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdiyindən əməllərində külli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifə səlahiyyətlərindən sui-stifadə və vəzifə saxtakarlığı cinayətlərinin tərkib əlamətləri müəyyən edilmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Mənzil İnşaat Dövlət Agentliyinin və Potsyus Povilasın müraciətləri əsasında toplanmış 02/2-7839-20 N-li material üzrə X10 və X12 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.3.2, 308 1 və 313-cü maddələri ilə cinayət işi başlanılmış və cinayət işi üzrə ibtidai istintaqın aparılması Baş idarənin İstintaq idarəsinə həvalə edilmişdir. Qeyd olunanlardan və iddiaçının iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı da digər şəxslər kimi “xxxx” MMC-nin sabiq rəhbərliyinin cinayətkar niyyətlərinin qurbanı olmuş, iddiaçını aldatma yolu ilə, yəni sonuncu ilə notarial qaydada alqı-satqı müqaviləsi bağlayaraq 30 000 manat əldə etdikdən sonra 2 otaqlı mənzili 4 otaqlı mənzilə əvəz etmək vədi verərək dələduzluq yolu ilə əlavə olaraq 40 000 manat məbləğində vəsaiti qanunsuz olaraq ələ keçirmişlər. Halbuki, qeyd olunmaldır ki, iddiaçıya vədd olunan 4 otaqlı mənzi “xxxx” MMCnin tikdiyi binaların heç birində mövcud deyildi. Ümumiyyətlə MMC tərəfindən tikilən binalar sosial evlər olduğu üçün həmin binalarda otaqların sayı 3-dən çox deyildir. Başqa sözlə desək, iddiaçı ilə alqı-satqı müqaviləsinin uydurma əqd kimi, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasına əsas məqsəd “xxxx” MMC-nin pul vəsaitlərinin dələduzluq yolu ilə qanunsuz olaraq ələ keçirməkdən ibarət olmuşdur ki, bu əqd də əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməlidir. Alqı-satqı müqaviləsinin etibarsız olmasına dəlalət edən hallardan biri kimi alqı-satqı yolu ilə satılan 62,6 kv.m sahəsi olan tam təmirli mənzilin 30 000 00 manat məbləğə satılmasını qeyd etmək olar. Məlum məsələdir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında yerləşən sosial təmirli mənzillərin 1 kv.m sahəsinin 1000 manatdan aşağı olması qeyri-mümkündür və bazar qiymətlərinə ümumiyyətlə uyğun deyil. Bu faktı xxxx-nın rəsmi internet saytına daxil olmaqla da görmək olar. Belə ki, həmin internet saytından aydın görünür ki, xxxx-nın həyata keçirdiyi sosial evlər layihəsində 3 otaqlı təmirli mənzillərin qiyməti 60.000,00 - 62.000,00 manat civarından başlayır. İddiaçının aldığı 30 000 manat dəyərində isə 3 otaqlı deyil, yalnız 1 otaqlı mənzilləri əldə etmək olar. Qeyd olunanlardan aydın olur ki, iddiaçı ilə “xxxx” MMC-nin sabiq rəhbərliyi arasında bağlanmış alqı-satqı müqaviləsi mənzilin alqı-satqısının həyata keçirilməsi məqsədi ilə deyil, MMCnin pul vəsaitlərinin dələduzluq yolu ilə qanunsuz olaraq ələ keçirməkdən ibarət olmuşdur. Buna sübut kimi, MMC-nin sabiq rəhbərliyinin iddiaçıya əlavə olaraq 40 000 manat pul müqabilində təqdim etdikləri saxta kassa mədaxil orderlərini də göstərmək olar. Belə ki, iddiaçıya təqdim edilən kassa mədaxil orderi qanunvericiliyin tələblərinə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada ciddi uçot hesabat blankında deyil, özünə uyğun qaydada tərtib edilən formada olmuş və üzərində MMC-nin rəsmi möhürü əvəzində sənədlər üçün ştamp ilə təsdiq edilmişdir. Həmin iddiaçının əlavə verdiyi 40 000 manat pul vəsaiti isə MMC-nin hesabına mədaxil edilməmiş, sabiq rəhbərliyi tərəfindən dələduzluq yolu ilə qanunsuz olaraq ələ keçirilmişdir ki, bunun da nəticəsi olaraq iddiaçı cavabdeh “xxxx" MMC-nin sabiq rəhbərliyi barəsində istintaq olunan cinayət işi üzrə zərərçəkmiş kimi tanınmalı və həmin fakta da cinayət mühakiməsi müstəvisində qiymət verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin olunması, ilkin iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə məhkəmə iclasında iştirak etmiş şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan notariat qaydasında təsdiq edilmiş xx xxxxx 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzil Cavabdeh1 MMC tərəfindən İddiaçı Məsim qızına 30000 manata satılmışdır. İddiaçı Məsim qızı ilə Cavabdeh1 MMC arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” xx xxxxx 2019-cu il tarixli fərdi müqavilədən görünür ki, Cavabdeh1 MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62.6 m2 olan 52 saylı mənzilin tikintisini öhdəsinə götürmüşdür. Mənzilin satış qiyməti 79189 manata razılaşdırılmışdır. “xxxx” ASC-yə məxsus xx xxxxx 2019-cu il tarixli ödəniş orderindən görünür ki, İddiaçı Məsim qızı tərəfindən alqı-satqı müqaviləsi üzrə 30 000 manat ödənilmişdir. xx xxxxx 2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı Məsim qızı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzil üçün 40 000 manat pul ödənilmişdir. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzil üzərində İddiaçı Məsim qızının xüsusu mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmışdır. xx xxxxxxxx 2019-cu il tarixli yaşayış sahəsinin kirayəsi haqqında müqavilədən görünür ki, X5 tərəfindən ünvan 3 ünvanlı ev İddiaçı Məsim qızına aylıq 500 manat məbləğə kirayə verilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisələrin düzgün həlli üçün ilk öncə qarşılıqlı iddia həll edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh müqaviləni mübahisələndirmək üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə müəyyən edilmiş bir illik müddəti ötürdüyündən qarşılıqlı iddia təmin edilə bilməz və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədə mənzilin dəyəri 79189 manata razılaşdırılmasına baxmayaraq, tərəflər arasında həmin mənzil barəsində notariat qaydasında müqavilə bağlandığından, həmin müqavilə qüvvədə oldugundan və eyni zamanda iddiaçının həmin mənzil üzərində xüsusi mülkiyyət hüquqları qabaqcadan dövlət qeydiyyatına alındıgından iddiaçı müqavilə notariat qaydasında bağlandığı andan həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilə sahiblik və istifadə hüququ tanınmalıdir. Bundan əlavə məhkəmə hesab edir ki, mənzilin satışı təklifində mənzilin tam təmirli və mebellə satılması göstərilməsi və iddiaçının həmin təkliflə razılaşması və bu şərtlərlə müqavilənin bağlanması barədə nəzərə alınaraq mənzilin tam təmirli vəziyyətdə iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Bundan əlavə məhkəmə iddiaçının mənzilə görə ödədiyi 40000 manat məbləğində pul vəsaitinin ondan aldadılma nəticəsində alınması dəlili ilə razılaşmır. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, mübahisəli mənzilin satış qiyməti 79189 manata razılaşdırılmışdır. Məhkəməyə iddiaçıdan ona 4 otaqlı mənzil veriləcəyi vədi ilə aldadılması hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ilk iddia qanunsuz və əsassız olaraq iddiaçıdan alınmış 40 000 manat məbləğində ödənişin Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi və həmin vəsaiti qanunsuz saxladığına görə həmin məbləğə illik 5 faiz hesablanmaqla 2000 manat pul vəsaitinin Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi hissəsində əsassızdır və rədd edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, ilk iddia mübahisəli mənzilin vaxtında verilməməsinə görə iddiaçı tərəfindən çəkilmiş kirayə pulu xərcinin əvəzinin ödənilməsi hissəsində rədd edilməlidir. Belə ki, iddiaçı kirayə müqaviləsinin icra edilməsini, yəni iddiaçının kirayə mənzildə yaşamasını və kirayə haqlarını ödəməsini təsdiq edən sübatları məhkəməyə təqdim etməmişidir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq cavabdehlərə qarşı mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, artıq yuxarıda qeyd olunduğu kimi cavabdehin təqsirli hərəkətləri nəticəsində, yəni xx xxxxxxx 2019-cu il tarixdən hal-hazıradək mənzili iddiaçıya təhvil verməməsi nəticəsində iddiaçı hüquqlarının müdafiəsi üçün hüquq mühafizə orqanlarına müraciət etməyə məcbur olmuşdur. Bu hallar isə şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olan hallardır. Bununla yanaşı məhkəmə mənəvi zərərin məbləği ilə razılaşmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarın 3-cü bəndinə əsasən mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən, mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkət və hərəkətsizliklərinin təhlükəlik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə işin sair diqqətəlaiq hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 2000 manat məbləğində müəyyən olunmasını ağlabatan və ədalətli hesab edir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı mənzilin razılaşdırılmış qiymətinin ödənilməmiş hissəsini, yəni 9189 manatı cavabdehə ödəməlidir. İddiaçı həmin məbləgi ödəmədiyi halda cavabdeh ona qarşı hamin məbləgin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddiasının qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 1.20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilə sahiblik və istifadə hüququ tanınsın. Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilin daxili təmir işləri, su, elektrik, istilik xətləri, mətbəx mebeli, avadanlıq və daxili qapılar olmaq şərti ilə İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh1 MMC-nin üzərinə qoyulsun. Cavabdeh1 MMC-dən 2000 (iki min) manat məbləğində mənəvi zərər, 1,20 manat (bir manat iyirmi qəpik) dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-212/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-212/2021
08.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver