Məhkəmə qərarları › İş №2(004)-2167/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2167/2021

05.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2167/2021 05.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Ağalı Tural Qara oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2010-cu il tarixdə X9 ilə nikaha daxil olmuşdur. Həyat yoldaşı X9 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.2020-ci il tarixdə səhhətində ağırlaşma olmuşdur və buna görə MediClub klinikasına müayinə olunması üçün müraciət etmişdir. Müayinə edildikdən sonra evə buraxılmışdır. xx.xx.2020-ci il tarixdə səhhətində kəskin ağırlaşma baş vermiş və buna görə də MediClub klinikasının təcili yardım briqadası çağırılmışdır. Təcili yardım briqadası tərəfindən bütün tədbirlər görülməsinə baxmayaraq X9 vəfat etmişdir. X9 vəfat edəndən sonra təcili tibbi yardıma zəng edilmişdir. Bakı şəhəri Təcili və X6 Stansiyasının 4 saylı bölməsi gəlmiş və tərəflərindən Ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 19 saylı şəhər Poliklinikasına ərizə ilə müraciət edərək, X7 ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etsə də, naməlum səbəbli qəfil ölümün, cavan yaş həddinin və ölümə səbəb ola biləcək xəstəliklər barədə heç bir tibbi sənədin olmaması və təqdim edilmədiyi əsas gətirərək müraciətin ərinin ölüm sənədini başqa qaydada ala bilmir. Lakin ərinin vərəsəsi olduğu üçün vərəsəliklə bağlı məsələlərin həll edilməsi üçün ölüm haqqında şəhadətnamə lazımdır. Bu səbəbdən də ölüm haqqında şəhadətnamənin alınması üçün ərinin ölüm faktının təsdiq edilməsi lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, ərizəçinin anasıdır. X4 xx.xx.2020-ci il tarixdə axşam özünü pis edirdi, qızı ilə xəstəxanaya getdilər. Orada ona ciddi bir şey olmadığını bildirilmiş, yüngül sakitləşdirici yazmışdırlar. Gəldikdən sonra hər sey normal idi, səhər yuxudan durduqdan sonra vəziyyəti pisləşmişdir. Onlar təcili yardım çağırmışlar. Həmin vaxt mərhum yerə yıxılmışdır. Həmin gün evdə uşaqlar, qızı və o olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o, ərizəçinin qardaşıdır. O, anasıgilə gəldikdə bacısı ilə yoldaşı evdə deyildi. Onlar MediCluba getmişdilər. O evdən çıxan vaxtı onlar qayıtdılar. Səhər anası ona zəng edərək, mərhumun vəfat etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Şəxsiyyət vəsiqəsindən görünür ki, X9 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə Ərizəçi xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, vəfat etmiş vətəndaş X5 ölümünün qeydiyyatı barədə ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması mümkün deyil. Ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Təcili və X6 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, təcili tibbi yardım briqadasının tərkibinə xx.xx.2020-ci il tarixdə, saat 12:15-də Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi 73,mənzil 69 ünvanına çağırış edilmiş və kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan MediClub tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X9 üçün xx.xx.2020-ci il tarixində saat 11:10 radələrində yaxınları tərəfindən MediClub klinikasının təcili yardım briqadası çağırılmışdır. Briqada gəldikdə xəstədə artıq kliniki ölüm əlamətləri inkişaf etmişdir. Göstərilən müalicə tədbirlərinə baxmayaraq xəstədə xx.xx.2020 tarixində saat 12:00 radələrində bioloji ölüm qeydə alınmışdır. İş materiallarında olan Bakı Şəhər Yasamal Bələdiyyəsi tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X1 yerləşən Dağüstü 1 qəbiristanlığında xx.xx.2020-ci il tarixdə X10 tərəfindən dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar