Məhkəmə qərarları › İş №2(004)-2182/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2182/2024

29.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2182/2024 29.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Maraqlı şəxs Sadiq oğlunun iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Sadiq oğlu cəlb edilməklə barışıq sazişinin təsdiqi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi Maraqlı şəxs Sadiq oğluna qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi icraat qaydasında tərəfindən verilən ərizəni təmin edib cavabdeh Maraqlı şəxs Sadiq oğlu ilə aralarında 20 dekabr 2023-cü il tarixində bağlanmış barışıq sazişinin 3-cü bəndinə görə “tərəflər arasında birgə nikahdan doğulan xx.xx.2016-ci il təvəllüdlü X1 anasının yanında saxlanılır” və sazişin 5-ci bəndinə görə “ikinci tərəf uşağın təhsil haqqını və onun saxlanılması üçün Ailə Məcəlləsinin 76-cı maddəsinə görə aylıq gəlirinin 1/4-ü qədər aliment ödəyir” hissəsində təmin edilməsi və qətnamənin dərhal icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 2023-cü il tarixində xx.xx.2016-ci il tarixli nikah münasibətlərinə xitam verilməsi ilə bağlı 9 saylı mediasiya təşkilatına müraciət etmişlər. Cavabdeh tərəflə aralarında aşağıdakı şərtlərlə barışıq sazişi bağlanmışlar. Sazişin 2-ci bəndinə görə tərəflər razılaşırlar ki, nikaha xitam verilməsi barədə danışıqlara davam etmək istəmirlər. Bu məsələdə olan danışıqlara xitam verilir və müvafiq protokol imzlanır. Sazişin 3-cü bəndinə görə tərəflər arasında birgə nikahdan doğulan xx.xx.2016-ci il təvəllüdlü X1 anasının yanında saxlanılır. Sazişin 4-cü bəndinə görə ikinci tərəf (uşağın atası) övladı ilə görüş hüququnu həftənin bazar günü saat 11-dən 19.00-kimi həyata keçirir. Sazişin 5-ci bəndinə görə ikinci tərəf uşağın təhsil haqqını və onun saxlanılması üçün Ailə Məcəlləsinin 76-cı maddəsinə görə aylıq gəlirinin 1/4-i qədər aliment ödəyir. Bildirilir ki, nikaha xitam verilməsi barədə danışıqlara davam etmək istəmədiklərindən, bu məsələdə olan danışıqlara xitam verildiyindən və müvafiq protokol imzlandığından ərizəçi nikahın pozulması ilə bağlı məhkəmə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsinin icraatındadır. Ərizəçi sazişin 4-cü bəndində nəzərdə tutulan öhdəliyini yerinə yetirir, ikinci tərəf Maraqlı şəxs Sadiq oğlu isə yalnız uşağın təhsil haqqını ödəsə də hazırda onu da ödəməkdən yayınır. Alimenti isə ümumiyyətlə ödəmir. Yəni Maraqlı şəxs Sadiq oğlu sazişdə qeyd edilən uşağın təhsil haqqını və alimentin məbləğinin ödənilməsini həyata keçirmir. Daha sonra Ərizəçi dəqiqləşmə barədə ərizə təqdim edərək, barışıq sazişinin təsdiqi barədə xüsusi icraat qaydasında tərəfindən verilən ərizəni təmin edib cavabdeh Maraqlı şəxs Sadiq oğlu ilə aralarında 20 dekabr 2023-cü il tarixində bağlanmış barışıq sazişinin 3-cü bəndinə görə “tərəflər arasında birgə nikahdan doğulan xx.xx.2016-ci il təvəllüdlü X1 anasının yanında saxlanılır” və sazişin 5-ci bəndinə görə “ikinci tərəf uşağın təhsil haqqını və onun saxlanılması üçün Ailə Məcəlləsinin 76-cı maddəsinə görə aylıq gəlirinin 1/4-ü qədər aliment ödəyir” hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Sadiq oğlu ərizəni qəbul etməyərək, izahatında göstərdi ki, mediator ona bildirmişdir ki, barışıq sazişinin məzmununa təhsil haqqının ödənilməsi bəndi də əlavə edilsin ki, belə olan halda bir ay içində aralarında barışıq əldə ediləcək. O da bu barədə imza etmişdir. Ancaq hüquqi savadı olmadığına görə o anda hər şeyi əhatəli anlamamışdır. Çünki məsələ budur ki, təhsil haqqını ödəsə də, bunu ərizəçinin də maddi imkanlarını birləşdirərək edirdi. Ancaq boşandıqdan sonra isə onun təklikdə bu məbləği ödəməyə maddi imkanı çatmayacaq. Hazırda tədris ilinin bitməsinə çox az qalıb. Gələn tədris ilindən etibarən isə təhsil haqqının miqdarı daha da artacaq. Mediator həmçinin bildirdi ki, elə bu gün qarşı tərəflə birlikdə mediasiya təşkilatına getmirlər ki, təhsil haqqının ödənilməsi bəndinin barışıq sazişinin mətnindən çıxarılması müzakirə edilsin. Ərizəçinin vəkili ilə danışmışlar, o isə bildirmişdir ki, onlar mediasiyaya gəlməyəcəklər. Təhsil haqqının artaraq 700-800 manat olması ehtimal edilir. Hazırda qazandığı gəlir məbləği isə heç bir halda ona bu ödənişləri qarşılamağa imkan vermir. xx.xx.2024-cü il tarixində Ərizəçi AZEMİS vasitəsi ilə, üzürlü səbəbdən yəni uşağı azyaşlı olduğundan, məktəbə aparıb-gətirdiyindən məhkəmə baxışında iştirak edə bilməyəcəyini, məhkəmə baxışı prosesinin iştirakı olmadan keçirməklə ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci əsasən işə Ərizəçi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs Sadiq oğlu arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 20 dekabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, sazişin 3-cü bəndinə əsasən, “Tərəflər arasında birgə nikahdan doğulan xx.xx.2016-cü il təvəllüdlü X1 anasının yanında saxlanılır”. Sazişin 5-ci bəndinə əsasən, “İkinci tərəf uşağın təhsil haqqını və onun saxlanması üçün Ailə Məcəlləsinin 76-cı maddəsinə görə aylıq gəlirinin ¼-i qədər aliment ödəyir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin sazişin sözügedən bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs Sadiq oğlu arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 20 dekabr 2023-cü il tarixli barışıq sazişinin 3-cü və 5-ci bəndləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs Sadiq oğlu arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 20 dekabr 2023-cü il tarixli barışıq sazişinin aşağıdakı bəndləri təsdiq edilsin: 3.Tərəflər arasında birgə nikahdan doğulan xx.xx.2016-cü il təvəllüdlü X1 anasının yanında saxlanılır. 5.İkinci tərəf uşağın təhsil haqqını və onun saxlanması üçün Ailə Məcəlləsinin 76-cı maddəsinə görə aylıq gəlirinin ¼-ü qədər aliment ödəyir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar