Məhkəmə qərarları › İş №2(004)-2262/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2262/2025

13.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2262/2025 13.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Vəliyeva Heyvagül Valeh qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı şəhadətnamənin qismən etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı şəhadətnamənin qismən etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 12 saylı Notariat ofisindən Cavabdeh2 Baləli oğlu və Cavabdeh1 Baləli oğluna verilmiş xx.xx.2004-cü il tarixdə 2V-120 reyestr qeydiyyatlı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Cavabdeh3 Baləli qızma verilmiş xx.xx.2007-ci il tarixdə 2V-79 reyestr qeydiyyatlı qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni qismən etibarsız hesab olunması, onun Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi 76,78, 80 saylı fərdi yaşayış evinə 1/18 hissədə vərəsəlik hüququnun tanınması nəzərə alınmaqla, payının müəyyən olunması və mülkiyyət hüququnun tanınması, həmçinin bu hüququn qeydiyyata alınması vəzifəsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası Həmzəyeva ƏsliXanım Balaoğlan qızı olublar. Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçiddə yerləşən 7 saylı ev ata evidir. O, anadan olandan həmin evdə yaşamışdır. Anası ƏsliXanım Balaoğlan qızı əvvəldən X17 ilə ailə həyatı qurmuşdur və onların birgə nikahlarından xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh2 Balaəli oğlu, xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh1 Balaəli oğlu, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh3 anadan olmuşlar. Anası ƏsliXanım Həmzəyeva xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Vəfat edənə qədər onlarla yaşamışdır. Hazırda tərəfindən mübahisələndirilən, Bakı şəhəri, T.Şahbazi küçəsində yerləşən 76, 78, 80 saylı fərdi yaşayış evi ilə maraqlananda hazırkı iş üzrə cavabdehlər həmişə həmin evin mülkiyyətçisinin ataları Şahbazov Balaəli oğlu olduğunu bildirirdilər. O da onlara inanırdı və bu məlumatla kifayətlənirdi. Yalnız bu yaxın vaxtlarda ona məlum olmuşdur ki, həmin evin 1/6 hissəsinin mülkiyyətçisi mərhum anası Həmzəyeva ƏsliXanım olmuşdur və bununla bağlı araşdırma aparmağa başlamışdır. Vəkil sorğusu əsasında Ədliyyə Nazirliyinin Dövlət Notaruat Arxivindən xx.xx.2025-ci il tarixli, 3-16-5/6-14-188/25 saylı məktubla Bakı şəhəri 12 saylı dövlət notariat ofisində xx.xx.2004-cü il tarixli 2V-1/120 və xx.xx.2007-ci il tarixli 2V-1-79 reyestr nömrələri ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrə dair notariat işlərinin kserosurəti əldə olunmuşdur. Həmin araşdırma ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 Balaəli oğlu və Cavabdeh1 Balaəli oğlu onun Həmzəyevaa Əslixanımın vərəsəsi olduğunu notariat orqanından gizlədərək xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, T.Şahbazi küçəsi 78 saylı evə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə, həmçinin xx.xx.2007-ci il tarixdə Cavabdeh3 onun Həmzəyeva Əslixanımın vərəsəsi olmağını notariat orqanından gizlədərək həmin evin qalan hissəsinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışlar və həmin evə dair paylarının dövlət qeydiyyatına alınmasına müvəffəq olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (sonrakı mətnlərdə MM) 377.1-ci maddəsində təsbit olunduğu kimi, «İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır». Ona görə də mübahisəli evlə bağlı göstərilən məlumat əldə etdiyi andan məhkəməyə iddia ilə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin bu məsələ ilə bağlı Azərbycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun da Qərarı da vardır. Məhkəməyədək araşdırma nəticələrinə görə tərəfindən aşağıdakı hallar müəyyən olunmuşdur: X18 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş FM seriyalı 027046 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri T.Şahbazi küçəsində yerləşən 76,78,80 saylı fərdi yaşayış evinə 1/6 hissədə anası X1 xüsusi mülkiyyət hüququ olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş Çıxarışa əsasən Bakı şəhəri T.Şahbazi küçəsində yerləşən 76,78,80 saylı fərdi yaşayış evinə Cavabdeh2 10/8 hissədən qalan hissəsinə və X9 1/18 hissəsinə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bakı şəhəri 12 saylı Notariat ofisindən verilmiş xx.xx.2024-cü il tarixli, 3821 saylı cavab məktubuna görə xx.xx.2004-cü il tarixdə 2V-120 reyestr qeydiyyatlı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh1 Baləli oğlu və Cavabdeh2 (səhvən təkrarən Bahadur göstərilmişdir) Baləli oğluna, xx.xx.2007-ci il tarixdə 2V-79 reyestr qeydiyyatlı Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında Cavabdeh3 vərəsəlik payı verilmişdir. ünvan 1 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 282 saylı məktubla onun X2 vərəsəsi olmağı təsdiqlənmişdir. Qeyd olunan hallar onu göstərir ki, anası Əslixanım Həmzəyevanın vəfatından sonra vərəsə mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 özlərini anası Əslixanım Həmzəyevanın yeganə vərəsələri kimi qələmə verməklə xx.xx.2004-cü il və xx.xx.2007-ci il tarixlərdə «Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə» almış və bununla da mübahisəli evin hissəvi mülkiyyətçiləri olmuşlar. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinin tələbinə əsasən qəbul edilmiş miras açıldığı gündən vərəsənin, yəni pnların hər birinin mülkiyyəti sayılır. Yenə həmin Məcəllənin 1269-cu maddəsində göstərilir: «Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat kontoruna müraciət etməlidir». Faktiki olaraq mübahisəli evin vərəsəsi kimi o, onun qəbulundan imtina etməmişdir. Yuxarıda göstərilən hallar onun mülkiyyət hüququnun pozulmuş olduğunu əyani surətdə sübut edir. Ona görə Bakı şəhəri 12 saylı Notariat ofisindən Cavabdeh2 Baləli oğlu və X14 verilmiş xx.xx.2004-cü il tarixdə 2V-120 reyestr qeydiyyatlı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Cavabdeh3 Baləli qızına verilmiş xx.xx.2007-ci il tarixdə 2V-79 reyestr qeydiyyatlı Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə qismən etibarsız hesab olunmalıdır. Cavabdeh1 27 aprel 2025-ci il tarixdə iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının qeyd etdikləri hamısı şəh və böhtandır, o, miras açıldığı tarixdən 26 il vaxt keçdikdən sonra qanunsuz olaraq mübahisəli evdə pay hüququ əldə etmək niyyətinə düşmüşdür. İşin həqiqi halları ondan ibarətdir ki, X6 iki dəfə ailə qurmuşdur. Onun birinci həyat yoldaşı atası Balaəli Şahbazov olmuşdur, lakir onların rəsmi nikahı olmamış, yəni nikahları dövlət orqanında (VVADQ) qeydiyyata alınmamışdır. Faktiki nikaha daxil olandan sonra Əslixanım Həmzəyevə təxminən 1952-ci ildə atasına məxsus Yasamal rayonu, T.Şahbazi küçəsində yerləşən 76, 78, 80 saylı fərdi evə gəlin köçmüşdür. Atası ilə birgə nikah dövründə onların üç uşağı doğulmuşdur: Cavabdeh2 Baləmi oğlu, Cavabdeh1 Baləmi oğlu, Cavabdeh3 Baləmi qızı. 1964-cü ildə atası həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Atası həbs olunandan sonra, Əslixanım Həmzəyevə onları, doğma övladlarını ataraq, iddiaçının atası ilə ailə qurub daimi yaşamaq üçün ərinə məxsus Yasamal rayonu, 8-ci keçiddə yerləşən 7 saylı evi köçmüşdür. Onların birgə nikahında bir övladı doğulmuşdur: İddiaçı. Əslixanım Həmzəyevə onları atıb mübahisəli evdən çıxıb getdikdən sonra bir daha ora qayıtmamış və orada yaşamamışdır. Onları nənə və babaları saxlamışdır. Göründüyü kimi, X12 rayonu, T.Şahbazi küçəsində yerləşən 76, 78, 80 saylı fərdi evə hər hansı mülkiyyət olmamışıdır. O, həmin evə o kənardan gələn şəxs (gəlin) olmuşdur. Buna heç bir hüquqi olmadığı halda mübahisəli evə Əslixanım Həmzəyevanın adına pay hüququ hansı əsasla qeydiyyata alındığı məlum deyil? Müəyyən olunur ki, Əslixanım Həmzəyevə xx.xx.1999-cu il tarixdə, ikinci ərinə məxsus, ünvan 2 ünvanda yerləşən mənzildə vəfat etmişdir. Onun vəfatından sonra onlar - cavabdehlər (məhrumun vərəsələri) onun mülkiyyət payı olan ondan miras qalan evdə yaşamağı davam etmişlər - deməli miras əmlakı faktki surtədə qəbul etmişlər. İddiaçı həmin mənzildə ümumiyyətlə yaşamamış, anasının vəfatından sonra miras evdə payını faktki surətdə qəbul etməmiş və mirası qəbul etmək haqqında qanunla müəyyən edilmiş 6 ay müddətində notariat kontoruna müraciət etməmişdir. Beləliklə onlar - cavabdehlər xx.xx.1999-cu il tarixdə, Əslixanım Həmzəyevanın miras qalmış mülkiyyət payını faktki surtədə qəbul etmiş və həmin tarixdən əmlakın qanuni mülkiyyətçisi sayılırlar. X4 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. O, vəfat edəndən sonra, ondan miras qalmış T.Şahbazi küçəsində yerləşən 76, 78, 80 saylı fərdi evində payını faktiki surtədə qəbul etmiş, yəni həmin evdə yaşamağı davam edərək və onun idarə etmiş, kommunal xərclərinin ödəmiş və bu müddət ərzində evi dəfələrlə təmir etmişlər, yenidənqurma işlərinin aparmışlar. Lakin, miras evi faktki surətdə qəbul etsələr də, vərəsəlik üzrə mülkiyyət hüquqlarını rəsmiləşdirməmişlər. Bunu yalnız 2004-cü ildə etmişlər. Həmin ildə Bakı şəhəri 12 saylı Notariat Kontiruna müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar və onun əsasında qeydiyyat vəsiqəsi almışlar. Hazıda iddiaçı həmin şəhadətnamənin etibarsızlığı mübahisələndirir, güya ki anasının vəfatından 26 il müddət keçmiş olsa da, onun mübahisəli evdə anasının payı olmasından xəbəri olmamışdır və sair yalanlar. Aşağıda göstərilənlərə əsaslanaraq, iddiaçının iddia tələbini əsassız və qanunsuz hesab edirlər və onun rədd edilməsinin məhkəmədən xahiş edirlər. Müəyyən olunur ki, Əslixanım Həmzəyevə xx.xx.1999cu il tarixdə vəfat etmişdir - deməli vərəsəlik münasibətləri 21.12 1999-cu ildə yaranmışıdır və qanunun tələblərinə görə hazırkı iş üzrə həmin zaman qüvvədə olan mülki qanunvericiliyin normaları tədbiq edilməlidir. Həmin zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (11 sentyabr 1964-cü il tarixli qanun) 551-ci maddəsinə əsasən - mirası qəbul etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, mirası əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, ələcədə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmə barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətləri vərəsə, vərəsəlik açılan gündən 6 (altı) ay müddətində edilməlidir (mirası qəbul etmək üçün müəyyən edilmiş bu müddət kəsicidir). İddiaçı Mülki Məcəllənin 552-cı maddəsində göstərilən hərəkətlərin heç biri 6 ay müddətində etməmişdir - deməli mirası qəbul etməmişdir və bu hüququnu itirmişdir. İddia ərizəsinə hazırda qüvvədə olan Mülki Mcəllənin 1269-cü maddəsinə istinadən qeyd etmişdir: “Mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərizində mirasın qəbulunudan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat kontoruna müraciət edə bilər”. Lakin o imtina barədə notariusa ərizə verməmişdir. İddiaçın bu dəlillərini təkzib edərək bir daha qeyd etmişdir ki, münasibətlər yarandığı zaman (1999-cu il) köhnə Mülki Məcəllə qüvvədə olmuşdur və iddiaçının hazırda qüvvədə olan Mülki Məcəllənin normalarına istinad etməsi əsassızdır. Bundan əlavə 1269-cu maddəsində “mirasa sahiblik etməyə və ya onun idarə etməyə başlamış vərəsə”dən bəhs edilir, iddiaçı isə miras əmlaka heç zaman sahiblik etməmiş və idarə etməmişdir. Miras açıldığı gündən 26 il keçdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ehtimal edir ki, buna səbəb AR Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 23 dekabr 2023-cü il tarixli qərar olmuşdur. Həmin qərarda Konstitusiya Məhkəməsi Mülki Məcələnin 1246-cı maddəsinə şərh edərkən belə mövqe ifadə etmişdir: qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin göstərilən qərarına əsasən, mirasın açıldığı gündən 3 ay müddətində vərəsə mirası qəbul etməkdən imtina haqqında notariusa ərizə verməmişdirsə - o, mirası qəbul etmiş sayılır. Bununla bərabər Konstitusiya Məhkəməsi həmin qərarda xüsusi olaraq qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Şərh olunanlardan müəyyən olunur ki, AR Konstitusiya Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli qərarı hazırda qüvvədə olan Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinə həsr edilmişdir. Bu qərarın 1964-cü il tarixli Mülki Məcəlləyə heç bir aidiyyəti yoxdur, Həmdə Konstitusiya Məhkəməsinin həmin qərarda xüsusi ilə vurğulanmışıdır ki, bu qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunur. Yəni, bu qərar qanuni qüvvəyə minəndən sonra baş vermiş ölüm faktları üzrə yaranacaq vərəsəlik münasibətlərinə. İddiaçı qeyd edir ki, anasının mübahisəli evdə pay hüququnun olmasını yaxın zamanlarda bilmişdir, ona görə iddia müddətinin başlanması onun xəbər tutuduğu (bildiyi) tarixdən hesablanmalıdır. Əslində hazırkı mülki iş üzrə iddia müddəti deyil, köhnə Mülki Məcələnin 552-ci maddəsində göstərilən 6 aylıq müddət tədbiq edilməlidir. Həmin maddəyə görə əgər vərəsə bu müddəti ötürübsə, onun bərpa edilməsi (uzadılması) barədə məhkəməyə müraciət edə bilər. Mülki qanunvericilikdə iddia müddətinin axımının başlanması belə müəyyən edilmişdir: iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. İddiaçı qeyd edir ki, o hüquqlarının pozulduğu bu barədə şəxsi araşdırma apardıqdan sonra yaxın zamanlarda bilmişdir. Belə olan halda meydana sual çıxır ki, iddiaçıya bu məsələni anası vəfat edən 1999cu illər dövrdə araşdırmağa nə mane olmuşdur? Nəyə görə hüquqlarını pozulduğu məhz AR Konstitusiya Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli qərarından sonra başlamışdır? Bütün bu faktlar onun göstərir ki, iddiaçının əzəldən olaraq hər şeydən xəbəri olmuşdur, lakin heç bir hərəkət etməmişdir. 26 il müddət keçəndən sonra, Konstitusiya Mehkemesinin 23 dekabr 2023-cü il tarixli qərarından ruhlanaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilmişdir ki, hazırkı mübahisə köhnə Mülki Məcəllənin normaları əsasında həll edilməlidir. Həmin Mülki Məcəllədə iddia müddətinin tədbiq edilməsi üçün bu barədə cavabdeh tərəfindən ərizə verilməsi nəzərdə tutulmamışdır. Məhkəmənin özü müstəqil şəkildə iddia müddətini tədbiq etmək səlahiyyətinə malik olmuşdur. Hər bir halda, işə baxan məhkəmədən mülki iş üzrə iddia (və sair) müddətlərinin keçməsi barədə hüquq normalarını tədbiq edərək iddianın rədd edilməsini xahiş etmişlər. Elə bu əsas iddianı rədd etmək üçün kifayət edən əsasdır. Göstərilənləri nəzərə alaraq AR Mülki Məccələnin (1964-cü il tarixli redaksiyası) 552ci maddəsini rəhbər tutaraq, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğu üçün onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin əlavə olaraq izahatında bildirdi ki, iddiaçının anası əvvəl cavabdehlərin atası ilə nikahda olub, daha sonra isə iddiaçının atası ilə ailə qurub. Yəni iddiaçı cavabdehlərlə ögey bacı qardaşdırlar. Miras əmlak paylı mülkiyyətdədir. İddiaçının anasının həmin əmlaka 1/8 pay hüququ var idi. İddiaçı varis sayılmalıdır. Müddət də ona görə nəzərə alınmamalıdır ki, iddiaçı anasının mülkiyyətçi olmasını sonradan bilmişdir və müddət də həmin vaxtdan hesablanmalıdır. Ümumiyyətlə iddiaçının anası ilə münasibəti yaxşı olmadığına görə, anası mülkiyyətçi olmasını ondan gizlətmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil2 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, köhnə mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. Həmin qanunvericiliyə əsasən ya 6 ay müddətinə miras qəbul edilməli, ya da faktiki olaraq qəbul edilməlidir. Bununla bağlı AR KM-nin də müvafiq qərarları var. Ona verilən suallara cavab olaraq bildirdi ki, mərhum 1999-cu ildə vəfat edib. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, atası ilə anası arasında rəsmi nikah olmayıb. Anası 1999-cu ildə, atası isə 2001-ci ildə vəfat edib. Anası yəqin ki, atası tutulduqdan sonra həmin evə çıxarış əldə edib. Onlar ailədə 4 uşaq olmuşlar. Digər cavabdehlər onun bacı və qardaşıdır. Qardaşının biri 1987-ci ildə dünyasını dəyişib. Digər qardaşı Bahadur özünə aid olan payı satıb. Onlar hər biri üçün miras əmlak üçün 1/6 payını qəbul etmişlər. İddiaçının varlığında ümumiyyətlə xəbərləri olmayıb. Anası onları uşaq ikən ataları həbs olunduqdan sonra atıb getmişdir. Həmin vaxtdan ondan xəbəri olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümküm hesab etmişdir. Məhkəmə gəlmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri 12 saylı Notariat Ofisinin İddiaçı ünvanladığı 3821 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.2004-cü il tarixdə 2V-120 reyestr qeydiyyatlı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh1 Baləli oğlu və Cavabdeh1 Baləli oğluna, xx.xx.2007-ci il tarixdə 2V-79 reyestr qeydiyyatlı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh3 vərəsəlik payı verilmişdir. Mirasın açıldığı müddət ərzində onun tərəfindən mirasın qəbulu barədə müraciət daxil olmadığından, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. - Bakı şəhəri 12 saylı Notariat Ofisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 282 saylı, xx.xx.2025-ci il tarixli məktubuna əsasən xx.xx.1999-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi – oğlu İddiaçı xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 12 saylı Notariat Ofisinə ərizə və doğum haqqında şəhadətnamə ilə müraciət etmişdir və doğum haqqında şəhadətnaməyə əsasən X2 vərəsəsidir. - Bakı şəhəri Oktyabr rayonu tərəfindən 05 iyul 1978-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 366986 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 77 nömrə ilə qeyd edilmişdir. X3, anası isə Qurbanova ƏsliXanım Balaoğlan qızıdır. - Cavabdeh2 Baləmi oğlu və Cavabdeh1 tərəfindən 12 saylı Bakı Dövlət Notariat Kontoruna yazılmış ərizələrin surətlərindən görünür ki, Bakı şəhəri, Şahbazi küçəsi, ev 78 mənzilində yaşayan anaları Həmzəyeva ƏsliXanım Balaoğlan qızı xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Şahbazi küçəsi, ev 78 mənzili miras qalmışdır və həmin mənzilin varisləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dır. - Cavabdeh3 tərəfindən 12 saylı Bakı Dövlət Notariat Kontoruna yazılmış ərizənin surətlərindən görünür ki, Bakı şəhəri, Şahbazi küçəsi, ev 78 mənzilində yaşayan anaları Həmzəyeva ƏsliXanım Balaoğlan qızı xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Şahbazi küçəsi, ev 78 mənzili miras qalmışdır və həmin mənzilin varisləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dır. - Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən 13 mart 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 088082 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həmzəyeva ƏsliXanım Balaoğlan qızı xx.xx.1999-cu il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 345 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən 09 aprel 2001-ci il tarixdə verilmiş AZ-İ seriyalı 093562 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2001-ci il tarixdə ürək, damar çatışmazlığı səbəbindən Bakı şəhərində vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1081 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Oktyabr rayonu tərəfindən 06 avqust 1987-ci il tarixdə verilmiş Xİİ-ЖГ seriyalı 403074 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 122 nömrə ilə qeyd edilmişdir. X5, anası isə X7r. - AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 44864 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeyd edilmişdir. X5, anası isə Həmzəyeva ƏsliXanım Balaoğlan qızıdır. - Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 370244 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 1925 nömrə ilə qeyd edilmişdir. X5, anası isə Həmzəyeva ƏsliXanım Balaoğlan qızıdır. - Bakı şəhəri, Yasamal rayon Bələdiyyəsinin 12 fevral 2004-cü il tarixli, 5096 nömrəli arayışından görünür ki, Həmzəyeva ƏsliXanım Balaoğlan qızı ünvan 4 ünvanlarda yaşayan ev sahiblərindən əmlak və torpaq vergisinin ödəyicisidir və onun 2003-cü il tarixinə borcu yoxdur. - X22 tərəfindən 12 saylı Notariat Kontoruna ünvanlanmış ərizədən görünür ki, o, ünvan 5a ƏsliXanım Balaoğlan qızından qalmış mənzilin qardaşları - Cavabdeh1 və Cavabdeh2 vərəsəlik şəhadətnaməsi verilməsinə etiraz etmir. - Cavabdeh1 verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Şahbazi küçəsi, ev 78 nömrəli, 129,3 kv.m sahəsi olan mənzildə həqiqətən yaşayır və ev sahibi Həmzəyeva ƏsliXanım Balaoğlan qızıdır. Daimi qeydiyyatda olanlar- Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müvəqqəti qeydiyyatda olan kimi isə - X10 olaraq qeyd edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş FM seriyalı 027046 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri T.Şahbazi küçəsində yerləşən 76,78,80 saylı fərdi yaşayış evinə 1/6 hissədə anası Həmzəyeva ƏsliXanım Balaoğlan qızının xüsusi mülkiyyət hüququ olmuşdur. - 2V-1/120 nömrəli, xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Həmzəyeva ƏsliXanım Balaoğlan qızının vərəsəsi Cavabdeh1 və Cavabdeh2dur. Şəhadətnamə verilən miras əmlak - Bakı şəhəri, Şahbazi küçəsi, ev 76,78 və 80-də yerləşən mülkün 1/6 hissədən mərhuma məxsus mirasdan 1/18 pay verilib. Qalan hissəyə vərəsəlik verilməmişdir. - 2V-1-79 nömrəli, xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 21 dekabr 1999-cu ildə vəfat etmiş X8 vərəsəsi Bakı şəhəri, Şahbazi küç., ev 78-də yaşayan qızı Cavabdeh3dır və o miras əmlaka irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2007-ci il tarixdə **********65-10301 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi olan 40 nömrəli reyestr kitabının 3717 nömrəli vərəqində qeydiyyata alınmış çıxarış əsasında mərhuma məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsində yerləşən 76,78,80 nömrəli fərdi evin 1/18 hissəsindən ibarətdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyatdan keçməlidir. - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH, ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsində istifadədə olan 0.03334 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 11 otaqlı, 156.8 kv.m yaşayış, 65.4 kv.m köməkçi sahədən ibarət 76,8,80 nömrəli fərdi yaşayış evləri paylı mülkiyyət hüququ üzrə Ataməli Heybəli oğlunun - 1/6 hissə, Gülbəst Dadaş qızının - 1/6 hissə, X23 - 10/18 hissədən 2 otaq 27.9 kv.m, X11 - 1/36 hissə, Cavabdeh2 - 10/18 hissədən qalan hissə və X9 -1/18 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 3717 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin müəyyən edilmiş halları odur ki, iddiaçının anası Həmzəyeva ƏsliXanım Balaoğlan qızı olmuş, o, iki dəfə ailə həyatı qurmuş, onun birinci həyat yoldaşı X18 olmuşdur. Həmzəyeva ƏsliXanım Balaoğlan qızı Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi 76,78, 80 saylı fərdi yaşayış evində yaşamış və onun X18 ilə rəsmi nikahı olmamış, faktiki nikah münasibətlərindən üç uşağı anadan olmuşdur: Cavabdeh2 Baləmi oğlu, Cavabdeh1 Baləmi oğlu, Cavabdeh3 Baləmi qızı. Daha sonra X18 1964-cü ildə həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra Həmzəyeva ƏsliXanım Balaoğlan qızı başqa evə gəlin köçərək, iddiaçının X3 ilə ailə həyatı qurmuş və rəsmi nikah münasibətlərindən İddiaçı anadan olmuşdur. Miras qoyan ƏsliXanım Həmzəyeva xx.xx.1999cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH, ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsində istifadədə olan 0.03334 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 11 otaqlı, 156.8 kv.m yaşayış, 65.4 kv.m köməkçi sahədən ibarət 76,8,80 nömrəli fərdi yaşayış evləri paylı mülkiyyət hüququ üzrə Ataməli Heybəli oğlunun - 1/6 hissə, Gülbəst Dadaş qızının - 1/6 hissə, X23 - 10/18 hissədən 2 otaq 27.9 kv.m, X11 - 1/36 hissə, Cavabdeh2 - 10/18 hissədən qalan hissə və X9 -1/18 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 3717 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hal-hazırda iddiaçı Bakı şəhəri 12 saylı Notariat ofisindən Cavabdeh2 Baləli oğlu və X14 verilmiş xx.xx.2004-cü il tarixdə 2V-120 reyestr qeydiyyatlı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Cavabdeh3 Baləli qızına verilmiş xx.xx.2007-ci il tarixdə 2V-79 reyestr qeydiyyatlı qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni qismən etibarsız hesab olunması, onun Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi 76,78, 80 saylı fərdi yaşayış evinə 1/18 hissədə vərəsəlik hüququnun tanınması nəzərə alınmaqla, payının müəyyən olunması və mülkiyyət hüququnun tanınması, həmçinin bu hüququn qeydiyyata alınması vəzifəsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasını tələb edir, cavabdehlər isə müddətin keçməsi səbəbilə iddia tələbinin rədd olunmasını xahiş edirlər. Hazırda isə iddiaçı anasının ölümündən 25 (iyirmiş beş) ildən də çox keçdikdən sonra cavabdehin notariat orqanına müraciət etməsi ilə qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdükləri halda miras əmlak üzərində onun da birinci dərəcə vərəsə kimi payının olması əsası ilə cavabdehin adına verilmiş şəhadətnamənin etibarsızlığını tələb edir, həmin tələb də qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edilməlidir. Miras qoyan Həmzəyeva ƏsliXanım Balaoğlan qızı 1999-cu ildə vəfat etdiyindən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası 11 sentyabr 1964-cü il tarixli Mülki Məcəlləsi tətbiq edilməlidir. Azərbaycan Respublikası 11 sentyabr 1964-cü il tarixli Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş e`lan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən - Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Mirasın qəbulu elə hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddətdə mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Beləliklə, mübahisə predmeti olan əmlak tərəflərin anaları ƏsliXanım Həmzəyevanın xx.xx.1999-cu il tarixdə vəfatından sonra digər övladları cavabdehlər tərəfindən sahibliyə və istifadəyə qəbul edilmişdir. İddiaçının isə mənzilə dair hər hansı tələbləri olmamışdır. Əmlakın cavabdehlərin istifadəsində olması faktı iddiaçının öz ərizəsində də təsdiq edilmişdir. Göründüyü kimi qeyd olunan hallar işin mübahisləndirilməyən hallarıdır. Lakin qarşı tərəf mənzildən istifadə edilməməsi səbəbini əmlakdan məlumatlı olmaması ilə əsaslandırmaqla buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda bu ağlabatan deyildi. Belə ki, mirasqoyan ana Əslixanım Həmzəyeva cavabdehlər hələ uşaq olarkən onlardan ayrılmış, son vaxtlaradək isə iddiaçı ilə yaşamışdır. Bununla da iddiaçı miras əmlakı faktiki qəbul etmədiyi halda, eyni zamanda qanunla vərəsəliyin qəbul edilməsi üçün müraciətin edilməsi üçün nəzərdə tutulmuş müddəti də ötürmüşdür. Belə ki, iş üzrə təqdim edilmiş, eləcə də məhkəmə tərəfindən əldə olunaraq araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Mülki Məcəllənin 552-ci maddəsində göstərilən hərəkətlərin heç birini 6 ay müddətində etməmişdir - deməli mirası qəbul etməmişdir və bu hüququnu itirmişdir. Belə olan halda, məhkəmə iddia tələbinin “Bakı şəhəri 12 saylı Notariat ofisindən Cavabdeh2 Baləli oğlu və Cavabdeh1 Baləli oğluna verilmiş xx.xx.2004-cü il tarixdə 2V-120 reyestr qeydiyyatlı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Cavabdeh3 Baləli qızma verilmiş xx.xx.2007-ci il tarixdə 2V-79 reyestr qeydiyyatlı qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni qismən etibarsız hesab olunması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqe tətbiq oluna bilməz - belə ki, həmin qərara əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Belə olan halda isə qeyd edilən vaxtlar hazırki mübahisə üzrə vərəsəliyin faktiki qəbulu və qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasına dair dövrlərə tətbiq edilə bilməz. Həmçinin iddia tələbinin “iddiaçının Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi 76,78, 80 saylı fərdi yaşayış evinə 1/18 hissədə vərəsəlik hüququnun tanınması nəzərə alınmaqla, payının müəyyən olunması və mülkiyyət hüququnun tanınması, həmçinin bu hüququn qeydiyyata alınması vəzifəsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması” hissəsi ilkin tələblə bağlı olduğundan və ilkin tələbin əsassız olduğu müəyyən edildildiyindən həmin tələblərin araşdırılmasına lüzum yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərinisübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri 12 saylı Notariat ofisindən Cavabdeh2 Baləli oğlu və Cavabdeh1 Baləli oğluna verilmiş xx.xx.2004-cü il tarixdə 2V-120 reyestr qeydiyyatlı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Cavabdeh3 Baləli qızma verilmiş xx.xx.2007-ci il tarixdə 2V-79 reyestr qeydiyyatlı qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni qismən etibarsız hesab olunması, onun Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi 76,78, 80 saylı fərdi yaşayış evinə 1/18 hissədə vərəsəlik hüququnun tanınması nəzərə alınmaqla, payının müəyyən olunması və mülkiyyət hüququnun tanınması, həmçinin bu hüququn qeydiyyata alınması vəzifəsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə iddiası rədd edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı şəhadətnamənin qismən etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar