Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2283/2022 15.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı Zaur oğlunun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Zaur oğlunun Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Zaur oğlu Cavabdeh MTK-ya qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə əsasında ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 1-ci mərtəbəsində 206.0 kv/m sahədən ibarət qeyriyaşayış sahəsinin (market) maneələr aradan qaldırılaraq ona təhvil verilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu il tarixdə Cavabdeh MTK ilə müqavilə əsasında dəyərini 84040 AZN tam ödəyərək Bakı şəhəri, Yasamal rayonu, M. Xiyabani küçəsində yerləşən yaşayış binasının 2-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 152.8 k/m, 3 otaqdan ibarət, olan 165 saylı mənzili, xx.xx.2010-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, M. Xiyabani küçəsində yerləşən yaşayış binasının 1-ci mərtəbəsində 206 kv/m (market) qeyri yaşayış sahəsini dəyərini tam 247200 AZN ödəyərək almışdır. Müqavilə bağlanarkən Cavabdeh MTK-nın direktoru X1 bildirmişdir ki, iki il ərzində binanı tikib mənzili və qeyri-yaşayış sahəsini təhvil verəcək. Bina tam hazır olmasa da bir cox vətandaşlar, onlara, müqavilə əsasında məxsus olan mənzillərində, bəzi təmir tikinti işləri aparırlar. Buna ğörə də cavabdehə müraciət edərək mənzillərin və giriş qapılarının açarlarının verilməsini xahiş etsə də cavabdeh cürbəcür bəhanələr gətirərək mənzili və qeyri yaşayış sahəsini təhvil verməkdən imtina etmişdir. İş üzrə Cavabdeh Mənzil Tikinti Koorporativi iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsi əsassız olduğuna görə məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, mübahisəli 165 saylı mənzil və 206 kv.m sahəli qeyri-yaşayış sahəsi heç vaxt iddiaçıya məxsus olmamışdır. Cavabdeh MTK-nın sədri X1 Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa olunan bina ilə bağlı X6 ilə binanın tikintisini həyata keçirmək üçün podrat müqaviləsi bağlamışdır. xx.xx.2007-ci il tarixli və xx.xx.2008-ci il tarixli müqavilələrə görə xx.xx.2009-cu il tarixədək olan müddətdə sonuncu podratçı kimi layihəsmeta sənədlərinə uyğun olaraq binanın karkasının tikilməsi, hörgü və suvaq işlərinin görülməsi, plastik qapı-pəncərələrin, dam örtüyünün quraşdırılması, fasadın rənglənməsi və digər işləri- cəmi ******* ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə ******* manat dəyərində qiymətləndirilmiş iş həcmini öz materialları və işçi qüvvəsi hesabına icra edərək binanın tikintisini tam başa çatdırıb sifarişçiyə təhvil verməli olduğu halda, 2006-cı ilin oktyabr ayından 2010-cu ilin fevral ayınadək olan müddətdə öhdəsinə götürdüyü işlərin icra olunması üçün MTK-nın rəhbərliyi tərəfindən müxtəlif şəxslərə satılmaqla pul vəsaitləri ona verilmiş, yaxud aldığı tikinti materiallarına və yerinə yetirdiyi işə görə barter qaydasında ödənilmiş 71 ədəd mənzilin qismən dəyərini təşkil edən ******* ABŞ dolları, yəni ******* manat vəsaiti əldə etməsinə baxmayaraq, həmin müddət ərzində ******* ABŞ dollarını, yəni ******* manatı binanın tikintisinə sərf edərək işləri yarımçıq qoyub, qalan pulları isə şəxsi ehtiyaclarına xərcləyərək özgənin ona etibar etdiyi külli miqdarda əmlakını mənimsəmə yolu ilə talamışdır. X6 “Yeni Yasamaf’MTK tərəfindən tikintiyə ayrılmış 2-ci giriş, 7-ci mərtəbə, ümumi sahəsi 152.8 kv.m olan 165 saylı mənzili xx.xx.2009-cu il tarixli müqavilə əsasında Zərgərov Vəkil Zakir oğluna satmışdır. Vəkil Zərgərov tərəfindən ona ödənilmiş 81400 manat pul vəsaitini isə Cavabdeh MTK-ya ödənilməmişdir. Həmin fakt X6 tərəfindən yazılmış və Cavabdeh MTK-nın sədri Cahangir Alışova ünvanlanmış ərizə ilə də təsdiq edilir. Həmin ərizədə X6 “Yeni Yasamaf’MTK tərəfindən tikintiyə ayrılmış 2-ci giriş,7-ci mərtəbə, ümumi sahəsi 152.8 kv.m olan 165 saylı mənzili MTK-ya qaytararaq, Zərgərov Vəkil Zakir oğlu tərəfindən ödənilmiş 81400 manat pul vəsaitinin geri qaytarılması öhdəliyini öz üzərinə götürmüşdür. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, mübahisəli 165 saylı mənzilə dair iddiaçı heç bir tələb irəli sürə bilməz. Həmin 165 saylı mənzil başqa şəxsə məxsusdur. Həmin şəxs 2014-cü ildən mənzili təmir edərək, bugünədək mənzildə yaşayır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin iddiaya etirazında yazılmış hallar tam əssazsızdır. Belə ki, iddiaçı qeyri-yaşayış sahəsinin ona təqdim edilməsi barədə iddia qaldırmış və həmin qeyri-yaşayış sahəsini də, MTK-nın direktoru olmuş və hal-hazırda rəsmi direktoru olan Cahangir Alışovla rəsmi müqavilə bağlayaraq və pulunu tam ödəyərək almışdır. Buna dair ona rəsmi imzalı və möhürlü maliyyə arayışı da, verilmişdir. Etirazda qeyd edilmiş digər şəxsləri və eləcə də, X3 ümumiyyətlə tanımır, onunla MTK arasında hansı münasibətlərin olması və hansı müqavilələrin bağlanılması iddiaçıya məlum deyildir. Tərəflərindən ödənilmiş pul vəsaitinin də, hara xərclənilməsi iddiaçının marağında olmamaqla, onun məsuliyyəti deyildir. Bu illər ərzində iddiaçıya tikintinin uzanması, istintaq getməsi, binaya həbsin qoyulması, təmir işlərinin aparılması və s.. müxtəlif bəhanələrlə, daima yaxın zamanda əmlakının təhvil veriləcəyi bildirilsə də, bu günə kimi təqdim edilməmiş və bu gündə müxtəlif bəhanələr gətirilməklə maneələr yaradılmaqdadır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, lakin məhkəməyə iddiaya etiraz ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Satıcı Cavabdeh MTK-nın sədri sədri X1 ilə alıcı İddiaçı Zaur oğlu arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən MTK-nın tikilməkdə olan binasının 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsindən (market) 206.0 kv.m alıcıya verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin dəyəri 247200 manat təşkil edir. xx.xx.2010-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M. Xiyabani küçəsində yerləşən MTK-nın tikilməkdə olan binasının 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsindən (market) 206.0 kv.m dəyəri 247200 manat İddiaçı Zaur oğlu tərəfindən ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 160/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 Cavabdeh Mənzil Tikinti Korporativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən qeyri-yaşayış sahəsinə hər hansı müdaxilənin qadağan olunması, qeyri-yaşayış sahəsinin İddiaçıya təhvil verilməsi və qeyri-yaşayış sahəsi barədə hər hansı 3-cü şəxslərlə əqd bağlanmasının qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən binanın birinci mərtəbəsində sahəsi 102 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsinə dair hər hansı üçüncü şəxslərlə əqd bağlanmasının cavabdehə qadağan olunması qət olunmuşdur. Apellyasiya baxışı zamanı işin faktiki halları ilə bağlı aşağıdakılar müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi binanın birinci mərtəbəsində 102 kv.m qeyri-yaşayış sahəsinin satılması ilə bağlı X2 adına xx.xx.2014-cü il tarixli müqavilə və 160000 manat pulun ödənilməsi barədə maliyyə arayışı tərtib olunsa da, faktiki olaraq həmin pul vəsaiti MTK-ya ödənilməmişdir. Zərgərov Vəkil borcunu ödəyəcəyinin təminatı kimi Samir Vəliyevə həmin müqavilə və maliyyə arayışını təqdim etmişdir. Yəni, Vəkil Zərgərov Samir Vəliyev adlı şəxsə olan borcunun təminatı kimi həmin müqavilə və maliyyə arayışının tərtib olunmasına nail olmuşdur. Apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, M.Xiyabani küçəsində yerləşmiş binanın 1-ci mərtəbəsində yerləşən 102 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin (market) X2 adına rəsmiləşdirilməsi barədə xx.xx.2014-cü il tarixli müqavilə etibarsız hesab edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 646.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Cavabdeh MTK ilə İddiaçı Zaur oğlu arasında xx.xx.2010-cu il tarixli müqavilənin bağlandığı zaman qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Qeyd olunan maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında qeyd etmişdir ki, “mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Məhkəmə cavabdehin iddia ərizəsinə etirazı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. İş materiallarına cavabdeh tərəfindən əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-160/2018 saylı qətnaməsinin məzmunundan müəyyən olunur ki, hazırki iş üzrə İddiaçı Zaur oğlu qeyd olunan mübahisə üzrə tərəf olmamışdır və həmin mübahisə ilə əlaqədar qəbul olunmuş məhkəmə aktlarının ona aidiyyəti olmamışdır. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, qeyd olunan məhkəmə aktları hazırki iş üzrə preyudisial əhəmiyyətə malik deyildir. Bundan başqa həmin qətnamə ilə və eləcə də, cavabdeh tərəfindən iddiaya etirazın əsasını təskil edən hallarla, Cavabdeh MTK-nın sədri X1 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa olunan bina ilə bağlı X6 ilə binanın tikintisini həyata keçirmək üçün podrat müqaviləsi bağlaması, 2006-cı ilin oktyabr ayından 2010-cu ilin fevral ayınadək olan müddətdə öhdəsinə götürdüyü işlərin icra olunması üçün MTK-nın rəhbərliyi tərəfindən müxtəlif şəxslərə satılmaqla pul vəsaitlərinin ona, yəni podratçıya verilməsi, yaxud aldığı tikinti materiallarına və yerinə yetirdiyi işə görə barter qaydasında ödənilmiş 71 ədəd mənzilin qismən dəyərini təşkil edən ******* ABŞ dolları, yəni ******* manat vəsaiti əldə etməsi, pulları isə şəxsi ehtiyaclarına xərcləyərək özgənin ona etibar etdiyi külli miqdarda əmlakını mənimsəmə yolu ilə talaması və mübahisəli əmlakların eləcə də, Cavabdeh MTK tərəfindən tikintiyə ayrılmış əmlakların X6 tərəfindən satılaraq pul vəsaitlərinin mənimsənilməsi müəyyən edilsə də, işin halları ilə hazırki mübahisəli qeyriyaşayış sahəsinin X6 tərəfindən deyil müqavilə əsasında məhz Yeni Yasamal” MTK-nın sədri X1 tərəfindən satılması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı vicdanlı alıcı olmaqla tərəfindən, MTK-nın kassasına ödənilmiş pul vəsaitinin üzərində MTK tərəfindən sərancam verilməklə hara və hansı şəkildə xərclənilməsinə məsuliyyət daşımamaqla, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən Cavabdeh MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M. Xiyabani küçəsində inşa etdiyi binanın 1-ci mərtəbəsində 206.0 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin (market) xx.xx.2010-cu il tarixli müqavilə əsasında İddiaçı Zaur oğluna satılmasını, müqavilə şərtlərinə uyğun olaraq həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməməsini, bununla da, iddiaçının mülkiyyətin toxunulmazlığı barədə konstitusion hüququnun pozulmasını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli və Cavabdeh MTK tərəfindən tikilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 1-ci mərtəbəsində olan 206 kv.m (market) sahədən ibarət qeyri-yaşayış sahəsi maneələr aradan qaldırılaraq İddiaçı Zaur oğluna təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK tərəfindən tikilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 1-ci mərtəbəsində olan 206 kv.m (market) sahədən ibarət qeyri-yaşayış sahəsi maneələr aradan qaldırılaraq İddiaçı Zaur oğluna təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2283/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2283/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver