Məhkəmə qərarları › İş №2(004)-2392/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2392/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2392/2022 12.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4168 manat, mediasiya xərci olaraq 60 manat, mənəvi zərərin əvəzi olaraq 50000 manat, maddi ziyanın əvəzi olaraq 10000 manat olmaqla, cəmi 64230,08 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, ***-*******26 saylı xidmət müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Cavabdeh MMC iddiaçıya Şengen ölkələrindən işçi vizasına sponsorluq edən Niderland Krallığı şirkətindən rəsmi işə qəbul məktubunun və Niderland dövlətindən sənədlərin alınmasına dair xidmətlərin göstərilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli, ***-*******26 saylı xidmət müqaviləsinin 2.5-ci bəndində qeyd olunanlara əsasən Cavabdeh MMC bu müqavilə imzalandığı tarixdən 4 ay ərzində Niderland Krallığından işə qəbul sənədini sifarişçiyə təqdim etməli idi, belə ki, yuxarıda qeyd edilən müqavilə 5 ay müddətinə, xx.xx.2021-ci il tarixədək bağlanmışdır. xx.xx.2021-ci il tarixli, ***-*******26 saylı xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən xidmət haqqı olaraq xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 4168 manat xidmət haqqı ödənilmişdir. Lakin, Cavabdeh MMC xx.xx.2021-ci il tarixli, ***- *******26 saylı Xidmət Müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdeh xx.xx.2021-ci il tarixli, ***-*******26 saylı xidmət müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirir ki, onun Niderlanda gedib orada vətəndaşlıq almaq və ya orada daimi qalmaq fikri yox idi. Anası onkoloji xəstə olduğundan onun üçün maddiyyat çox önəmli idi və işləmək üçün oraya getməli idi. Ona lazım idi ki, oraya gedərək, normal maaş alsın və evin problemlərini həll etsin. O cavabdeh təşkilatın direktoru Fərhad müəllimə bildirmişdir ki, pulu yoxdur, kredit götürərək, xidmət haqqını ödəyəcəkdir. O, kredit görtürərək, Fərhada vermişdir. O, müqavilədə göstərilən heç bir öhdəliyi pozmamışdır. Cavabdeh öz öhdəliyini yerninə yetirməmiş və ondan pulunu tələb etdikdə isə ona müxtəlif cür hədə-qorxular gəlməyə başlamışdır. Cavabdeh pulun qaytarılmasına bugün-sabah deyərək, bura qədər uzanmasına səbəb olmuşdur. Müqavilə yanvarda bağlansa da, Fərhad mart ayında ondan xarici pasportunun surətini istəmişdir ki, guya verdiyi sənədlərin surəti səliqəsiz olmuş və onu qəbul etməmişlər. Sonra aprel ayında Polşadan ona dəvətnamə gəlmişdir. O, cavabdehlə Niderland Krallığı ilə bağlı razılaşsa da, cavabdeh ona Polşa təklif etmişdir. Polşaya ona görə razı olmuşdur ki, onu Polşaya aparıb, oradan da dəvətnamə alıb Niderland Krallığına göndərəcəyini bildirmişdir. Ona Polşaya getmək lazım deyildi, Polşaya digər şirkətlər dəfələrlə ucuz qiymətə göndərir. Həmçinin, Polşada qazanc da, Niderland Krallığından bir neçə dəfə aşağıdır. O, Polşada qazanacağı məbləğı burada da qazanır. Onunla cavabdeh arasında bağlanan müqavilədə isə Polşa nəzərdə tutulmamışdır, ancaq Niderland Krallığı nəzərdə tutulmuşdur. Müqavilənin 8.2-ci bəndində həmçinin, qeyd olunmuşdur ki, əlavə hər hansı bir razılaşma və dəyişikliklər olarsa, tərəflər arasında yazılı şəkildə razılıqla olmalı və möhürlə təsdiq edilməlidir. Elə bir sənəd də ümumiyyətlə yoxdur. O, tək Polşaya getməyə heç vaxt razı olmamışdır. Polşaya getmə səbəbi sadəcə oradan Niderlanda getməklə bağlı olmuşdur. Mediasiyada Fərhad ona bildirmişdir ki, Polşaya görə verilən sənədlər qaytarılsın və ona iki min avro pulunu qaytarır. Sənədlər qayıdandan sonra da Fərhad pulu qaytarmamışdır. Sonra Fərhad özü Polşaya getmişdir. Fərhad gedəndən sonra onu Elman adlı şəxslə əlaqələndirmişdir ki, bəs bu onun adamıdır. Elman vizaya dəstək işi göstərirdi. Fərhad ona bildirmişdir ki, o, burda olmadığı müddətdə işləri Elmanla görəcək. Sığorta pulu da, Elmana ödənilmişdir, dəvətnamə sənədi də Elmana gəlmişdir və həmin sənədi də ona Elman vermiş və onlar onu Polşada səfirliyə vermişdir. Fərhad özü ona yazmışdır ki, Niderlanda ümumiyyətlə müraciət olunmamışdır, çünki pandemiya ilə əlaqədar onlar işçi qəbul etmirlər. Suala cavab olaraq bildirir ki, Polşa səfirliyinə Polşada işləmək üçün getməmişdir. Fərhad ona onu Polşaya aparıb, oradan da Niderlanda göndərəcəyini bildirmişdir. Hesab edir ki, ona xidmət göstərilməmişdir. Sənədlər Elmana gəlmişdir. Onlar müraciət etmiş, müraciət etdikdən sonra imtina olunmuşdur. Sonra Fərhad ona mesaj yazaracaq bildirmişdir ki, həmin sənədləri aparıb Elman bəyə versin və Elman da ona göndərəcək. Hansı ki, Polşa dəvətnaməsini nəzərdə tuturdu. O da aparıb həmin sənədləri Elman bəyə təhvil vermişdir. Elmanla Fərhadın isə nə problemləri varsa, bunun ona heç bir aidiyyatı yoxdur. X1 aldatdığını və Elmanla müqaviləni kəsdiyini bildirmişdir. Sənədləri Elmana verməyini Fərhad özü istəmişdir. Şirkətdə isə heç kim olmurdu, şirkət tək Fərhaddan ibarət idi. 10 min manat maddi ziyan götürdüyü kreditin faizləri, səfirlikdə viza xərci, sığorta xərci və s. bu kimi xərclərdir. İddianin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, qarşı tərəfə bildirilmişdir ki, Niderland Krallığı yaranmış pandemik vəziyyətə görə hazırkı dövrdə heç bir vizanın verilməsini təmin etmir. Çünki, karantin vəziyyətində bir ölkədə sərt rejim, digər ölkədə yüngül rejim tətbiq edilə bilər. Cavabdeh Niderlandda əməkdaşlıq etdiyi şirkətdən belə bir cavab əldə etmişdir ki, onlar işçi vizasının qəbulu üçün proseduru dayandırmışlar. Bu məlumatı alandan sonra qarşı tərəfə müqavilə münasibətləri üzrə bildirilmişdir. Yazılı qaydada ona görə bildirilməmişdir ki, həmin şəxs o zaman ölkədə olmamışdır. Buna görə də bu prosesi rəsmiləşdirmək mümkün olmamışdır. Amma razılıq olmuşdur. Sübut olunur ki, iddiaçı Polşaya getməyə razılaşmışdır. Bundan sonra Polşa səfirliyinə müraciət edilmişdir. İddiaçıdan viza üçün müsahibə götürülmüş və iddiaçı müsahibədə iştirak etmişdir. Müqavilə şərtlərindəki xidmətlərin hamısı göstərilmişdir. Bu tapşırıq müqaviləsidir. Tapşırıq müqaviləsinin nəticəsinə heç kim qarant dura bilməz. Hansısa ölkənin səfirliyindən viza alınacağına əvvəldən təminat vermək özü absurddur və hüquqaziddir. Xidmətin göstərilməsi ilə bağlı Varşavada yerləşən şirkətlə danışıqlar aparılmış, şəxs oradan iş dəvətnaməsi almış, ölkəyə çatdırılması, hətta 1 illik münasibətləri kəsildikdən sonra sağlam və sağlıqlı bir şəkildə Azərbaycana qaytarılmasının təminatından tutmuş, bütün yerləşmə, karantində qalma və bütün təminatları götürülmüşdür. Bu sənədlər də Polşa səfirliyinə təqdim edilmişdir. İddiaçı tərəf özü sübutları təmin etməli olduğu halda, nəyə görə imtina aldığını, imtinanın əsaslarını nə məhkəməyə, nə də cavabdehə təqdim edir. Müqavilənin bəndinə əsasən də imtina aldıqda imtina sənədini və işlə təmin olunması üçün dəvət məktubunu, bütün sənədləri geri qaytarmaq öhdəliyi var idi. Həmin şəxs bu öhdəliyi də icra etməmişdir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, viza alınmadıqda və şəxs gedə bilmədikdə cavabdeh də əməkdaşlıq etdiyi şirkətlərə ödənişləri həyata keçirməsin və ödədiyi məbləğləri vaxtında geri ala bilsin. Həmin sənədlər bugünə qədər təqdim edilməmişdir. Onlar özü şirkətə müraciət edib şirkətdə qalan surətini istəmişlər. Sənədlərin əsli və vizadan imtina qərarı iddiaçının özündədir. Öhdəliyin pozulmasından söhbət gedirsə, burada öhdəliyi pozan tərəf iddiaçı tərəfdir. İddiaçıya müvafiq xidmətlər göstərilmişdir və bunları təsdiq edən sənədlər də var. Müqavilədə viza ilə təmin edilməsi bəndi yoxdur. İddiaçının Polşaya getməsi ilə bağlı cavabdehlə aralarında konsensus əldə edilmişdir. Şəxs özü bilirdi ki, əgər Niderland üçün gedirsə, niyə Polşa səfirliyinə gedir. Niderlandın vizasını Niderland, Polşanın vizasını isə Polşa verir. Müqavilədə iddiaçının Polşa vasitəsilə Niderlanda getməsi barədə şərt olmamışdır. İddiaçıya bütün xitmətlər şirkət tərəfindən göstərilmişdir. Onlar tərəfindən öhdəlik pozulmamışdır. İddianı tamamilə əsassız və qanunsuz hesab edir. Suala cavab olaraq bildirir ki, müqavilə üzrə hansı xidmətlər göstərilməli idisə, göstərilmişdir. Müqavilə pandemiya vaxtı bağlansa da ölkələrdə pandemiya zamanı pandemik vəziyyət andan-ana dəyişir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ***-*******26 nömrəli xidmət müqaviləsinə əsasən şirkət sifarişçiyə Şengen ölkələrindən işçi vizasına sponsorluq edən Niderland Krallığı şirkətindən rəsmi işə qəbul məktubunun və Niderland Krallığı dövlətindən sənədlərin alınması, vizanın alınması, təyyarə biletinin alınması, Amsterdam şəhərində qarşılanması, yaşayış yeri və işlə təmin edilməsi kimi xidmətləri göstərməyi, sifarişçi isə xidmətlərin dəyəri olan 4168 manat məbləğində pulu şirkətə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən şirkət müqavilə imzalandıqdan 4 ay ərzində Niderland Krallığından işə qəbul sənədini sifarişçiyə təqdim etməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı xx.xx.2021-ci il tarixli, ***-*******26 nömrəli xidmət müqaviləsinə əsasən 4168 manat məbləğində pulu şirkətə ödəmişdir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında sadə yazlı qaydada bağlanmış xidmət müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə razılaşdırılmış 4168 manat ödəniş etmiş, lakin cavabdeh razılaşdırılmış qaydada müəyyən edilmiş müddət ərzində iddiaçıya xidmət göstərməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC xidmət müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi 4168 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı maddi ziyanın əvəzi olaraq 10000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb etsə də ona cavabdehin təqsirli hərəkətləri nəticəsində ziyan dəyməsini təsdiq edən qəbz və bu kimi digər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı eyni zamanda mənəvi zərərə görə 50000 manat pulun cavabdehdən tutulmasını tələb etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Məhkəmə mediasiya xərcinin əvəzi olan 60 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı qeyd edir ki, qanunverciliyin tələbinə əsasən hazırkı iddia tələbi ilə bağlı mediasiya sessiyasında iştirakı tələb olunmadığından ödənilmiş mediasiya xərcinin əvəzi cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 4168 (dörd min yüz altmış səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 62 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4168 (dörd min yüz altmış səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən 62 (altmış iki) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar