Məhkəmə qərarları › İş №2(004)-2446/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2446/2024

16.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2446/2024 16.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə onunla əsasladırmışdır ki, Bakı şəhəri 3 saylı Asan xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ 266129 saylı nikah haqqında şəhadətnaməyə əsasən cavabdeh Maraqlı şəxs ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1113 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan bir övladı olmuşdur: xx.xx.2019-cu il təvəllüdlü X6. Ailə münasibətləri pisləşdiyi və birgə yaşamaq qeyri-mümkün olduğu üçün boşanmaq qərarına gəlmişlər. Bununla bağlı ilk öncə xx.xx.2023-cü il tarixdə Mediasiyaya müraciət etmiş, həmin gün aralarında barışıq sazişi bağlanmışdır. xx.xx.2023-cü il tarixli barışıq Sazişinə əsasən xx.xx.2018-ci il tarixdə 1113 nömrə ilə qeydə alınmış nikah pozulması, övladı xx.xx.2019-cu il təvəllüdlü X5 onun himayəsində qalması razılaşdırılmış, cavabdeh Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X6 üçün 400 (dört yüz) AZN aliment ödəməyi öz öhdəsinə götürmüşdür. O, öz növbəsində övladının atası ilə görüşünə heç bir məhdudiyyət qoymadan, ünsiyyətlərinin sərbəst olacağını barışıq sazişində qeyd etmişdir. Qeyd edir ki, nikahın pozulması ilə bağlı iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixdə 2(004)-752/2024 saylı Qətnaməsi ilə yekunlaşmışdır. Onu da qeyd edir ki, cavabdeh Maraqlı şəxs oğlu xx.xx.2023-cü il tarixli barışıq sazişiylə müəyyənləşdirilmiş üzərinə götürülmüş aliment öhdəliyini yerinə yetirməmişdir. Belə ki, cavabdehin götürdüyü öhdəliyə əsasən o, övladı xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 400 (dört yüz) AZN məbləğində alimenti ona məxsus bank hesabına ödəməli idi. Lakin cavabdeh Rza X3 şərtlərinə əməl etmir. Nəzərə çatdırmaq istəyir ki, Barışıq sazişinin 6-cı maddəsinə əsasən, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət qeyd edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Barışıq sazişinin 8-ci maddəsində qeyd olunub ki, Sazişin könüllü icrasından imtina olunsa, tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi, həmçinin AZEMİS vasitəsilə sms bildiriş göndərilməklə məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan birinci tərəf qismində Ərizəçi və ikinci tərəf qismində Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinə əsasən, 1. Tərəflər 14 aprel 2014-cü il 1113 nömrəsi ilə qeydə alınmış nikahın pozulmasına etiraz etmirlər. 2. Tərəflər birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X5 anası Ərizəçi himayəsində qalmasına razıdırlar. 3. Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 üçün hər ayın 5-nə kimi 400 (dörd yüz) manat alimenti nağdsız qaydada ödəməyi öhdəsinə götürür. 4.Tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs qızı Rza Melisa ilə ünsiyyəti sərbəstdir, heç bir maneə yaradılmayacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişnin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan 100 manat və mediasiya xərci ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.

1. Tərəflər 14 aprel 2014-cü il 1113 nömrəsi ilə qeydə alınmış nikahın pozulmasına etiraz etmirlər.

2. Tərəflər birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X5 anası Ərizəçi himayəsində qalmasına razıdırlar.

3. Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 üçün hər ayın 5-nə kimi 400 (dörd yüz) manat alimenti nağdsız qaydada ödəməyi öhdəsinə götürür.

4. Tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs qızı Rza Melisa ilə ünsiyyəti sərbəstdir, heç bir maneə yaradılmayacaqdır. Ödənilmiş 100 manat mediasiya xərci ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar