Məhkəmə qərarları › İş №2(004)-2696/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2696/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2696/2025 20.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pulun qaytarılması, əşyaların verilməsi və mənəvi zərərin tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: pulun və əşyaların qaytarılması, saxlama) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması, əşyaların verilməsi və mənəvi zərərin tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

2. Məhkəməyə təqdim edilmiş səs yazılarından görünür ki, Cavabdeh Samir adlı şəxs göndərdiyi səsli mesajlarla sonuncunu pulların karta göndərilməsi barədə xəbərdarlıq etmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat məbləğində pul, uşağın skripkası - 145 manat, uşağa aid Belarus piano - 1400 manat, uşaqlara hədiyyə edilən - qəfəsdə 4 ədəd tutuquşu (popuqay) - 80 manat, şifoner - 400 manat, geyim əşyaları, uşaqlara aid musiqi kitablarının qaytarılması, mənəvi ziyana görə 3000 manat və ödənilmiş 136 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddianın əsaslarına görə, 2024-cü ilin iyun-iyul aylarında bacısı Cavabdeh kirayə qalacağı və ev almaq məqsədi ilə yığdığı pulu ona verib, onun evində qalmalarını təklif etmişdir. Onların razılaşması 10000 manat pulu və aylıq olaraq ev almaq üçün yığacağı pulu bacısına verməsi, sonuncunun isə evi onlara bağışlası barədə olmuşdur. Bu məqsədlə ev almaq üçün yığdığı 10000 manat pulu bacısına vermiş, o, əri və uşaqlar bacısının evinə köçmüşlər. Evə köçərkən isə geyim əşyalarını və özünə məxsus əşyaları kirayə qaldığı evdən bacısının evinə daşımışlar. Bundan sonra isə ev əşyalarını almağa başlamışlar. Bir müddət evdə rahat yaşasa da 2025-ci ilin fevral ayında qarın şiddətli yağan vaxtı bacısı zorla evdən çıxarmış və hətta ona xəsarət də yetirmişdir. Bununla əlaqədar ərazi üzrə 5-ci Polis Bölməsinə şikayət etdi. Onu döyməsini etirtaf etməsə də, 10000 manat aldığını etiraf edərək evə buraxmayacağını bildirdi.

b) iddiaya etiraz

5. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, iddiaçı və onun ərini o öz evinə dəvət etmiş, kirayədə qalmaq əvəzinə onun evində qalmalarını məsləhət görmüş, kirayəyə verəcəkləri pulu saxlamaq üçün ona vermələrini, onun isə həmin pulu saxlayıb yekunda iddiaçıların özünə qaytaracaqlarını bildirmişdir. İddiaçı özü ona saxlamaq üçün cəmi 395 manat göndərmişdir, 10000 manat olmasa da daha az məbləğdə pulu iddiaçının əri Samir göndərmişdir. İddiaçının ailəsi onun evini səliqəsiz saxladıqlarına görə, evə ziyan vurduqlarına görə onları evdən çıxarmışdır. İddia ərizəsinə göstərilən əşyalardan pianinonu öz evi üçün almış, şifoneri iddiaçı tərəf özü gəlib götürmüşdür. Skripkanı uşaqların ümumi istifadəsi üçün almışdır. Belə ki, skirpka kiçik ölçülü olmaqla uşaqların əl ölçüsünə uyğundur, o skripkanı alanda iddiaçının uşaqları böyüdükdən sonra digər bacısının uşaqlarına verməyi planlamışdır. 4 ədəd tutuquşu isə onun evində qalmışdır, onlardan üçü ölmüşdür, digərini qaytarmağa hazırdır. Qalan hissədə isə tələbin əsassız olduğundan təmin edilməməsini xahiş edir. İddiaçı tərəfindən təqdim edilmiş səs yazıları onunla iddiaçının əri arasında olmuşdur. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür; Maddə 826.1. Əgər saxlamaya pul qəbul edilirsə və bu zaman saxlayıcının eyni pulu deyil, eyni məbləği qaytarmalı olduğu birbaşa və ya dinməz razılıqla şərtləşdirilirsə, pula mülkiyyət hüququ, ondan istifadə hüququ və onun itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz razılıq pul məbləğinin möhürlənməmiş və bağlanmamış şəkildə verildiyi halda ehtimal edilir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır”.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

13. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı və ailə üzvləri bacısı – Cavabdeh evinə köçüb yaşamış, bu müddət ərzində cavabdehə müəyyən məbləğlərdə dövrü ödənişlər olmuş, cavabdeh ödənilmiş pul məbləğlərini yığıb saxlayaraq iddiaçıya verməyi bəyan etmişdir. İşin bu mübahisəsiz halı cavabdehin faktın etirafı və təqdim edilmiş səs yazıları ilə təsdiq olunur.

14. Lakin müəyyən edilən odur ki, ödənişləri iddiaçı yox, iddiaçının əri Samir adlı şəxs etmişdir. Təqdim edilən səs yazılarında da cavabdehin iddiaçının əri Samirə ödənişləri həyata keçirməsi, bu pulların onların özü üçün saxladığı barədə xəbərdarlıq məzmunlu səsli mesajlar müşahidə edilir.

15. İddiaçı tərəfindən isə cavabdehə şəxsən 10000 manat və ya hər hansı digər məbləğdə pul verildiyi, ödəniş edildiyi iş materialları ilə öz təsdiqini tapmır. Bu barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İş materiallarına əlavə edilən ödəniş qəbzlərindən isə ödənişlərin kim tərəfindən kimin hesabına hansı təyinatla köçürüldüyü müəyyən edilmir.

16. İddiaçının özü tərəfindən cavabdehə saxlamaq məqsədi ilə cəmi 395 manat məbləğdə pul verildiyini cavabdeh etiraf etmişdir. Ona görə pul tələbi barədə iddia yalnız bu hissədə təmin edilməlidir.

17. İddia ərizəsində qeyd edilən əşyaların da mövcudluğuna, iddiaçıya məxsusluğuna dair hər hansı sübut təqdim edilməmişdir. Ona görə də əşyalara münasibətdə də iddia tələbi cavabdehin etirafı nəzərə alınmaqla həll edilməlidir. Cavabdeh isə əşyalardan yalnız 4 ədəd tutuquşunun iddiaçıya məxsus olduğunu etiraf etmiş, həmin tutuquşulardan 3-nün öldüyünü, birini isə qaytarmağa hazır olduğunu bildirmişdir. Onların iddiaçı tərəfindən göstərilmiş qiyməti ilə bağlı etiraz daxil olmamışdır.

18. Cavabdehin bildirdiyinə görə şifoner əvvəllər mövcud olsa da iddiaçı tərəfindən götürülmüş, musiqi alətləri pianino və skiripka isə iddiaçının olmamışdır. Geyim əşyaları və musiqi kitablarının mövcudluğu, növləri, çeşidləri barədə hər hansı sübut mövcud deyil. Belə qeyri-müəyyən vəziyyətdə isə iddianın bu hissədə də təmin edilməsi mümkünsüzdür.

19. İddiaçı eyni zamanda mənəvi zərərin əvəzinin tutulmasını da xahiş edir ki, məhkəmə bu hissədə iddia tələbinin təmin olunmaması qənaətinə gəlir.

20. Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır.

21. Hazırkı işin halları baxımından isə işin bu faktiki hallarının heç biri iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

23. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 395 manat məbləğdə pul və 4 ədəd tutuquşu (popuqay), onlar olmadıqda onların dəyəri biri 20 manat olmaqla, cəmi 80 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 395 manat məbləğdə pul və 4 tutuquşu (popuqay), onlar olmadıqda onların dəyəri biri 20 olmaqla, cəmi 80 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar