Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1197/2025 22.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1200 manat pulun, 500 manat yol xərcinin və 37 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1737 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə münasibətdə olduğu Saatlı rayonu Mustafabəyli kənd sakini Əzizizov Mirheybət bildirmişdir ki, ona maşın alması üçün 2000 manat lazımdır. O da X2 rayonu Asif Məhərrəmov küçəsində yerləşən filialından öz adına 2050 manat kredit götürərək elə həmin filialın içərisində yerləşən ödəmə terminalından Əzizizov Mirheybətə məxsus 4169 7388 2694 3437 nömrəli kapital bank kart hesabına göndərmişdir. Cavabdehin borcu faiz borcu ilə birlikdə ümumilikdə 2327,88 manat eləmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixdə özünə məxsus bir kart hesabından 600 manat pulu Əzizizov Mirheybətə məxsus 4169 7388 2694 3437 nömrəli kapital bank kart hesabına göndərmişdir. Kredit ödənişlərinin ödəmə vaxtı gəldiyi zaman Əzizizov Mirheybət cəmi 200 manat pul ödəmişdir. Bundan sonra kredit ödənişlərinin ödəmə vaxtı gələrkən o krediti ödəməkdən boyun qaçırmışdır. Ona ödənişlərini etməsini bildirdikdə isə, o nalayiq sözlərdən istifadə edərək pulu ödəməyəcəyini bildirmişdir. Ödənişləri ödəmədiyi üçün o Saatlı rayonuna gələrək polisə müraciət eləmişdir. Bundan sonra cavabdeh borcun müəyyən bir hissəsini ödəmişdir. Lakin sonradan yenə borcu ödəməmişdir, problem yaratmışdır. Buna görə o 19 mart 2025-ci il tarixində Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət eləmişdir. Cavabdeh kiçik məbləğlərlə ödənişlər edərək, ümumilikdə, kart hesabından alınan 600 manat borcu və kredit borcunda 1120 manat borcu ödəmişdir. Ona 1200 manat borcu qalmışdır. Həmçinin, bu müddət ərzində o bir neçə dəfə Saatlı rayonuna gəlməli olmuşdur, yol və digər xərclərlə birlikdə təxmini 500 manata yaxın xərci çıxmışdır. Bu müddət ərzində ona həm mənəvi, həm də maddi zərər dəymişdir. Hesab edir ki, bütün mövcud hallar nəzərə alınmaqla, cavadehdən kredit ödənişindən qalan borc, mənəvi zərər və dövlət rüsumu hesablanaraq ona ödənilməlidir. Pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə baxışı zamanı iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı kart hesabına göndərilməklə 2050 manat pul almışdır. Bunun nəticəsində də, cavabdehin iddiaçıya faiz borcu ilə birlikdə ümumilikdə 2327,88 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən həmin borcdan ödənilsə də, hazırda 1200 manat borc qalmış, lakin cavabdeh iddiaçıya olan borcunu bu vaxta kimi qaytarmamışdır. Ona görə də İddiaçı 1200 manat borcun və 500 manat yol xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “WhatsApp” yazışmasından görünür ki, Cavabdeh İddiaçı 1200 manat borcu olduğunu etiraf edir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi “WhatsApp” yazışmasını mötəbər sübut kimi qəbul edərək hesab edir ki, İddiaçı Cavabdeh 1200 manat pulu tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı yol xərci kimi 500 manat pul tələb etsə də, bununla bağlı məhkəməyə hər hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1200 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən 37 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37 manat dövlət rüsumunun iddianın təmin olunan hissəsinə münasibətdə 32 manat hissəsi cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat borc alınaraq İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1197/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1197/2025
22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver