Məhkəmə qərarları › İş №2(012)-3515/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3515/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3515/2025 08.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 4500 manat məbləğində pulun və 2500 manat məbləğində mənəvi ziyanın, həmçinin ödədiyi dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh idarə etdiyi “BMW 318” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 15:30-da Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə üzü Nəsimi heykəli istiqamətində yolun sağdan ikinci hərəkət zolağında hərəkətdə olarkən Turan restoranın yaxınlığında sərnişinlər üçün nəzərdə tutulmuş yerdə dayanmış 5 nömrəli sərnişin avtobusunun qarşısından çıxaraq yolu qarşı tərəfə keçmək istəyərkən onu vuraraq bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Nəzərə çatdırır ki, ona dəymiş ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra cavabdeh heç bir ehtiyaclarını ödəməmişdir, halbuki müvafiq sənədlərdə ağır zərər vurduqda sol qol sınıq, sol bud canaq isə baru oynağında deformasiya olduğu qeyd olunmuş, xx.xx.2022-ci ildə ona spinal anesteziya altında bud çanaq oynağının total endoprotezləşməsi əməliyyatı icra edilmişdir. O, ömür boyu “volker” ilə gəzmək məcburiyyətindədir. Cavabdeh onun sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Hazırda onu heç bir yerdə işə götürmürlər və ləng olduğu üçün işlək qüvvəsi yararlı deyildir. Cavabdeh ona heç bir kömək etməmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun sol tərəfdən qolu qırılmışdır və bu hadisədən sonra o, heç bir yerdə işləyə bilmir. Əlavə olaraq bildirir ki, onun valideynləri vəfat etmişdir və himayəsində iki uşaq vardır. O, səhhətində olan problemlərə görə həkimlərə pul xərcləyir. Əvvəllər o, Mənzil kommunal istismar sahəsində işləmiş və 500 manat maaş almışdır, indi isə işləyə bilmir. O, endoprotezin qiyməti olaraq 4500 manat borcun və mənəvi ziyana görə 2500 manat pulun Cavabdeh tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh tərəfindən təqdim edilmiş sənəd ilə bağlı bildirir ki, o, həqiqətən də 2023-cü ildə belə bir sənəd imzalamış və cavabdehdən 1500 manat pul almış, ondan 750 manatını əlbəəl almış, qalan pul vəsaiti isə həkimlərə verilmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, İddiaçı birdən avtobusun ön hissəsindən onun qabağına çıxmış, nəticədə qəza baş vermişdir. İddiaçı ondan 1500 manat, sığorta şirkətindən isə 750 manat pul almışdır. O, Sumqayıt Travmatologiya Xəstəxanasına 3500 manat pul ödəmiş və iddiaçının müalicəsi üçün Sumqayıt Hospitalındakı həkimlərə pul xərcləmişdir. O, iddiaçıya əlavə olaraq 750 manat pul vermiş və kartına hissə-hissə olmaqla pul göndərmişdir. İddiaçı ona bildirmişdir ki, o, sağalmaq istəmir və pensiyaya çıxmaq istəyir. Həkimlər ona bildirmişdir ki, iddiaçı Hepatit C virusuna yoluxmuşdur və bu səbəbdən ona müdaxilə etmək istəmirlər. Lakin onun təkidi ilə iddiaçı əməliyyat olunmuşdur. O, iddiaçıya 1500 manat puldan başqa o, həkimlərə və tibbi xərclərə görə 4500 manat pul ödəmişdir. Hətta iddiaçı adından ona sənəd vermişdir ki, artıq ona qarşı məhkəmədə heç bir iddia tələbi olmayacaqdır. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1313 nömrəli arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15:30 radələrində Cavabdeh idarə etdiyi “BMW 318” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 15:30 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə üzü Nəsimi heykəli istiqamətində yolun sağdan ikinci hərəkət zolağında hərəkətdə olarkən Turan restoranının yaxınlığında sərnişinlər üçün nəzərdə tutulmuş yerdə dayanmış 7 nömrəli sərnişin avtobusunun qarşısından çıxaraq yolu qarşı tərəfə keçmək istəyən vət. İddiaçı vuraraq sonuncunun bədən xəsərəti alması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Faktla bağlı Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılmış və xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Hospital MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarış epikrizinin surətindən görünür ki, İddiaçı cərrahi əməliyyat məqsədilə xx.xx.2022-ci il tarixdə Sumqayıt Hospitala qəbul olunmuş, ona “Sol bud sümüyü boyunu və başın qapalı yerdəyişən sınığı, sol bazu sümüyü boynunun qapalı yerdəyişən sınığı” diaqnozu qoyulmuşdur. Həmçinin epikrizdə xx.xx.2022-ci il tarixdə spinal anesteziya altında sol bud çanaq oynağının total endoprotezləşməsi əməliyyatının icra edildiyi, əməliyyatın fəsadsız keçdiyi, əməliyyatdan sonra yaranın təmiz olduğu, ağrıların azaldığı, xəstənin “volker”lə gəzdiyi, xəstənin kafi vəziyyətdə evə yazıldığı və travmotoloqun nəzarətinin və vaxtaşırı sarğı məsləhət görüldüyü qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər X1 Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Ambulator kitabçadan çıxarışın surətindən görünür ki, İddiaçı “Sol bud-çanaq oynaq endoprotezləşdirmə əməliyyatından sonrakı vəziyyət. Sol bazu sümüyü boynu qeyri-düzgün birləşmiş sınığı. Sol bud-çanaq və bazu oynaqlarının pis kontrakturası” diaqnozu qoyulmuş və qısa anamnez olaraq “YHN nəticəsində zədə almış və cərrahi əməliyyat olunmuşdur” ifadəsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər X1 Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Ambulator kitabçadan çıxarışın surətindən görünür ki, İddiaçı “Sol bud sümüyü boynunun sol bazu sümüyü boynunun qapalı yerdəyişən sınıqları. Sol bazu sümüyü cərrahi boynunun qapalı yerdəyişən sınığı” diaqnozu qoyulmuş və qısa anamnez olaraq “xəstə zədəni YHN zamanı alıb. Şikayəti sol bud-çanaq oynağında və sol bazu oynağındakı ağrıdan, halsızlıqdandır” ifadəsi qeyd edilmişdir. İş materiallarında olan İddiaçı öz əlyazması ilə yazdığı və imzası ilə təsdiq etdiyi xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü ildə müalicə məqsədi ilə Cavabdeh 1500 manat pul almışdır, onun heç bir şikayəti yoxdur və heç bir iddia tələbi irəli sürməyəcəkdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində və məhkəmə iclasında izahatında Cavabdeh idarə etdiyi “BMW 318” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 15:30-da Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə üzü Nəsimi heykəli istiqamətində yolun sağdan ikinci hərəkət zolağında hərəkətdə olarkən Turan restoranın yaxınlığında sərnişinlər üçün nəzərdə tutulmuş yerdə dayanmış 5 nömrəli sərnişin avtobusunun qarşısından çıxaraq yolu qarşı tərəfə keçmək istəyərkən onu vuraraq bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyini, nəticədə onun sağlamlığına ağır zərər vurulduğunu bildirərək iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 739.1-ci, 1096-cı və 1097-ci maddələrinə istinad etmiş və Cavabdeh ona borclu olduğu 4500 manat məbləğində pulun və 2500 manat məbləğində mənəvi ziyanın alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Lakin iddiaçı tərəf yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş zərərin Cavabdeh tərəfindən ödənilmədiyini bildirsə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, İddiaçı öz əlyazması ilə yazdığı və imzası ilə təsdiq etdiyi xx.xx.2023-cü il tarixli ərizəsi ilə iddiaçının qeyd etdiyi faktlar təkzib olunur. Belə ki, İddiaçı sözügedən ərizəsindən göründüyü kimi İddiaçı xx.xx.2023-cü ildə müalicə məqsədi ilə Cavabdeh 1500 manat pul almış, cavabdehdən şikayət etməyəcəyi və cavabdehə qarşı heç bir iddia tələbi irəli sürməyəcəyini bildirmişdir. Həmçinin məhkəmə prosesi zamanı iddiaçı verdiyi izahatında cavabdeh tərəfindən təqdim olunmuş sənədin onun tərəfindən yazılması və imzalanması faktını etiraf etmişdir. Beləliklə, iddiaçı iddia ərizəsində qeyd edilən halları sübut edə bilməmiş, həmçinin mənəvi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunivericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmçinin iddia tələbi bütövlükdə rədd edildiyindən məhkəmə Azərbaycan Respublikası MPMin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən ona borclu olduğu 4500 manat məbləğində pulun və 2500 manat məbləğində mənəvi ziyanın, həmçinin ödədiyi dövlət rüsumunun alınaraq ona qaytarılması barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar