Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2629/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 70000 (yetmiş min) manat məbləğində pulun, ödənilmiş 336 manat dövlət rüsumunun əvəzinin, 5000 manat mənəvi zərərin əvəzinin, həmçinin əldən çıxmış fayda kimi 7000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 50 saylı xususi notariat ofisində borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında reyestrdə 3M-302 nömrə ilə qeydə alınmış borc müqaviləsi bağlanmışdır. Bağlanmış borc müqaviləsinə əsasən borc verən İddiaçı 70000 manat məbləğində pul vəsaitini borc alan Cavabdeh mülkiyyətinə, əməli idarəçiliyinə vermiş, borc alan isə həmin pul vəsaitini xx.xx.2023-cü il tarixə kimi qaytarmağı öhdəsinə götmüşdür. Borc müqaviləsinin icra edilmə vaxtından 1 ildən artıq vaxtın keçməsinə baxmayaraq, cavabdeh aldığı borc məbləğini geri qaytarmamışdır. Cavabdehdən pul vəsaitini dəfələrlə istəsə də, cavabdeh borcu qaytarmaqdan yayınmış və bu günədək üzərinə düşən öhdəliyini icra etməmişdir. Cavabdeh 70000 AZN məbləğində pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi xx.xx.2022-ci il tarixdən, etibarən 10 (illik 5% x 2il) faiz təşkil edir ki, cavabdeh 70000 manat məbləğində pul vəsaitinin qaytarılmasından boyun qaçırdığına və bu hal 2 müddətində davam etdiyinə görə, cavabdeh iddiaçıya buna görə 7000 (yeddi) min manat məbləğində pul vəsaiti ödəməlidir. Cavabdeh üzərinə düşən öhdəliyi icra etməməsi nəticəsində əmlakından faydalanmaq hüququndan məhrum olmuşdur. Həmin maddi vəsaitin ödənilməməsi mənim gələcək biznes planlarını pozmuşdur ki, bu da mənəvi ziyan kimi qiymətləndirilməlidir. Həmçinin cavabdehin hörmətsiz və saymazyana davranışı, maddi zərəri ödəməkdən qəsdən boyun qaçırması mənim şüurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur ki, bütün bunlar mənə maddi ziyanla birlikdə mənovi zərərin vurulması kimi qiymətləndirilməlidir. Vurulmuş mənəvi zərəri iddiaçı 5000 manat məbləğində qiymətləndirir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin əvvəlki iclasında iştirakı videokonfrans əlaqə sistemindən istifadə edilməklə təmin edilmiş İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh qardaşı vasitəsi ilə tanıyır. Onlar birgə iş görmüşdülər, o qardaşına borclu idi və qaytarmırdı. Deyirdi ki, əlində maya yoxdur. Həmin vaxtı işləyirdi, əlində 70 min manat pul var idi, qardaşı da bunu bilirdi. Ona dedi ki, “Samirin anasının evini depozitə qoyacaq, Ona 70 min borc verim, o pulu işlətsin. 1 ilə həm sənin, həm də mənim pulumu qaytaracaq”. Qardaşı çox xahiş etdi, yalvardı, o da razılaşdı. Ona dedi ki, evi görməlidir və bundan sonra pulu verəcək. Samirgilin ailəsi ilə tanış oldular, onlar 5-6 dəfə gəldilər, o isə bir dəfə onlara getmişdir. Anası, atası, bacısı ilə tanış olub söhbətləşmişlər. Sonra notariusa getdilər. Əvvəlcə pul xəzinəyə qoyuldu, imza atıldı və hər iki tərəf razılaşdı. Sonra xəzinədə pulu götürüb Samirə verdilər və hərə öz evinə getdi. Bu hadisədən 1-2 həftə keçmişdi ki, Samirin anası və bacısı gəldi. Anası ağlayırdı, dedi ki, “Samir qızımın qızıllarını banka qoyub, o qızıllar batacaq, qızımın əngəlli uşağı var. Sən mənə ya 35 min manat borc ver, ya da evi ipotekadan götür”. O də demişdir ki, 35 min manat pulu yoxdur. Burada 2 ehtimal var: ya Samir və ailəsi ona qarşı oyun oynayıb, ya da Samir hamını aldadıb. Həmin vaxtı öz anası yeni rəhmətə getmişdi. Samirin bacısı deyirdi ki, “sən məni başa düşərsən, mənim də anam xəstədi, belə davam etsə vəziyyəti pisləşəcək”. O da razılaşdı, 35 min manat pulu yox idi deyə ipotekadan evi götürməyə razılaşdı. Belə danışmışdılar ki, 3 günlük evi ipotekadan götürəcəklər, başqa banka qoyacaqlar. Ordan gələn pulla həm onun, həm qardaşının borcunu ödəyəcəklər, həmçinin qızılları da qaytaracaqlar. Qurana əl basıb and içdilər ki, pulu qaytaracaqlar. Muğan Bankla əlaqə saxlayırdılar. Muğan Bankın nümayəndəsi Elxan da gəlmişdi. Dedilər evi iptokadan çıxarın, reyestr xidmətinə gedin. O Reyestr Xidmətinə, cavabdehgil isə banka getdilər. Bir neçə gün sonra Samirin anasına zəng etdi. Anası dedi ki, “biz qızılları götürdük, amma mən bir də Samirə güvənib evimi banka qoya bilmərəm”. Samirə dedi ki, bu nə deməkdir? O da dedi ki, “bacı, sən mənə güvən mən 1 ilə sənin pulunu ev ipotekada olsa da, olmasa da ödəyəcəyəm”. Yenə də əlaqə saxlayırdılar. Bu hadisələrdən 7 ay sonra öyrəndi ki, onu məhkəməyə veriblər. İddia Ali Məhkəməyə qədər getdi, onların haqsız olduğu sübuta yetirildi. Artıq 3 ildir ki, pulu ondadır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən pulunun qaytarılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Tapdıq oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia tələbinin əsasını İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsidir. Həmin müqavilə üzrə 70000 manat məbləğində borcun verilməsi və həmin məbləğin Cavabdeh tərəfindən qəbul edilməsi notariat işində olan Cavabdeh imzaladığı qəbzlə öz təsdiqin tapır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarı”nda qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradəifadəsinin və hüquqi niyyətinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki iş materiallarından göründüyü kimi, 3M-302 reyestr nömrəli kredit müqaviləsi tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olaraq bağlanmaqla tərəflərə onların hüquq və vəzifələri izah edilmiş, müqavilə notarial qaydada bağlanan zaman borcalan notariat xərclərini özü çəkmiş, müqavilə predmetini təşkil edən 70000 manat pul vəsaiti borcverən tərəfindən verilməklə notarius tərəfindən notarius tərəfindən bankda açılan depozit hesabına köçürülmüş və borcalan tərəfindən həmin məbləğ depozit hesabından təhvil alınmışdır. Yəni, müqavilə bağlanan zaman qanunvericiliyin tələblərinə riayət edilmiş, qeyd olunan halda cavabdehin iradə ifadəsinin zədələnməsi halına rast gəlinmir. Pulun cavabdehə verilməsini həmin məbləğin notariusa təqdim edilməsi, notariusun depozitinə köçürülməsi, notariusun depozitindən cavabdeh tərəfindən qəbzə imza etməklə pulu qəbul etməsi təkzibedilməz sübutlarla təsdiq olunur. Cavabdeh güya pul almaması, ona pul verilməməsi barədə müdafiə xarakterli ifadəsi yalnız işin suni şəkildə uzanmasına xidmət edir. Məhz bunun nəticəsidir ki, 6 aydır cavabdeh əsasız mülahizələrlə işin baxılmasına maneə olmağa çalışır. Cavabdehin digər dəlili isə (halbuki həmin dəlil də əvvəlki məhkəmə mübahisəsində araşdırılıb hüquqi qiymət verilib) əmlakın ipotekadan azad edilməsidir. İpotekadan azad edilməsinin səbəbi isə, cavabdeh X2 əvvəlki məhkəmə iclasında da təsdiqetdiyi kimi çox adamlara borcunun olması ilə əlaqədar olmuşdur. Belə ki, Cavabdeh ipoteka qoyan anası ilə birlikdə gəlib İddiaçı xahiş ediblər ki, Samirin başqa adamlara da borcu var və eyni zamanda bacısının qızılları lombarda girov qoyularaq pul götürülüb onu da ödəməkdə çətinlik çəkirlər. Ona görə də, ipoteka müqaviləsin ləğv edib evi satıb həm, İddiaçı olan borcun, həmdə lombarda və digər şəxslərə olan borcun ödəməsinə görə lazımdır. Evin dəyəri borc məbləğindən çox olduğu üçün İddiaçı Cavabdeh və onun anasının sözlərinə inanıb. Lakin, sonradan borcun ödənilmədiyini görüb, əksinə onun bu humanist addımından istifadə edərək ona qarşı iddia qaldırılıb. Mehtiyev Samirin “kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmasında da məqsəd işi sün şəkildə uzatmaq olub. Qeyd etməyi zəruri hesab edirəm ki, hazırkı iş üzrə cavabdeh X5 daha əvvəl də Abşeron rayon məhkəməsində eyni əsaslarla “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə İddiaçı qarşı iddia qaldırıb. Lakin, iddia tələbi 3 instansiya məhkəməsində mübahisələndirilməsinə baxmayaraq əsassız olduğu üçün rədd edilib. Cavabdeh X5 yenə də, eyni əsaslarla iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş edir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştrak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh – X5 daha əvvəlki məhkəmə mübahisəsi zamanıda pulun ona verilmədiyini bildirmiş və 3 instansiya məhkəməsində mübahisələndirməsinə baxmayaraq əsassız olduğu üçün iddiası rədd edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı mülki iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 izahat verərək bildirmişdir ki, iddianın təmin olunmamasını xahiş edir. Belə ki, Cavabdeh valideyni orada ipoteka predmeti kimi əmlak qoyub. Sonra ipoteka müqaviləsinə xitam verilib. Borc ola-ola ipotekaya necə xitam verilir? Orada borc olmayıb. Onlar heç bir-birlərini tanımır. Orada bir ipoteka müqaviləsi olub. 70.000 manat vəsaiti heç kim tanımadığı adama vermir. İddiaçı həyat yoldaşı ilə cavabdeh arasında biznes münasibətləri olub. Müqavilə ona görə bağlanılıb. Biznes münasibəti alınmadığı üçün ipoteka müqaviləsinə xitam verilib. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, ümumiyyətlə İddiaçı tanımır. Onun qardaşı Ziyad və yoldaşı Rasimlə söhbəti olub. Özü iş adamıdır, bizneslə məşğuldur. Ona 100.000 manat pul lazım idi. İddiaçının qardaşı Ziyad dedi ki, “Rasim (iddiaçının əri) Rusiyada meyvə satır, sizi görüşdürüm, birlikdə iş görün”. X9 qonaq çağırdılar. Təklif ki, anasının evini banka girov qoyub 100.000 manat pul götürmək istəyir. 100.000 manat da o qoyar, şərik olub mal vurub işləyərlər. Lakin dedilər ki, banka ehtiyac yoxdur, faizsiz pul verər. Banka valideynləri razı idi. Ev buzovnada bağ evidir, qiymətli evdir. Düşündü ki, banka ipotekaya qoymaq rahatdır, amma şəxsən onun adına keçirməyi dəqiq bilmir, Rasim isə dedi ki, onun yox, yoldaşı Zeynəbin adına keçirsinlər. Anasını razı salmaqları üçün onları evlərinə dəvət etdi. Zeynəblə Ziyad gəldi və onlar 100.000 manat yox, 70.000 manat verəcəklərini qeyd etdilər. Atası prosedurun necə olacağını soruşdu. İzah etdilər ki, notariusda borc müqaviləsi bağlanacaq, ev girov qoyulacaq və Zeynəb xanımın adına ipotekaya alınacaq. Pul qaytarılanda ev də qayıdacaq. Valideynləri narahat idi, təkcə bu ev var idi, amma onlar and içib bizi əmin etdilər. Hətta valideynləri dedi ki, “oğlumuzun borcu varsa bizə deyin ödəyək”. Anası evin çıxarışını verdi və atası ilə anasının hər ikisinin razılığı lazım idi. Atası da razılıq verdi, amma işlə əlaqəli rayona getdi. O, anası ilə Xətai rayonunda notariusa gəldi. Daha sonra vəkil gəldi və Bakıxanov qəsəbəsində notariusa getdilər, amma neçə saylı olduğu yadında deyil. Notariusda dedilər ki, pul verilməlidi. Onların pulu yox di. Zəng edib ordan-burdan 40.000 dollar pul tapdılar. 68 min manat oldu, 2 min manat əksik idi. Onu da notariusun kassasından verdilər. Sonra geri qoydular. O da imzaladı. Daha sonra pulu götürüb getdilər, ona pul vermədilər. Anası ilə soruşdular ki, bəs pulu niyə vermədilər, Ziyadgil qeyd etdi ki, Əcmidəki evi satıb pulu verəcəklər, bu pul onların deyil. 2-ci gün pul veriləcək. Sonra əlaqə saxladı 5-ci gün verərik dedilər və daha sonra növbəti həftəyə qaldı. Sonra gördü ki, ev bahalı evdir deyə vermək istəmirlər. Rasimə zəng etdi, cavab vermədi. Daha sonra ona həbsdən zəng gəldi, başqa adam idi. Rasimə verəcəyin var dedi, sonra danışığa Rasim qoşuldu . Tələb etdi ki, 50 min manat apar ver yoldaşına, sonra evi götür. Ortada borc müqaviləsi var idi deyə nə edəcəyini bilmirdi. Rasim ümumiyyətlə notariusa gəlməmişdi, amma pulu gətirən adamı o göndərmişdi. O insanı makler kimi təqdim etdilər. Anası, bacısı, özü Fatmeyidəki Ziyadgilin evinə getdilər. Ziyad vicdanlı adam idi, bacısının qabağında diz çöküb evin onlara qaytarılmasını xahiş etdi. 1-2 dəfə getdilər ,dava düşdü, səs-küy oldu, nəhayət çəkinib evi qaytardılar. Ziyad evi qaytarandan sonra borc müqaviləsini ləğv edəcəyini bildirdi. Ona elə gəlir ki, onlar Ziyadı da aldadırdılar. Hal-hazırda borcu yoxdur, amma ondan 70 min manat tələb edirlər. Notariusdan kamera görüntü verməyib bildirdilər ki, 1 aya görüntülər silinir. Yəqin ki, notariusla da əlbir idilər. Cavabdeh tərəf yekun məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh və onun nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarılması şərtilə 70000 (yetmiş min) manat vermişdir. Bakı şəhəri 50 saylı notariat ofisində İddiaçı ilə X1 Samir İxtiyar oğlu (üçüncü tərəf) arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən,X6 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən əmlakını İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 3M-303 saylı müqaviləyə əsasən tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-889/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1331/2023 nömrəıi qətnaməsinə əsasən iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-889/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-4343/2023 nömrəli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1331/2023 nömrəıi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün iddiaçı 337 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Cavabdeh anasıdır. O Buzovnada yaşayır. İddiaçı və onun qardaşını öncədən tanımırdı. İlk dəfə idi ki görürdü. Zeynəbin qardaşı Ziyad Samirlə çoxdan tanış olduqlarını dedi. Əgər evi ipoteka kimi qoysanız Samirə pul verəcəyini qeyd etdi. Onun isə ikinci bir evi yoxdu. Razılaşmayıb. İddiaçının qardaşı Ziyad onu inandırmağa çalışıb ki, “biz sizi evsiz qoymarıq”. Daha sonra razılaşıb. Qeyd edib ki, Samirlə ikisi işləyəcək, bacısının yoldaşı da Rusiyadan pul göndərəcək. Sonra Notariusa gedilib. Zenfira xanım orda idi, amma tez-tez içəri girib çıxırmış. Daha sonra ev Zeynəbin adına keçiirdilib. Lakin pul verilməyib. O notarius əməkdaşı ilə otaqda pulları sayarkən görüb sadəcə deyilib ki, bu başqa puldur, sizin pul sabah veriləcək. Samirin nəsə imzalayıb-imzalamadığını bilmir. Səhər isə Ziyad və bacısına zəng edilsə də cavab verməyiblər. Daha sonra əlaqə yarada bilmişlər. Bacısı ərindən qorxduğu üçün evin sənədini vermirdi. Ziyad isə razı idi. Dəfələrlə notariusa getsələr də, İddiaçı və qardaşı Ziyad gəlmədi. Nəhayət iddiaçı qardaşının təkidi ilə gəlmiş və sənədi vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (əvvəlki redaksiya) Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə notarial qaydada kredit müqaviləsi imzalanmış, İddiaçı ilə Cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh isə borcu xx.xx.2023-cü il tarixədək ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Bu səbəbdən, iddiaçı borcun qaytarılmasına dair hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda müqavilədə nəzərdə tutulan pulun ona notariat ofisində rəsmiləşdirmək üçün verildiyini, lakin rəsmiləşdirmə aparıldıqdan dərhal sonra geri alındığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin irəli sürdüyü dəlillər onun bundan qabaq mübahisəli kredit müqaviləsinin etibarsızlığına dair Abşeron Rayon Məhkəməsində qaldırdığı iddia üzrə araşdırma predmet olmuş və məhkəmə tərəfindən bu dəlillər araşdırılaraq iddiası rədd olunmuşdur. Sözügedən qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Preyudisiya institutu məhkəmə aktları ilə müəyyən edilmiş halların yenidən baxılmasının qarşısının alınmasına, o cümlədən sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının yenidən mübahisələndirilməməsi məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipinin qorunmasına xidmət edir. Res judicata - ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni – res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir. Məhkəmə vurğulayır ki, iddiaçı və cavabdehin tərəf olduqları mülki iş üzrə kassasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış 2(102)-4343/2023 nömrəli qərarda göstərilmişdir ki, “iddiaçı pulun ona verilmədiyini bildirsə də, iddiaçının nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin iclasında bildirmişdir ki, həmin pul məbləği iddiaçı tərəfindən formal olaraq qəbzə qol çəkməklə götürülsə də, həmin pul məbləği başqa şəxsə məxsus olduğundan, həmin anda da ondan geri alınmışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə pulun iddiaçıya verildiyi müəyyən edilmişdir”. Nəzərə alınsa ki, mülki prosessual qanunvericiliyə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, belə olan halda, cavabdehin iddiaçıdan 70000 manat borc alması işin mübahisəsiz halına çevrilmiş olur. Qeyd olunanlara əsasən cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi hallar hazırki mülki iş üzrə artıq müəyyən edilmiş faktlar kimi qəbul edilməlidir. Odur ki məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən razılaşmanın icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə razılaşma üzrə üzərinə düşən öhdəlikləri icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-in 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Ona görə də borcun qaytarılması hissəsində iddianın təmin edilməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Məhkəmə iddianın “Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 7000 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsi pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyəti tənzimləyir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş faizlərin tələb olunması üçün cavabdehin hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur ki, iddia irəli sürmüş şəxs öhdəliyi icra etməmiş şəxsin bu cür faydalanmasını sübuta yetirməlidir. Lakin iddiaçı bu halları sübuta yetirə bilməmiş və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddia tələbinin “mənəvi zərərə görə 5000 manatın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 70.000 manat borc Cavabdeh tutularaq İddiaçı ödənilməlidir, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi və iddiasında tələb etdiyi 336 manat dövlət rüsumunun 287 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 70.000 (yetmiş min) manat borc və ödənilmiş dövlət rüsumunun 287 manat hissəsi, cəmi 70287 (yetmiş min iki yüz səksən yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-2629/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2629/2025
17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver