Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2773/2022 14.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair dövlət reyestrindən iddiaçının adına yeni çıxarışın verilməsi vəzifəsinin AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair dövlət reyestrindən iddiaçının adına yeni çıxarışın verilməsi vəzifəsinin AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilə dair ünvan 2ariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin mülkiyyət hüququna dair dövlət reyestrindən iddiaçının adına yeni çıxarışın verilməsi vəzifəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin üzərinə qoyulması və Cavabdeh ünvan 3 ünvanında yerləşən 1 nömrəli mənzildən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuş ünvan 3, mənzil 1 ünvanında yerləşən ümumi shəsi 29.22 kv.m, yaşayış sahəsi 16.22 kv.m olan 1 otaqlı mənzili, Bakı şəhəri 3 saylı Bakı “Asan xidmət” mərkəziində notariat kontorunun xüsusi notariusu X1 iştirakı ilə cavabdehlə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. Cavabdeh onun qızıdır və o, özünə məxsus əmlakı ona bağışlayarkən aralarında belə razılığa gəlmişdirlər ki, həyatının sonunadək onunla birlikdə həmin mənzildə yaşayacaq və mənzildən onunla bərabər istifadə edəcək, mənzilin bütün kommunal xərclərini cavabdeh ödəyəcək və ona müraciət edəcəyi təqdirdə iddiaçının bütün zəruri maddi ehtiyaclarını qarşılayacaq. Müqavilə bağlanarkən onun maddi durumum yaxşı olmuş və cavabdehin yardımına ehtiyacı olmamışdır. Hazırda qızı onunla birlikdə ona məxsus digər mənzildə də yaşamaqdan imtina edir və onun bağışlamış olduğu mənzili satışa çıxarmışdır. Pandemiya dövrünün əvvəllərindən başlayaraq onun maddi vəziyyəti pisləşdiyinə görə, cavabdehə zəruri maddi ehtiyaclarını təmin etməsi üçün müraciət etmişdir. Cavabdeh isə əksinə, elə həmin gündən başlayaraq, evə heç bir ərzaq almır, kommunal xərcləri ödəmir. O, cavabdehin bu hərəkətlərindən narazı qalsa da, buna ciddi əhəmiyyət verməmiş və bunun qəsd olmadığına özlüyündə inanmışdır. Bütün kommunal xərcləri özü ödəməyə və qida üçün lazım olan bütün ərzaqları, geyimlərini, borc pul tapmaqla almağa məcbur olmuşdur. Buna baxmayaraq, cavabdeh onun bu sadəlövhlüyündən istifadə edərək, ona qarşı daha da amansız olmağa başlamış, onun otağında olan çıl-çırağın ampulunu çıxararaq, otağının işıqla təmin olunmasına maneçilik törətmiş, yeni ampul alsa da, həmin ampulu da çıxarmışdır. Səbəbini soruşduqda isə, “sənə işıq lazım deyil, ev mənimdir, özüm bilərəm harda işıq yanmalıdı, harda yox” - deyir. O, alın təri ilə qazanaraq aldığı özünə məxsus yeganə evin cavabdehə bağışlayarkən, həmin mənzildə bundan sonra da insan kimi rahat yaşayacağına, lazım olduqda zəruri maddi ehtiyaclarının cavabdeh tərəfindən təmin olunacağına ümid etmiş və vicdanla bunu cavabdehdən gözləmişdir. İndiki halda, cavabdeh onu aldadaraq zəruri maddi ehtiyaclarını qarşılayacağı, mənzilin kommunal xərclərini ödəyəcəyi və mənzildə normal yaşayacağına mane törətməyəcəyi barədə ümid verməklə onu aldatmış və mənzili ona bağışlamağına nail olmuşdur. Bu azmış kimi ona məxsus olan başqa evi də satmaq iştahına gələrək cavabdeh onu psixiatrik xəstəxanaya yerləşdirməyi və bundan sonra o biri evi də sataraq qaradaşı ilə bölüşməyi təklif etmişdir. O, özünə məxsus əmlakı cavabdehə bağışlayarkən, öz aralarında belə razılığa gəlmişdirlər ki, həyatının sonunadək onlar birlikdə həmin mənzildə yaşayacaq və mənzildən onunla bərabər istifadə edəcək, mənzilin bütün kommunal xərclərini cavabdeh ödəyəcək və onun bütün zəruri maddi ehtiyaclarını qarşılayacaq. Yalnız indi ona aydın olub ki, cavabdeh onunla müqavilə bağlayarkən onu aldatmışdır. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsini tamamilə əsassız və qanuna zidd hesab edir. Belə ki, o, xx.xx.1980-ci ildə Bakı şəhərində İddiaçı və Abbasov Rəşid Həşim oğlunun ailəsində doğulmuşdur. Ailədə ondan böyük 2 uşaq var idi: bacısı - xx.xx.1965-ci il təvəllüdlü X2 və qardaşı - xx.xx.1974-cü il təvəllüdlü Abbasov Hicran Rəşid oğlu. 1986-ci ildə bacısı ərə gedib, evi tərk etmişdir. Atası Abbasov Rəşid Həşim oğlu xx.xx.1993-cü ildə vəfat etmişdir. Anası bağça müəlliməsi işləyirdi, ona kömək etmək məqsədilə 1998-ci ildən işləməyə başlamışdır. İşə başlayanda anası tapşırmışdır ki, qazancının yarısından çox cehizinə ayırsın, toplasın və xərcləməsin. O, da belə etmişdir. 2004-cü ildə anasının tanışları ona ünvan 3, mənzil 1 ünvanında yerləşən 1 otaqlı tamamilə təmirsiz mənzilin ucuz qiymətə, cəmi 10.000 ABŞ dolları, yəni həmin dövrün Azərbaycan manatına məzənnəsi ilə 7.000 manata satışa çıxarıldığını bildirmişlər. Həmin dövrdə o, 6.000 manata yaxın pul toplamışdır. Anam ona bu dəqiqə ərə getmədiyini, 6.000 manatı verməsini, pulun üstünü düzəldəcəyini, qiyməti çox sərfəli olduğuna görə həmin mənzili almalarını, nə vaxt ərə getsə, ya satıb cehiz ala biləcəklərini, ya da oğlanın evi olmasa onu təmir edib yaşa biləcəklərini bildirmişdir. O da razılaşmışdır. xx.xx.2004-cü il tarixdə ünvan 3, mənzil 1 ünvanda yerləşən 1 otaqlı mənzil anası İddiaçı adına alınmışdır. Həmin mənzildə yaşayış onlar tərəfindən heç vaxt olmayıb, mənzil o qədər təmirsiz və baxımsız olub ki, onu kirayə vermək də mümkün olmayıb. 2004-cü ildə qardaşı nikaha daxil olmuş və evi tərk etmişdir. Anası və o isə ünvan 5 ünvanda yerləşən mənzildə yaşayırdılar. 2010-cü ildə isə ünvan 6 ünvana köçüb, orada iki yaşamışdırlar. 2012-ci ildə qardaşı Abbasov Hicran Rəşid oğlu evlərinə gələrək yaşadıqları ünvan 6 ünvanda yerləşən mənzili onun adına keçirilməsini anasından tələb etmişdir. Anası bundan imtina etmiş, qardaşı anasnı döyüb çıxıb getmişdir. Uzun illər ərzində qardaşı ilə heç bir ünsiyyətləri olmamış, anası ilə maraqlanmamış, qayğısına qalmamışdır. 2016-ci ildə bacısı Abbasova Gülsüm öz oğluna toy edərkən, onları dəvət etməmişdir, bu səbəbdən onunla da əlaqə kəsilmiş, o da həmçinin anası ilə maraqlanmayıb, qayğısına qalmayıb. İllər ərzində anasının qayğısına o qalmış və onu həkimlərə aparmış, istədiyi hər bir şeylə təmin etmişdir. Anası dəfələrlə cərrahiyyə əməliyyatları keçirib, bu barədə nə oğlu, nə də qızı xəbərdar olmayıblar. Onlar anası ilə çox mehriban və xoşbəxt yaşamışdırlar. 2018-ci ildə anası bildirmişdir ki, o yaşlıdır, hər an ona nəsə ola bilər və ona cehiz pulları alınan ev vərəsələrin arasında bölünə bilər, bu isə ona qarşı haqsızlıqdır, məhz bu səbəbdən o sağ olarkən ünvan 3, mənzil 1 ünvanda yerləşən 1 otaqlı tamamilə təmirsiz olan mənzili ona bağışlamaq istədiyini bildirmişdi. xx.xx.2018-ci ildə aralarında bağışlanma müqaviləsi bağlanmış və həmin mənzil onun mülkiyyətinə keçmişdir. 2020-ci ildə anasına məlum olmuşur ki, qardaşı Abbasov Hicran Rəşid oğlu onun icazəsi və razılığı olmadan özünün 3 evi ola-ola anasına məxsus ünvan 6 ünvanda yerləşən mənzilə uşaqları qeydiyyata salıb. Bu səbəbdən anası Hicran Abbasova qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Qardaşı böyük bacısı ilə belə qənaətə gəlmişdirlər ki, anası qardaşını ona görə qeydiyyatdan çıxarmaq istəyir ki, ünvan 6 ünvanda yerləşən mənzili cavabdehə bağışlasın. Məhz buna görə onlar birləşib, cavabdehə qarşı çirkin plan qurmuşdurlar. Qardaşı məhkəmə prosesindən sonra anasını kənara çəkib, ona bildirmişdir ki, guya cavabdeh ailə qurmaq istəyir, ailə qurduğu adamın evi yoxdur və illərdir birgə yaşadığı anası indi ona mane olur, ailə qurduğu oğlanla anasının yaşadığı mənzildə yaşamaq istəyir. Və ona görə qardaşına təklif etmişdir ki, analarını psixiatrik xəstəxanaya qoymaqda ona kömək etsin. Maraqlısı odur ki, onun mülkiyyətində ev varsa, niyə kiminləsə plan qurub, anasını xəstəxanaya yerləşdirməlidir? Çox təəssüf edir, amma görünür anası yaşlı və həssas olduğuna görə bu absurd sözlərə, şərə, böhtana inanır və onun həyatı 2020-ci ildən tamamilə dəyişib cəhənnəmə dönüb. Anası onu izləməyə başlayır, hər gün onun çantasını, paltarlarını yoxlayır, barəsində polisə şər böhtan xarakterli şikayətlər yazmış, iş yerinə yollanmış, orada cavabdehin pozğun olduğunu bildirmişdir. Anası ona əl qaldırmağa başlamış, dəfələrlə saçını yolmuş, şvabra ilə döymüş, sonuncu dəfə isə onu qapıdan itələmiş və o, yıxılıb xəsarət almışdır. Belə aydın olur ki, vəziyyətin bu dərəcəyə gəlib çatmasında bacısı və qardaşının öz maddi maraqları naminə yaşlı anadan istifadə edib, öz çirkin planlarına nail olublar. Bacısı Əhmədzadə (Abbasova) Gülsüm və qardaşı Abbasov Hicran ona dəfələrlə ondan evi alacaqlarını, evlərin onların olduğunu, hətta analarını cavabdehi hər şeydən məhrum etməsi üçün məcbur edəcəklərini, onun ailəsi olmadığından və onların ailəsi olduğundan əmlakın, maddiyyatın onlara lazım olduğunu bildirmişdirlər. Bu günki gündə də anası tərəfindən ona qarşı bu cür iddianın verilməsinin təşəbbüskar və təşkilatçıları bacısı və qardaşının olmasına əmindir. Anası ilə söhbətlər apararaq, onunla mehriban davransa da, anası onu dinləmir. Bu səbəbdən birgə yaşayışları mümkünsüz dərəcəyə çatır və 22 avqust 2021-ci ildə yaşadığı ünvan 6 ünvanda yerləşən mənzili tərk etmək məcburiyyətində olmuşdur. Anası onun barəsində polisə müraciət emişr, o da öz növbəsində polisə müraciət etmişdir. Bütün bunlara baxmayaraq, 2022-ci ilin yanvar ayına qədər mənzilin bütün kommunal xərclərini o ödəmiş, anası üçün bütün geyimləri almışdır. Hətta anasının qardaşına qarşı məhkəmədə iştirak edilməsi barədə xahişini də yerinə yetirmiş, anasının vaksini olmadığından məhkəmədə iştirakı məhdudlaşmışdır. Məhz buna görə xx.xx.2021-ci ildə ona məhkəmədə iştirak üçün etibarnamə vermişdir. Sonuncu dəfə iddiaçının yanına 2022-ci ilin yanvar ayında getmişdir. Gedərkən ona aldığı bir torba ərzaq və hər zaman aldığı geyim əşyaları İddiaçı tərəfindən açılmadan zibil qutusuna tullanmışdır. Anası bildirmişdir ki, o murdardır və aldığı hər bir şey murdardı. Ona şvabra ilə zərbələr yetirmiş, sonra isə saçından tutub qapını açıb onu pilləkanlara itələmiş, o, yıxılıb xəsarət almışdır. xx.xx.2021-ci il tarixdən o, İddiaçı məxsus olan və onun yaşadığı ünvan 6 ünvanda yerləşən mənzildə yaşamır. Buna baxmayaraq, 2022-ci ilin yanvar ayına qədər onun kommunal xərclərini ödəmişdir. Həmçinin qeyd etmək istəyir ki, İddiaçı uzun illər ərzində əmək pensiyası alıb, lakin xərcləmədən onu yığıb, çünki evin bütün xərclərini onun üzərində olmuşdu. Bu səbəbdən ona borca nəsə almağa və ya ödəməyə ehtiyac yoxdur, çünki özünün kifayət qədər pulu var. Həmçinin İddiaçı iddiasında qeyd edir ki, onlar ünvan 3, mənzil 1 ünvanda yerləşən mənzildə yaşayır, lakin onlar orada heç vaxt yaşamamışdırlar, çünki həmin mənzil yaşayışa yararsız bir haldadır. Əvvəl bağışlamaq sonradan peşman olub hədiyyəni geri istəmək qanunvericiliyə əsasən nə bağışlamaqdan imtina əsasında, nə də ki, əqdin etibarsızlığı əsasında göstərilməyib. İddia ərizəsində hansı əsasla bağışlama müqaviləsinin etibarsız hesab edilməli olduğu dəqiq göstərilməmişdir. İddiaçı AR Mülki Məcəlləsinin 339.2-ci maddəsinə istinad etsə də, cavabdehin anasını necə aldatdığı, nəyi gizlədib, onu aldatdığını qeyd etməmişdir. Həmçinin iddiaçı Mülki Məcəllənin 670.1-ci maddəsinə istinad edir. Həmin maddəyə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Lakin xx.xx.2018-ci il tarixdə bağlanılan bağışlanma müqaviləsi heç bir şərt və öhdəliklərdən asılı olmamışdır. Cavabdeh həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyun izahat vermiş və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq İddiaçı iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş mateiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış və 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanılmış xx.xx.2018-ci il tarixli 4Ə-55 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, müvafiq müqavilə əsasında İddiaçı xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyətində olan ünvan 3, mənzil 1 ünvanında yeləşən ümumi sahəsi 29,22 kv.m, yaşayış sahəsi 16,22 kv.m olan 1 otaqlı mənzili qızı Cavabdeh bağışlamışdır. Bağışlanan mənzilə dair məhdudiyyətlər və yüklülük qeydə alınmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 29,22 kv.m olan 1 nömrəli mənzil Cavabdeh adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli 4Ə-55 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən, özünə məxsus ünvan 3, mənzil 1 ünvanında yeləşən ümumi sahəsi 29,22 kv.m, yaşayış sahəsi 16,22 kv.m olan 1 otaqlı mənzili qızı Cavabdeh bağışlamış və mənzil Cavabdeh adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdehin onun zəruri maddi ehtiyaclarını qarşılayacağı, mənzilin kommunal xərclərini ödəyəcəyi və mənzildə normal yaşayacağına mane törətməyəcəyi barədə ümid verməklə onu aldatdığını və mənzili ona bağışlamağına nail olduğuna istinad edərək, müqavilənin etibarsızlığını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 670.1ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. “Notariat haqqında” Qanunun 45-ci maddəsinin 2-ci hissəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Mülki Məcəllənin 339.2-ci maddəsinin tələblərinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən müəyyən olunur ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin maddələrin məzmunundan göründüyü kimi “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Bu əsasla əqdin mübahisələndirilməsi yalnız şəxsin məhz əqd bağlanması məqsədilə aldadıldığı, həmçinin aldatma nəticəsində bağlanmış əqdin onun aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda mümkündür. Məhkəmə hesab edir ki, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilə notariat qaydasında təsdiq edilmiş və müqavilə bağlanarkən notarius tərəfindən Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu, müqavilənin bütün şərtləri illə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr tərəflərə izah edilmişdir. Müqavilə notariat qaydasında təsdiq edildikdə notarius müqavilənin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlayır. Bu, “Notariat haqqında” Qanunun 45-ci maddəsinin 2-ci hissəsinin tələbidir. Ona görə də notariat qaydasında təsdiq edilən müqavilənin aldatma nəticəsində bağlandığını müəyyən etmək üçün mötəbər sübutlar olmalıdır. İddiaçı tərəf müqavilənin aldatma nəticəsində bağlandığını təsdiq edən heç bir sübut təqdim etməmiş, iddia ərizəsinə yalnız bağışlama müqaviləsinin surətini əlavə etməklə kifayətlənmişdir. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq, formal mülahizələr əsasən müqavilənin aldatma nəticəsində bağlandığını müəyyən edə bilməz. Həmçinin, iddiaçı cavabdehin onun zəruri maddi ehtiyaclarını qarşılayacağı, mənzilin kommunal xərclərini ödəyəcəyi və mənzildə normal yaşayacağına mane törətməyəcəyi barədə ümid verərək onu aldatdığını və müqavilə bağalamağa nail olduğunu qeyd edir. Əgər bunun doğru olduğu hesab edilsə belə, bu hal cavabdeh tərəfindən iddiaçının əqd bağlamaq niyyəti ilə aldadılması deyil, bağışlamanı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsidir ki, belə bir müqavilə şərti tərəflərin razılaşmaları nəticəsində qəbul edilir. Lakin bağışlama müqaviləsinin məzmunundan müqavilə bağlanarkən həmin müqavilədə hər hansı qeyri-şərt, yaxud öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmadığı, həmçinin bağışlamanın heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilmədiyi müəyyən olunur. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin bağlanmasından bir ildən artıq vaxt keçdikdən sonra xx.xx.2022-ci il tarixdə bu əqdləri məhkəmədə mübahisələndirmişdir. Bu halın mövcud olması da, iddianın rədd edilməsi üçün müstəqil əsasdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən “Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.” Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı iddiası həm əsassız olduğuna, həm də məhkəmə tərəfindən kəsici iddia müddəti tətbiq olunmaqla rədd edilməlir. Məhkəmə qeyd edir ki, iddia tələbi bağışlama müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılmanın aparılmasına zərurət qalmadığından iddia tələbləri ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin mülkiyyət hüququna dair dövlət reyestrindən iddiaçının adına yeni çıxarışın verilməsi vəzifəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin üzərinə qoyulması və Cavabdeh ünvan 3 ünvanında yerləşən 1 nömrəli mənzildən məcburi çıxarılması hissələrində də əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair dövlət reyestrindən iddiaçının adına yeni çıxarışın verilməsi vəzifəsinin AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması və mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilməlir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməsiyindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı d aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair dövlət reyestrindən iddiaçının adına yeni çıxarışın verilməsi vəzifəsinin AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması və mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2773/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2773/2022
14.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver