Məhkəmə qərarları › İş №2(010)-3915/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3915/2022

10.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3915/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə "xxxx" ASC) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, HDM 029470 №-li aktın ləğv edilməsinə, həmin aktdan irəli gələn 1061,30 manatın hesab kodundan silinməsi və "xxxx" ASC-dən qanunsuz hərəkətlərinə görə ona dəymiş 10.000 manat mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli NDM seriyalı 029470 nömrəli aktına əsasən onun ünvanına yazılmış 1059 manat məbləğində borcun ləğv olunması və 10.000 manat mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iyul ayının 27-də onlara heç bir xəbərdarlıq edilmədən işıqları kəsilmişdir. Sonradan səbəbini araşdırdıqda ikinci işıq xəttinin olmasına görə akt yazılıb, cərimə olunduğunu bildirmişlər, halbuki bu əsassızdır. İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə isə bildirdi ki, o, bu məsələ ilə də çox əsəbləşib müalicə almışdır. Bu səbəbdən mənəvi zərərlə bağlı heç olmasa həmin pulun yarısının onun xeyrinə tutulmasını istəyir. Buna görə də qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı mənzildəki sayğaca baxış keçirilib. Baxış zamanı aşkar olunmuşdur ki, sayğacın qoşulma sxemi səhvdir, yəni kənar xətdən sıfır xətt verilməklə sayğac dövriyyədən kənarlaşdırılıb. Həmin fakt əsasında akt tərtib edilib. Akt tərtib olunan vaxt iddiaçıya məlumat verilib, iştirak edən şəxs olmadığı üçün akt iştirakları olmadan tərtib edilib və itirilmiş elektrik enerjisinin dəyəri sonradan hesablanaraq 1059 manat olduğu müəyyənləşdirilib. Buna görə də qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC-nin əməkdaşları Abdullayev B. və Məmmədov A. tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş NDM seriyalı 029470 nömrəli xx.xx.2022-ci il tarixli aktdan görünür ki, baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayış evinin elektrik sayğacının qoşulma sxemi səhvdir. Kənar mənbədən 0- sıfır verməklə sayğac dövrədən kənarlaşdırılıb. "xxxx" ASC-nin Akt komissiyası tərəfindən tərtib edilmiş “əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər” haqqında cədvəldən görünür ki, xx.xx.2022-ci il tarixdə NDM 029470 saylı akt tərtib edilmiş və itirilmiş enerjinin bərpası məqsədilə abonentə 1059 manat dəyərində əlavə sərfiyyat hesablanmışdır. Videodiskdən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik sayğacının qoşulma sxeminin səhv olduğu və kənar mənbədən 0 - sıfır verməklə sayğacın dövrədən kənarlaşdırıldığı bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1 maddəsinə əsasən, abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent - elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məişət abonenti (əhali) isə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.4.-cü maddəsinə əsasən abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.. Həmin Qaydaların 9.19-cu bəndinə əsasən, istehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəydikdə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya” nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 57-ci maddəsinin İ-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Göründüyü kimi, qanunvericilik elektrik qurğularının saz vəziyyətdə saxlanmasına görə istehlakçı-abonentin məsuliyyət dairəsini dəqiq müəyyən edib. Videogörüntüdən də göründüyü kimi hazırkı işdə iddiaçıya aid hesablaşma elektrik sayğacı cavabdehə məxsus yaşayış evində deyil, yaşayış evinin hasarının xarici tərəfində quraşdırılıb və buna görə də, iddiaçı o halda məsuliyyətə cəlb edilə bilər ki, həmin sayğaca müdaxilədə onun təqsiri sübuta yetirilmiş olsun. Əks halda, yuxarıda qeyd edilən Qaydalar onun məsuliyyətini istisna edir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçının ünvanına hesablanmış 1059 manat məbləğində borc ləğv olunmalıdır. İddiaçı, həmçinin, iddia tələbində cavabdehdən 10.000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etmişdir. Tələbin bu hissəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən onun ünvanına cərimə yazılması və işığının kəsilməsi səbəbindən o, müalicə almış və əsəbləşmiş, və beləliklə, cavabdehin bu hərəkətləri ilə ona mənəvi zərər vurmuşdur. Qanunvericiliyin tələbinə görə məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvana baxış keçirilərək, akt tərtib olunması və həmin akt əsasında iddiaçının ünvanına cərimə yazılması onun mənəvi sarsıntı keçirməsi üçün əsas deyil, bu hal vətəndaşa mənəvi zərər vurulması kimi qiymətləndirilə bilməz, belə ki, məhkəməyə və digər dövlət orqanlarına müraciət etmək hüququ Azərbaycan Respublikasının Konstitusiyasında və başqa qanunlarda təsbit edilmiş müddəadır və bu hüquq məhdudlaşdırılmır. Fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi iddiaçı aktla razı olmadığı və borcun əsassız yazıldığını güman etdiyi halda məhkəməyə müraciət etmək hüququndan istifadə edərək, pozulmuş hüquqlarını bərpa edə bilər və bu hal iddiaçıya mənəvi zərər vurulması kimi qiymətləndirilə bilməz. Həmçinin, iddiaçı cavabdehin hərəkətləri nəticəsində əsəbləşdiyini və müalicə aldığını bildirsə də, müalicə alması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyərək, məhkəmə iclasında şifahi şəkildə bildirmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli NDM seriyalı 029470 nömrəli aktına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********5002A) hesablanmış 1059 manat məbləğində borc ləğv olunmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 30,59 manat təşkil edir. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 30,59 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli NDM seriyalı 029470 nömrəli aktına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********5002A) hesablanmış 1059 (bir min əlli doqquz) manat məbləğində borc ləğv olunsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30,59 (otuz manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar