Məhkəmə qərarları › İş №2(004)-2852/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2852/2022

24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2852/2022 24.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, Səbail rayon icra Şöbəsinə və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası, "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad olunması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, Səbail rayon icra Şöbəsinə və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası, "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nikoyl” İKB ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli, 45/03/07 saylı ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 4 saylı özəl tikili evin ipoteka yüklülüyündən azad olunması, əmlakın ipoteka yüklülüyündən azad olunmasının icra öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi idarəsinin və Səbail Rayon İcra şöbəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixdə "xxxx" MMC ilə “Nikoyl” İKB arasında 45/03/07-saylı kredit müqaviləsi və həmin kredit müqaviləsi əsasında onunla ipoteka müqaviləsi bağlanmışdır. İpoteka və kredit müqavilələri “Nikoyl” İKB-nin 3 saylı filial müdüri E.X. Gözəlov ilə bağlanmışdır. Həmin müqavilələrdən göründüyü kimi ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, F.Mirzəyev küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lakin "xxxx" MMC kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirə bilmədiyi üçün, ‘'Nikoyl" İKB tərəfindən məhkəməyə verilmiş və yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-147/10 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən cəmi 54612,36 manat məbləğində borcun tutulması, girov qoyulmuş ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına ödənilməsi barədə qətnamə çıxarmışdır. Həmin qətnamə qanunu güvvəsini alaraq, naməlum səbəblərə görə yalnız 4 il sonra, Səbail Rayon İcra və Probasiya şöbəsinin vasitəsi ilə həraca göndərilmişdir. Həmin hərrac Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. 01/3702 xx.xx.2014-cü il tarixli açıq hərracın keçirilməsinə dair 01/2 nömrəli bildiriş qəbul olunsa da, rəsmi olaraq heç bir hərracın nəticəsi barəsində protokolu qəbul etməmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.4-43.8ci maddələrin tələblərinə əsasən hərrac baş tutmadıqda, təkrar hərrac keçirilir, təkrar hərracda baş tutmazsa, tələbkara 30 təqvim günü ərzində əmlakı ilkin satış qiymətindən 25% aşağı qiymətə alması təklif olunur. İpoteka saxlayan təkrar hərrac baç tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin bildiriş tərəfindən qəbul olunandan sonra, başqa heç bir bildiriş və ya hərracın protokolu və ya hər hansı bir hərracın sənədi tərəfindən qəbul olunmamışdır. Bundan başqa İpoteka haqqında qanunun 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; və s., hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Bundan başqa İpoteka haqqında qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Hərracın keçirilməsi barəsində bildirişi alarkən, ilkin hərracın keçirilməsi barəsində yazılı protokol olmalı və ona rəsmi göndərilməli idi. Lakin ona rəsmi olaraq heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa ikinci hərrac birinci hərracın keçirilməsindən 45 gün keçməmək şərti ilə olmalı idi, halbu ki, ikinci hərrac barəsində də heç bir məlumat gəlməmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən nəticəyə gəlmək olar ki, hərracın keçirilməsi zamanı qanuna zidd əməllər həyata keçirilmiş və ikinci hərracın keçirilmə müddəti ötürülmüşdür. Belə bir halda hərracın müddəti ötürülmüş və əmlak ipoteka yüklülüyündən azad olunmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, hazırkı mülki işin yekunlaşması üçün bir sıra əlavə sübutlar gərəkdir ki, hazırda tərəfindən həmin sübutların toplanması istiqamətində bir sıra hərəkətlər icra edilməkdədir. Prosessual qanunvericiliyə edilmiş son dəyişikliklər isə sübutların hazırlıq mərhələsində təqdim edilməsini tələb edir. Hazırkı iş isə baxış mərhələsində olduğundan yeni sübutları təqdim etmək imkanından məhrum olunur. Bu da özünü müdafiə hüququna müəyyən mənada maneələr yaradır. Ona görə də hazırkı işin baxılmamış saxlanılması zərurəti yaranmışdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmədən mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılması barəsində qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 ərizə verərək işə mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənləri və cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı tərəfindən hər dəfə icra məmuru tərəfindən müvafiq işlə bağlı icra tədbirləri həyata keçirilən zaman eyni predmetlə bağlı eyni məzmunlu iddialar qaldırılır və həmin iddialara əsasın müvafiq icra işi süni şəkildə uzadılır. Hazırki iddia da, həmin qəbildən olan iddialardan və həmin növ iddialara məhkəmələr tərəfindən baxılaraq hüquqi qiymət verilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 369/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 4 saylı evin ipotekaya qoyulmasma dair “Nikoyl” 1KB ilə xx.xx.2007-ci i tarixdə bağlanılmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin evin həbsdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC adından çıxış edən direktoru X2 və “Nikoyl” X5 adından çıxış edən 3 saylı filialının müdiri E.X.Gözəlov arasında bağlanmış xx.xx.2007-ci il tarixli 45/03/07 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən "xxxx" MMC-yə illik 22 % ödəmək və 18 ay müddətinə qaytarılması şərti ilə 50.000 (əlli min) manat məbləğində kredit ayrılmışdır. İpoteka qoyan İddiaçı, borclu "xxxx" MMC adından çıxış edən direktoru X2 və ipoteka saxlayan “Nikoyl” İKB adından çıxış edən 3 saylı filialının müdiri E.X.Gözəlov arasında bağlanmış xx.xx.2007-ci il tarixli 45/03/07 saylı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyanın mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədiyindən “Nikoyl” İKB kredit müqaviləsində yaranan borcun və hesablanmış cərimənin ipoteka qoyulmuş əmlak hesabına ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qeyd olunan qətnamədən borclu "xxxx" MMC-nin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2-1(103)-147/10 saylı qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə kredit müqaviləsinə xitam verilməsi, "xxxx" MMC-dən “Nikoyl” İKB-nin xeyrinə cəmi 54.612,36 manat borcun tutulması və borcun ipoteka predmeti olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına ödənilməsi, iddia üzrə ödənilmiş 19,80 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən “Nikoyl” İKB-nin xeyrinə tutulması hissilərində dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən ipoteka müqaviləsi bağlanılarkən və iddiaçının razılığı alınarkən Mülki Məcəllənin müvafiq maddələrinin dispozitiv şərtlərinə uyğun olmayan halların (əqdin bağlanması üçün müəyyənləşdirilmiş şərtlərin pozulması halları) təsdiqi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdeh “Nikoyl” X1rşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin həbsdən azad edilməsi tələbinə dair” iddiası rədd olunmalıdır. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-968/2016 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-369/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 3621/2011 saylı xx.xx.2011-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh “Nikoyl” X1rşı “ipoteka müqaviləsinin ləğv edilməsi və mənzilin həbsdən azad edilməsi tələbinə dair” mülki iş üzrə iddianı təmin etmə tədbiri haqqında iddiaçının ərizəsi təmin edilərək, mübahisəyə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi qüvvəyə minənədək ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin satılması məqsədilə keçiriləcək hərrac, eyni zamanda həmin mənzilin satılması, həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1(103)-147/2010 saylı qətnaməsi üzrə icra tədbirlərinin dayandırılması qərara alınmışdır. Bakı şəhəri Səbail rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2014-cü il tarixli, xx/xx-3273/2010-6F saylı məktubun surətindən görünür ki, Bakı Apellyasiya məhkəməsinin 2-(103)-147/2010 saylı xx.xx.2010- cu il tarixli icra sənədi xx.xx.2010-cıı il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. Səbail rayon icra şöbəsinə daxil olmuş 756 saylı xx.xx.2011-ci il tarixli ekspert rəyinə əsasən "xxxx" MMC tərəfindən girov qoyulmuş İddiaçı qızma məxsus ünvan 5 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evi 35.000 manat məbləğində qiymətləndirilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənədində göstərilən borcun girov qoyulmuş ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda satılması üçün məktubla "xxxx" MMC-yə müraciət edilmişdir. Səbail rayon məhkəməsinin 2(009)-3621/2011 saylı xx.xx.2011-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-147/2010 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icra tədbirləri dayandırılmışdır. Səbail rayon məhkəməsinin 2(009)-300/2012 saylı xx.xx.2014-ci il tarixli qərardadı ilə Səbail rayon məhkəməsinin 2(009)-3621/2011 saylı xx.xx.2011-ci il tarixli qərardadı və həmin qərardad əsasında ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin satılması məqsədilə keçiriləcək hərracın, eyni zamanda həmin mənzilin satılmasının, həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1(103)-147/2010 saylı icra sənədi üzrə icra tədbirlərinin dayandırılması ləğv edilmişdir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə 756 saylı xx.xx.2011-ci il tarixli qiymətləndirmə rəyinin və icra sənədinin surətləri "xxxx" MMC-yə göndərilərək mənzilin açıq hərrac yolu ilə satılmasının davam etdirilməsi xahiş olunmuşdur. "xxxx" MMC-nin 16.12. 2014-cü il tarixli, 01/2 saylı bildirişinin surətindən görünür ki, Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-14/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə tərəflərə xx.xx.2015-ci il tarixdə, saat 10.00-13.00 və 14.00-17.00-da ünvan 6 ünvanında ünvan 7 barədə məlumat verilmişdir. İş materiallarında olan Səbail rayon icra şöbəsinin icra məmuru Tural Aşurovun “qiymətləndiricinin dəvət edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-147/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinin icrası məqsədi ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün “X8 Azerbaijan” MMC-dən qiymətləndiricinin dəvət edilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli 4534/2010- 16-15 saylı məktubunun surətindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin qiymətləndirilməsinin təmin edilməsi “X8 Azerbaijan” MMC-dən xahiş olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. (xx.xx.2018-ci il tarixinədək qüvvədə olmuş əvvəlki redaksiyada deyilirdi: 41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər.) Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir... (əvvəlki redaksiyada deyilirdi: 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir...) Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə görə isə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə: “1. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.

2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

3. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.” “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1-ci maddəsinə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Beləliklə, işin məhkəmə araşdırılması zamanı araşdırılmış sübutlarla və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş mübahisəsiz hallarna görə, Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-147/2010 saylı xx.xx.2010-cu il tarixli icra sənədi üzrə icraata xx.xx.2010-cıı il tarixdə Səbail rayon icra şöbəsində başlanılmış, icra sənədinin icrasını təmin etmək məqsədi ilə girov qoyulmuş ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda satılması üçün "xxxx" MMC-yə müraciət edilmişdir. Səbail rayon məhkəməsinin 2(009)-3621/2011 saylı xx.xx.2011-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-147/2010 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icra tədbirləri dayandırılmışdır. Səbail rayon məhkəməsinin 2(009)-300/2012 saylı xx.xx.2014-cii il tarixli qərardadı ilə Səbail rayon məhkəməsinin 2(009)-3621/2011 saylı xx.xx.2011-ci il tarixli qərardadı ləğv edilmişdir. Səbail rayon icra şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə 756 saylı xx.xx.2011-ci il tarixli qiymətləndirmə rəyinin və icra sənədinin surətləri "xxxx" MMC-yə göndərilərək mənzilin açıq hərrac yolu ilə satılmasının davam etdirilməsi xahiş olunmuşdur. "xxxx" MMC xx.xx.2014-cü il tarixli, 01/2 saylı bildirişlə Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-14/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə tərəflərə xx.xx.2015-ci il tarixdə, saat 10.00-13.00 və 14.00-17.00da ünvan 6 ünvanında ünvan 7 barədə məlumat vermişdir. Bundan sonra, Səbail rayon icra şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən xx.xx.2022-ci il tarixdə “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərar qəbul edilərək, Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-147/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinin icrası məqsədi ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün “X8 Azerbaijan” MMC-dən qiymətləndiricinin dəvət edilməsi qərara alınmışdır. Hazırda İddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinin tələblərinə (İpoteka saxlayan təkrar hərrac baç tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.) əsaslanmaqla, “Nikoyl” İKB ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli, 45/03/07 saylı ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad olunması, əmlakın ipoteka yüklülüyündən azad olunması tələbi ilə məhkəməyə müraciət etsə də, ikinci hərracın keçirilməsi, baş tutmaması və ipoteka predmetinin ipoteka saxlayana təklif olunması barədə mülahizələrini heç bir mötəbər sübutla əsaslandırmamışdır. Həmçinin məhkəmə, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqaviləyə xitam verilməsini və digər tələbləri məqbul saymır. Məhkəmənin gəldiyi qənaətə görə, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi üçün qanunvericilklə nəzərdə tutulmuş heç bir əsas müəyyən edilməmişdir. Odur ki, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz hesab edilərək, rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, Səbail rayon icra Şöbəsinə və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası, "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad olunması tələbinə dair” iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar