Məhkəmə qərarları › İş №2(103)-587/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-587/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-587/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X6, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı "xxxx" ASC (İddiaçı Qapalı Səhmdar Cəmiyyəti olmayan Kredit Təşkilatı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tələbin ipotekaya yönəldilməsi və s.” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1003/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 prosessual hüquqi varisi X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 75 nömrəli, 23 may 2006-cı il kredit müqaviləsinin əsasında iddiaçı illik 16 faiz hesablanmaqla 12 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit almış, həmin kredit məbləğini və müəyyən edilmiş faizləri tərtib edilmiş qrafikə uyğun qaytarmağı, hebelə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğdən illik cərimə ödəyəcəyini öhdəlik olaraq üzərinə götürmüşdür. Bununla yanaşı kreditin təminatı olaraq iddiaçı ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh1la bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi təmin edilməsi üçün özünə məxsus olan Bakı şəhəri, ünvan 1 nömrəli evi ipoteka olaraq Banka təqdim etmişdir. Hazırda iddiaçı "xxxx" ASC qeyd edilən müqavilə üzrə yaranmış borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 171.578 ABŞ dolları əsas kredit borcu, 75.363 ABŞ dolları məbləğində faiz borcu, 10.295 ABŞ dolları dəbbə pulu, cəmi 257.236 ABŞ dolları məbləğində borcun tutulması, Cavabdeh2 mülkiyyətində olan ipoteka-qoyulmuş Bakı şəhəri, ünvan 1 ünvanının boşaldılması, açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi barədə xx.xx.2011-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bankın Suraxanı filialı ilə Cavabdeh1 arasında bağlanmış 23 may 2006-cı il tarixli 75 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 200.000 ABŞ doları məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə 16% ilik faiz borcu hesablanmalı və hər ayın 24-ü tarixindən gec olmayaraq banka ödənilməli idi. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdeh1 17 yanvar 2011-ci il tarixinə banka 171.578 ABŞ doları əsas,75.363 ABŞ doları faiz borcu, 10.295 ABŞ doları dəbbə pulu, cəmi 257.236 ABŞ doları təşkil edir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə bankla cavabdeh X7 arasında 23 may 2006cı il tarixli 75 nömrəli ipoteka müqaviləsi bağlanılmış və onun mülkyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mkr, Bağ-Park küçəsində ev 19 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməısi üçün tədbirlər görməmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)-1003/11 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdeh1 həmin qiyabi qətnamənin ləğv edilməsi barədə xx.xx.2011-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1003/11 saylı, xx.xx.2011-ci il tarixli qərardadına əsasən iş təzələnərək mahiyyəti üzrə yenidən baxılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(011)-1003/11 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 171.578 ABŞ dolları əsas borc, 75.363 ABŞ dolları faiz borcu, 10.295 ABŞ dolları dəbbə pulu, cəmi 257.236 ABŞ dolları məbləğində vəsait qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Bağ-Park küçəsində istifadədə olan 0.05019 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 227 kv.metr yaşayış, 653.4 kv.metr köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Bağ-Park küçəsində istifadədə olan 0.05019 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 227 kv.metr yaşayış, 653.4 kv.metr köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, borc məbləği ödənildikdən sonra qalan məbləğin mülkiyyətçi Cavabdeh2 qaytarılması, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Bağ-Park küçəsində istifadədə olan 0.05019 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 227 kv.metr yaşayış, 653.4 kv.metr köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra bir ay ərzində Cavabdeh2 həmin mənzildən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 və Cavabdeh2 prosessual hüquqi varisi X5 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 prosessual hüquqi varisi X5 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ipoteka predmetinin açıq hərracdan satılmasından sonra bir ay ərzində Cavabdeh2 həmin mənzildən çıxarılması hissəsində eləcə də əsas borca hesablanmış faiz borcu və dəbbə pulu hissəsində rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilikdə tutmanının borclu şəxsə deyil, ipoteka qoyana göndərilməsi nəzərdə tutulduğu halda, həmin bildiriş borclu şəxsə göndərilmişdir. Bu səbəbdən də ipoteka qoyan öz əmlakı barəsində tutmanın ipoteka predmetinə yönəldilməsi barədə prosedura başlanmasından məlumatsız olmuşdur. Belə olan halda yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə əsasən hesab edirlər ki, tutmanın yönəldilməsi proseduru davam edə bilməzdi. Lakin buna baxmayaraq məhkəmə qanunvericiliyin tələblərinə əməl etməyərək, tutmanın ipoteka predmetinə yönəldilməsini qət etmişdir. Zaminlik müqaviləsi olmadığı halda borcun müştərək qaydada həm borclu Cavabdeh1, həm də mərhum atası Cavabdeh2 tutulması qət edilmişdir. Göründüyü kimi, məhkəmə bununla ciddi pozuntuya yol vermişdir. Məhkəmə faiz və dəbbə pulunu düzgün hesablamamaqla borclu tərəfin onsuz da yaxşı olmayan vəziyyətini daha da pisləşdirmişdi. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində, qətnamənin borca görə faizlərin hesablanması və dəbbə pulunun tutulması hissələrində tamamilə ləğv edilməsi və iddia tələblərinin həmin hissələrdə təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mülki işə qiyabi icraat qaydasında baxmış, sonradan Cavabdeh1 ərizəsinə əsasən ümumi iddia icraatı qaydasında baxaraq göstərilən qətnaməni çıxarmışdır, məhkəmə qətnaməsinin iddia tələblərinin kreditə görə hesablanmış faiz borcunun və dəbbə pulunun tutulması hissələrində təmin edilməsini qanunsuz və əsassız hesab edir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-587/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2025-ci il tarixli, 3-16-16/2-9/1394/2025 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Bununla yanaşı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3001/2025 saylı, 19 may 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat dayandırılmış, mütəxəssis rəyinin alınması "xxxx" MMC yə həvalə edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin 27 oktyabr 2025-ci il tarixli, MEB-m299-1025 saylı məktubu ilə rəy daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 prosessual hüquqi varisi Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə (əvvəlki redaksiya): 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan "tələbin ödənilməsini ləngidirsə" əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. “İpoteka haqqında” Qanun (əvvəlki redaksiya): 34.1-ci maddəsinə əsasən İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4.-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş digər hallarda; 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun göndərildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti- bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləüv edilməsi üçün əsasdır. 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 23 may 2006-cı il tarixli 75 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 200.000 ABŞ doları məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə 16% ilik faiz borcu hesablanmalı və hər ayın 24-ü tarixindən gec olmayaraq banka ödənilməli idi. Bununla yanaşı iş materiallarından görürnür ki, kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə bankla cavabdeh X7 arasında 23 may 2006-cı il tarixli 75 nömrəli ipoteka müqaviləsi bağlanılmış və onun mülkyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mkr, Bağ-Park küçəsində ev 19 ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi 23 may 2006-cı il tarixli 75 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 borclu olmuşdur, digər cavabdeh isə öz əmlakını kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü etmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməklə borcun müştərək qaydada hər iki cavabdehdən tutulmalı olması barədə nəticəyə gəlmişdir. Kollegiya məhkəmənin bu nəticəsi ilə razılaşmır. Belə ki, cavabdeh X7 ilə iddiaçı arasında qeyd edilən kredit müqaviləsinə əsasən hər hansı bir zaminlik müqaviləsi bağlanmamış və Cavabdeh2 kredit kredit müqaviləsi ilə kreditin ödənilməsində Cavabdeh1la birgə borclu qismində üzərinə öhdəlik götürməmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə maddi və prosessual hüquq normalarının tələblərini pozaraq kredit müqaviləsi üzrə yaranmış borcu həmin müqavilə ilə borclu olmayan şəxsdən tutulması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Digər tərəfdən iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən hazırki iş üzrə iddia ərizəsi məhkəmə verilənədək iddiaçı tərəfin məlumatlarına əsasən Cavabdeh2 vəfat etməsi ilə bağlı birinci instansiya məhkəməsi baxışı zamanı icraat xx.xx.2011-ci il tarixdə dayandırılmış, bununla bağlı müvafiq sorğu nəticəsində alınmış cavaba əsasən icraat 17 may 2011-ci il tarixdə təzələnərək işə mahiyyəti üzrə baxılaraq qiyabi qətnamə qəbul edilməklə borc hər iki cavabdehdən tutulmuşdur.Lakin Cavabdeh2 qızı tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, Cavabdeh2 06 oktyabr 2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş 9 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2789 saylı məktubla xx.xx.2010-cu ildə vəfat etmiş, ünvan 2 ünvanında qeydiyyatda olmuş, xx.xx.1932-ci il təvəllüdlü Cavabdeh2 (xxxxxxx) vərəsəlik işi ilə əlaqədar olaraq bildirilir ki, qızı-X5, miras əmlakın qəbulu üçün notariat ofisinə yazılı müraciət etmiş vərəsəsidir. Beləliklə də iddiaçı tərəfindən hazırki iş üzrə iddia ərizəsi məhkəməyə verilənədək Cavabdeh2 06 oktyabr 2010-cu il tarixdə vəfat etdiyi halda birinci instansiya məhkəməsi buna dair məlumatı tam dəqiqləşdirmədən işə mahiyyəti üzrə baxmaqla borcu həm də artıq vəfat etmiş şəxsdən də tutulmasını qət etmişdir. Cavabdeh2 06 oktyabr 2010-cu il tarixdə vəfat etməsini təsdiq edən sənəd apellyator tərəfindən verdiyi şikayətə əlavə edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi göstərilən əsaslara görə ləğv edilməli və işə apellyasiya icraatı qaydasında mahiyyəti üzrə baxılaraq iddia tələbinə və apellyasiya şikayətinin dəlillərinə qiymət verilməlidir. Məhkəmə Kollegiyası həmçinin bildirir ki, hazırda Cavabdeh2 prosessual hüquqi varisi işə cəlb edildiyindən həmin hissədə iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmamışdır. Belə ki, qeyd olunmalıdır ki, əvvəla Cavabdeh2 qızı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmişdir. Həmçinin də kollegiya prosessual qənaət prinsipindən hazırki iş üzrə Cavabdeh2 qızının prosessual hüquqi varisi kimi tanınmasını məqbul hesab etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki iddia tələbi Cavabdeh1 münasibətdə qismən-təmin edilməli və müəyyən edilmiş borcun məbləği yalnız Cavabdeh1 tutulmalıdır. Çünki cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan iddia tələbi mahiyyəti üzrə əsaslı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 23 may 2006-cı il tarixli 75 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 200.000 ABŞ doлları məbləğində kredit verilmişdir və müqavilənin müddəti 23 may 2007-ci il tarixdə bitmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, tələb edilən borc 18 yanvar 2011-ci il tarixə hesablanmışdır. Göründüyü kimi işdə olan maliyyə arayışına görə əsas və faiz borc məbləği 18 yanvar 2011-ci il tarixə münasibətdə hesablanmışdır. Halbuki 23 may 2006-cı il tarixli müqavilə müddəti 23 may 2007-ci ildə bitmişdir. Birinci instansiya məhkəməsi isə müvafiq olaraq tələb olunan borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspetizası təyin etməmiş və borcun məbləğini müəyyən edərkən iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına istinad edilmişdir. Hazırda isə apellyasiya şikayətlərində borcun məbləğinin düzgün hesablanmaması mübahisələndirilmişdir. Belə olan halda iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında göstərilən borc məbləğinə dair şübhələr mövcud olduğundan borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2025 ci il tarixli, 9/1290 saylı rəyindən görünür ki, xx.xx.2007-ci il (müqavilənin sonunadək olan tarixə) borcu 202.591,49 ABŞ dolları - əsas borc üzrə 198.101,20 ABŞ dolları, faiz borcu üzrə 4.490,29 ABŞ dolları; xx.xx.2009-cu il (bildirişin göndərildiyi tarixə) borcu 200.560,61 ABŞ dolları əsas borc üzrə 171.386,77 ABŞ dolları, faiz borcu üzrə 29.173,84 ABŞ dolları; xx.xx.2011-ci il (qətnamə çıxarılan tarixə) borcu 264.164,14 ABŞ dolları - əsas borc üzrə 171.386,77 ABŞ dolları, faiz borcu üzrə 92.777,37 ABŞ dolları müəyyən edilmişdir. Rəydə həmçinin qeyd edilmişdir ki, iş materiallarında iddiaçı bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana 23 may 2006-cı il tarixli, 75 nömrəli müqavilə üzrə cərimə hesablanmamışdır. Göründüyü kimi müqavilənin müddətinin bitdiyi tarixə əsas borc 198.101,20 ABŞ dolları və faiz borcu üzrə 4.490,29 ABŞ dolları təşkil etmişdir. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi nəzərə almalı idi ki, 23 may 2007-ci il tarixdə müqavilə üzrə müddət başa çatmış, faiz borcunun hesablanması isə müddətlərinin sonuna uyğun müəyyən edilməsi mümkün ola bilərdi. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği müqavilənin müddətinin bitdiyi tarixə 4.490,29 ABŞ dolları müəyyən edilməlidir. Əsas borca münasibətdə isə Məhkəmə Kollegiyası qeyd edir ki, əvvəla bu borc məbləği apellyatorlar tərəfindən mübahisələndirilməmişdir. Buna baxmayaraq ekspert rəyi ilə əsas borc müqavilənin sonuna 198.101,20 ABŞ dolları müəyyən edilsə də iddiaçı tələbində əsas borca münasibətdə 171.386 ABŞ dollar tələb etdiyindən, MPM-nin 218.3-cü maddəsinə əsasən əsas borc iddia ərizəsində göstərilən məbləğdə tutulmalıdır, çünki həmin maddəyə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda kollegiya hesab edir ki, tutulmalı olan əsas borc məbləği 171.386 ABŞ dollar müəyyən edilməlidir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borcunun 171.386 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı tərəfindən 10295 ABŞ dolları cərimə borcu hesablayıb tələb etmişdir və məhkəmə kollegiyasının qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmaqla 10.000 ABŞ dolları müəyyən edilməsi ağlabatan və ədalətlidir. Bundan başqa Məhkəmə Kollegiyası iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində qeyd edir ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin açıq hərracdan satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olmuşdur. Buna görə də tələb ipoteka qoyulmuş, mərhum Cavabdeh2 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Bağ-Park küçəsində istifadədə olan 0.05019 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 227 kv.metr yaşayış, 653.4 kv.metr köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinə yönəldilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun (əvvəlki redaksiya) 39.3 və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 360.000 (üç yüz altmış min) manat müəyyən edilsə də, ipoteka müqaviləsi xx.xx.2006-cı il tarixdə bağlanmışdır. Hazırda isə həmin tarixdən 19 ildən artıq müddət keçmişdir ki, bu zaman ərzində daşınmaz əmlak bazarında evlərin dəyərində fərqin olması qaçınılmazdır. Qeyd olunanlara əsasən apellyasiya baxışı zamanı ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətində olmuş Bakı şəhəri, ünvan 1 nömrəli evinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün iş üzrə mütəxəssis rəyi alınması və mütəxəssis rəyinin verilməsi "xxxx" MMC-nin mütəxəssislərinə həvalə edilməsi barədə qərardad qəbul edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən MEB-190-0625 nömrəli, 20 oktyabr 2025-ci il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon Bağ-Park küçəsi, 19 nömrəli evin 2025ci il tarixə bazar dəyəri 792500 manat, likvid dəyəri isə 713350 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun (əvvəlki redaksiya) 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Eyni zamanda ilkin satış qiyməti müəyyən edilərkən ipoteka predmetinin bazar qiyməti deyil, likvid dəyərinin əsas götürülməsi qanunun imperativ tələbidir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, ipoteka predmetinin qətnamədə ilkin satış qiyməti 713.350 manat kimi göstərilməlidir. Çünki, bu qiymət daha real və likvid dəyəri əks etdirən ilkin satış qiyməti hesab edilir. Başqa sözlə bu qiymət ipoteka predmeti olan fərdi yaşayış evinin yerləşdiyi ərazi, fərdi yaşayış evi bazarında Bakı şəhəri üzrə olan qiymətlər və.s halları nəzərə alınmaqla real likvid dəyəri əks etdirir. Məhkəmə Kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təqdim edilmiş eskpert rəyi və mütəxəssis rəylərini şübhə altına alan hal müəyyən edilmədiyinən həmin rəylər mötəbər sübut qismində qəbul edilməlidir. Bununla bağlı kollegiya xüsusi olaraq qeyd edir ki, hazırki qətnamənin icrası təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Bağ-Park küçəsində istifadədə olan 0.05019 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 227 kv.metr yaşayış, 653.4 kv.metr köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi mülkiyyətçi mərhum Cavabdeh2 adına mülkiyyət hüququ (reyestrdə qeydiyyat) bərpa edilməlidir. Bundan başqa Məhkəmə Kollegiyası hesab edir ki, tərəflər arasında hesablar 75 nömrəli, 23 may 2006-cı il kredit müqaviləsi kredit müqaviləsinə münasibətdə ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Buna görə də, 75 nömrəli, 23 may 2006-cı il kredit müqaviləsi kredit müqaviləsinə münasibətdə cavabdehdən tutulmalı olan pul vəsaiti ödəniş gününə olan manat məzənnəsinə uyğun ödənilməlidir. Bundan başqa Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi - ipoteka predmeti hərracda satıldıqdan sonra Bakı şəhəri, ünvan 1 ünvanının boşaldılması hissəsində də əsaslı olmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən (əvvəlki redaksiya) ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından görünür ki, mülkiyyətçi ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipotekaya qoyulmasına razılıq vermişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh2 prosessual hüquqi varisi X5 Bakı şəhəri, ünvan 1 ünvanı çıxarılmalı və həmin evin boşaldılmalıdır. Bununla belə Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi icra edilməklə Cavabdeh2 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Bağ-Park küçəsində istifadədə olan 0.05019 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 227 kv.metr yaşayış, 653.4 kv.metr köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi açıq hərracda satılmış və ipoteka predmeti hazırda iddiaçının mülkiyyətinə keçmişdir (cild 2, səhifə 162). Göründüyü kimi Cavabdeh2 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Bağ-Park küçəsində istifadədə olan 0.05019 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 227 kv.metr yaşayış, kv.metr 653.4 kv.metr köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılmasına əsas olmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1003/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi hazırki qətnamə ilə ləğv edilməklə tələb yenidən ipoteka predmetinə yönəldilmişdir. Azərbaycan Respublikası MPM-nin 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Həmin Məcəllənin 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, sonradan ləğv olunmuş qətnamənin icrası ilə ortaya çıxan nəticənin aradan qaldırılmasından imtina edilməsi, hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına dair prinsiplərlə də ziddiyət təşkil edir, hansı ki, bu prinsiplər hüququn üstünlüyü və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2025-ci il tarixli qətnaməsinin icrası təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Bağ-Park küçəsində istifadədə olan 0.05019 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 227 kv.metr yaşayış, 653.4 kv.metr köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi mülkiyyətçi mərhum Cavabdeh2 adına mülkiyyət hüququ (reyestrdə qeydiyyat) bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat pulun 75 manat hissəsi Cavabdeh1 və qalan 75 manat hissəsi isə cavabdeh mərhum Cavabdeh2 prosessual hüquqi varisi X1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, həmçinin mütəxəssis rəyinin verilməsi üçün tələb edilən 1000 manat vəsaitin 400 manat hissəsi iddiaçıdan, qalan 600 manat pulun 300 manat hissəsi Cavabdeh1 və 300 manat hissəsi isə cavabdeh mərhum Cavabdeh2 prosessual hüquqi varisi X1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməli, hazırki apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə apellyatorların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdeh1 və Cavabdeh2 hüquqi varisi X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1003/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 171.386 ABŞ dolları əsas borc, 4.490.29 ABŞ dolları faiz borcu, 10.000 ABŞ dolları dəbbə pulu, cəmi 185876,29 (yüz səksən beş min səkkiz yüz yetmiş altı ABŞ dolları, iyirmi doqquz sent) ABŞ dolları məbləğində vəsait qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb ipoteka qoyulmuş, mərhum Cavabdeh2 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Bağ-Park küçəsində istifadədə olan 0.05019 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 227 kv.metr yaşayış, 653.4 kv.metr köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiyməti 713.350 (yeddi yüz on üç min üç yüz əlli) manat müəyyən edilsin. Hazırki qətnamənin icrası təmin edilməsi məqsədi ilə qətnaməyə dönüş olunmaqla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Bağ-Park küçəsində istifadədə olan 0.05019 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 227 kv.metr yaşayış 653.4 kv.metr köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi mülkiyyətçi mərhum Cavabdeh2 adına mülkiyyət hüququ (reyestrdə qeydiyyat) bərpa edilsin. Mərhum Cavabdeh2 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Bağ-Park küçəsində istifadədə olan 0.05019 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 227 kv.metr yaşayış, 653.4 kv.metr köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilsin, borc məbləği ödənildikdən sonra qalan məbləğin mülkiyyətçi olmuş mərhum Cavabdeh2 prosessual hüquqi varisi X3 qaytarılsın. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Bağ- Park küçəsində istifadədə olan 0.05019 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 227 kv.metr yaşayış,653.4 kv.metr köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra bir ay ərzində mülkiyyətçi olmuş Cavabdeh2 prosessual hüquqi varisi X5 həmin evdən çıxarılsın. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat pulun 75 manat hissəsi Cavabdeh1 və qalan 75 manat hissəsi isə cavabdeh mərhum Cavabdeh2 prosessual hüquqi varisi X1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün, həmçinin mütəxəssis rəyinin verilməsi üçün tələb edilən 1000 manat vəsaitin 400 manat hissəsi iddiaçıdan, qalan 600 manat pulun 300 manat hissəsi Cavabdeh1 və 300 manat hissəsi isə cavabdeh mərhum Cavabdeh2 prosessual hüquqi varisi X1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Hazırki apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar