Məhkəmə qərarları › İş №2(004)-2997/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2997/2022

30.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2997/2022 30.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X4, cavabdeh X3 "xxxx" ASC-nin nümayəndəsi X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh X3 "xxxx" ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-na qarşı “DSMF ödənişlərinin köçürülməsi və əmək haqqı tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 "xxxx" ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-na qarşı “DSMF ödənişlərinin köçürülməsi və əmək haqqı tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, köçürmədən yayındırılmış 80441,14 manat pul vəsaitinin cavabdehdən tutularaq DSMFnin hesabına köçürülməsi və cavabdehdən 166.500 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1999-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək "xxxx" ASC-də mexanik və baş mexanik vəzifələrində işləmişdir. İşlədiyi müddətin axırıncı ilini (xx.xx.2012-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək) şirkətin Qazaxstan Respublikasında olan tikinti sahələri üzrə ayda 5000 AZN olmaqla yüksək maaşla mexanik vəzifəsində işləmişdir. Qazaxstan Respublikasında işləyərkən 3 dəfə ürək damar çatışmamazlığından əməliyyat olunmuşdur. Sonuncu dəfə xx.xx.2019-cu ildə əməliyyat olunandan sonra təxminən 6 ay (sağalana kimi) xəstəliklə bağlı arayışı olub. 2020-ci ilin iyun ayının 18-də işə başlamalı idi. Lakin şirkət rəhbərinin müavini Vaqif Hacıyevlə söhbət zamanı o işin həcminin az olduğunu bildirərək 3 aylıq ödənişsiz məzuniyyətə getməsini və o vaxta kimi işlərin açılacağı təqdirdə işə qayıda biləcəyini bildirmişdir. xx.xx.2020-ci ildə 3 aylıq ödənişsiz məzuniyyəti başa çatdıqdan sonra kadrlar şöbəsi ilə əlaqə saxlayaraq işə qayıtmalı olduğunu bildirmiş, xx.xx.2020-ci ildə ştat vahidinin iki aydan sonra ixtisara düşəcəyi barədə xəbərdarlıq edilmişdir. İxtisara düşməsi barədə xəbərdarlıq ediləndə işləmirdi. İşləmədiyi müddətdə 2 aydan sonra ixtisara düşəcəyi barədə xəbərdarlıq alıb 2 ay işləməmişdir. Qeyd edilənlərdən başqa ona məlum olmuşdur ki, aylıq gəlirinin düzgün göstərəilməməsi səbəbindən DSMF-na köçürülən vəsait də həqiqəti əks etdirməmişdir. Belə ki, Beynəlxalq Bankdan çıxarışla (2013 iyun ayından 2019-cu ilin sonuna kimi) DSMF-yə köçürülən vəsait arasında kəskin fərq mövcud olmuşdur. Bank tərəfindən verilən çıxarışla bu vəsaitə uyğun ödəmə 81617,85 manat olmalı idi, cəmi köçürülən məbləğ isə 17819,24 AZN təşkil etməklə 63798,51 manat vergidən yayındırılmışdır. 2012-ci ilin yanvar ayından 2013-cü ilin iyun ayına kimi aldığı maaş 5000 x 15,5 ay= 77.500 AZN uyğun olaraq 19.3750 AZN köçürülməli idi , 2723,37 manat köçürülmüş, 16.642,63 manat yayındırılmışdır. 2006-cı ildən 2012-ci ilə kimi aldığı maaş yadında deyil. Araşdırmasına görə DSMF-na köçürülməmiş vəsait 80.441,14 manat təşkil edir ki, bu da onun gələcəkdə alacağı təqaüdün 2 dəfə az olması ilə nəticələnib. Bu məsələni araşdırmaq üçün “Evrascon “ASC-yə getmiş, dəfələrlə müraciət etmiş, verilmiş maaşın ezamiyyə xərcləri kimi ödənildiyi bildirilmişdir. Bu da yuxarıda qeyd etdiyi hesabatla kəskin ziddiyyət təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı qərarına əsasən Qazaxstan Respublikasına ezamiyyə pulu 1 günə 130 ABŞ dollar təşkil edir. Beləliklə ezamiyyət xərci: - Ezamiyyət 90 ay x 30.4=2736 x 130=355.680 dollar; - Yemək pulu 90 ay x 30.4=2736 x 5= 13.680 dollar; - Yaşamaq üçün 90 x 300=27.000 dollar; - Qalıq ezamiyyə pulu 315.000 x 1,7=535.500 AZN; - 90 aylıq maaş 900 AZN hesabı ilə 81.000 AZN; - Qalıq ezamiyyə pulu 535.500-369.000= 166.500 AZN. Şirkətin dediyi kimi əgər maaş ezamiyyə xərcləri kimi verilibsə, onda ona 166.500 manat az ezamiyyə xərci ödənilmişdir. "xxxx" ASC-nin rəhbər vəzifəli şəxslərinin qanunvericiliyin tələblərini kobud surətdə pozması nəticəsində əmək qanunvericiliyi və digər qanun qüvvəli normalarla nəzərdə tutulan hüquqları bilərəkdən və qəsdən pozulmuş, külli miqdarda vəsait vergidən yayındırılmışdır. Əgər nəzərə alınsa ki, bu həmin şirkətdə işləyən bütün işçilər barəsində yol verilmişdir, onda vergidən yayındırılan vəsaitin həcmi xüsusilə küllü miqdarda müəyyən edilə bilər. Cavabdehə dəfələrlə müraciətinə baxmayaraq, əmək müqaviləsini uzun müddət verməkdən imtina etmişdir. Lakin sonradan 2021-ci ilin oktyabr ayında əldə etdiyi müqavilədən məlum olmuşdur ki, müqavilə saxtalaşdırılmış, 5000 manat maaş aldığı halda bu müqavilədə əks olunmamış, 265 manat əmək haqqı göstərilmişdir. Qeyd etdiyi qanun pozuntuları və cinayət xarakterli əməllərlə bağlı Yasamal rayon prokuroruna ərizə ilə müraciət etmiş, izahatı alınmış və qanun pozuntusuna hüquqi qiymət veriləcəyi bildirilmişdir. 2022-ci ilin yanvar ayında Yasamal rayon prokuroru şikayətə məktubla cavab verərək məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Həmin cavabdan Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət etmiş, müraciəti yenidən Yasamal rayon prokurorluğuna göndərilmiş və Yasamal rayon prokurorluğu xx.xx.2022-ci il tarixli məktubu ilə bir daha işin mülki xarakterli olmasını əsas gətirərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Cavabdeh X3 "xxxx" ASC iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək göstərmişdir ki, iş üzrə iddiaçı tərəfindən müəyyən edilmiş müddəti də ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, iddia müddəti əmək mübahisələrində maddi tələblərlə bağlı bir il təşkil edir, lakin iddiaçı bu müddəti ötürmüşdür. Bu səbəbdən iddia müddətinin tətbiq edib iddianı rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin və proses iştirakçılarının suallarını cavablandırarkən bildirmişdir ki, cavabdeh təşkilatda 1999-cu ildən 2019-cu ilədək baş mexanik vəzifəsində çalışmışdır. 500 manat məbləğində pulu nəğd şəkildə almış, qalan təxmini 4500 manat məbləğində pul isə kartına köçürülmüşdür. Qeyd etdiyi 500 manat xırda xərclər- siqaret pulu və bu kimi xərclər üçün nəzərdə tutulmuşdur. Əmək haqqının hansı məbləğdə olması barədə dəqiq məlumatı yoxdur. Qazaxstana ezam edilməmişdən əvvəl 2000 manat əmək haqqı almışdır. Bilirdi ki, qeyd olunmuş əmək haqqı 900 manat olub. 2013-cü ildən sonra əmək haqqını plastik kart vasitəsi ilə almışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddia tələbi üzrə iddia müddətinin ötürülmədiyini bildirərək, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ezamiyyətdə olan zaman ona qidalanmasına və əlavə xərclərinə görə pul ödənilmişdir. İddiaçı özü də qeyd etmişdir ki, siqaret puluna qədər şirkət tərəfindən ödənilmişdir və hərtərəfli təmin olunmuşdur. Nazirlər Kabinetinin qərarında qeyd olunmuş məbləğ şirkət tərəfindən ödənilmişdir. Yəni tərəf özü etiraf edir ki, əmək haqqı, ezamiyyət pulu və digər xərclərinə görə verilən haqqları əldə edib. Həmin sözü gedən haqqlar iddiaçının hesabına şirkət tərəfindən göndərilmiş sənədlər əsasında köçürülmüşdür. Bankdan həmin sənədləri almağa çalışsa da, bu mümkün olmamışdır. Şirkətdə ödənilmiş məbləğlərin siyahısı kitabçata qeyd edilsə də, məhkəməyə hər-hansısa bir sənəd təqdim edə bilmir. 80000 manata gəldikdə isə, qeyd etmək istəyir ki, İddiaçı ona ezamiyyət dövründə ödənilmiş ezam pullarını özünün əmək haqqısı hesab etsə də, bu belə deyi. İllərdir şirkətdən 5000 manata yaxın haqq alan iddiaçı yanız işdən azad edildikdən sonra hazırki məsələləri iddia etməyə başlayıb. O ki qaldı vergidən yayınma məsələsinə, Vergi Xidmətinin əməkdaşı əvvəlki məhkəmə iclasında iştirak edib və şirkətin vergidən yayınma halının olmadığını bildirib. Bundan başqa, altı aydır şirkətdə yoxlamalar gedir və hazırda elə bir hal müşaidə olunmur. Göstərilənlərə əsasən, əsassız olduğuna görə və iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq olunmaqla, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun nümayəndəsi X12 iddia tələbi ilə bağlı bildirdi ki, onlar tərəfindən sığorta hesabatında tam olaraq ödənilməli olan pensiya məbləği dəqiq hesablanmış və iddiaçının hesabına köçürülmüşdür. Odur ki, iddia tələbinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Dövlət Vergi Xidməti və Əmək Müfəttişliyi Xidməti məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 42-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 43-cü maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması. İş materiallarında olan işəgötürən "xxxx" ASC-nin İdarə Heyətinin sədri X7 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 157 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı baş mexanik vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək 12 ay müddətinə bağlanmışdır. (bənd 2.3.). İşçinin aylıq əmək haqqı 265 manat müəyyən edilmişdir. (bənd 4.1.). əmək haqqı və digər ödənişlər işçinin bankdakı hesabına köçürülür və ya nəgd şəkildə ödənilir. (bənd 4.2.). Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında işçi qabaqcadan məlumatlandırılır. (bənd 4.4.). İşçinin iş qünləri həftədə 6 qündən ibarətdir. (bənd 4.9.). İşçinin məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay sığorta haqqı ödənilir və işəgötürən tərəfindən o, əlavə sığorta edilir. (bənd 6.1.). "X3 "xxxx" ASC-nin 24.12. 2020-ci il tarixli, ia-199 nömrəli əmrinin surətindən görünür ki, cəmiyyətin baş mexaniki İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, orta aylıq əməkhaqqının iki misli məbləğində işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3-cü maddəsinə əsasən, bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır: iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr; faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin (görüşlərin keçirilməsi ilə bağlı qonaqların görüş yerinə gətirilməsi və görüş yerindən aparılması xərcləri, ictimai-iaşə obyektlərində qonaqlar üçün ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması üzrə çəkilmiş xərclər və görüşlərə cəlb edilmiş tərcüməçilərin xidmət haqları) əvəzinin ödənilməsi və s. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 101-ci maddəsinə əsasən, Bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur: Vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda verginin məbləği- 14 faiz; 2500 manatdan çox olduqda- 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi. 102.1-ci maddəsinə əsasən, fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.14.1. iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği; 102.1.14.2. müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli, 14 saylı Qərarında dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında istifadə olunan ezamiyyə xərclərinin normalarını təkmilləşdirmək məqsədi ilə qərara almışdır ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir. (bənd 4). Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar istisna olmaqla digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan mənfəət hesabına bu qərarla müəyyən edilmiş normalardan əlavə vəsait ayıra bilərlər. (bənd 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları”nın 7-ci bəndinə əsasən, Qazaxıstan Respublikasına ezamiyyə xərclərinin 1 günlük norması 130 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Kollegiyasinin 18 yanvar 2012-ci il tarixli Q-01 Qərarı ilə təsdiq edilmiş “X8”nın “Ümumi qaydalar” bölməsinin 1-ci bəndinə əsasən, dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Həmin bölmənin 5-ci bəndinə əsasən, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. Həmin Qaydaların “Xarici ölkələrə ezamiyyələr” bölməsinin 1-ci bəndinə əsasən, xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir. Ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizini gündəlik yemək xərcləri təşkil edir. İş materiallarına əlavə olunmuş Elektron Hökumət portalından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sığorta olunanlara məlumatların verilməsi barədə çıxarışdan müəyyən olunur ki, 2006-2019-cu illər ərzində İddiaçı hesablanmış əmək haqqının 25%-i sosial sığorta haqqı qismində DSMF-nin hesabına köçürülmüşdür və onun sığorta kapitalı 59.029,60 manat təşkil edir. İş materiallarına əlavə olunmuş "X3 "xxxx" ASC-nin İddiaçı 2019-cu ildə hesablanmış əmək haqqının məbləği barədə xx.xx.2021-ci il tarixli, 478/21 nömrəli arayışının surətindən görünür ki, göstərilən dövrdə iddiaçının əmək haqqı vergilər daxil olmaqla 683,13 manat- 900 manat arası, ezamiyyə xərcləri isə 2399 manat-4629 manat arasında dəyişmişdir. X1 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, D/O/MŞİH-01655 saylı “Mediasiya prosesinə xitam verilməsinə dair” protokoldan görünür ki, "X3 "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X10 və İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsələr də, mediasiya prosesini davam etdirmək barədə qərar qəbul etməmiş və mediasiya prosesinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın müddəalarına uyğun olaraq mülki prosessual qanunvericilikdə hər bir maraqlı şəxsin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət edə bilməsi təsbit olunmuşdur. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərmişdir ki, “Məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: - birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir;... İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativhüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir.” Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iddianın predmetini cavabdeh tərəfindən sosial sığorta haqqının düzgün hesablanmaması nəticəsində yaranmış fərqin cavabdehdən tutulub müvafiq qurumun hesabına ödənilməsi, digər bir predmetini isə ezamiyyə xərclərinin düzgün hesablanmaması nəticəsində dəymiş ziyanın cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbləri təşkil edir. İddianın birinci predmetinin faktiki əsası kimi iddiaçı 2018-2019-cu illər arasında onun əmək haqqının 5000 manat olmasını, sosial sığorta haqqının həmin məbləğdən hesablanmalı olmasını göstərmişdir. Lakin, təqdim olunmuş və məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh təşkilatda işlədiyi dövr ərzində əmək haqqının yuxarı məbləği 900 manatı keçməmişdir. Bundan artıq məbləğlər isə ezamiyyə xərclərindən ibarət olmuşdur ki, həmin xərclərdən də sosial sığorta haqqının tutulması qanunvericiliklə nəzərdə tutulmamışdır. Eini zamanda, iddia tələbi əlavə ezamiyyə xərclərinin ödənilməməsi nəticəsində dəymiş maddi ziyanın cavabdehdən tutulması hissəsində də əsaslandırılmamış, iddiaçı 2012-ci ildən başlayaraq ABŞ dollarının məzənnəsinin 1,70 manatla hesablanmalı olması, yemək pulunun gündəlik 5 ABŞ dolları, yaşamaq pulunun isə aylıq 300 ABŞ dolları təşkil etməsi ilə bağlı iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmişdir. Hazırda isə iddiaçı mötəbərliyini sübut edə bilmədiyi əsasla cavabdehdən əlavə sosial sığorta haqqının tutulub müvafiq quruma, dəymiş maddi ziyanın tutulraq ona ödənilməsini tələb edir ki, bu da qəbul oluna bilməz. Digər tərəfdən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsi nəzərə alınaraq, iddia tələbi bu əsasla da rədd edilməlidir. Belə ki, iddiaçı uzun bir dövr ərzində, yəni, 2012-ci ildən başlayaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulmasını göstərməsinə baxmayaraq, bu barədə qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair heç bir əsas gətirə bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsininin d) bəndinə əsasən, işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 288-ci maddəsininin d) bəndinə əsasən, bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 296-cı maddəsininin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalrına əsaslanaraq hesab edir ki, iddia tələbləri sübuta yetirilmədiyindən, həmçinin, qanunvericiliklə nəzərdə tutulmuş bir illik iddia müddəti buraxıldığından və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyinə görə, hazırki iddia ərizəsi əsassız və qanunsuz olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 "xxxx" ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-na qarşı “DSMF ödənişlərinin köçürülməsi və əmək haqqı tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar