Məhkəmə qərarları › İş №2(105)-987/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-987/2025

04.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-987/2025 04.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Lift-Servis” Birliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti) mülki iş üzrə (əmək münasibətlərindən irəli gələn mübahisə - əmək müqaviləsi bildirişində düzəlişin edilməsi və zərərin əvəzinin ödənilməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh “Lift-Servis” Birliyinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-687/2025 nömrəli qətnaməsindən cavabdeh “Lift-Servis” Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. “Lift-Servis” birliyinin 27 sentyabr 2021-ci il tarixli, 55 saylı əmrinin surətindən görünür ki, MDX sahəsinin elektrik mexaniki İddiaçı əmək müqaviləsinə Azərbaycan Respulikası ƏM-nin 68-ci maddəsinə əsasən 2a) bəndinə əsasən xx.xx.2021-ci il tarixdən (öz təşəbbüsü ilə) xitam verilməsi, istifadə etmədiyi 12 təqvim (xx.xx.2021:7ay) gün axırıncı əmək haqqının ona ödənilməsi əmr edilmişdir.

2. İddiaçı məxsus əmək kitabçasının əslindən görünür ki, o, xx.xx.2019-cu il tarixdən “Lift-Servis” birliyinə MDX sahəsinin 2-ci dərəcəli elektrik mexaniki işinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2(a) bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST mərkəzinin 27 avqust 2024cü il tarixli, 3-17-7/2-7-37215/2024 saylı arayışından görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron-Xızı regional şöbəsinin Cavabdehnə ünvanladığı 23 may 2024-cü il tarixli, 3-7-512-31848/2024 saylı məktubundan görünür ki, İddiaçı Sumqayıt şəhər Cavabdehndə əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi müraciətinə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baxılmış müraciətin tam, hərtərəfli araşdırılmasını təmin etmək məqsədi ilə müəssisənin səlahiyyətli nümayəndəsinin iştirakı ilə həyata keçirilməsi üçün 3 iş günü müddətində qeyd olunan müraciətlə əlaqədar müəssisənin cavab məktubunun, müraciətdə qeyd edilən məsələlərlə bağlı müvafiq təsdiqlənmiş sənədlərin Müfəttişliyə təqdim edilməsi xahiş edilmişdir. Həmin sənədlərin siyahısına yazılı, əmək müqaviləsi, işə qəbul əmri və işçinin ərizəsi, işlədiyi dövrlərdə məzuniyyətlərdən istifadə etməsi barədə əmrlərin surətləri və ərizələri, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr və xitam verilməsini təsdiq edən təsdiqedici sənədlər(xitam verilibsə), iş vaxtının uçot tabelləri, aylıq əmək haqqlarının hesablanması və ödənilməsini təsdiq edən sənədlər, işçinin son haqq-hesabının hesablanmasının tam açıqlaması ilə açılışı və ödənilməsini təsdiq edən sənədlər (əmək haqqı, bank ödənişi tapşırığı), müraciətlə bağlı tam ətraflı cavab məktubu göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh “Lift-Servis” Birliyinə qarşı “cavabdeh tərəfindən əmək müqaviləsi bildirişində düzəliş edilərək onun ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə işdən azad edilməsi və cavabdehdən 3 il işsiz qaldığına görə 12420 manat pulun tutularaq ona ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdə 43 saylı əmrə əsasən Cavabdehndə 2-ci dərəcəli elektrik mexanik işinə qəbul edilmişdir. xx.xx.2021-ci ildə 55 saylı əmrə əsasən ƏM-nin 68-ci maddəsinin ikinci hissəsinin a) bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) işdən azad edilmişdir. Bunu ona məxsus ******* saylı “Əmək kitabçası” təsdiq edir. Lakin cavabdehin günahı üzündən “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin”də əmək müqaviləsinə xitam verilməsinin əsası kimi “ƏM-nin 70-ç maddəsi. İşçi özünün əmək funsiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulduqda göstərilmişdir. O, xx.xx.2021-ci ildə 55 saylı əmrə əsasən ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən işdən azad edildiyi halda əmək müqaviləsi bildirişində ƏM-nin 70-ci maddəsinin ç) bəndinə əsasən işdən azad edildiyi göstərilmişdir. Bu səbəbdən də 3 ildir ki, onu işə qəbul etməkdən imtina edirlər. Dəfələrlə cavabdehə müraciət edərək əmək müqaviləsi bildirişində yol verilmiş yanlışlığı düzəltməyi təklif etmişdir. Lakin cavabdeh yanlışlığın aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Cavabdehin günahı üzündən ona 12420 manat zərər dəymişdir. 2022-2024-cü illərdə Azərbaycan Respublikasında minimum orta əmək haqqı 345 manatdır. Cavabdehin günahı üzündən 3 il işsiz qaldığına görə 12420 manat zərər dəymişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-687/2025 nömrəli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 55 saylı, 27 sentyabr 2021-ci il tarixli əmri əsasında İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə yerləşdirilmiş əmək müqaviləsi bildirişində əmək müqaviləsinə xitam verilməsinin əsasının dəyişdirilərək Azərbaycan Respublikası Əmək Məcəllənin 68.2-ci maddəsinin “a” bəndinin qeyd edilməsinin “Lift-Servis” birliyinə həvalə edilməsi və cavabdehdən 50 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilib ki, İddiaçı 01 oktyabr 2019-cu il tarixdən cavabdeh “Lift–Servis” birliyinin MDX sahəsində 2-ci dərəcəli elektrik mexanik işinə qəbul edilmiş, 20 sentyabr 2021-ci il tarixdə işdən azad edilmişdir. “Lift-Servis” birliyinin iddiaçının işdən azad edilməsi ilə bağlı 55 saylı, 27 sentyabr 2021-ci il tarixli əmrində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(a) bəndinə əsasən şəxsi ərizəsi əsasında işdən azad edildiyi göstərilmişdir. Eyni zamanda işçiyə məxsus əmək kitabçasında da onun öz ərizəsi əsasında işdən azad edildiyi qeyd edilmişdir. Qeyd edilən halı məhkəmə iclasında cavabdehin nümayəndəsi də etiraf etmiş, iddiaçının məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(a) bəndinə əsasən işdən azad edildiyini bildirmişdir. Lakin işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində onun işdən çıxma səbəbi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi qeyd edilərək həmin fomada elektron informasiya sisteminə daxil edilmişdir. Məhkəmə iddiaçının əmək müqaviləsi bildirişinə düzəliş edilməsi tələbinə münasibətdə qeyd edib ki, işçinin əmək müqaviləsinə öz ərizəsi əsasında xitam verildiyi halda, əmək müqaviləsi bildirişində onun işdən azad edilmə səbəbinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi kimi göstərilməsi iddiaçının hüquqlarının açıq-aşkar pozulması ilə nəticələnmişdir. Bu hissədə iddia tələbinin təmin edilməsi nəticəsinə gələn məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edib ki, hazırkı iddia əmək müqaviləsi bildirişinin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı təsbit xarakterli iddia olmaqla, həmin tələbə münasibətdə iddia müddəti tətbiq edilməməlidir.

9. İddianın digər hissəsinə, yəni 12420 manat pulun tutularaq ona ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edib ki, iddiaçı iddia ərizəsində həmin vəsaitin tələb edilməsinin əsası kimi 3 (üç) il işsiz qaldığına görə ona zərər dəydiyini, minimum orta əmək haqqının 345 manat olması nəzərə alındıqda zərərin məbləğinin 12420 manat olduğunu göstərmişdir. Yəni iddiaçı belə hesab edir ki, işləmədiyi aylara görə cavabdeh tərəfindən ona mimimum əmək haqqı miqdarında pul tutulub ödənilməlidir. Lakin iddiaçı əmək müqaviləsi bildirişində işdən çıxma səbəbinin səhv olaraq qeyd edilməsi səbəbindən ona maddi ziyan dəydiyini, yəni işə məhz həmin səbəbdən qəbul edilmədiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa əmək kitabçasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinin qeyd olunması, şəxsin yeni işə götürülməsinə mane yaratmamaqla, Əmək Qanunvericiliyində bununla bağlı hər hansı məhdudiyyət mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə mübahisə üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 68, 70, 72ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaların müvafiq bəndlərinə və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh “Lift-Servis” birliyi qətnamədən apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində və prokurorluğa şikayət ərizəsində 2019-cu ildə işdən azad olunarkən bu barədə məlumatının olduğunu qeyd etmişdir. Cavabdeh tərəfdən əmək kitabçasına düzəlişin olunması iddiaçıya təklif olunmuş, iddiaçı isə bundan yayınmışdır. İddiaçı yalnız 2024-cü ildə iş axtarmaq niyyətinə düşmüş və bu zaman Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyini bilmişdir. İddiaçı işdən çıxan zaman əmək kitabçasını özü ilə götürdüyünü bildirmişdir. Belə olan halda iddiaçı 1 aylıq iddia müddətini ötürmüşdür. İddiaçı bundan əvvəl Əmək Müfəttişliyinə müraciət etmiş, müfəttişlik idarənin əməkdaşlarını dəvət etmiş, daha sonra həm iddiaçıya, həm də cavabdehə yazılı cavab verilmişdir. Bütün bunlar 2024-cü ilin may ayında baş vermişdir. Hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməklə iddia tələbi təmin edilməməlidir. İş materiallarında iddiaçının bu müddəti nəyə görə ötürdüyü ilə bağlı heç bir hüquqi və tibbi əsaslı sübut təqdim olunmamışdır. Əgər müddət sadəcə şəxsin subyektiv səhlənkarlığı ilə ötürülübsə (iş axtarmamaq, əmək kitabçasına baxmamaq, cavabdehin təklifindən imtina etmək və s.), bu üzrlü səbəb kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən hazırkı iddia tələbi üzrə mübahisəyə iddia müddəti tətbiq edilməli və iddia tələbi rədd edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdeh “Lift-Servis” Birliyinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, İddiaçı cavabdeh “Lift-Servis” Birliyində işçi olmuşdur. Əmək fəaliyyəti ilə bağlı işdən çıxma zamanı səhvən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə işdən çıxarılmış və həmin sənədlər iddiaçıya verilmişdir. İddiaçı həmin sənədləri götürəndən uzun müddət sonra, təxminən 3 il müddətində onun əmək kitabçası özündə olmuşdur. Hazırkı mübahisə ilə X2 Xidmətində araşdırma aparılan zaman iddiaçı qeyd olunan maddəyə əsasən işdən azad edildiyindən, başqa işə qəbul olunmadığını bildirmiş və ona köməklik olunmasını xahiş etmişdir. Bundan sonra əvvəlki qərar ləğv edilmiş, iddiaçı işə götürülmüş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən iddiaçının öz razılığı ilə əmək müqaviləsinə xitam verilmişdir. Bu da iddiaçının başqa yerdə işləyə bilməsi üçün edilmişdir. ƏMAS-da əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verilməsi qalıb, hazırda da problem bununla bağlıdır.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. Cavabdeh “Lift-Servis” Birliyi qərəzli olaraq, onun iş tapa bilməməsi üçün hazırkı problemi yaratmışlar. Hazırda da əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yanlışlığa düzəliş etməkdən yayınırlar. O, artıq 5 ildir ki, işsizdir. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

16. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə qeyd olunan şəxsin (nümayəndənin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 2 (3-cü hissə). Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır. Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: k) əmək münasibətləri sahəsində elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər;

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 296 (2-ci hissə) İşçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar:

2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 2.2. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir: 2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda -1 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 2 nömrəli əlavəyə uyğun); 2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda - 3 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 4 nömrəli əlavəyə uyğun); 2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (5 nömrəli əlavəyə uyğun). 3.2. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. 3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. 6.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilir: 6.1.1. əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi; 6.1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası; 6.1.3. işəgötürənin adı; 6.1.4. işçinin soyadı, adı, atasının adı; 6.1.5. işçinin fərdi identifikasiya nömrəsi (FİN); 6.1.6. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nin nömrəsi və tarixi.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətində apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-687/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etsə də, şikayətin məzmunundan bəlli olur ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilmişdir.

22. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İddia tələbinin mahiyyətindən görünür ki, tələb cavabdeh tərəfindən əmək müqaviləsi bildirişində düzəliş edilərək işçinin ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə işdən azad edilməsi və cavabdehdən 3 il işsiz qaldığına görə 12420 manat pulun tutularaq iddiaçıya ödənilməsindən ibarətdir.

25. İşə baxan məhkəmə iddia tələbinin ilk hissəsini, yəni əmək müqaviləsi bildirişinə düzəliş edilməsi hissəsində iddianı təmin etmiş, 3 il ərzində işsiz qalmağa görə vəsaitin cavabdehdən alınması hissəsində iddianı təmin etməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Buna görə də qətnamə yalnız iddia tələbinin təmin edilən hissəsində apellyasiya qaydasında yoxlanılır.

26. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, o, xx.xx.2019-cu il tarixdə 43 saylı əmrə əsasən Cavabdehndə 2-ci dərəcəli elektrik mexanik işinə qəbul edilmişdir. xx.xx.2021-ci ildə 55 saylı əmrə əsasən ƏM-nin 68-ci maddəsinin ikinci hissəsinin a) bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) işdən azad edilmişdir. Bunu ona məxsus ******* saylı “Əmək kitabçası” təsdiq edir. Lakin cavabdehin günahı üzündən “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin”də əmək müqaviləsinə xitam verilməsinin əsası kimi “ƏM-nin 70-ç maddəsi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulduqda göstərilmişdir. Ona görə də qeyd olunan yanlışlıq aradan qaldırılmalıdır.

27. Apellyasiya kollegiyası qeyd olunan hissədə iş üzrə məhkəmənin gəlmiş olduğu nəticə ilə razılaşaraq yaranmış mübahisəyə dair mövqeyini aşağıdakı qaydada əsaslandırır.

28. Belə ki, araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı 01 oktyabr 2019cu il tarixdən cavabdeh “Lift–Servis” birliyinin MDX sahəsində 2-ci dərəcəli elektrik mexanik işinə qəbul edilmiş, 20 sentyabr 2021-ci il tarixdə işdən azad edilmişdir. “Lift- Servis” birliyinin iddiaçının işdən azad edilməsi ilə bağlı 55 saylı, 27 sentyabr 2021-ci il tarixli əmrində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(a) bəndinə əsasən şəxsi ərizəsi əsasında işdən azad edildiyi göstərilmişdir.

29. Eyni zamanda işçiyə məxsus əmək kitabçasında da onun öz ərizəsi əsasında işdən azad edildiyi qeyd edilmişdir. Lakin işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində onun işdən çıxma səbəbi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi qeyd edilərək həmin fomada elektron informasiya sisteminə daxil edilmişdir.

30. Göründüyü kimi işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(a) bəndinə əsasən, yəni öz ərizəsi əsasında işdən azad edilməsi, lakin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində texniki səhv olaraq işdən azad edilməsinin səbəbinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin göstərilməsi işin mübahisə edilməyən halıdır. Kollegiya hesab edir ki, qeyd olunan yanlışlıq cavabdehin təqsiri olduğundan, habelə bu hal sonuncu tərəfindən inkar edilmədiyindən məhz onun tərəfindən aradan qaldırılmalıdır.

31. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili olan mübahisəyə iddia müddətinin tətbiqi barədə mövqeyini əsassız hesab edən kollegiya qeyd edir ki, işçinin əmək müqaviləsinə öz ərizəsi əsasında xitam verildiyi halda, əmək müqaviləsi bildirişində onun işdən azad edilmə səbəbinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi kimi göstərilməsi iddiaçının hüquqlarının açıq-aşkar pozulması ilə nəticələnmişdir.

32. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin dispozitiv şərtindən müəyyən edilir ki, işçinin azad edilməsi onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi halda, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu hallarda baş verir. Qeyd olunan hallar işçinin qeyriməqbul işçi olduğunu, öz vəzifələrinin öhdəsindən kifayət qədər gəlmək qabiliyyətinin olmaması və s. halları özündə ehtiva edir. Başqa sözlə desək, həmin normada işçinin ziyanına olan hallar təsbit edilmişdir ki, qeyd edilən səhvə düzəliş edilməməsi işçinin əmək qabiliyyətini şübhə altına ala, onun öz əmək funksiyalarını yerinə yetirmə qabiliyyətinin olmaması səbəbindən işdən çıxarıldığı qənaətinə gəlməyə əsas ola bilər.

33. Konkret olaraq işdən azad edilmə əsası əmək qanunvericiliyin başqa normasının təsiri altında reallaşdığı halda, əmək müqaviləsi bildirişində başqa hüquq normasına istinad, fərqli əsasın qeyd edilməsi (müqavilədə qeyd olunan əsasın – Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin daha ağır olması) konkret halda iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur.

34. Bundan əlavə Əmək Məcəlləsinin 296.4-cü maddəsinin dispozitiv şərtindən görünür ki, bir illik iddia müddəti “pul və digər əmlak tələblərinə” şamil olunur. Bu kontekstdən yanaşan kollegiya qeyd edir ki, “əmək müqaviləsi bildirişinin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı iddia” göstərilən maddənin təsiri altına düşmədiyindən, bu tələbə münasibətdə iddia müddəti tətbiq oluna bilməz.

35. Belə olan halda işəgötürənin texniki səhvi nəticəsində işçinin onun ziyanına ola biləcək hallara məruz qalmasını kollegiya yolverilməz hesab edərək qeyd edir ki, hazırkı iddia əmək müqaviləsi bildirişinin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı təsbit xarakterli iddia olmaqla, bu tələbə münasibətdə iddia müddəti tətbiq edilməməlidir.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı, iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas ola bilməz

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-687/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar