Məhkəmə qərarları › İş №2(004)-301/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-301/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-301/2021 24.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi və vəkili X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 06.08.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə “xxxx” İKB ASC (hazırkı İddiaçı ASC) ilə arasında bağlanmış 26.11.2014-cü il tarixli 6-G-1-0-2319-14 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 26.11.2014-cü il tarixli 6-G-1-0-2319-14 nömrəli kredit müqaviləsi üzrə yaranmış 23.015,42 manat əsas borc, 3.736,96 manat faiz borcu, 578,23 manat cərimə olmaqla, cəmi 27.330,61 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq İddiaçı ASC-yə ödənilməsi; tutmanın ipoteka predmeti olan və Cavabdeh2 məxsus olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində yerləşən 23 nömrəli qeyri-yaşayış sahəsinə (321 nömrəli mağaza) yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 23.015,42 manat əsas borc, 3.736,96 manat faiz borcu, 578,23 manat cərimə olmaqla, cəmi 27.330,61 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində yerləşən 23 nömrəli qeyri-yaşayış sahəsinə (321 nömrəli mağaza) tutma yönəldildikdən və həmin sahə satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin həmin qeyri-yaşayış sahəsindən olan istifadə hüquqlarına xitam verilməsi, onların həmin sahədən çıxarılması, həmin sahənin boşaldılması və banka təhvil verilməsi; Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində yerləşən 23 nömrəli qeyri-yaşayış sahəsinin (321 nömrəli mağaza) hərracda satdıqdan sonra əldə olunmuş vəsaitin borcun ödənilməsi üçün kifayət olmayan halda, borcun qalıq hissəsini ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin 22.11.2019-cu il tarixli çıxarışdan müəyyən edilir ki, iddiaçı “xxxx” İKB ASC-nin adı - İddiaçı ASC adına dəyişdirilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, “xxxx” İKB ASC ilə Cavabdeh1 ilə arasında bağlanmış 26.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank Cavabdeh1 illik 25% ödəmək şərti ilə 60 ay müddətinə 37.000 manat kredit vermişdir. 10.08.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 10.11.2021-ci il tarixi təyin edilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 məxsus olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində yerləşən 23 nömrəli qeyri-yaşayış sahəsi (321 nömrəli mağaza) ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş, dövlət reyestrində qeydə alınmışdır. Hazırda Cavabdeh1 26.11.2014-cü il tarixli 6-G-1-0-2319-14 nömrəli kredit müqaviləsi üzrə 21.07.2020-ci il tarixdə ödənilməmiş 23.015,42 manat əsas borc, 3.736,96 manat faiz borcu, 578,23 manat cərimə olmaqla, cəmi 27.330,61 manat borcu yaranmışdır. Cavabdeh1 dəfələrlə bu barədə xəbərdarlıq olunsa də, borcun ödənilməsindən boyun qaçırır. Həmçinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının yəyi ilə razılaşmır və hesab edir ki, iddiaçı cavabdehin banka olan borcunu düzgün hesablamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, “xxxx” İKB ASC ilə Cavabdeh1 ilə arasında bağlanmış 26.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank Cavabdeh1 illik 25% ödəmək şərti ilə 60 ay müddətinə 37.000 manat kredit vermişdir. İpoteka müqaviləsi ilə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində yerləşən 23 nömrəli qeyri-yaşayış sahəsi (321 nömrəli mağaza) 93.500 manat dəyərindən qiymətləndirilmişdir. Halbu ki, indiki vaxta uyğun olaraq həmin qeyriyaşayış sahəsinin dəyəri 230.000-240.000 manat təşkil edir. Ekspert rəyi və qiymətləndiricinin rəyi ilə razı deyil. Qiymətləndirmə rəyindən əmlakın dəyəri 135.000 manat göstərilsə də, mlakın dəyəri daha artıqdır. Ekspertin rəyində Cavabdeh1 26.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə üzrə 21.07.2020-ci il tarixə olan əsas borcu 19.698,68 manat və faiz borcu 634,74 manat göstərilsə də, hesab edir ki, bu məbləğ düzgün deyildir. Cavabdehin 27.05.2016-cı il tarixdə ödədiyi 917 manat da borcdan çıxılmamışdır. Hesab edir ki, hazırda borcalanın həmin kredit müqaviləsi üzrə təxminən 10.000 manat borcu qalmışdır. Buna dair yazılı sübutu yoxdur. Həmçinin ipoteka predmetinin qiymətinin 135.000 manatdan daha yüksək olmasına dair yazılı sübutu yoxdur. Odur ki, iddianın qismən təmin edilməsinə etiraz etmir. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul etdi, Cavabdeh1 nümayəndəsi və vəkili X2 izahatı ilə razı olduğunu bildirdi, banka olan borcun təxminən 10.000 manat təşkil etdiyini bildirdi. O, İpoteka predmetini satmaq və qalan borcu ödəmək istəsə də, qeyri-yaşayış sahəsini sata bilməmişdir. Hazırda iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin həqiqi hallarından göründüyü kimi, “xxxx” İKB ASC-nin “MXM” filialı ilə Cavabdeh1 arasında bağlanmış 26.11.2014-cü il tarixli 6-G-1-0-2319- 14 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh1 illik 25% ödəmək şərti ilə 60 ay müddətinə 37.000 manat kredit vermişdir. 10.08.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 10.11.2021-ci il tarixi təyin edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İpoteka saxlayan “xxxx” İKB ASC ilə ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış 26.11.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən borcalan Cavabdeh1 26.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində yerləşən 23 nömrəli qeyri-yaşayış sahəsini (321 nömrəli mağaza) ipoteka saxlayan “xxxx” İKB ASC-nin qarşısında ipoteka ilə yüklü etmişlər. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində yerləşən 23 nömrəli qeyri-yaşayış sahəsi (321 nömrəli mağaza) 93.500 manat dəyərində qiymətləndirilmişdir. Qeyri-yaşayış sahəsinə dair bağlanmış ipoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və 24.11.2014-cu il tarixli əvvəlki kredit müqaviləsinə və 26.11.2014-cü il tarixli telekart müqaviləsinə əsasən ipoteka ilə yüklülük 28.11.2014-cü tarixdə dövlət reyestrində qeydə alınmışdır. “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı ASC 22.06.2020-ci il tarixdə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində müraciət etmiş və 23.06.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində yerləşən 23 nömrəli qeyri-yaşayış sahəsinə (321 nömrəli mağaza) tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İddiaçı ASC-nin 21.07.2020-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh1 26.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 21.07.2020-ci il tarixə 23.015,42 manat əsas borc, 3.736,96 manat faiz borcu, 578,23 manat cərimə olmaqla, cəmi 27.330,61 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə hesablanmış yüksək 578,23 manat cərimə azaldılaraq 100 manat müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli qərardad ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması isə müstəqil qiymətləndirici “xxxx” MMC-yə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01.04.2021ci il tarixli 9/4531 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə 26.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 28.11.2019-cu il tarixədək (son ödəniş tarixinədək) 53.652 manat ödəniş aparılmışdır. Ödənilmiş 53.652 manat puldan 36.350,68 manat faiz borcuna, 17.301,32 manat isə əsas borca silinir. (bax cədvəl məlumatlarına). İş materiallarında olan hesabdan çıxarış məlumatlarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 26.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə üzrə 21.07.2020-ci il tarixə 19.698,68 manat əsas borcu və 634,74 manat faiz borcu vardır. Təqdim edilmiş 27.05.2016-cı il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, Cavabdeh1 27.05.2016-cı ildə 917 manat pulu “xxxx” İKB ASC-yə ödəmişdir. Ekspertizanın rəyindən həmin ödəmə nəzərə alınmamışdır. Bu səbəbdən 27.05.2016-cı il tarixli mədaxil qəbzinə əsasən ödənilmiş 917 manat pul 01.04.2021-ci il tarixli 9/4531 nömrəli ekspert rəyində göstərilən 19.698,68 manat əsas borcun məbləğindən çıxılmalı, onun 21.07.2020-ci il tarixə olan borcunun məbləği - 18.781,68 manat əsas borc, 634,74 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 19.516,42 manat müəyyən edilməlidir. “xxxx” MMC-nin 22.12.2020-ci il tarixli LP-139/20 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində yerləşən 23 nömrəli qeyri-yaşayış sahəsinin (321 nömrəli mağaza) hazırkı real bazar qiyməti 135.000 manat, likvid qiyməti 114.000 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə “xxxx” İKB ASC (hazırkı İddiaçı ASC) ilə arasında bağlanmış 26.11.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 26.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 21.07.2020-ci il tarixə yaranmış 18.781,68 manat əsas borc, 634,74 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 19.516,42 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, ümumilikdə 19.576,42 manat pul tutularaq İddiaçı ASC-yə ASC-yə ödənilməlidir. Tutma ipoteka predmeti olan və Cavabdeh2 məxsus olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində 23 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 55,8 kv.m ümumi, 39,95 kv.m əsas, 15,85 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə (321 nömrəli mağazaya) yönəldilməli, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti bazar qiyməti 135.000 manat və likvid dəyəri 114.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan pul hesabına Cavabdeh1 tutulmalı olan ümumilikdə 19.576,42 manat pul İddiaçı ASC-yə ödənilməlidir. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh2 qaytarılmalıdır. İpoteka predmeti olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində yerləşən 23 nömrəli qeyri-yaşayış sahəsinə (321 nömrəli mağaza) tutma yönəldildikdən və həmin sahə satıldıqdan sonra Cavabdeh2 və digər şəxslərin həmin qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməli və ən geci 1 (bir) ay ərzində onlar həmin sahədən çıxarılmalı, sahə boşaldılmalı və yeni alıcıya təhvil verilməlidir. Qeyri-yaşayış sahəsi hərracda satıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilməlidir. İddia tələbi qalan hissələrində rədd edilməlidir. Cavabdeh1 iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 50 manat tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və məhkəməqiymətləndirmə ekspertizasının xərci 300 manat pul tutularaq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə “xxxx” İKB ASC (hazırkı İddiaçı ASC) ilə arasında bağlanmış 26.11.2014-cü il tarixli 6-G-1-0-2319-14 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 26.11.2014-cü il tarixli 6-G-1-0-2319-14 nömrəli kredit müqaviləsi üzrə 21.07.2020-ci il tarixə yaranmış 18.781,68 manat əsas borc, 634,74 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 19.516,42 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, ümumilikdə 19.576,42 (on doqquz min beş yüz yetmiş altı manat qırx iki qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan və Cavabdeh2 məxsus olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində 23 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 55,8 kv.m ümumi, 39,95 kv.m əsas, 15,85 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə (321 nömrəli mağazasına) yönəldilsin, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti bazar qiyməti 135.000 (yüz otuz beş min) manat və likvid dəyəri 114.000 (yüz on dörd min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan pul hesabına Cavabdeh1 tutulmalı olan ümumilikdə 19.576,42 (on doqquz min beş yüz yetmiş altı manat qırx iki qəpik) manat pul İddiaçı ASC-yə ödənilsin. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində yerləşən 23 nömrəli qeyri-yaşayış sahəsinə (321 nömrəli mağaza) tutma yönəldildikdən və həmin sahə satıldıqdan sonra Cavabdeh2 və digər şəxslərin həmin qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilsin və ən geci 1 (bir) ay ərzində onlar həmin sahədən çıxarılsınlar, həmin sahə boşaldılsın və yeni alıcıya təhvil verilsin. Qeyri-yaşayış sahəsi hərracda satıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilsin. İddia tələbi qalan hissələrində rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 50 (əlli) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının xərci 300 (üç yüz) manat pul Cavabdeh1 tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN **********, Bank: “xxxx” ASC Yasamal filialı, VÖEN: ********** (bankın VÖENİ), kod: 512565, hesablaşma hesabı: AZE30AZRT********************, müxbir hesabı: AZE02NABZ ********************, SWİFT: AZTRAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar