Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3050/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə maraqlı tərəf Yasamal rayon qeydiyyat şöbəsi cəlb edilməklə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Musayev X7 rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X6 ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, oğlu 15 fevral 1983-cü il təvəllüdlü X11 əvvəllər hər hansı xəstəlikdən əziyyət çəkmirdi. 01.05.2022-ci il tarixində səhər saat 6-da oğlu X11 özünü pis hiss etmiş, ürək nahiyəsində olan şiddətli ağrılardan şikayət edirmiş və bu zaman təcili yardım çağırılmışdır. Lakin təcili yardım gələnədək o, qəflətən vəfat etmişdir. Ona görə də, X6 ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsinə məlumat verilmiş, lakin Yasamal rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Yasamal rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində göstərmişdir ki, ərizəçi həyat yoldaşı, mərhum 15 fevral 1983-cü il təvəllüdlü X11 oğludur. Oğlu idmanla məşğul olurdu. Hər-hansı xəstəlikdən əziyyət çəkmirdi. 01 may 2022-ci il tarixdə səhər saatlarında oğlu sinə (ürək nahiyəsində) ağrılar olduğunu bildirmiş, bu səbəbdən anası 2 ədəd “valerian” vermiş, bir az sakitləşsə də, yenidən ağrılar davam etmiş, başqa dərman almaq üçün aptekə getmiş, eyni zamanda təcili tibbi yardım çağırılmışdır. Aptekdən gəldikdə isə artıq vəziyyətinin kritik olduğunu görmüşdür. Təcili yardım gəldikdə isə oğlu artıq keçinmişdir. Mərhum 15 fevral 1983-cü il təvəllüdlü X1 “Dədə Qorqud” qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində göstərmişdir ki, ərizəçinin yaxın qohumudur. Mərhum 15 fevral 1983-cü il təvəllüdlü X11 idmanla məşğul olurdu. Əsəbi insan idi. Həmişə səbəbsiz yerə əsasləşərdi. Daim ona bu halların onun səhhətinə ziyan olduğunu bildirirdi. 01 may 2022-ci ildə ərizəçi zəng vuraraq oğlunun rəhmətə getdiyini bildirdi. Dəfnində üzrlü səbəblərdən iştirak edə bilməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayonu Təcili və X5 Stansiyasının 4 saylı Bölməsin 01 may 2022-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 01 may 2022-ci il tarixdə 07:10 radələrində ünvan 1 ünvanına X6 adına çağrış daxil olmuş, həkim Musa Abdullayev tərəfindən həkimə qədər ölüm (kişi cinsli meyid) aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasi Bakı şəhəri Suraxanı Rayon Zığ Bələdiyyəsinin 11.05.2022-ci il tarixli 215 saylı arayışından görünür ki, vətəndaş X3 Qorqud qəbiristanlığına müraciət edərək, məhrum qardaşı oğlu X6 01.05.2022-ci il tarixində qəbiristanlığında yer ayrılaraq dəfn olunmuşdur. İş materiallarında olan 19 saylı şəhər poliklinikasının 12.05.2022-ci il tarixli məktubundan görünür ki, X6 ölümə səbəb ola biləcək xəstəliyi barədə hər hansı tibbi sənəd təqdim edilmədiyindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olmuşdur. İş materiallarında olan Bakı şəhəri 3 Saylı ASAN Xidmət tərəfindən verilmiş 16.05.2022-ci tarixli 05/Q-1675/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamış, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 15 fevral 1983-cü il təvəllüdlü X6 01.05.2022-ci il tarixdə ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15.02.1983-cü il təvəllüdlü X6 01 may 2022-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3050/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3050/2022
06.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver