Məhkəmə qərarları › İş №2(004)-3110/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3110/2023

31.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3110/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, Ərizəçi MMC-nin borclu Maraqlı şəxs MMC-yə qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi MMC borclu Maraqlı şəxs MMC-yə qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizə ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi MMC ilə Maraqlı şəxs MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2019-0001 nömrəli mobil telefonların alqı-satqısına dair müqavilə üzrə yaranmış 42.369,12 manat borcun etiraf olunması və ödənilməsi qaydasında dair Bakı 8 saylı Mediasiya Təşkilatında Ərizəçi MMC ilə Maraqlı şəxs MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin məhkəmədə təsdiq edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, ərizədən və əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, tərəflər - Ərizəçi MMC (VÖEN **********) xx.xx.2017-ci il tarixdə AZ1065, ünvan 1 ünvan üzrə və borclu Maraqlı şəxs MMC (VÖEN **********) xx.xx.2013-cü il tarixdə AZ1007, ünvan 2 ünvan üzrə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışlar. Hüquqi şəxslər olan Ərizəçi MMC ilə Maraqlı şəxs MMC arasında yaranmış mübahisə onlar arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2019-0001 nömrəli mobil telefonların alqı-satqısına dair müqavilə üzrə yaranmış 42.369,12 manat borcun ödənilməsi ilə bağlı olmaqla, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsidir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Azərbaycan Respublikası MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası MPM-in 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hazırkı ərizənin məhkəmə aidiyyəti ilə bağlı ilk növbədə qeyd olunmalıdır ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). Baxılan işdə hər iki tərəf sahibkarlıq subyekti - kommersiya hüquqi şəxsi olmaqla, aralarında birgə sahibkarlıq fəaliyyəti ilə əlaqədar müqavilədən yaranmış mübahisə üzrə mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmışdır. Hazırda barəsində xüsusi icraat qaydasında ərizə verilmiş məsələ həmin barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi ilə bağlıdır. Hesab edirəm ki, MPM-in 25.2 və 26.2-ci maddələrində xüsusi icraat işləri ilə bağlı kommersiya məhkəmələri tərəfindən baxılan işlər sırasında MPM-in 40-7-ci fəsli əks olunmasa da, Məcəllənin 26.1-ci maddəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələri (kommersiya mübahisələrini) kommersiya məhkəmələrinə aid etmişdir. Digər tərəfdən MPM-in 26.2-ci maddəsi xüsusi icraat qaydasında kommersiya məhkəmələri tərəfindən baxılan konkret icraat növlərini sadalamaqla yanaşı, qanunla onların səlahiyyətlərinə aid edilən digər işləri də kommersiya məhkəmələrinin səlahiyyətinə aid etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, ki, “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat” başlıqlı 40-7-ci fəsil MPM-ə 26.2-ci maddəsinin sonuncu redaksiyasının qəbul edilməsindən sonra - 25 iyul 2021-ci il tarixdə əlavə olunmuşdur. Qeyd olunanları, habelə işlərin məhkəmə aidiyyəti üzrə bağlı qanunvericinin əsas götürdüyü prinsipləri, məqsəd və meyarları nəzərə alaraq belə qənaətə gəlirəm ki, kommersiya subyektləri arasında kommersiya mübahisələri ilə bağlı mediasiya prosesində bağlanmış barışıq sazişlərinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında verilmiş ərizələrə kommersiya məhkəmələrində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-in 355-23.1-ci maddəsinə əsasən (fəsil 40-7) “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Ərizəçi hazırkı ərizəni məhkəmə aidiyyəti qaydalarını pozmaqla verdiyinə görə, məhkəmə aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalı, ərizəçi qeyd olunan nöqsanları aradan qaldırmaqla, hüquqi şəxsin ünvanına görə məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26, 151, 152, 152.1.3, 263-264, 355-23-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi MMC-nin borclu Maraqlı şəxs MMC-yə qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar