Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3165/2025 07.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: barışıq sazişi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 464832 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Maraqlı şəxs ilə Ərizəçi xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 187 nömrə ilə qeydiyyat aparılmışdır.
2. Yasamal rayon Qeydiyyat şöbəsi və 3 saylı Bakı ASAN Xidmət Mərkəzi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrə əsasən müəyyən edilir ki, tərəflərin birgə nikahından 2 övladı olmuşdur: xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3.
3. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/010-00153 nömrəli barışıq sazişinə əsasən: “Tərəflər razılığa gəlirlər ki, tərəflər arasında bağlanmış nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 analarının himayəsindədir. Birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs əmək haqqı və digər gəlirlərinin 30% miqdarında tutularaq anası Ərizəçi bank kart hesabına köçürüləcəkdir.”
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
4. Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizənin əsaslarına görə, qarşı tərəf saziş üzrə öz öhdəliyini könüllü şəkildə yerinə yetirmir, alimenti ödəmir.
b) iddiaya qarşı etiraz
6. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
a) məhkəmə icraat iştiakçılarının izahatları
7. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir.
8. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iddianı etiraf etdiyini bildirmişdir.
Tətbiq edilən hüquq
9. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır; Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir; Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
12. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
13. Məhkəmə araşdırması zamanı MPM-in istinad olunan normalarında qeyd olunan hallar - tərəflər arasındakı barışıq sazişinin qanunazidd olması, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halı müəyyən edilməmişdir.
14. Məhkəmə qeyd edir ki, MPM-in qeyd olunan normalarında göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir.
15. Odur ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/010-00153 nömrəli barışıq sazişi təsdiq edilməlidir.
16. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/010-00153 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: “1. Tərəflər razılığa gəlirlər ki, tərəflər arasında bağlanmış nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 analarının himayəsindədir. Birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs əmək haqqı və digər gəlirlərinin 30% miqdarında tutularaq anası Ərizəçi bank kart hesabına köçürüləcəkdir.” Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə