Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3599/2023 05.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X2, Ərizəçi Əzimova (Rüstəmova) Rəhimə Ramiz qızının “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi Əzimova (Rüstəmova) Rəhimə Ramiz qızı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci ildə doğulmuş, xx.xx.2023-cü il tarixdə vəfat etmiş anası X3 haqqında ölüm haqqında tibbi şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına və Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı Qərarının 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul ərizəçi Əzimova (Rüstəmova) Rəhimə Ramiz qızına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Əzimova (Rüstəmova) Rəhimə Ramiz qızının “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi Əzimova (Rüstəmova) Rəhimə Ramiz qızı tərəfindən 04 iyul 2023-cü il tarixli, 18791 nömrəli qəbzə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən ərizəçi X1 qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3599/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3599/2023
05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver