Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3674/2024 12.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, X3, Cavabdeh4 və X8 qarşı “mənzildən çıxarılma” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, X3, Cavabdeh4 və X8 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ailə üzvləri ilə birlikdə çıxarılaraq onun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 5 nəfərlik ailə üzvləri ilə kirayə mənzildə yaşayır. O və həyat yoldaşı Nümayəndə 1980-90-cı illərdə Bakı “Elektron hesablayıcı Maşınlar Zavodu”nda işləmişlər. İşlədikləri iş yerində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzil ona verilib. Onlar ailəliklə həmin mənzildə qeydiyyata alınmışlar. Lakin həmin dövrdə Laçın rayonundan məcburi köçkün olan cavabdehlər iş yerindən order əsasında ona verilmiş mənzili zəbt etmişlər. Həmin vaxt həmin şəxslərin mənzildən çıxarılmaları barədə idarələrə müraciət etsələr də, bildirilmişdir ki, tezliklə torpaqlar erməni işğalından azad olunacaq , məcburi köçkünlər öz torpaqlarına qayıdacaqlar. Artıq Laçın rayonu işğaldan azad olunub və onlar qanunla onlara verilmiş mənzilə köçmək istəyirlər. Daha sonra cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, X11, Cavabdeh4 və X12 məhkəməyə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, X4, Cavabdeh4 və X8 qarşı “mənzildən çıxarılma” barədə iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, faktiki həmin binaya order olsa da, 1992-ci oldən onlar ora köçərkən öz pul vəsaitlərinə doqquz mərtəbəli binanı inşa edərək ailələri ilə köçmüşşlər və külli miqdarda pul vəsaiti xərcləyərək, orada yaşayırlar. Prezidentin 01 iyul 2004-cü il tarixli Sərəncamının 2-ci bəndində bildirilir ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan sonra, həmin mənzillər boşaldılır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia tələbini qəbul etmədiklərini bildirmişlər və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh6, X11, Cavabdeh4 və X12 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 027082 nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzil xx.xx.1995-ci il tarixdə İddiaçı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5566/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, cavabdeh X1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzildən çıxarılması, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1950/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X1 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5566/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin cavabdeh X1 apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1950/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən cavabdeh X1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5566/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin “cavabdeh X1 ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzildən çıxarılması, İddiaçı ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzilə köçürülməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanması qərara alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8189/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh2 cavabdeh Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinə qarşı (İddiaçı üçüncü şəxs qismində cəlb edilməklə) “orderin ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Laçın şəhərindən məcburi köçkünlər – X9, həyat yoldaşı X5, Cavabdeh6 və X13 ailə üzvləri ilə birgə məcburi köçkün olaraq sıx məskunlaşma obyekti olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzildə müvəqqəti məskunlaşmışlar. X6 vəfat etmişdir. Həyat yoldaşı X2 mülkiyyətində Abşeron rayonu və Suraxanı rayonu ərazisində mənzil və fərdi yaşayış evinin olduğu aşkar olunmuşdur. İş materiallarında olan Laçın rayonu İcra Hakimiyyəti başçısının Laçın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli Arayışına əsasən Laçın şəhər sakini Cavabdeh6 1992-ci ildən Laçın rayonundan məcburi köçkündür. Laçın şəhərində evlə təmin olunmayıb. Hazırda ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi Cavabdeh4. İş materiallarında olan Laçın rayonu İcra Hakimiyyəti başçısının Laçın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli Arayışına əsasən Laçın şəhər sakini X7 1992-ci ildən Laçın rayonundan məcburi köçkündür. Laçın şəhərində evlə təmin olunmayıb. Hazırda ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Laçın rayonu İcra Hakimiyyəti başçısının Laçın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli Arayışına əsasən Laçın şəhər sakini Cavabdeh2 1992-ci ildən Laçın rayonundan məcburi köçkündür. Laçın şəhərində evlə təmin olunmayıb. Hazırda ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi X12 və X11. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, toqpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməməsi qərara alınmışdır. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qaqnunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunan odur ki, cavabdehlər iddiaçının ailə üzvü deyil, bu mənzilə iddiaçının və ya onun ailə üzvlərinin razılığı ilə köçməmiş, mənzil üzrə onunla ümumi təsərrüfat aparmamışlar. Cavabdehlər faktiki olaraq mənzili özbaşına tutmaqla 1992-ci il tarixdən etibarən hər hansı hüquqi əsas olmadan orada yaşayır. Bu hal iddiaçıya məlum olduqdan sonra cavabdehlərin mənzildə müvəqqəti olaraq qalmasına etiraz etməməsi onun mənzilə münasibətdə hər hansı hüququnun yaranmasına əsas ola bilməz. Ən yaxşı nəticədə, cavabdehlər müvəqqəti sakin kimi qiymətləndirilə bilər və belə olan halda da cavabdehlər iddiaçının tələbi ilə mənzili dərhal boşaltmalıdır. İddiaçı da hazırda məhz bunu tələb edir. İş materiallarında olan 027082 nömrəli orderdən göründüyü kimi, mübahisəli mənzil iddiaçıya məxsusdur, həmin mənzil cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı hazırda ona məxsus mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Hüquqi nəticə etibarı ilə iddiaçının order əsasında ona məxsus olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə sərbəstdir. Həmin mənzildə hazırda cavabdehlər yaşayır, mənzil onların istifadə və sahibliyindədir. Cavabdehlərin bu mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onunla iddiaçı arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Cavabdehlərin iddiaçıya məxsus olan mənzildə məskunlaşması və məskunlaşmanın qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə iddiaçının həmin mənzilə olan bütün hüquqlarının pozulmasına səbəb olur. İstifadə və sahiblik hüququnun olmasına baxmayaraq, iddiaçı hazırda qeyd edilən mənzilə sahiblik və ondan istifadə edə bilmir. Bu əmlak onun iradəsindən asılı olmayaraq istifadə və sahibliyindən çıxmışdır. Məhkəmə xüsusilə vurğulayır ki, Laçın rayonu 01 dekabr 2020-ci il tarixində işğaldan azad olunmuşdur. Bu baxımdan qanuniliyindən asılı olmayaraq, cavabdehlərin 1992-ci ildə mübahisəli mənzildə məskunlaşmasının əsasında onun yaşayış sahəsinə olan ehtiyacının aradan qaldırılması dururdusa, hazırda bu ehtiyac da aradan qalxmışdır. Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. X10 tapşırığına uyğun olaraq, Laçın şəhərinə köçürülmə prosesinə başlanılıb və davam etdirilir. Məhkəmə cavabdehlərin dəlili ilə bağlı qeyd edir ki, cavabdehlər 1992-ci ildən həmin mənzildə qanunsuz əsaslarla yaşayır və hər hansı təmir-tikinti işləri görmüşdürsə də, bu işləri özbaşına və özünün qanunsuz yaşayışının təmin edilməsi (yaxşılaşdırılması) məqsədi ilə görmüşdür. Digər tərəfdən bu halın mövcudluğu belə hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, cavabdehlərin hazırda hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, X11, Cavabdeh4 və X12 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, X11, Cavabdeh4 və X12 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14 ünvanında yerləşən 183 saylı mənzildən çıxarılsınlar. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3674/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3674/2024
12.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver