Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3804/2022 07.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, maraqlı şəxs – Maraqlı şəxs nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında verilmiş ərizəsinə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/5-01728 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 15 mart 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Nikahın ilk illərində münasibətləri nomal olsa da, sonradan münasibətləri korlanmış və o, bağlanmış nikahın pozulması ilə bağlı qarşı tərəfə mediasiya təklifi göndərmişdir. Hazırki ərizə üzrə maraqlı şəxs mediasiya sessiyasında nümayəndə ilə təmsil olunmuş və aralarında 11 may 2022-ci il tarixli MBŞ/5-01728 nömrəli barışıq sazişi bağlanılaraq rəsmiləşdirilmişdir. Halhazırda tərəflər arasında bağlanılmış barışıq sazişinin qarant altına alınması üçün hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi və vəkili X4 izahatında bildirmişdir ki, hazırki iş üzrə Ərizəçi ilə onun arasında hər hansı mübahisəli məsələ yoxdur. Hazırki vaxta qədər tərəflər arasında barışıq sazişi ilə bağlı hər hansı mübahisə yoxdur, heç bir tərəf sazişin könüllü icrasından imtina etmir. Ona görə də, sazişin təsdiqi ilə bağlı verilmiş ərizənin təmin edilib-edilməməsini məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Bu ərizənin verilməsində isə əsas niyyət nikahın pozulması ilə bağlı olmuşdur. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə rədd edilməli və mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər Ərizəçi (bundan sonra birinci tərəf), Maraqlı şəxs (bundan sonra ikinci tərəf) arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış, mediasiya reyestrində M-00071 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X5 tərəfindən xx.xx.2022-ci il tarixdə MŞB/5-01728 nömrəli barışıq sazişi təsdiq edilmidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1.barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi həmin Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 31.4-cü maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. Beləliklə yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1)Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Lakin ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, eləcə də tərəfin nümayəndəsinin izahatından müəyyən edilir ki, tərəflərin hər hansı birinin barışıq sazişinin şərtlərinin könüllü qaydada icra edilməməsi və ya onun könüllü icrasından imtina etməsinə dair hal mövcud deyildir. Bundan başqa, həmin sazişin məcburi icrasını zəruri edən qanunvericiliklə nəzərdə tutulmuş halların mövcudluğuna dair sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, barışıq sazişin maddələrində qeyd olunmuş nikahın pozulması və alimentin tutulması məsələsi iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 19.2-ci maddəyə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi rədd edilməli, tərəflər-Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/5-01728 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi rədd edilsin və tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/5-01728 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-3804/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3804/2022
07.07.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver