Məhkəmə qərarları › İş №2(004)-3907/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3907/2021

23.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3907/2021 23.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və qanunsuz zəbt olunmuş sahənin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və qanunsuz zəbt olunmuş sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 27.04.2015-ci il tarixli 172 nömrəli sərəncamına və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********22 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla iddiaçıya məxsus, Bakı Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsinin boşaldılıb iddiaçıya təhvil verilməsinə, yaradılan maneələrin aradan qaldırılmasına və hasarın Cavabdeh hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 27.04.2015-ci il tarixli 172 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu,Ş.Mehtiyev küçəsi 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsi 49 illik iddiaçının icarəsinə ayrılmışdır. Sərəncamdan sonra elə həmin tarixli 15/115 nömrəli Ayrıc aktı tərtib edilmiş və torpaq sahəsinin sərhədləri bu aktla müəyyən edilmişdir. Torpaq sahəsi iddiaçıya ayrılandan sonra məlum olmuşdur ki, həmin sahə tanımadığı şəxslər tərəfindən zəbt edilərək hasara alınmışdır. Bundan sonra, iddiaçı həmin şəxsin müəyyən edilməsinə başlamış və həmin şəxsin Cavabdeh olduğu müəyyən edilmişdir. Bu şəxslə danışıq apararaq torpaq sahəsinin qanuni əsaslarla ona ayrıldığını bildirdikdən sonra, həmin şəxs iddiaçıya qarşı məhkəmədə iddia qaldıraraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının yuxarıda qeyd edilən Sərəncamının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli 2-1(81)- 3388/2015 saylı qərarı ilə iddia təmin edilərək cavabdeh Bakı ŞİH Başçısının 172 saylı, 27.04.2015-ci il tarixli Sərəncamı qanunsuz hesab edilərək, ləğv edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-1202/2016 saylı, 09.06.2016-cı il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli 2-1(81)-33 88/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan həm cavabdeh tərəfindən, həm də, iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1599/2016 saylı, 17.11.2016-cı il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin İİK-nm 2-1(103)-1202/2016 saylı, 09.06.2016-cı il tarixli qərarı ləğv edilmiş, və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nm 2-l(103)-4512017 saylı, 10.08.2017-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli 2-l(81)-3388/2015 saylı qərarı ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-2177/2017 saylı, 15.11.2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin İİKnın 2-1(103)-451/2017 saylı, 10.08.2017-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 24.01.2018-ci il tarixli qərarı ilə iş üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli 2-l(81)-3388/2015 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı Cavabdeh Bakı ŞİH-nə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi 1056-cı məhəllədə yerləşən torpaq sahəsi 199,5 kv.m. olan torpaq sahəsinə dair cavabdeh Bakı ŞİH Başçısının 172 saylı, 27.04.2015-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi və qanunsuz hesab edilərək ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 06 iyun 2018-ci il tarixli 2- 1(102)- 958/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmadan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 24.01.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və torpaq sahəsinə dair Çıxarışın əldə edilməsinə başlanılmışdır. Həmin inzibati orqandan verilən **********22 reyestr nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi 1056-cı məhəllədə yerləşən torpaq sahəsi üzərində iddiaçının hüquqları tanınmışdır. Bundan sonra iddiaçı hazırki mülki iş üzrə Cavabdeh müraciət edərək, zəbt etdiyi torpaq sahəsini boşaltmasını və hasarın götürülməsini xahiş etmiş, cavabdeh bu xahişi yerinə yetirməmiş və iddiaçıya məxsus olan torpaq sahəsini bu günə kimi boşaltmamışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Ələkbər-zadə Faiq Zakir oğlu iddianın təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmədən iddianın təmin tədbiri məqsədi ilə mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək ünvan 1 ünvanında hər hansısa söküntü, tikinti və təmir bərpa işlərinin aparılmasının Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3907/2021 saylı, 09.06.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək ünvan 1 ünvanında hər hansısa söküntü, tikinti və təmir bərpa işlərinin aparılmasının Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. İlk iddia üzrə Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş, Yasamal rayonu, Ə.Ələkbərov (Ş.Mehtiyev) k., 1056-cı məhəllə ünvanında yerləşən 199,5 kv.metr torpaq sahəsinə dair cavabdeh İddiaçı adına verilmiş istifadə hüququnu təsdiq edən **********22 reyestr nömrəli çıxarışın və sair sənədlərin etibarsız hesab edilməsi barədə, eləcə də ilkin iddia üzrə İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(004)-3907/2021 saylı qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “çıxarışın etibarsızlığı” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Ələkbər-zadə Faiq Zakir oğlu izahatlarında iddia tələbinin məzmununa uyğun izahat vermiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 izahatında iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi və vəkili X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edərək, mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılıb İddiaçı təhvil verilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsinin istifadə edilməsində yaratdığı maneələr aradan qaldırılmalı, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsində inşa edilmiş hasar Cavabdeh hesabına sökülməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 27.04.2015-ci il tarixli, 172 nömrəli sərəncamı ilə X1 27.04.2015-ci il tarixli müraciətini nəzərə alaraq Yasamal rayonu, 1056-cı məhəllə, Ak. Ş.Mehdiyev küçəsində yerləşən torpaq sahəsində icarə əsasında ofis binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsi üzrə xeyrinə hüquq yüklü edilən şəxs İddiaçıdur. 12.02.2020-ci il tarixdı qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi ********** kimi qeyd edilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 24.05.2013-cü il tarixli, 203 nömrəli sərəncamının surətinə əsasən, Cavabdeh Ak.Ş.Mehdiyev (keçmiş Ə.Ələkbərov) küçəsi 1056-cı məhəllədə, 97 saylı binada ona məxsus mağazanın yanındakı ərazidə yerləşən, uzun illər istifadəsində olan sahədə təqdim etdiyi eskiz layihəsi əsasında ofis və xidmət binasının tikintisinə icazə verilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1031/08 saylı, 30 may 2008-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı “sərəncamın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qətnamə ilə iddia ərizəsi rədd edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1031/08 saylı, 30 may 2008-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmış, Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(103)-3764/2008 saylı, 28 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti rədd edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı mülki iş üzrə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29102)-3303\11 saylı, 04 noyabr 2011-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(103)-3764/2008 saylı, 28 oktyabr 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Bələdiyyə sədrinin 09 fevral 2006-cı il tarixli, 11\06 saylı sərəncamına əsasən görünür ki, Cavabdeh ərizə ilə müraciət edərək Ə.Ələkbərov küçəsi, 1056-cı məhəllədə, 97 saylı binada ona məxsus 18 saylı mağazanın qarşısında abadlaşdırıb istifadə etdiyi (9,5 x 21) metr ölçüdə torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmişdir. Sərəncama əsasən həmin torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir. Cavabdeh ilə Bakı şəhəri Yasamal Bələdiyyəsi arasında bağlanmış 09 fevral 2006-cı il tarixli, 10 nömrəli torpaq icarəsi haqqında müqaviləyə əsasən görünür ki, 120698 nömrəli müqaviləyə əsasən 199,5 kv.metr sahənin 1 kv.metrinin illik icarə haqqı 24,1 AZN olaraq müəyyən edilmişdir. 10 noyabr 2020-ci il tarixli əlavə razılaşmaya əsasən, icarə müqaviləsinin müddəti 09 fevral 2006-cı il tarixdən 09 fevral 2070-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 985/18 saylı, 06 iyun 2018-ci il tarixli qərarına əsasən görünür ki, iddiaçı Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxslər X2 və Bakı şəhər Yasamal Bələdiyyəsi olmaqla) sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İbati-İqtisadi Kollegiyasının 2018-ci il 24 yanvar 2-1(103)-91/2018 nömrəli qərarından iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 24 yanvar tarixli, 2-1(103)-91\2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilmişdir ki, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti özünün 172 saylı, 27.04.2015-ci il tarixli sərəncamını qəbul edərkən Bakı şəhəri, Yasamal rayonu, 1056-cı məhəllə, Ak. Ş.Mehdiyev küçəsində yerləşən torpaq sahəsində icarə əsasında ofis binasının tikintisinin layihələndirilməsi üçün X1 icazə verərkən gələcəkdə inşa ediləcək binanın Cavabdeh icarə hüququ ilə ayrılmış torpaq sahəsinin üzərində olacağını nəzərə almamışdır. Torpaq sahəsi iddiaçıya “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan torpaqayırma qaydasında deyil, torpaq sahəsindən istifadə etməsi faktının təsdiq edilməsi qaydasında verilmişdir. Halbuki, qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması olan bələdiyyə daşınmaz əmlak üzərində istifadə faktını təsdiq edən səlahiyyətli orqan deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən, 29.06.2021-ci il tarixli, 2(004)-3907/2021 saylı sorğuya 07.07.2021-ci il tarixli, **********40 nömrəli cavab məktubuna əlavə edilmiş 589057 nömrəli çıxarışa əsasən görünür ki, ünvan 3 ünvanında yerləşən ərazi 49 il müddətinə, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 27.04.2015-ci il tarixli, 172 saylı sərəncamı və Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1425 saylı, 16.01.2018-ci il tarixli müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmişdir. 12.02.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin “Verdiktum” vəkil bürosuna ünvanladığı 23 iyul 2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına icarə hüququ əsasında qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 1056-cı məhəllə ünvanında yerləşən 0,0222 ha torpaq sahəsinin mülkiyyət forması Dövlətə məxsusdur. İş materiallarında olan 16 yanvar 2018-ci tarixli, 1425 nömrəli torpaq icarə müqaviləsinə əsasən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfaət Mehdiyev küçəsində yerləşən torpaq sahəsinə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27.04.2015-ci il tarixli, 172 saylı sərəncamına və 06.07.2015-ci il tarixli, 13114 saylı inşaat pasportuna əsasən icarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsi 222 kv.metrdir. Sahə icarəçinin istifadəsinə 49 il müddətinə verilmişdir. İcarə haqqının 01 yanvar 2018-ci il tarixdən hesablanması nəzərdə tutulmuşdur. İcraəçi hər il 1523 manat 81 qəpik icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 16 yanvar 2018-ci il tarixli, 1636/1425 nömrəli müqaviləyə əsasən görünür ki, “İnterservis”ilə İddiaçı arasında konsaltinq xidmətlərinin göstərilməsi barədə razılıq əldə edilmişdir. Müqaviləyə əsasən icraçı, “Torpaq icarə haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gələn tələblərin sifarişçiyə izah edilməsini öz öhdəsinə götürmüşdür. Sifarişçi isə, icraçının yerinə yetirdiyi iş üçün icraçıya 847 manat 46 qəpik və 18% ƏDV olmaqla, cəmi 1000 manat pul ödəməyi öz öhdəsinə götürmüşdür. Məbləğ, 16 yanvar 2018-ci il tarixli müqavilə qiymətinin razılaşdırılması protokolu ilə də təsdiqlənir. 16 yanvar 2018-ci il tarixli xidmətin yerinə yetirilməsi aktına əsasən icraçı tərəfindən xidmət yerinə yetirilmiş hesab edilmişdir. 15/115 nömrəli, 05.06.2015-ci il tarixli istifadəyə verilən torpaq sahəsinin ayrıc aktına əsasən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27.04.2015-ci il tarixli, 172 saylı sərəncamı ilə ünvan 3 ünvanında yerləşən, 0,0222 hektar ərazidə ofis binasının tikintisinin layihələndirilməsinə dair İddiaçı icazə verilmişdir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş çıxarışa əsasən, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 27.04.2015-ci il tarixli, 172 saylı sərəncamı və Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1425 saylı, 16.01.2018-ci il tarixli müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən ərazi İddiaçı xeyrinə hüquq yüklü edilən şəxs olmaqla, 49 il müddətinə icarəyə verilmişdir. Həmin çıxarışa əsasən ərazi üzərində İddiaçı icarə hüququ yaranmışdır. Eyni zamanda qeyd edilir ki, qanunvericiliyə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Göründüyü kimi, İddiaçı, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair bağlanmış əqd nəticəsində əldə etdiyi hüquqları çıxarış vasitəsi ilə dövlət qeydiyyatına aldırmışdır. Lakin, iş materiallarından da göründüyü kimi, cavabdeh torpaq sahəsinə əldə etdiyi hüquqları dövlət qeydiyyatına aldırmamışdır. Bu hal yalnız Bakı şəhəri Yasamal rayon Bələdiyyə sədrinin 09 fevral 2006-cı il tarixli, 11\06 saylı sərəncamına və Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 24.05.2013-cü il tarixli, 203 nömrəli sərəncamına əsasən müəyyən edilir. Qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması olan bələdiyyə daşınmaz məlak üzərində istifadə faktını təsdiq edən səlahiyyətli orqan deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-985/2018 saylı, 06 iyun 2018-ci il tarixli qərarından da müəyyən edilir ki, sözügedən torpaq sahəsi hazırki mülki iş üzrə cavabdehə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan torpaqayırma qaydasında deyil, torpaq sahəsindən istifadə etməsi qaydasında verilmişdir. Məhkəmə iddia tələbinin yaradılan maneələrin aradan qaldırılmasına və hasarın Cavabdeh hesabına sökülməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılıb İddiaçı təhvil verilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsinin istifadə edilməsində yaratdığı maneələrin aradan qaldırılması hissəsində təmin olunduğundan digər hissələrdə də təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin maddənin 8-ci bəndinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ ilə yanaşı servitutlar və əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin maddəsinin 2-ci bəndinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin maddənin 2-ci bəndinə əsasən daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 259.1-ci maddəsinə əsasən, əgər servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxs hüquqlarının həyata keçirilməsində maneələrlə qarşılaşarsa, bunların aradan qaldırılması üçün o, vicdanlı sahib ilə eyni hüquqlara malikdir. Həmin Məcəllənin 263.1-ci maddəsinə əsasən uzufrukt əşyanın və ya hüquqların elə yüklülüyüdür ki, bu zaman xeyrinə yüklülük müəyyənləşdirilən şəxs (uzufruktuar) onlardan istifadə etmək və fayda götürmək hüququna malikdir, lakin mülkiyyətçidən fərqli olaraq bu əşyanı və hüquqları girov qoymaq, özgəninkiləşdirmək və ya vərəsəlik üzrə vermək hüququna malik deyildir. Uzufrukt ayrı-ayrı faydaların istisna edilməsi ilə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun aparılması qaydalarının müəyyən edilməsi, bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması aiddir. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin maddənin 4-cü bəndinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (Torpaq Məcəlləsinin 111-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılıb İddiaçı təhvil verilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsinin istifadə edilməsində yaratdığı maneələr aradan qaldırılmalı, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsində inşa edilmiş hasar Cavabdeh hesabına sökülməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77,216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılıb İddiaçı təhvil verilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsinin istifadə edilməsində yaratdığı maneələr aradan qaldırılsın. Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsində inşa edilmiş hasar Cavabdeh hesabına sökülsün. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar