Məhkəmə qərarları › İş №2(004)-3926/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3926/2022

21.07.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3926/2022 21.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və 3 saylı Mediasiya təşkilatına qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsinə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və 3 saylı Mediasiya təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə barədə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/3-00844 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, birinci tərəf qismində ikinci tərəf Maraqlı şəxs1 ilə birlikdə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Bakı 3 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Müraciət əsasında MŞB/3-00844 saylı mediasiya işi açılmış və baxılması üçün mediatora həvalə edilmişdir. Meditorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı Maraqlı şəxs1 ilə müəyyən razılaşma olmuş və bu barədə aralarında barışıq sazişi imzalanmışdır. Barışıq sazişi onların və mediatorun imzaları ilə təsdiq olunmuş və təşkilatın möhürü ilə möhürlənmişdir. Lakin barışıq sazişinin şərtləri təsdiq olunmasına baxmayaraq Maraqlı şəxs1 tərəfindən sazişin şərtləri icra olunmamışdır. Qeyd edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Odur ki, ərizəçi MŞB/3-00844 nömrəli xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirmişdir ki, 2021-ci ilin sentyabr ayından etibarən Maraqlı şəxs1 ilə birlikdə yaşamır və buna baxmayaraq birgə nikah dövründə əldə edilmiş mənzilə görə ipoteka öhdəliyini özü icra etməklə, aylıq kredit ödənişlərini həyata keçirir. Onlar öz aralarında mediasiya prosesində razılaşmışlar ki, Maraqlı şəxs1 mənzillə bağlı öz payından imtina edir və mənzilə dair ipotekanın onun adına rəsmiləşdirilməsinə etiraz etmir. Lakin buna baxmayaraq bu şərtin yerinə yetirilməsi üçün Maraqlı şəxs1 aidiyyəti quruma ərizə verməkdən imtina etmişdir. Həmçinin Maraqlı şəxs1 notariat ofisində təsdiqlənmiş barışıq sazişinə əsasən 3 ay sonra mənzildən qeydiyyatdan çıxmalı olduğu halda qeydiyyatdan çıxmamış, yəni barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Bununla da Maraqlı şəxs1 barışıq sazişinə əməl etməyərək həmin mənzilin onun adına keçirməsinə mane olur. Odur ki, göstərilənlərə əsasən Ərizəçi ərizəsinin təmin edilməsini və onunla Maraqlı şəxs1 arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesinin nəticəsi olaraq xx.xx.2022-ci il tarixdə bağlanmış, mediasiya reyestrində M- 00266 nömrəsi ilə qeydiyyatdan keçmiş və mediator X3 tərəfindən təsdiq edilmiş barışıq sazişindən görünür ki, Sazişin 1-ci maddəsinə görə tərəflər - Ərizəçi (bundan sonra “Birinci tərəf”) və Maraqlı şəxs1 ( bundan sonra “İkinci tərəf”) aralarında olan əmlak tələbi üzrə mübahisənin mediasiya yolu ilə həll edilməsi ilə bağlı aşağıdakı məzmunda razılığa gəlmişlər: “Maddə 2. “Barışığın şərtləri” 2.1.1. İkinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzilində olan payından Birinci tərəfin xeyrinə imtina edir və mənzilin Birinci tərəfin adına keçməsinə etiraz etmir. 2.1.2. İkinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzili ilə bağlı ipoteka öhdəliyinin Birinci tərəfin adına keçməsinə etiraz etmir. 2.1.3. Birinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzilin onun adına keçməsinə, mənzilə dair kredit öhdəliyinin onun adına keçməsinə etiraz etmir. 2.1.4. Tərəflər bundan əvvəl aralarında bağlanmış 18 yanvar 2022-ci il tarixli Barışıq Sazişinin müddəalarını bir daha təsdiq edirlər. Maddə 3. “Digər şərtlər” 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırki sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz. 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3. mediasiya və ya hazırki Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5. yaxın qohumlara; 3.4.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu saziş son imzanın atıldığı gündən qüvvəyə minir.” Beləliklə tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış sazişin 2.1.4-cü bəndindən müəyyən edilir ki, onlar bundan əvvəl aralarında bağlanmış 18 yanvar 2022-ci il tarixli Barışıq Sazişinin müddəalarını da qəbul edərək bir daha həmin şərtlərlə razılaşmalarına dair imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan 18 yanvar 2022-ci il tarixli Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmaqla xüsusi notarius X4 tərəfindən təsdiq edilmiş barışıq razılaşması haqqında müqavilədən (barışıq sazişi) müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 qarşı “nikahın pzulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tutulması” tələbinə dair iddiası və Maraqlı şəxs1 cavabdeh Ərizəçi qarşı “uşağın himayəyə verilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı 2(004)-272/2022 saylı mülki iş üzrə tərəflər aşağıdakı razılığa gəlmişlər: Ərizəçi öhdəsinə götürür ki: Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 1 ünvanındakı 579 saylı mənzilin, həmçinin mənzilə dair kredit öhdəliyinin Ərizəçi adına keçməsinə və öz payından imtina etməsinə dair razılıq verməsi; tərəflərin birgə nikahlarından doğulmuş X2 anası Ərizəçi himayəsinə verilməsinə razılıq verməsi; eləcə də X1 üçün hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment ödəməyə razılıq verməsi və məhkəmədən dərhal sonra ödənilməsi müqabilində mülkiyyətində olan “Ford Fokus” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin bütövlükdə Maraqlı şəxs1 mülkiyyətinə keçməsinə razılıq verir; eləcə də övladları X2 atası Maraqlı şəxs1 ilə hər həftənin bazar günü saat 17:00-dan 22:00-dək ünsiyyətdə olmasına (Ərizəçi iştirakı olmadan) razılıq verir. Maraqlı şəxs1 öhdəsinə götürür ki: Ərizəçi mülkiyyətində olan “Ford Fokus” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili bütövlükdə Maraqlı şəxs1 mülkiyyətinə keçməsinə razılıq verməsi; eləcə də tərəflərin birgə nikahlarından doğulmuş X2 atası Maraqlı şəxs1 ilə hər həftənin bazar günü saat 17:00-dan 22:00-dək ünsiyyətdə olmasına (Ərizəçi iştirakı olmadan) razılıq verməsi müqabilində mülkiyyətində olan ünvan 1 ünvanındakı 579 saylı mənzilin, həmçinin mənzilə dair kredit öhdəliyinin və öz payından imtina etməsinə dair Ərizəçi adına keçməsinə, tərəflərin birgə nikahlarından doğulmuş X2 anası Ərizəçi himayəsinə verilməsinə, eləcə də X1 üçün hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment təyinatı göstərilməklə (aliment olduğu) və hər ay ayrılıqda (ümumi məbləğ kimi yox, hər ay ayrıca olaraq) göstərilməklə dərhal ödəsin. Tərəflər razılığa gəlmişlər ki:

1. Hazırki barışıq sazişi notarial qaydada təsdiq edildikdən sonra 10 gün müddətində Maraqlı şəxs1 hazırki sazişdə göstərilən mənzilin Ərizəçi adına keçirilməsinə razılıq barədə ərizə verir. Ərizəçi isə mənzilin onun adına keçməsinə razılıq barədə ərizə verir. Eləcə də 10 gün müddətində Ərizəçi mülkiyyətində olan “Ford Fokus” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili Maraqlı şəxs1 bağışlayır. Mənzilin və avtomobilin addan-ada keçməsi ilə bağlı yaranan bütün xərclər Ərizəçi tərəfindən ödənilir.

2. Hazırki barışıq sazişi imzalanaraq notarial qaydada təsdiq edildikdən sonra birbirlərinə qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka dair hər hansı tələb irəli sürməyəcəklər.

3. Hazırki saziş notarial qaydada təsdiq edildikdən dərhal sonra tərəflər müvafiq ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək 2(004)-272/2022 saylı mülki iş üzrə tərəflər arasında razılaşma əldə edildiyini, mülki iş üzrə icraatın təzələnərək işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş edəcəklər. Ərizə ilə birlikdə barışıq sazişi də məhkəməyə tədqim ediləcəkdir.

4. 2(004)-272/2022 saylı mülki iş üzrə icraat təzələndikdən sonra Maraqlı şəxs1 ilə Ərizəçi irəli sürdüyü iddia tələblərinin etirafı barədə məhkəməyə ərizə təqdim edir və məhkəmə qərarları elan edildikdən sonra Maraqlı şəxs1 həmin vaxtadək yığılan və ödəməli olduğu aliment məbləğini Ərizəçi dərhal ödəyir.

5. Maraqlı şəxs1 öhdəsinə götürür ki, ünvan 1 ünvanındakı 579 saylı mənzil Ərizəçi mülkiyyətinə keçdikdən sonra 3 ay müddətində həmin mənzildən pasport qeydiyyatından çıxacaqdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(004)-272/2022 saylı qətnaməsindən və yanlışlığın düzəldilməsinə dair 15 fevral 2022-ci il tarixli qərardaddan müəyyən edilir ki, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan olan X2 anasının himayəsinə verilməsi və eləcə də X1 üçün hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin Maraqlı şəxs1 tutularaq Ərizəçi ödənilməsi qət edilmişdir. Həmçinin qətnamədən müəyyən edilir ki, tərəflər arasında əmlak mübahisəsi ilə bağlı məhkəmə qaydasında həll edilmiş mübahisə olmamış və onlar tərəfindən məhkəməyə barışıq sazişi təqdim edilməmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər məhkəməyə qədər onlar arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü ilə bağlı həm notarial qaydada, həm də mediasiya prosesində razılığa gələrək barışıq sazişləri imzalamışlar. Mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişində isə notarial qaydada bağlanmış 18 yanvar 2022-ci il tarixli barışıq sazişinin şərtlərini bir daha təsdiq etmişlər. Hazırda isə Maraqlı şəxs1 barışıq sazişinin şərtlərinə əməml etməmiş tərəflər arasında müəyyən edilmiş müddət ərzində ünvan 1 ünvanındakı 579 saylı mənzilin Ərizəçi adına rəsmiləşdirilməsi ilə bağlı zəruri olan razılıq ərizəsini aidiyyəti quruma təqdim etməmiş və sazişin şərtlərinin yerinə yetirilməsinə maneçilik yaratmışdır. Bundan başqa Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Maraqlı şəxs1 ünvan 1 ünvanındakı 579 saylı mənzildə qeydiyyatda və o hazıradək sazişdə göstərilən müddətin keçməsinə baxmayaraq həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxmamışdır.Odur ki məhkəmə, Maraqlı şəxs1 bu hərəkətlərini barışıq sazişinin könüllü icrasından imtina kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1.barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi həmin Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 31.4-cü maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. Beləliklə yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1)Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, tərəflər mediasiya prosesi nəticəsində “əmlak” tələbi üzrə razılığa gələrək xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlamışlar. Saziş eyni tarixdə tərəflər, həmçinin mediator tərəfindən imzalanaraq qüvvəyə minmiş və tərəflər üçün məcburi xarakter daşımışdır. Həmçinin Sazişə əsasən Maraqlı şəxs1 3 ay müddətinə ünvan 1 ünvanındakı 579 saylı mənzildən qeydiyyatdan çıxmalı olduğu halda hələ də həmin ünvanda qeydiyyatdadır. Göründüyü kimi maraqlı şəxs Sazişdən irəli gələn öhdəliklərini hazıradək icra etməmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/3-00844 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilməlidir: “1. İkinci tərəf (Maraqlı şəxs1) ünvan 1 ünvanındakı 579 saylı mənzilində olan payından Birinci tərəfin (Ərizəçi) xeyrinə imtina edir və mənzilin Birinci tərəfin adına keçməsinə etiraz etmir.

2. İkinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzili ilə bağlı ipoteka öhdəliyinin Birinci tərəfin adına keçməsinə etiraz etmir.

3. Birinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzilin onun adına keçməsinə, mənzilə dair kredit öhdəliyinin onun adına keçməsinə etiraz etmir.

4. Tərəflər bundan əvvəl aralarında bağlanmış 18 yanvar 2022-ci il tarixli Barışıq Sazişinin müddəalarını bir daha təsdiq edirlər.” Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/3-00844 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:

1. İkinci tərəf (Maraqlı şəxs1) ünvan 1 ünvanındakı 579 saylı mənzilində olan payından Birinci tərəfin (Ərizəçi) xeyrinə imtina edir və mənzilin Birinci tərəfin adına keçməsinə etiraz etmir.

2. İkinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzil ilə bağlı ipoteka öhdəliyinin Birinci tərəfin adına keçməsinə etiraz etmir.

3. Biricinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzilin onun adına keçməsinə və mənzilə dair kredit öhdəliyinin onun adına keçməsinə etiraz etmir.

4. Tərəflər bundan əvvəl aralarında bağlanmış 18 yanvar 2022-ci il tarixli Barışıq Sazişinin müddəalarını bir daha təsdiq edir. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar