Məhkəmə qərarları › İş №2(004)-4097/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4097/2025

04.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4097/2025 04.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: barışıq sazişi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya təşkilatında 02 may 2025-ci il tarixdə bağlanmış MŞB/13/2025-00394 №-li barışıq sazişinin uşağın ölkə xaricinə sərbəst surətdə gedib-gəlməsinə dair Maraqlı şəxs rəsmi qurumlarda ərizə verilməsi ilə bağlı razılıq hissəsini məcburi icra edilməsi üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 04 mart 2024-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 25 fevral 2025-ci il təvəllüdlü X2 adlı bir övladları var. Nikaha daxil olduğu ilk vaxtlarda mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, buna səbəb cavabdehin onunla mütəmadi olaraq kobud davranması olmuşdur. 12 oktyabr 2024-cü il tarixdə 5 aylıq hamilə olduğu zaman Nicatın öz razılığı ilə atasının evinə getmişdir. Lakin sonradan Nicat guya onun ata evinə icazəsiz getməyini bəhanə edərək həm özü, həm də ata-anası bir gəlin olaraq ondan imtina etmişlər. Hamilə olduğu müddətdə və uşaqları dünyaya gəldikdən sonra Nicat bir ailəsi kimi onlarla maraqlanmamış, ailəsi olaraq ondan və övladından imtina etmiş, bu günə kimi də övladının üzünü belə görməmiş, hətta buna heç cəhd də etməmişdir. 12 oktyabr 2024-cü il tarixdən hal-hazıra kimi onlar bir-birlərindən ayrı yaşayırlar, birgə təsərrüfat aparmırlar, ailə münasibətləri yoxdur, nikahları formal xarakter daşıyır. Ona görə də nikahın pozulması ilə bağlı əvvəl mediasiya təşkilatına, daha sonra isə məhkəməyə müraciət etmişdir. Bakı 13 saylı Mediasiya Təşkilatında 02 may 2025-ci il tarixdə aralarında bağlanmış barışıq sazişinə əsasən onlar uşağın yetkinlik yaşına çatana qədər onun yanında qalması və himayəsində saxlanılması, uşağın saxlanılması üçün Maraqlı şəxs aylıq qazancının ¼ hissəsinin ona ödənilməsi razılığına gəlmişlər.

İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi

3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, maraqlı şəxs barışıq sazişinin 4-cü bəndi üzrə üzərinə götürdüyü öhdəliyi könüllü icra müddəti ərzində icra etmədiyindən barışıq sazişinin 4-cü bəndinin məhkəmə qaydasında təsdiq olunmasını xahiş edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

İİİ Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. – 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. – 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır – 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00394 nömrəli barışıq sazişinin 4-cü bəndinə əsasən:

4. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs birgə nikahdan anadan olan övladları xx.xx.2025-ci il təvəllüdlü X1 1-ci tərəf Ərizəçi ilə ölkə xaricinə sərbəst surətdə gedib-gəlməsinə dair 2-ci tərəf Maraqlı şəxs müvafiq qurumlarda razılıq ərizəsi verməsi barədə razılaşdılar.

8. Məhkəmə tərəflərin izahatını dinləyib ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

9. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin barışıq sazişi qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 4-cü bəndi təsdiq edilməlidir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.

14. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi tələb etmədiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

V Nəticə:

15. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 4-cü bəndi təsdiq edilsin. Barışıq sazişinin 4-cü bəndi aşağıdakı kimi müəyyən edilsin:

4. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs birgə nikahdan anadan olan övladları xx.xx.2025-ci il təvəllüdlü X1 1-ci tərəf Ərizəçi ilə ölkə xaricinə sərbəst surətdə gedib-gəlməsinə dair 2-ci tərəf Maraqlı şəxs müvafiq qurumlarda razılıq ərizəsi verməsi barədə razılaşdılar. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar