Məhkəmə qərarları › İş №2(004)-4304/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4304/2023

02.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4304/2023 02.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 01 saylı Bakı “Asan” Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun anası X6 xx.xx.2023-cü il tarixdə rəhmətə getmişdir. Anasının halı dəyişən kimi 10 saylı X15 çağırmış, lakin 10 saylı Yarıdmçı Stansiyasının həkimləri gələnə kimi anası dünyasını dəyişmişdir. Bu barədə 10 saylı Yardımçı Stansiyasından müvafiq arayış da verilmişdir. Anası vəfat etdikdən sonra onu Xəzər rayonu, Buzovna qəbiristanlığında dəfn etmişlər. Anasının vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 Saylı Bakı ASAN XİDMƏT Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün anasının adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi göstərmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, anası xəstə olmamış və hardasa xəstəliklə bağlı qeydiyyatda olmamış, yalnız qan təzyiqi olmuş, bununla bağlı da hər hansı bir müalicə almamışdır. Anası 01 avqust 2023-cü il tarixdə Buzovna qəsəbəsində bağ evində rəhmətə getmiş və Buzovna qəbirstanlığında dəfn olunmuşdur. Anasının adına olan əmlakı başqa ailə üzvünün adına keçirmək üçün ona anasının ölüm haqqında şəhadətnaməsini almaq lazımdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs 01 saylı Bakı “Asan” Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o, ailəlidir, ali təhsillidir, kollecdə ingilis dili müəlliməsi işləyir. Ərizəçi onun qardaşıdır, rəhmətə gedən isə anasıdır. Anası gecə özünü pis hiss edib, onu aparıblar təcili tibbi yardımla həkimə, sonra qayıdıb yatıb. Sonra o, birdə səs-küyə ayılıb görmüşdür ki, anası rəhmətə gedib. Bağda həmin vaxt bir yerdə qalırdılar, anası iyul ayının 31-dən avqust ayının 1-nə keçən gecə rəhmətə getmişdir. Anası çox enerjili qadın olmuş, heç vaxt xəstəliyi olmamışdır, onlar özləri şok keçirtmişlər. Təcili tibbi yardım gələndə artıq anası rəhmətə getmişdir. Anası Buzovna qəbirstanlığında dəfn olunmuşdur. O, anası X2 01 avqust 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, o, ailəlidir, ali təhsillidir, layihə meneceri işləyir. O, ərizəçinin kürəkənidir, rəhmətə gedən isə qaynanasıdır. Qaynanası rəhmətə getdiyi gün onlar üçün çox ağır gün oldu, onlar bu hadisəni gözləmirdilər, özlərini itirmişlər. Təcili tibbi yardım gəlib-getmiş, qaynatasının da halı yaxşı deyildi. Qaynanası gecə yatdığı yerdə keçinmişdir. Təcili tibbi yardım gələndə artıq qaynanası rəhmətə getmişdir, o, Buzovna qəbirstanlığında dəfn olunmuşdur. O, qaynanası X2 01 avqust 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etmişdir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı, 08272360 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X6 05 avqust 1960cı il tarixdə Siyəzən şəhərində anadan olmuşdur. - Quba rayonu, Vəlvələ kənd Sovetinin İİİ-ЖГ №441107 saylı, 05 fevral 1985-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X7 ilə X8 arasında 05 fevral 1985ci il tarixdə 3 saylı qeyd ilə nikah bağlanmışdır. Nikahdan sonra ərə Həsənov, arvada Həsənova adı verilmişdir. - Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinin Xİİİ-ЖГ №353170 saylı, 10 may 1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx xxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası isə X3r. - Təcili və X5 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən 05 avqust 1960-cı il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə saat 06:20 radələrində ünvan 1 ünvanında vəfat etmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X17 1 №-li Şəhər Poliklinikasının Ərizəçi ünvanladığı 220 saylı, 02 avqust 2023cü il tarixli cavab məktubuna əsasən xx.xx.1960-cı il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmuş X2 poliklinikaya müraciəti olmadığından poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında arayışın verilməsi mümkün olmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 63 saylı, 07 avqust 2023-cü il tarixli arayışına əsasən Ərizəçi anası X6 xx.xx.2023-cü il tarixində Xəzər rayonu, Buzovna qəbirstanlığında dəfn xərcləri oğlu tərəfindən ödənilməklə dəfn olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 01 saylı Bakı “Asan” Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı 3/16-5/7-1387/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə uyğun olaraq ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Rəhmətə gedənin ölüm haqqında tibbi şəhadətnaməsi tərəflərindən şöbəyə təqdim edilmədiyi üçün ərizəsinin təmin edilməsi imkanları xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X6 həqiqətən də xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə Siyəzən şəhərində anadan olmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 01 saylı Bakı “Asan” Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar