Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4352/2025 05.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ ərizəçi X2 maraqlı şəxs X9 olmaqla barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: barışıq sazişinin təsdiq edilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, ərizəçi X7, maraqlı şəxs X6 iştirakları ilə, ərizəçi X2 maraqlı şəxs X9 olmaqla barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X7 ilə X9 arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, İMŞB/18-00039 nömrəli barışıq sazişinə əsasən: “1. Tərəflər nikahın davam etdirilməsi üçün aralarında danışıqlar aparacaq, lakin 3 ay ərzində nikahın davam etdirilməsi şərtləri barədə aralarında razılıq əldə etməyəcəkləri təqdirdə hər iki tərəf əlavə mediasiya prosesi keçmədən məhkəməyə müraciət edəcək.
2. Nikahın pozulması barədə tərəflərdən biri məhkəməyə müraciət edəcəyi təqdirdə İİ Tərəf razılaşır ki, İ Tərəflə birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X8 anası X2 yanında qalacaq.
3. Nikah pozulacağı təqdirdə İİ Tərəf birgə nikahlarından doğulmuş X1 üçün hər ay 2000 manat ödəyir və eyni zamanda onun bütün təhsil xərclərini də ödəyəcək.
4. Tərəf İİ Tərəfin uşağın təhsilinə və sağlamlığına zərər vurmamaq şərti ilə ünsiyyətin sərbəst şəkildə təşkilinə (həftədə ən azı 2 dəfə, səhər saat saat 10-dan axşam saat 8-ə qədər olmaqla) razıdır.
5. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə aldıqları Bakı şəhəri, Bəkir Çobanzadə küçəsi (M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində yerləşən) 2532-ci məhəllə, ev 5, mənzil 23-ün 4 yerə bölünərək, ¼ hissənin X6, ¼ hissəsinin X2, ¼ hissəsinin X5 və qalan ¼ hissəsinin İ Tərəfin başqa nikahından doğuluş X3 mülkiyyətinə keçəcək. Bunun üçün tərəflər "xxxx" MTK-ya müraciət edib bu mənzillə bağlı əvvəlki müqavilənin dəyişdirilməsinə nail olacaqlar.
6. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə etdikləri “NİSSAN X-Trail” markalı, **-VO-*** nişanlı avtomobil və Özbəkistan küçəsi 9, bina 7, mənzil 86 İ Tərəfin mülkiyyətində qalır və İİ tərəfin gələcəkdə bu əmlaklarla bağlı heç bir iddiası olmayacaq.
7. İİ Tərəf öhdəlik götürür ki, Türkiyə Respublikasında təsis etdiyi “Norm Otomasyon elektromekanik ithalat, ihracat sanayi iç ve dış ticaret limited” şirkətindəki 100 faiz payının 50 faiz hissəsini İ Tərəfə bağışlayacaq. İİ Tərəf razılaşır ki, birgə nikahları davam edəcəyi təqdirdə, “Norm Otomasyon elektromekanik ithalat, ihracat sanayi iç ve dış ticaret limited şirkətinin Azərbaycan Respublikasındakı filialının mənfəətinin 50% hissəsi xx.xx.2024-cü il tarixdən etibarən İ Tərəfə veriləcək, eyni zamanda həmin dövrdə İ Tərəf Filialın direktor müavini vəzifəsinə təyin ediləcək, bütün əməliyatlar sonuncunun imzası olmadan həyata keçirilməyəcək. Bunun üçün əsasnaməyə müvafiq dəyişiklik ediləcək.
8. İ Tərəf müəssisədəki payını istədiyi zaman sata bilər, yalnız ilk öncə Ərdəm Ercinə təklif edilməlidir. Bu zaman qiymətləndirilməni İ Tərəfin seçdiyi audit firması aparacaq.
9. İlkin mediasiya xərcini (60 manat) və tam mediasiya xərcini (240 manat) İİ Tərəf ödəyir.”
Ərizə tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) ərizə tələbi
2. Ərizəçi maraqlı şəxs X9 olmaqla barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-00039 nömrəli barışıq sazişinin 2, 3, 4, 5, 6, 7 və 8-ci bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ərizənin əsaslarına görə, maraqlı şəxs sazişin şərtlərinin yerinə yetirilməsindən boyun qaçırır.
b) ərizəyə qarşı etiraz
4. Maraqlı şəxs ərizəyə etiraz edərək, ərizənin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
5. Etirazın dəlillərinə görə, hüquq haqqında mübahisə olarsa məhkəmə xüsusi icraat qaydasında işlər baxılmamış saxlanılır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin göstərilən şərtlərlə təsdiq edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ərizənin təmin olunmasına etiraz edərək göstərdi ki, hazırda həmin barışıq sazişinin etibarsızlığı ilə əlaqədar məhkəmə iddia qaldırıb. Saziş bağlanarkən o emosional baxımdan çox gərgin olduğundan mahiyyətini dərk etmədən sazişə qol çəkmişdir.
Tətbiq edilən hüquq
8. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır; Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir; Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Məhkəmə baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
11. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
12. Məhkəmə araşdırması zamanı MPM-in istinad olunan normalarında qeyd olunan hallar - tərəflər arasındakı barışıq sazişinin qanunazidd olması, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halı müəyyən edilməmişdir.
13. Məhkəmə qeyd edir ki, MPM-in qeyd olunan normalarında göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir.
14. Hazırkı halda maraqlı şəxsin sazişin etibarsızlığı ilə əlaqədar iddia qaldırması barışıq sazişinin təsdiq edilməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Eyni zamanda, maraqlı şəxsin ərizənin baxılmamış saxlanılması barədə etirazı da əsaslı deyil ona görə ki, prosessual aspektlərlə bağlı, eyni zamanda etibarsızlıq halının mövcud olduğunu iddia edən dəlillər hüquq haqqında mübahisə olduğu anlamını vermir. Ərizəçinin əqdin etibarsızlığı ilə bağlı sadaladığı dəlillərə ayrıca məhkəmə icraatında qiymət veriləcək və bu hal hazırkı icraat çərçivəsində baxılan iş üzrə hüquq haqqında mübahisənin olduğu demək deyil.
15. Nəzərə alınmalıdır ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır.
16. Odur ki, ərizə təmin edilməli, X7 ilə X9 arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, İMŞB/18-00039 nömrəli barışıq sazişi ərizəçinin göstərdiyi şərtlərlə təsdiq edilməlidir.
17. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. X7 ilə X9 arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış 26 yanvar 2024-cü il tarixli, İMŞB/18-00039 nömrəli barışıq sazişinin 2, 3, 4, 5, 6, 7 və 8-ci bəndləri təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: “1...
2. Nikahın pozulması barədə tərəflərdən biri məhkəməyə müraciət edəcəyi təqdirdə İİ Tərəf razılaşır ki, İ Tərəflə birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X8 anası X2 yanında qalacaq.
3. Nikah pozulacağı təqdirdə İİ Tərəf birgə nikahlarından doğulmuş X1 üçün hər ay 2000 manat ödəyir və eyni zamanda onun bütün təhsil xərclərini də ödəyəcək.
4. İ Tərəf İİ Tərəfin uşağın təhsilinə və sağlamlığına zərər vurmamaq şərti ilə ünsiyyətin sərbəst şəkildə təşkilinə (həftədə ən azı 2 dəfə, səhər saat saat 10-dan axşam saat 8-ə qədər olmaqla) razıdır.
5. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə aldıqları Bakı şəhəri, Bəkir Çobanzadə küçəsi (M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində yerləşən) 2532-ci məhəllə, ev 5, mənzil 23-ün 4 yerə bölünərək, ¼ hissənin X6, ¼ hissəsinin X2, ¼ hissəsinin X5 və qalan ¼ hissəsinin İ Tərəfin başqa nikahından doğuluş X3 mülkiyyətinə keçəcək. Bunun üçün tərəflər "xxxx" MTK-ya müraciət edib bu mənzillə bağlı əvvəlki müqavilənin dəyişdirilməsinə nail olacaqlar.
6. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə etdikləri “NİSSAN X-trail” markalı, **-VO-*** nişanlı avtomobil və Özbəkistan küçəsi 9, bina 7, mənzil 86 İ Tərəfin mülkiyyətində qalır və İİ tərəfin gələcəkdə bu əmlaklarla bağlı heç bir iddiası olmayacaq.
7. İİ Tərəf öhdəlik götürür ki, Türkiyə Respublikasında təsis etdiyi “Norm Otomasyon elektromekanik ithalat, ihracat sanayi iç ve dış ticaret limited” şirkətindəki 100 faiz payının 50 faiz hissəsini İ Tərəfə bağışlayacaq. İİ Tərəf razılaşır ki, birgə nikahları davam edəcəyi təqdirdə, “Norm Otomasyon elektromekanik ithalat, ihracat sanayi iç ve dış ticaret limited şirkətinin Azərbaycan Respublikasındakı filialının mənfəətinin 50% hissəsi 01 fevral 2024cü il tarixdən etibarən İ Tərəfə veriləcək, eyni zamanda həmin dövrdə İ Tərəf Filialın direktor müavini vəzifəsinə təyin ediləcək, bütün əməliyatlar sonuncunun imzası olmadan həyata keçirilməyəcək. Bunun üçün əsasnaməyə müvafiq dəyişiklik ediləcək.
8. İ Tərəf müəssisədəki payını istədiyi zaman sata bilər, yalnız ilk öncə Ərdəm Ercinə təklif edilməlidir. Bu zaman qiymətləndirilməni İ Tərəfin seçdiyi audit firması aparacaq.
9. ...” Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə