Məhkəmə qərarları › İş №2(004)-4374/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4374/2022

11.08.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4374/2022 11.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış 21 iyul 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən mənzil üzərində istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə aralarında 21 iyul 2022-ci il tarixli “Barışıq sazişi” imzalanmışdır. Lakin Maraqlı şəxs qərəzli şəkildə barışıq sazişi ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Barışıq sazişinin könüllü icrası üçün 2 təqvim günü nəzərdə tutulsa da, həmin müddət ərzində saziş icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi xüsusi icraat qaydasında verilmiş ərizədə qeyd olunan tələbi müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ******* nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 46 saylı mənzil xx.xx.2018-ci tarixdən Ərizəçi adına qeydiyyatdadır. İş materiallarında olan 21 iyul 2022-ci il tarixli Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış “Bakı şəhəri, Yasamal rayonu, Talıblı (hazırda Əsəd Əhmədov) küçəsində yerləşən 32 saylı evin 46 saylı mənzilinin (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində daşınmaz əmlakın reyestr nömrəsi **********85-05101-093017, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018) tərkib hissəsindən İkinci tərəfin istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılması”na dair Barışıq sazişinə əsasən Saziş ilə tərəflər aşağıdakı öhdəlikləri öz üzərlərinə götürmüşlər: - İkinci tərəfin uzun illər Birinci tərəfin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Talıblı (hazırda Əsəd Əhmədov) küçəsində yerləşən 32 saylı evin 46 saylı mənzilində yaşamadığı və ünvan 3 ünvanda yerləşən binanın 264(220) saylı mənzilində yaşadığı üçün 2 (iki) təqvim günü ərzində mənzilin tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsini və qeydiyyatdan çıxarılmasını; - Mənzilin tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılması ilə bağlı ikinci tərəfin kompensasiyadan imtinasını; - Mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılmanın ikinci tərəfin hüququnu pozmamasını; - ikinci tərəfin istifadə hüquqlarına xitam verilməsinin və qeydiyyatdan çıxarılmasının başqa səxslərin hüquq və azadlıqlarını pozmamasını; - İkinci tərəfin mənzildə ona aid hər-hansı bir əşyasının olmamasını, qəbul edirlər. - Habelə birinci tərəf ikinci tərəfdən sazişin icrasını tələb edir və ikinci tərəf 2 (iki) təqvim günü ərzində mənzildən qeydiyyatdan çıxmadığı təqdirdə Sazişin məcburi icrası məqsədilə müvafiq qaydada məhkəməyə müraciət edir. - İkinci tərəfin faktiki yaşayış yeri ünvan 3 ünvanda ertəsən binanın 264(220) saylı mənzili olduğundan və həmin ünvan Abşeron rayon Polis şöbəsinin (ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr. 6, AZ0101) inzibati ərazisinə düşdüyü üçün, yaşadığı ünvana daimi qeydiyyata alınana qədər Polis şöbəsinin inzibati binasında müvəqqəti qeydiyyata düşməsinə müraciət edir; - Sazişin icrasına maneəçilik törədə biləcək hərəkətlər etmir; - Saziş ilə üzərinə götürdüyü öhdəliyin vaxtında icrasını təmin edir; - Mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması üçün birinci tərəfin prosessual hərəkətlərinə qarşı çıxmır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməlidir Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 21 iyul 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən mənzil üzərində istifadə hüququna xitam verilməli və pasport qeydiyyatından çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 21 iyul 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən mənzil üzərində istifadə hüququna xitam verilsin və pasport qeydiyyatından çıxarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar