Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4409/2021 28.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 MTK-nın nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və qalıq dəyəri ödənilməklə iddiaçıya təhvil verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və qalıq dəyəri ödənilməklə iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında tikilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 94.6 kv.metr olan 200 nömrəli mənzilin tikintisi ilə bağlı imzalanmış 13 oktyabr 2010-cu il tarixli Yaşayış Binasında Mənzil Tikintisi Haqqında” müqavilənin etibarsız hesab edilməsi, mənzil boşaldılması və qalıq dəyəri iddiaçı tərəfindən ödənilməklə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar ailəliklə Rusiya Federasiyasının X1 Salexard şəhərində yaşayırlar. İlin müxtəlif aylarında əsasən yay aylarında qısa müddətli Azərbaycan Respublikasına gəlirlər. 2007-ci ildə yoldaşı ilə məsləhətləşib Bakı şəhərindən mənzil almaq qərarına gəlmişlər. Yoldaşı ortaq tanışları vasitəsilə onlarla eyni rayondan olan Cahangir Alışovla tanış olmuşdur. Sonuncu Bakı şəhəri,Yasamal rayonu, M.Xiyabani küçəsində hündürmərtəbəli binanın tikintisini həyata keçirmişdir. Nəhayət qeyd olunan binadan məznilin alınmasına qərar vermiş və 26 sentyabr 2007-ci il tarixdə iddiaçı ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında tikilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 94.6 kv.metr olan 200 nömrəli mənzilin iddiaçıya satılması ilə bağlı eyni tarixli “Yaşayış Binasında Mənzil Tikintisi Haqqında” Müqavilə imzalandı. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 47773 (qırx yeddi min yeddi yüz yetmiş üç) manat müəyyən olundu və iddiaçı tərəfindən MTK-nın kassasına ilkin ödəniş olaraq 25650,0 (iyirmi beş min altı yüz əlli) manat pul ödənildi. Razılığa əsasən 18 ay sonra sonra mənzil tam hazır olmalı və iddiaçıya təhvil verilməli, onlar isə mənzilin pay dəyərinin qalan hissəsini ödəməli olmuşlar. Lakin binada işlər vaxtında yekunlaşdırılmamış və və C.Alışov iddiaçının yoldaşına bildirmişdir ki, “narahatçılıq yoxdur əgər tikintinin yarımçıq qalacağından qorxursunuzsa o zaman mənzil sizə təhvil verilən zaman mənzilə görə qalıq borcu ödəyərsiniz.” Onlar C.Alışovun dediklərinə inanmış və mənzilin təhvil verilməsini gözləmişlər. Daimi olaraq Rusiya Federasiyasında yaşadıqlarından və son illərdə iddiaçının yoldaşının işlərinin çoxluğu səbəbindən Azərbaycan Respublikasına gələ bilmədiyini nəzərə alaraq mənzilin aqibəti ilə maraqlana bilməmişlər. Nəhayət, 2020-ci ilin dekabrında Cahangir Alışovun binadakı eyni mənzilləri bir neçə dəfə müxtəlif şəxslərə satdığını buna görə həbs olunduğunu və iddiaçıya satılmış 200 nömrəli mənzilin də başqa şəxsə satıldığı barədə məlumat almışlar. Cahangir Alışovun əməlləri barədə istintaq aparmış Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən istintaqın yekunlaşdırılıdığını və aidiyyəti üzrə baxılması üçün Bakı Cinayətlər Məhkəməsinə göndərildiyini öyrənmişlər. Bundan sonra müvafiq sənədlərin əldə edilməsi və hüquqi prosedurun həyata keçirilməsi üçün vəkillə müqavilə bağlamışlar. Vəkilin sorğusu əsasında mübahisə predmeti ünvan 1 ünvanında tikilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 94.6 kv.metr olan 200 nömrəli mənzilin 13 oktyabr 2010-cu il tarixli müqavilə əsasında Cavabdeh1 satıldığını müəyyən etmişlər. İddiaçı ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında tikilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 94.6 kv.metr olan 200 nömrəli mənzilin tikintisi ilə bağlı 26 sentyabr 2007-ci il tarixli “Yaşayış Binasında Mənzil Tikintisi Haqqında” müqavilə ləğv olunmamışdır və hələ də qüvvədədir. İddiaçı hesab edir ki, qeyd olunan müqavilə qüvvədə olan müddətdə eyni mənzilin tikintisi ilə bağlı Cavabdeh1 ilə bağlanmış 13 oktyabr 2010-cu il tarixli Yaşayış Binasında Mənzil Tikintisi Haqqında” müqavilə etibarsız hesab edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, 13 oktyabr 2010-cu il tarixli Yaşayış Binasında ə~zil Tikintisi Haqqında” müqavilədə nəzərdə tutulmuş qiymət yəni 34056 (otuz dörd min əlli altı manat) real bazar qiymətini əks etdirmir. Nəzərə alınmalıdır ki, həmin mənzil 2007-ci ildə mənə satılarkən mənzilin satış qiyməti 47773 (qırx yeddi min yeddi yüz yetmiş manat müəyyən edilmişdir. 2007-ci ildə dəyəri 47773 manat olan mənzilin 2010-cu ildə dəyəri 34056 manat olması qeyri-mümkündür. Bu hal özü də sübut edir ki, müqavilə real müqavilə deyildir və alıcı həmin mənzili alarkən mənzilin iddiaçıya satılması barədə məlumatlı olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə etmiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MTK-nın nümayəndəsi X7 izahatında iddia tələbini qəbul etməmiş məhkəmədən iddia tələbinin təmin edilməməsini zahiş etmişdir. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan 26 sentyabr 2007-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən, ünvan 1ndə yerləşmiş, 2-ci binanın 11-ci mərtəbəsində yerləşən 200 №-li, 2 otaqdan ibarət, ümumi sahəsi 94,6 kv.m olan mənzil Cavabdeh2 MTKnın direktoru X2 tərəfindən İddiaçı satılmışdır. Eyni tarixli maliyyə arayışına əsasən görünür ki, həmin mənzil üçün İddiaçı tərəfindən 25650 manat məbləğində ödəniş edilmişdir. 01 iyun 2021-ci il tarixli vəkil sorğusuna Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli cavab məktubuna və ona əlavə olunmuş 13 oktyabr 2010cu il tarixli ərizəyə əsasən görünür ki, Cavabdeh1 ərizə ilə MTK-ya müraciət etmiş, ünvan 1ndə yerləşmiş, 2-ci binanın 11-ci mərtəbsində yerləşən 200 №-li, 2 otaqdan ibarət, ümumi sahəsi 94,6 kv.m olan mənzili istədiyini bildirmişdir. “Pul pay haqqları”na dair çıxarışa əsasən görünür ki, , ünvan 1ndə yerləşən mənzilin ümumi dəyəri 34056 manat qəbul edilmişdir. 13 oktyabr 2010-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən mübahisə predmeti olan mənzil Cavabdeh1 tərəfindən 34056 manat məbləğinə alınmışdır. Həmin tarixli maliyyə arayışına əsasən qeyd olunan məbləğ Cavabdeh1 tərəfindən tam ödənilmişdir. 27.04.2018-ci il tarixli, 0434 saylı şahidin dindirilməsi haqqında protokola əsasən, Cavabdeh1 şahid qismində dindirilmiş, ifadəsində qeyd etmişdir ki, 2010-cu ilin oktyabr ayında Bakı şəhərinin Yasamal rayonunda təzə tikili binaların birindən mənzil almaq istəmişdir. Həmin vaxt tanışlıq vasitısilə ünvan 3 ünvanda inşa edilmiş Cavabdeh2 MTK-nın binasında Cavanşir adlı şəxsin 2 otaqlı mənzil satdığı ona məlum olmuşdur. Oktyabr ayının əvvəllərində həmin binanın həyətində görüşərək mübahisə predmeti olan mənzilə baxmışdır. Mənzil onun xoşuna gəlmiş, qiymətini soruşmuşdur. Cavanşir mənzili 34000 manata satdığını demişdir. Cavabdeh1 atasıyla əlaqə saxladıqdan sonra onunla danışacağını bildirərək həmin yerdən ayrılmışdır. 13 oktyabr 2010-cu ildə Cavanşirlə əlaqə saxlayaraq kooperativin həyətindəki ofisdə görüşmüşlər. 34056 manatı Cavanşirə vermişdir. Şəxsiyyət vəsiqəsi əsasında həmin mənzilə dair müqavilə və maliyyə arayışı rəsmiləşdirilərək ona təqdim edilmişdir. Bir müddət keçdikdən sonra mənzilə giriş qapısı qoydurmuşdur. Hal-hazırda 200 nömrəli mənzil təmrsiz olaraq onun sahibliyindədir. Mənzilin giriş qapısının açarları da ondadır. Mənzillə bağlı hələki onu heç kim narahat etməmişdir. 04.01.2018-ci il tarixli şahidin dindirilməsi haqqında protokola əsasən, X6 şahid qismində dindirilmiş, ifadəsində qeyd etmişdir ki, Cavabdeh2 MTK-dan aldığı 200 nömrəli mənzil onun sahibliyindədir. Həmin vaxt Cavabdeh2 MTK-nın sədri ona heç bir yerə şikayət etməməyini, pulu tez bir zamanda qaytaracağını demişdir. Lakin qeyd olunan mənzil üçün ödədiyi 45000 manatdan bugünədək cəmi 5000 manat qaytarılmışdır. Mənzil də faktiki olaraq başqa şəxsin mülkiyyətindədir. Həmin şəxsin adını bilmir. 5000 manat məbləğində pulu ona C.Alışov Bakı şəhərind\ müxtəlif yerlərdə 2017-ci ilin iyul ayında 2000 manat, 2017-ci ilin avqust ayında isə 3000 manat olaraq qaytarmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus pasporta əsasən görünür ki, iddiaçı həqiqətən müxtəlif dövrlərdə Rusiya Federasiyasına getmiş, viza alaraq Rusiya Federasiyasının X1 Salexard şəhərində müvəqqəti yaşamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçının Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış müqaviləni mübahisələndirmək üçün heç bir subyektiv hüququ yoxdur. Müqavilə tam əsaslı şəkildə bağlanmışdır. Eyni zamanda, Cavabdeh2 MTK öz öhdəlikləri yerinə yetirilmiş, iddiaçı isə öz öhdəliklərini yerinə yetirməyərək mənzilin ödənişlərini həyata keçirməmiş, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Borclu tərəfindən öhdəliklər yerinə yetirilmədiyi üçün kreditor mübahisəli predmeti borclunun əlindən ala, eyni zamanda öhdəlikdə nəzərdə tutulan şərtlərlə onun istifadəsinə verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. İddiaçı Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, həmin müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin forması və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. İddiaçı ilə Cavabdeh2 MTK arasında 26 sentyabr 2007-ci il tarixdə yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlandığından iddiaçı iddia müddətini ötürmüş hesab olunur. AR Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin maddənin 2-ci bəndinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və qalıq dəyəri ödənilməklə iddiaçıya təhvil verilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və qalıq dəyəri ödənilməklə iddiaçıya təhvil verilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4409/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4409/2021
28.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver