Məhkəmə qərarları › İş №2(004)-4505/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4505/2022

12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4505/2022 12.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının qeydiyyata alınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı il təvəllüdlü mərhum X1nun 25 iyul 2022-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən bağ evində infart keçirməsi səbəbindən ölməsi faktının müəyyən edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1987-ci il tarixində Bakı şəhərində anadan olmuşdur və hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, ev 9, m. 23də ailəsi ilə birlikdə yaşayır. Mərhum onun atasıdır. X1 xx.xx.1956-cı il tarixində Gədəbəy rayonunda anadan olmuşdur. Atası 25 iyul 2022-ci il tarixində səhhəti ilə bağlı müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən bağ evində ev şəraitində infarkt keçirmiş və nətivədə vəfat etmişdir. Hətta həkim çağırılmışdır və müəyyən ilkin yardım edilsə də, xeyri olmamış, vəfat etmişdir. X3 25 iyul 2022-ci il tarixində qohum, qonşu və digər yas mərasimi iştirakçılarının iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən qəbirstanlığında dəfn edilmişdir. Bir müddət sonra ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, mərhumun qardaşının oğludur. Hadisə günü əmisinin yoldaşı səhər saat 06:00 radələrində ona zəng edib, əmisinin vəziyyətinin ağır olduğunu və təcili olaraq gəlməli olduğunu bildirib. O, hadisə yerinə yollandıqda artıq əmisinin vəfat etdiyini görüb. Mərhum əmisi xx.xx.2022-ci ildə vəfat etmişdir. Həmin vaxtı hadisə yerində əmisinin qızı, oğlu və digər qohumları da iştirak edib. Mərhum Maştağada dəfn olunub. Dəfndə o və digər qohumlar da iştirak etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, o, ərizəçinin uşaqlıq dostudur. Ayın 25-də səhər saatlarında ərizəçi ona zəng edərək atasının rəhmətə getdiyini bildirib. Daha sonra o, hadisə yerinə - Maştağaya gedib. O, hadisə yerinə getdikdə artıq mərhumun infarkt səbəbi ilə dünyasını dəyişdiyini görüb. Dəfndə iştirak etmişdir. Mərhum Maştağada dəfn olunmuşdur. Ərizəçinin əmisi oğlu Asim və digər qohumlar da dəfndə iştirak etmişdilər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 39 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli, 162 nömrəli məktubundan görünür ki, xx.xx.1956-ci il təvəllüdlü X3 39 saylı Şəhər poliklinikasında qeydiyyatda olmuşdur, son müraciət tarixi xx.xx.2021-ci ildə qeydə alınıb. Lakin mərhumun yaşadığı və vəfat etdiyi ünvan Sabunçu rayonu, Ramana qəsəbəsidir. Təcili yardım gəldikdə - ölümün ilk səbəbi qeyiyyata alınıb, diaqnoz qoyulmamışdır. Bütün bu səbəblərdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4.5 bəndinə əsasən tərəflərindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. İş materiallarında olan 25 nömrəli, 118575 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Anası qrafasında X7 qeyd olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx/xx/2643/15 nömrəli məktubdan görünür ki, vəfat etmiş vətəndaş X2 ölümünün qeydiyyatı barədə ərizəyə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması mümkün deyil. Ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1956-cı il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar