Məhkəmə qərarları › İş №2(004)-4581/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4581/2024

02.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4581/2024 02.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi İddiaçı və maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs Cavabdeh arasında Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında bağlanmış borcun tutulmasına dair xx.xx.2023-cü il tarixli (xx.xx.2023-cü il tarixdən, yəni imzalandığı gündən etibarən qüvvəyə minmiş) MSB/2-03501/2023 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə dostunun dostu olan Cavabdeh 20.000 ABŞ dolları borc vermişdir. Sonradan ağlına gəlmişdir ki, borcun verilməsi ilə bağlı aralarında yazılı sənəd imzalasınlar və bu barədə maraqlı şəxs Cavabdeh təklif etmişdir. Qarşılıqlı razılıq əsasında onlar Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatına gedərək, xx.xx.2023-cü il tarixdə MSB/2-03501/2023 nömrəli barışıq sazişini imzalamışlar. Həmin barışıq sazişində tarix xx.xx.2023-cü il kimi qeyd edilsə də, onlar sazişi xx.xx.2023-cü il tarixdə bağlamış və imzalamışlar. Barışıq sazişinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdə ondan 20.000 ABŞ dolları borc almasını etiraf etmiş və aldığı 20.000 ABŞ dollarını xx.xx.2024-cü il tarixədək tam şəkildə ona qaytaracağını öhdəsinə götürmüşdür. 20.000 ABŞ dolları borcun qaytarılması manat ilə olduqda Azərbaycan Beynəlxalq Bankının günün məzənnəsi ilə olacaqdır. Barışıq sazişi xx.xx.2023-cü il tarixdən, yəni imzalandığı gündən etibarən qüvvəyə minmişdir. Cavabdeh barışıq sazişi üzrə öhdəliyini yerinə yetirməkdən yayınmış və hazırkı vaxta kimi ondan aldığı 20.000 ABŞ dolları borcu geri qaytarmamışdır. Odur ki, barışıq sazişinin təsdiq edilməsinə zərurət yaranmışdır. Bu səbəbdən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasında ərizəni qəbul etdi və izahatında bildirdi ki, o, evinin tikintisini başa çatdırmaq üçün tanışı İddiaçı xx.xx.2023-cü il tarixdə 20.000 ABŞ dolları borc almış və borcu xx.xx.2024-cü il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Sonradan İddiaçı təklifi ilə Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatına gedərək onun İddiaçı xx.xx.2023-cü il tarixdə 20.000 ABŞ dolları borc almasına və borcu xx.xx.2024-cü il tarixə kimi qaytarmağı öhdəsinə götürməsinə dair xx.xx.2023-cü il tarixdə barışıq sazişini bağlamışlar. Barışıq sazişinin şərtinə əsasən, o, 20.000 ABŞ dollarını xx.xx.2024-cü il tarixinədək tam şəkildə İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Lakin sonradan başqa şəxslər dələduzluq yolu ilə onun pulunu ələ keçirtdikləri üçün tikintini başa çatdıra bilməmiş və əlindəki vəsaitini itirmişdir. Bu səbəbdən İddiaçı aldığı borcu vaxtında qaytara bilməmişdir. Hazırda borcunu qaytarmaqdan imtina etmir. Onun zərərçəkmiş şəxs kimi tanındığı Binəqədi rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə sonuncu məhkəmə iclası xx.xx.2024-cü il tarixdə olacaq və təqsirləndirilən şəxs ona vurduğu zərərə görə 18.000 manat vəsait ödəyəcəkdir. Həmin vəsaiti alan kimi borcunun bir qismini ödəyəcək, qalan məbləği də hissə-hissə İddiaçı ödəyəcəkdir. Ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında bağlanmış borcun tutulmasına dair xx.xx.2023-cü il tarixli (xx.xx.2023-cü il tarixdən, yəni imzalandığı gündən etibarən qüvvəyə minmiş) MSB/2-03501/2023 nömrəli barışıq sazişinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 20.000 ABŞ dolları borc almasını etiraf etmişdir. Cavabdeh 20.000 ABŞ dollarını xx.xx.2024-cü il tarixədək tam şəkildə İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. 20.000 ABŞ dolları borcun qaytarılması manat ilə olduqda Azərbaycan Beynəlxalq Bankının günün məzənnəsi ilə olacaqdır. Barışıq sazişi bu gündən, yəni xx.xx.2023-cü il tarixdən yəni imzalandığı gündən etibarən qüvvəyə minir. Barışıq sazişi pozulduğu gündən maraqlı olan tərəf aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etmək hüququna malikdir. Cavabdeh könüllü olaraq barışıq sazişini icra etməkdən imtina etmişdir, bu səbəbdən İddiaçı barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı və maraqlı şəxs Cavabdeh arasında Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında bağlanmış borcun tutulmasına dair xx.xx.2023-cü il tarixli (xx.xx.2023-cü il tarixdən, yəni imzalandığı gündən etibarən qüvvəyə minmiş) MSB/2-03501/2023 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2023-cü il tarixli (xx.xx.2023-cü il tarixdən, yəni imzalandığı gündən etibarən qüvvəyə minmiş) MSB/2-03501/2023 nömrəli barışıq sazişinə əsasən Cavabdeh 20.000 (iyirmi min) ABŞ dolları (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar